Azərbaycan Prezidentinin
səsləndirdiyi fikirlər
Minsk qrupuna öz vəzifələrini
yerinə yetirmələri
üçün bir çağırışdır
İyulun
6-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının
Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin
koronaviruslu xəstələrin müalicəsi
üçün nəzərdə tutulan modul tipli
hospitalının açılışında iştirak etdilər.
Hadisənin özü
özlüyündə olduqca
əhəmiyyətli və
aktualdır. Çünki
nəticə etibarilə
söhbət ümummilli
təhlükəsizliyimizdən gedir və açılan
yeni müəssisə
məhz buna xidmət edəcək. Azərbaycan Prezidenti hospitalın açılışından sonra
milli televiziya kanallarımıza verdiyi müsahibəsində bir sıra elə ciddi və aktual
məsələlər də
toxundu ki, onların hər biri haqqında ayrıca danışmaq, təhlil aparmaq və ictimai yaddaşımız üçün
bəzi ümumiləşdirmələr
etməliyik.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Əgər
məzmun etibarilə qruplaşdırmağa çalışsaq
birinci məsələ
koronavirus pandemiyasına
qarşı Azərbaycan
dövlətinin və
xalqının birlikdə
verdiyi mücadilədir.
İkinci məsələ
isə Azərbaycanın
bu və ya digər məsələlərlə
bağlı qurduğu
beynəlxalq əməkdaşlıq, ölkəmizin beynəlxalq
münasibətlər sistemində
yeri və rolu ilə bağlıdır.
Üçüncü isə
Prezidentin məhz bu kontekstə ilk baxışda ötəri kimi toxunduğu ancaq əslində isə strateji məsələ olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərdir, verdiyi olduqca ciddi mesajlardır.
Ona görə də xüsusi olaraq bu məsələnin
üzərində dayanıb
bir sıra məqamlara diqqət yetirmək lazımdır.
Əvvəla bir daha aydın oldu ki, problemi həll
etmək üçün
BMT Təhlükəsizlik Şurasından
xüsusi mandat almış ATƏT-in Minsk qrupu və
onun həmsədrləri
problemin həlli üçün lazımi
səylər göstərməyiblər
və ona görə də bu günə qədər problem həll edilməmiş qalır. İkincisi Minsk qrupunun xüsusi müşahidə
missiyası işğalçı
ölkənin qeyri–qanuni məskunlaşma aparmaq siyasətinə göz yumur, belə faktları hazırladıqları hesabata
salmırlar. Ona görə Azərbaycan Prezidenti bildirdi ki, ATƏT-in axırıncı faktaraşdırıcı
missiyası işğal
olunmuş torpaqlarda 10
il bundan əvvəl olub. Son bir neçə
il ərzində biz onlara təkidlə
deyirik ki, yeni missiya getməlidir".
H.Babaoğlu vurğulayıb ki, bu 10 il ərzində
Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri
oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi
adlarını dəyişdirir,
işğal edilmiş
torpaqlarda kilsələr
tikir. Yəni, sabah deyəcək ki, bu, erməni
torpağıdır. Dəfələrlə
demişik onlara. Reaksiya var? Yoxdur.
Yəni,10 il ərzində
faktaraşdırıcı missiyanı göndərmək
olmaz? İstəmirlər.
Düşünürəm ki, Azərbaycan
Prezidentinin səsləndirdiyi
bu fikirlər əslində Ermənistana
xəbərdarlıq olmaqla
ATƏT-in Minsk qrupuna da öz
vəzifələrini yerinə
yetirmələri üçün
bir çağırışdır
və hər iki tərəf bu məsələni ciddiyə almalıdır.
Başqa
bir mühüm ismarıc isə ondan ibarət idi ki, danışıqların
imitasiya edilməsi artıq mümkün deyil, Azərbaycan artıq konkret mövqe tələb edir. “Çünki öz torpaqlarının daha artıq işğal altında qalmasını qəbul edə bilməz. Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın
baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə
buna cavab vermir? Niyə cavab vermir ki,
bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı
danışıqların mahiyyətini
alt-üst edir, danışıqları faktiki
olaraq əhəmiyyətsiz
edir. Minsk qrupunun həmsədrləri
buna adekvat reaksiya veriblər? Verməyiblər. Ermənistan
tərəfi iki ildir danışıqların
formatını dəyişmək
istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır.
Buna adekvat cavab verilir? Verilmir. Bəli, bəzi mücərrəd
sözlərlə, nala-mıxa
vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu fikirlərdəki əsas məzmun, “nala –mıxa” vurmaq dövrünün artıq arxada qalması ilə bağlı olan fikirdir. Azərbaycan artıq aydınlıq tələb edir. Doğrudan da Minsk qrupu məsləyə
aydınlıq gətirib
konkret mövqe ortaya qoymalıdır. Belə loyallıq və qeyri-müəyyənlik
çox da davam edə bilməz. Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı,
beynəlxalq hüquqa
əsaslanan fikirlərə
Minsk qrupu cavab verib öz
mövqeyini izah etməli, nə üçün problemin bu günədək həll edilmədiyinə aydınlıq gətirməlidir.
Axı
1994-cü ildə atəşkəslə
bağlı razılıq
əldə edilərkən
əsas şərt o idi ki, Minsk
qrupu sülh yolu ilə problemin
həllinə nail olmağa çalışacaq.
İndi ya bu problem nəhayət
sülh yolu ilə həll edilməli, ya da Azərbaycan ərazi bütövlüyünü
bərpa etmək üçün digər məqbul variantlara əl atmalıdır. Ona görə də Azərbaycan Prezidenti bir daha Aprel
döyüşlərini xatırlatmaqla,
Milli Ordumuzun nəyə qadir olduğunu yada salmış oldu. Prezident bir daha
bildirdi ki, biz haqlı olmağımızı həm
beynəlxalq arenalarda göstərmişik, həm
də döyüş
meydanında və heç kimin Aprel döyüşləri
yadından çıxmasın.
Düşünürəm ki, Minsk qrupu
vəziyyət daha da gərginləşmədən
öz missiyasını
yerinə yetirməklə
bağlı konkret addımlar atmalı, səsləndirilən fikirlərə
tezliklə öz münasibətini bildirməlidir”,
- deyə Hikmət Babaoğlu vurğulayıb.
İki sahil.- 2020.- 9 iyul.- S.9.