Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər

 

 

Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib

 

İkili siyasət bütün dövrlərdə dünyanın çözülməyən, həlli mümkünsüz olan problemi  kimi qalmaqdadır. Azərbaycan yalnız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində deyil, demokratik islahatlara münasibətdə də bu yanaşmalarla üzləşməkdədir. Belə halların davamlı olması təbii ki, həmin dövlətlərin, beynəlxalq təşkilatların özünə inamsızlıq yaradır, ədalət meyarının maraqların arxasında əriməsi, dünyanın hüquq problemini yaşaması barədə fikirlərin daha şox gündəmdə olmasına rəvac verir. Dövlətimizin başçısı İlham Əliyev  televiziya kanallarına müsahibəsində bu məqamlara da diqqət yönəltmişdir. “Hesab edirəm ki, bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular» söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.

 

Demokratiyanin beşiyi sayilan, başqa ölkələrə demokratiya dərsi keşib amma bu məfhumun mahiyyətini dərk etməyən dövlətlər, Azərbaycanı “qeyri-azad”, işğalçı Ermənistanı “azad” ölkələr sırasında qeyd edən beynəlxalq hüquq müdafiə  təşkilatları nə üçün bu günə qədər Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərğin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası məsələsini gündəmə gətirməyiblər? Əgər söhbət burada demokratik prinsiplərin qorunmasından, ədalət meyarının əsas götürülməsindən gedirsə, niyə beynəlxalq təşkilatlar, xüsusilə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası  qondarma Dağlıq Qarabağ respublikasında indiyədək keçirilən seçkilərin heç birinə sərt mövqeyini ortaya qoymayıb? Seyrçi mövqedə dayanmaqla problemin həllinə dəstək ola bilməz.  Qondarma respublikada keçirilən son qondarma prezident seçkilərinə digər təşkilatlar  reaksiya verdiyi təqdirdə, Avropa Şurası niyə susdu? Demək demokratiyanın tələbləri zamana və məkana görə dəyişərək bu gün də belə şəkildə  aktuallığını qoruyur. Maraqlı yanaşma deyilmi?

 

Cənab İlham Əliyevin qeyd olunan müshibəsində də beynəlxalq təşkilatlara ünvanlanan və cavab axtarılan suallar öz əksini tapıb. “Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir” söyləyən ölkə Prezidenti bildirir ki,  biz onların əsl mahiyyətini üzə çıxarırıq,  faşist mahiyyətini ifşa edirik: “Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir.”

 

Ermənistanda  yaşanan hər bir hadisə bu ölkənin demokratiyanın yanından belə keçmədiyini nümayiş etdirir. İşğalçı dövlətin formal xarakter daşıyan müstəqillik tarixinə diqqət yetirmək kifayətdir.  1990-cı illərin sonlarında Ermənistan parlamentində baş verən  terror hadisəsi onların əsl mahiyyətini üzə çıxardı.  2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan Ermənistan  hər zaman aclıq içərisində olub. Ölkəni tərketmələr hər zaman intensiv xarakter alıb.  Bu gün pandemiyaya qarşı mübarizə tədbirlərinə uyğun olaraq sərhədlərin bağlı olması, uçuşların olmaması Ermənistanda əhali varlışına şərait yaratsa da, insan tələfatı çoxluğu  ilə diqqət çəkir.  Hakimiyyətin koronavirusa qarşı mübarizədə  zəifliyi yoluxma  və ölüm hallarının artmasına gətirib çıxarıb. Yaşananlar bu ölkəyə yaxşı heç nə vəd etmir.

 

Reallıq  budur ki,  Ermənistanda insan haqları kobud şəkildə  pozulur, mətbuat azadlığı boğulur, jurnalistlər həbs edilir.  Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir,  qohumlarına qarşı cinayət işləri açılır. Ümumilikdə  hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Dövlətimizin başçısının fikirlərinə istinad etsək, işğalçı dövlətdə  baş nazir həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıb.

 

Bu məzərəni görməyən yalnız və yalnız beynəlxalq təşkilatlar,  Ermənistanın başına sığal çəkən dövlətlərdir.  “Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər” söyləyən cənab İlham Əliyev bildirir ki, Avropa qurumlarının saxtakarlığını  Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük. Seçkilər saxtalaşdırılıb, amma beynəlxalq təşkilatlar   müsbət rəylərində davam ediblər.

 

Hər zaman qeyd olunduğu kimi, nə zamanadək dünya ikili siyasətində davam edəcək, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni çəkildə tətbiq edilməcəyək, ədalətli mövqedən danışmaq mümkünsüzdür. Cənab İlham Əliyev dünyanın bu reallığını da diqqətə çatdırır ki, bütün bu təşkilatlar  tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir: “O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, - Ermənistan kimi, - onların başını sığallayır, o ölkələr ki, ləyaqətli özünü aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, - Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır.”

 

Ölkəmizə qarşı mütəmadi olaraq səsləndirilən iradların demokratiya ilə heç bir bağlılığı olmadığı məlumdur. Azərbaycanın müstəqil siyasətini, uğurlarını, beynəlxalq aləmdə möhkəmlənən mövqeyini həzm etməyən dairələr daim ölkəmizə qarşı qərəzli, heç bir əsası olmayan  təbliğat kampaniyası aparıblar. Amma bu cəhdlər hər zaman Azərbaycanın reallıqları fonunda boşa çıxıb.  Cənab İlham Əliyevin vurğuladığı kimi,  Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir. Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı qarşısında özlərinə saxta tarix yazıb yalanlarını həqiqət kimi sırımağa çalışan Ermənistanın acizliyi daha aydın görünür. Bu gün əsas tələb Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərinə əməl etməsi, bu qətnamələrin kağız üzərindən real həyatda təsdiqə keçməsidir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupundan  konkret bəyanatlar gözlədiyimizi önə çəkən dövlətimizin başçısı İlham Əliyev  bu suallarin cavablandırılmasına çağırış edir: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik.”

 

Danışıq xatirinə danışıqların  aparılmasına heç bir ehtiyac qalmayacağını bildirən ölkə Prezidenti bu reallığı da bəyan edir ki,  haqlı olmağımızı həm beynəlxalq arenalarda, həm də döyüş meydanında göstərmişik. Heç kəs Aprel döyüşlərini yadından çıxarmasın.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 9 iyul.- S.10