Naxçıvan Bölməsində
xalçaçılığın tarixi və
inkişafı ilə əlaqədar sistemli tədqiqatlar
aparılır
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin
qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci
illər üçün Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında” Sərəncamı ilə nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsini təmin
etmək məqsədilə “Tədbirlər Planı” təsdiq
edilmiş və görüləcək işlər müəyyənləşdirilmişdir.
Bununla əlaqədar Naxçıvan Muxtar
Respublikasının aid təşkilatları, nazirlik, komitə,
təhsil müəssisələri ilə yanaşı,
AMEA-nın Naxçıvan Bölməsinin də
qarşısına bir sıra vəzifələr
qoyulmuşdur. Belə ki, Naxçıvan Muxtar
Respublikasında xalçaçılıq sahəsində
aparılan elmi-tədqiqat işlərini sistemli şəklə
salmaq üçün Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində
Xalçaşünaslıq sektoru (keçmiş adı
“Xalçaşünaslıq” elmi-tədqiqat
qrupu) yaradılıb. 2018-ci il noyabrın 1-də fəaliyyətə
başlayan sektorda Naxçıvanda
xalçaçılığın yaranması, keçdiyi
inkişaf yolunun, hazırkı vəziyyətinin öyrənilməsi
və s. məsələlər başlıca vəzifələr
kimi qarşıya qoyulub. Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Fəxrəddin Səfərli bizimlə söhbətində
bildirdi ki, milli mədəniyyət tariximizin öyrənilməsində
mühüm yer tutan xalçaçılıq sənəti hələ
ən qədim dövrlərdən Naxçıvan
diyarında da meydana gəlmiş və əsaslı
inkişaf yolu keçmişdir. Ərazinin təbii-coğrafi
şəraiti imkan vermişdir ki, kənd təsərrüfatının
mühüm sahəsi olan heyvandarlıq inkişaf etdirilsin.
Heyvandarlığın inkişafı isə zəruri qida məhsullarının
təmin edilməsi ilə yanaşı, həmçinin
insanların maddi məişət əşyalarına olan tələbatının
da ödənilməsinə mühüm şərait
yaratmışdır. Xırda buynuzlu heyvanlardan
alınan yun məhsullarından toxuculuq, o cümlədən də
xalçaçılıq sənəti nümunələri
hazırlanmışdır ki, bu da əhalinin məişətinin,
maddi rifah halının
yaxşılaşdırılmasında önəmli rol
oynayıb. Beləcə tarixi çox qədim
dövrlərə gedib çıxan
xalçaçılıq sənəti xalq sənətkarları
tərəfindən əsrlər boyu yaşadılmış,
inkişaf etdirilmiş, zəmanəmizə qədər gəlib
çatmışdır deyən alim söhbətinə davam
edərək qeyd etdi ki, xalça toxuculuğu
Naxçıvan sənətkarlığında mühüm
yer tuturdu. XIV əsrdə Azərbaycan xalçaları
kütləvi şəkildə Avropaya aparılmağa
başlamışdı. Bu da təsadüfi deyildi. XIII əsrdə monqol istilasının ciddi fəsadlarından
sonra Azərbaycan iqtisadiyyatı və mədəniyyəti
yenidən dirçəlir, Avropa ilə sıx ticarət əlaqələri
yaradılırdı. XIII-XIV əsrlərdə Azərbaycandan
xarici ölkələrə çoxlu xalça və
xalça məmulatı ixrac edilirdi. Tarixi
qaynaqların verdiyi məlumata görə, digər sənətkarlıq
sahələri ilə yanaşı, Orta əsrlər
dövründə Naxçıvanda
xalçaçılıq sənəti böyük
şöhrət qazanmış və yüksək səviyyədə
inkişaf etmişdi.
Müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu ümummilli lider Heydər
Əliyev ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından sonra Azərbaycanda, o cümlədən
Naxçıvan Muxtar Respublikasında da keçmiş mədəni
irsə diqqət və qayğı artmış, xalq
yaradıcılığı nümunələrinin, eləcə
də xalçaçılığın inkişaf etdirilməsi
üçün dövlət səviyyəsində bir
sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər içərisində
Naxçıvan şəhərində, muxtar respublikanın
müxtəlif yaşayış yerlərində yaradılan
xalçatoxuma müəssisələrini, gənclərə
xalçaçılıq sənətinin incəlikləri
öyrədilən kursları, dərnəkləri xüsusilə
qeyd etmək lazımdır. Dövlətin diqqət və
qayğısı nəticəsində Naxçıvan
Dövlət Xalça Muzeyi yaradıldı. “Naxçıvan
xalçaları”, “Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik” kitabları çap olundu.
Ölkə Prezidenti İlham
Əliyevin “Naxçıvan şəhərində xalça
istehsalı emalatxanasının tikintisi, təchizatı və
infrastrukturunun yaradılması ilə bağlı tədbirlər
haqqında” 15 fevral 2018-ci il tarixli Sərəncamı və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında
xalça sənətinin qorunmasına və
inkişaf etdirilməsinə dair 2018-2022-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamı
Naxçıvan Muxtar Respublikasında
xalçaçılığın yüksək səviyyədə
inkişafına öz müsbət təsirini göstərən
mühüm dövlət sənədidir. Burada əsas
məqsəd muxtar respublikada xalçaçılıq sahəsində
maddi və mədəni irsin qorunması, davamlı
inkişafı, xalçaçılığın xammal təminatının
formalaşdırılması, yeni iş yerlərinin
yaradılmasının dəstəklənməsi,
xalçaçılıq sahəsində, o cümlədən
yun tədarükü və emalı, yun ipliklərin
istehsalı üzrə ixtisaslı kadr
hazırlığını həyata keçirmək,
xalçaçılığın rəqabət qabiliyyətinin
və ixrac potensialının artırılması,
Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə
xas olan qədim çeşnilərin bərpa edilməsi,
istehsalatda tətbiqi, yeni çeşnilərin
hazırlanması və bu çeşnilər əsasında
xalçaların toxunmasıdır. Əllə
xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin,
xalçaçılıqla məşğul olan sənətkarların
bədii və texniki iş üsullarının, xalça
çeşnilərinin bərpası və inkişaf
etdirilməsi, təbliği, ipliklərin təbii boyalarla
boyanması üçün müvafiq istehsal sahəsinin təşkilinin
dəstəklənməsidir. Həmçinin
Naxçıvan Xalçaçılıq məktəbinin
elmi cəhətdən və sistemli şəkildə
araşdırılması, yeni elmi nəşrlərin hazırlanması,
xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin
bərpası sahəsində tədqiqatlar aparılması
başlıca vəzifəsi kimi bölmə əməkdaşlarının
qarşısına qoyulmuşdur.
Fəxrəddin Səfərli
bildirdi ki, ölkə Prezidentinin və Naxçıvan Muxtar
Respublika Ali Məclisinin Sədrinin qeyd olunan sərəncamları
ilə qarşıda duran vəzifələrin yüksək səviyyədə
yerinə yetirilməsi ilə əlaqədar institutda
Naxçıvanda xalçaçılığın
yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti
ilə əlaqədar tədqiqatlar aparılır. Sərəncama
uyğun olaraq təsdiq olunmuş “Tədbirlər Planı”nda
institut əməkdaşlarının üzərinə qoyulan
vəzifələrin yerinə yetirilməsi istiqamətində
bir sıra işlər görülüb. Qeyd edək
ki, xalçaçılıqla əlaqədar təsdiq
edilmiş elmi-tədqiqat işi Dövlət Proqramına
uyğun olaraq ardıcıl şəkildə yerinə
yetirilir. 2019-cu ilin İş planına uyğun olaraq qədim
tarixə və ənənələrə malik
Naxçıvanda xalçaçılıq sənətinin
meydana gəlməsi istiqamətində araşdırmalar
aparılıb.
Alim qeyd etdi ki, ötən
müddət ərzində əməkdaşlar tərəfindən
xalçaçılıq sənəti ilə bağlı
yaşlı nəsildən ənənəvi
xalçaçılıq sənətinin bədii və
texniki iş üsulları öyrənilib,
xalçaçılıq, onun yaranması, inkişaf tarixi,
xalça toxunmasında istifadə edilən
naxışlar, ornamentlər, boyaqçılıq və sair
ilə əlaqədar kütləvi informasiya vasitələrində
çıxışlar olub və qəzet materialları, məqalələr
dərc edilib. Tədqiqat materialları əsasında
“Naxçıvanda xalçaçılıq: tarixdə və
günümüzdə” adlı monoqrafiya çap olunub. Nəşrdə xalqımızın tarixini, mədəniyyətini,
incəsənətini və məişət tərzini özündə
yaşadan qiymətli milli-mənəvi dəyərlərimizdən
biri olan xalçaçılıq sənətinin
Naxçıvanda yaranması, inkişaf yolu və
bugünkü vəziyyətindən söz açılır,
xalçalar üzərində toxunan naxışlar, ornamentlər
haqqında məlumat verilir. Qədim el sənətindən
və xalçaçılığın ilk nümunələrindən
sayılan keçəçilik, toxuculuq sənəti,
xalçaçılığın inkişafında
mühüm rol oynayan boyaçılıq və digərləri
ilə bağlı aparılan tədqiqatlar yer alıb. Həmçinin
əməkdaşlarımız “Naxçıvan
xalçaçılığı: keçmişdən
günümüzə” adlı konfransda iştirak edib.
Fəxrəddin Səfərlinin sözlərinə
görə, 2020-ci il üzrə təsdiq edilmiş elmi-tədqiqat
işinə əsasən “Naxçıvanda
xalçaçılığın inkişaf tarixi” mərhələsi
üzrə tədqiqatlar aparılır. Araşdırmalarda
məlum olub ki, Azərbaycanın digər regionlarında
olduğu kimi, Naxçıvanda da toxunan xalçalar xovsuz və
xovlu texnikası ilə hazırlanıb, Naxçıvan zili,
şəddə, vərni kimi xalça növlərinin
yaradıldığı ilk mərkəzlərdən olub.
Tədqiqat ilində əməkdaşların
Türkiyə Cümhuriyyətinin Mardin şəhərində
keçirilən 3-cü Beynəlxalq Mardin Artuklu Elmi
Araşdırmalar Konqresinə göndərilən məruzənin
tam mətni beynəlxalq tədbirin materiallarında
işıq üzü görüb. Həmçinin toxuculuq sənəti
ilə bağlı açıq dünya ensiklopediyası olan
Vikipediyada xalçaçılıqla, xalçalar üzərində
toxunan naxışlar, ornamentlər və kitabələr ilə
bağlı material yerləşdirilib. “Naxçıvan
memarlıq abidələri və xalça nümunələri
üzərindəki ornamentlərin oxşarlığı”,
“Naxçıvanda milli geyim mədəniyyətinin
formalaşmasında ipəkçiliyin rolu”, “Naxçıvan
xalçaları üzərindəki motivlər”,
“Naxçıvan xalçaları üzərindəki həndəsi
ornamentlər” və sair adlı məqalələr
kütləvi informasiya vasitələrində
işıqlandırılıb.
Xalqımızın milli-mənəvi
dəyərlərini özündə yaşadan bu sənəti
inkişaf etdirmək və gələcək nəsillərə
çatdırmaq ümdə borcumuzdur deyən alim söhbətinin
sonunda vurğuladı ki, görülən işlərlə
yanaşı, Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin bundan sonra da layiqincə həyata
keçirilməsi, Naxçıvanda
xalçaçılığın tarixi və
inkişafı ilə əlaqədar tədqiqatları
genişləndirmək üçün bütün qüvvəmizi
səfərbər edib səylə
çalışacağıq.
Türkanə Bəylərli
AMEA
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr
və informasiya şöbəsinin əməkdaşı
İki sahil.- 2020.- 7 iyul.- S.23.