XX əsrin ilk milli qəzeti və
Naxçıvan ədəbi mühiti
Məlum
olduğu kimi, ölkə Prezidenti “Azərbaycan milli mətbuatının
145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam
imzalayıb.
Sərəncamda qeyd olunduğu
kimi,145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli
ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi
tərəfindən Azərbaycan dilində nəşr
olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın
ilk nümünəsi kimi tarixə
düşmüşdür. Sonrakı illərdə
çoxsaylı nəşrlərlə zənginləşən
milli mətbuatımız Azərbaycan ədəbi dilinin və
maarifçilik hərəkatının inkişafına əhəmiyyətli
töhfələr vermiş, milli özünüdərk və
istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl
ideyaların təbliğində böyük xidmətlər
göstərmişdir.
Belə nəşrlərdən biri də
“Əkinçi”dən 25 il sonra, həmyerlimiz görkəmli
ictimai xadim Məhəmməd ağa Şahtaxtlının təşəbbüsü
və fədakaarlığı ilə nəşrə
başlayan “Şərqi-Rus” qəzetidir.
Görkəmli ictimai xadim 1902-ci il aprelin 2-də
Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə
xahişnamə ilə müraciət edib çətinliklə
də olsa, qəzetin Tiflisdə nəşrinə icazə ala
bildi. Böyük maarif fədaisi burada “Məhəmməd
ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə
yaratdı. Beləcə, əsrin əvvəllərində
xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat
daha da genişlənmiş oldu. Böyük ədib yazırdı:
“Güman edirəm ki, bütün müsəlman
ziyalıları, həmçinin, ümumiyyətlə, zəhmətkeş,
tərəqqiyə can atan kiçik xalqımızın
inkişafının insanpərvər dostları məni
müdafiə edəcək və bu işin mədəni əhəmiyyətini
layiqincə anlaya biləcəklər”.
1903-cü il martın 30-da
xalqımızın mədəniyyəti tarixində, mətbuatımızın
tarixində əlamətdar bir hadisə baş verdi: həmin
gün ziyalılarımızın çoxdan bəri həsrətlə
gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi
meydana çıxdı. “Şərqi-Rus” qəzetinin ilk nömrəsinin
işıq üzü görməsi xəbəri geniş əks-səda
verdi.
Böyük satirik şairimiz Mirzə
Ələkbər Sabirin “Dindirir
əsr bizi dinməyiriz, atılan toplara diksinməyiriz” dediyi
bir dövrdə – çarizmin istismarı, cəhalət və
xurafatın tüğyan etdiyi şəraitdə “Şərqi-Rus”
qəzeti dövrün mütərəqqi
ziyalılarını öz ətrafına toplayaraq zülm
altında əzilən xalqın xoşbəxt həyat
arzularının tərcümanına çevrildi. Bu orqan XX əsr
anadilli mətbuatın, milli-mədəni birliyin ilk
qaranquşu oldu. “Şərqi-Rus” 1905-ci il yanvarın 15-dək
nəşr edilib. Məhəmməd ağa
Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar
1904-cü ilin 23 noyabrından Cəlil Məmmədquluzadəni
öz yerinə müvəqqəti redaktor təyin edib,
görkəmli ədibimiz qəzet bağlanana qədər bu
vəzifədə çalışıb.
Cəlil Məmmədquluzadənin bir jurnalist
kimi yetişməsində “Şərqi-Rus” ilk
yaradıcılıq məktəbi rolunu oynayıb.
“Xatiratım”da o, bu hadisəyə belə qiymət verib:
“Möhtərəm ədibimiz Məhəmməd ağa
Şahtaxtlı öz qəzetinin idarəsinə cəlb etməklə
məni qəzet dünyasına daxil etdi”.
“Şərqi-Rus” qəzetinin iki ildən az bir
müddət çap olunmasına baxmayaraq, bu, milli mətbuatımızın
tarixində mühüm bir hadisə idi. Böyük
naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan
milli mətbuatına yol açdı. Çünki
“Əkinçi”dən sonra nəşr
olunan “Kəşkül”ün 1890-cı ildə nəşrinin
dayandırılması ilə xalqımız düz 13 il
anadilli mətbuata həsrət qalmışdı.
O zamanlar Azərbaycanda mətbuat işində
çalışan olmadığı üçün Məhəmməd
ağa Şahtaxtlı əvvəl həftədə
üç, sonra həftədə beş gün nəşr
olunan qəzet üçün ədəbi işçi,
mürəttib tapa bilmirdi. Bu iş
üçün o daha çox varlığı ilə
bağlı olduğu doğma Naxçıvandakı həmyerlilərinin
gücündən istifadə etməyə
çalışırdı. Qəzet öz səhifələrində
Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi
mühitə də qayğı göstərir, nəzm və
nəsr yazanları həvəsləndirirdi. Təsadüfi deyildir ki, yuxarıda da qeyd etdiyimiz
kimi, böyük satira ustası Cəlil Məmmədquluzadəni
mətbuat dünyasına gətirən yol “Şərqi-Rus”dan
başlayırdı. O, Mirzə Cəlillə yanaşı,
digər Naxçıvan ziyalıları ilə də əlaqə
saxlayır, məktublaşır, onları qəzetin
redaksiyasına cəlb etmək istəyirdi. Görkəmli
ədib, xüsusilə o dövrün tanınmış
Naxçıvan ziyalılarından Məhəmməd
Tağı Sidqini, Qurbanəli Şərifzadəni qəzetdə
işləməyə, onunla əməkdaşlıq etməyə
dəvət edirdi.
M.T.Sidqi əziz dostunun Tiflisə,
qəzet redaksiyasında işləməyə dəvətini
ailə vəziyyəti ilə əlaqədar qəbul etməsə
də, Naxçıvanda qəzetin abunə işlərinə
köməklik göstərib, qəzet üçün
sanballı məqalələr yazıb.
Pedaqoji fəaliyyətlə
yanaşı, jurnalistika fəaliyyəti ilə də məşğul
olan M.T.Sidqi dövrün bir sıra mətbuat orqanlarında
çıxış etmiş, əsl mənada, qəzetçi
kimi tanınmışdı. Ona görə də ana dilində
“Şərqi-Rus” qəzetinin nəşri xəbəri
böyük maarif xadimini ürəkdən
sevindirmişdi. M.T.Sidqi həmin qəzetin dərcinin milli tərəqqi
yolunda mühüm bir hadisə olacağını “Şərqi-Rus”un
redaktoruna yazdığı məktubda önəmlə
vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus”
qəzeti millətin gənclərinin qaranlıq ürəklərində
nur saçacaq və bilik və mərifət
çırağı cəhalət çölündən səadət-xoşbəxtlik
sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi
olaraq həkk olunacaqdır”.
Görkəmli publisist qeyd edirdi ki, həqiqətən
bu xoş xəbər bütün elm və mədəniyyət
xadimlərinə, xüsusilə bu diyara yeni bir ruh və sevinc
bəxş edib. O, bundan sonra Azərbaycan dilində milli qəzetin
nəşrinin millətin alim və ədibləri ilə avam
və cahilləri arasında vasitə olub, “nəşri-maarifə”
davam edəcəyinə ümidvar olduğunu bildirirdi.
Maarifçi ədibin qəzetdə nəşr
etdirdiyi bir neçə məqalə, xüsusilə “Qazetə,
yaxud qəzet nədir” məqaləsi diqqəti cəlb edir. Xalqın maariflənməsi işində mətbuatın
mühüm əhəmiyyət
daşıdığını yaxşı başa
düşən müəllif həmin məqaləsində
yazırdı ki, bütün dünya qəzetin əhəmiyyətini
və mahiyyətini dərk etdiyi halda, Qafqaz müsəlmanlarının
əksəriyyəti hələ də onu şeytan əməli
sayır.
Böyük pedaqoq və publisist Məhəmməd
Tağı Sidqinin 49 yaşında qəflətən vəfat
etməsi bütün ziyalıları yasa boğduğu kimi,
“Şərqi-Rus”un əməkdaşlarını da dərindən
kədərləndirmişdi. Təsadüfi deyildir ki, qəzetdə
Sidqinin ölümü ilə əlaqədar bir sıra
yazılar, vida məqalələri çap olunmuşdu. Bunlar
arasında Sidqinin “qardaşım” deyə müraciət etdiyi
böyük satira ustası Cəlil Məmmədquluzadənin
qəzetin 30 yanvar 1904-cü il tarixli nömrəsində
çap olunmuş məqaləsi xüsusilə diqqəti cəlb
edir. Müəllif “Getdi cahandan həzrəti-
Sidqi” adlandırdığı bu məqalədə
böyük maarif fədaisinin Ordubadda, eləcə də
Naxçıvan şəhərində təhsilin, yeni tədris
üsulunun, “üsuli-cədid” məktəblərinin
yayılması, xalq arasında qəbul edilməsi
üçün göstərdiyi fədakarlıqları
ürək yanğısı ilə təsvir edir:
“Naxçıvan şəhərində haman məktəbi həzrəti
-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi
nəinki İrəvanda, bəlkə, Qafqazın böyük
müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti
Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi
budur”. Böyük satira ustası Sidqinin Ordubaddakı fəaliyyəti
üzərində geniş şəkildə dayanır, onun
Naxçıvan ziyalılarının israrlı dəvətini
qəbul etməsindən bəhs edərək yazırdı:
“Allah şahiddir ki, Sidqinin vətənimizə varid
olmaqlığı şəhərimizin mədəniyyət və
maarif tarixi üçün bir mühüm fəqərə
oldu”. Cəlil Məmmədquluzadə yazır
ki, mərhum(Məhəmmədtağı Sidqi-Ə.Q.) nəşri-maarif və insaniyyət
aləminə məhəbbət yolunda
çalışırdı. Maarifin inkişafı
baxımından M.T.Sidqinin dövrü ilə on il əvvəl
arasında yer ilə göy qədər fərq var idi”.
Sidqinin yaxın dostlarından Əsəd ağa Kəngərlinin
də bu barədə qəzetdə məqaləsi çap
olunmuşdu. “Sidqi mərhumun tərcümeyi-halı”
başlığı ilə çap olunan həmin məqalədə
müxbir dəfn mərasiminin ümumxalq matəminə
çevrildiyini yazırdı. Qeyd etmək lazımdır ki, o
zaman Ordubadda yaşamış tarixi romanlar ustası Məmməd
Səid Ordubadi də qiymətli dostunun, əqidə
yoldaşının vəfatından çox kədərlənmişdi.
“Şərqi-Rus”da nəşr etdirdiyi bir şeirdə qüdrətli
ədib Sidqi ilə dostluğunu dilə gətirirdi.
“Şərqi-Rus”un ədəbiyyat aləminə
təqdim etdiyi istedadlı gənclərdən biri olan,
şair Hacağa Fəqir Ordubadinin ailəsində
böyümüş Məmməd Səid uşaqlıqdan
poeziya həvəskarı idi. M.T.Sidqinin yetirməsi
olan Məmməd Səidin təbrik mövzusunda ilk mətbu
şeiri də “Şərqi-Rus”da işıq üzü
görmüşdü. Qeyd etmək lazımdır ki, ədibin
“Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı
onun yaradıcılığına müsbət təsir
göstərmişdi. Həmin illərdə
o, mütaliəyə böyük həvəs göstərir,
özünün yazdığı kimi, şeirə və
yazıçılığa marağı gündən-günə
artırdı. 1904-cü ildə “Qəflət” əsərini
yazıb başa çatdıran Məmməd Səid onu həmin
qəzetdə çap etdirir. Sonra həmin şeiri
genişləndirib poemaya çevirir. Bu əsər 1906-cı
ildə “Qəflət” adı ilə Məhəmməd ağa
Şahtaxtlının Cəlil Məmmədquluzadəyə
satdığı “Qeyrət” nəşriyyatında
işıq üzü görür.
Naxçıvanın tanınmış
ziyalılarından Əyyub ağa Kəngərlinski də
“Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq
edirdi. O,qəzetə şeiri ilə yanaşı göndərdiyi
təbriknaməsində bildirirdi: “Müddətlərcə
intizarını çəkdiyimiz “Şərqi-Rus” qəzetəsi,
şükr olsun ki, mətbuat aləminə qədəm qoydu və
bu səadətli gündə bizim ana dilimizdə və milli
lisanımızda nəşr olunan ruznaməyə həsrət
olan gözlərimiz onun mütaliəsi ilə
işıqlandı... Ümidvarəm ki, inşəallahi-təala bu qəzetə illərcə davam edib
bizim əfkarımızın vüsətinə və türk
qövmünün maarif və mədəniyyətinə və
bəlkə ümum müsəlmanların tərəqqi və
tərbiyətinə xeyir vasitəsi və mənfəət rəhnüması
olacaqdır”.
Naxçıvan ədəbi mühitinin
görkəmli nümayəndələrindən biri kimi
şair-dramaturq Hüseyn Cavid də XX əsrin ilk qəzetinin
nəşrini alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr
olunduğu illərdə o, Tiflisdən uzaqlarda
yaşamasına baxmayaraq, onun ən fəal oxucularından biri
olub və bu mətbuat orqanında üç publisistik məqalə
ilə çıxış edib. Qəzetin 23 yanvar 1904-cü
il tarixli nömrəsində şairin “Ürmiyədən məktub”
adlı bir yazısı çap olunub. M.T.Sidqinin
vəfatı ilə əlaqədar qələmə
alınmış bu yazıda şair ustadı, ona əlifbanı
öyrədən, elm yolunu göstərən,
“Gülçin” təxəllüsünü verən əziz
müəlliminin vəfatından dərindən kədərləndiyini
qəzet vasitəsilə oxuculara çatdırmağa
çalışır.
Cavid əfəndinin “Naxçıvandan təbsirə”
başlığı altında başqa bir publisistik məqaləsi
qəzetin 27 avqust 1904-cü il tarixli nömrəsində dərc
olunub. Müəllif əvvəlki məqaləsindəki
fikirləri burada davam etdirir, İslam tarixinə nəzər
salır, gənclərə dil öyrənməyin vacibliyini
tövsiyə edir.
Görkəmli satirik şair və jurnalist
Əliqulu Qəmküsarın da ilk mətbu əsərləri
hələ 1903-cü ildə “Şərqi-Rus”da işıq
üzü görüb. Naxçıvanda
yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti
ilə sıx əlaqə saxlayırdı.
Yaşadığı bölgədə rast gəldiyi hadisələri,
təsadüf etdiyi problemləri qəzetdə
işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli
publisist yazılarında qəflət yuxusu, cəhalət,
mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu.
“Şərqi-Rus”un təsirilə qəflət əleyhinə mübarizə
kütləvi və kəskin xarakter almış, qələm
əhlinin mənəvi borcuna çevrilmişdi. Ə.Qəmküsarın “Culfadan” adlı silsilə
publisistik məqalələrinin birində epiqraf kimi
verilmiş “Dinəndə yandı dilim, dinməyəndə
dil yandı; nə dərdi gizlədə bildim, nə
aşikar elədim” beyti təkcə bir müəllifin deyil,
bütövlükdə, qəzetin, ziyalıların ədəbi
mövqeyini ifadə edirdi. Ə.Qəmküsar qəzetdə
nəşr olunmuş yazılarında cəhalət və
mövhumatı tənqid edir, mədəni tərəqqinin
yayılması üçün qələmi ilə xalqa xidmət
göstərirdi.
“Şərqi-Rus” və onun böyük
naşiri Məhəmməd ağa Şahtaxtlının ədəbi-elmi
yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında,
demək olar ki, öz layiqli qiymətini almamışdır.
Bu irsə ən böyük qiyməti Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov
verib. Belə ki, Ali Məclis Sədrinin 2006-cı il 27 fevral
tarixli Sərəncamı ilə böyük maarif fədaisinin
anadan olmasının 160 illiyi qeyd edilib, Naxçıvan şəhərindəki
Kitab evinə və küçələrdən birinə onun
adı verilib. Eyni zamanda anadan olduğu Kəngərli rayonunun
Şahtaxtı kəndində Şahtaxtinskilərin ev-muzeyi
yaradılıb. Bu sərəncamın işığında
görkəmli ədibin seçilmiş əsərləri ilk
dəfə nəşr olunub, elmi irsi milli müstəqilliyimizin
verdiyi imkanlar səviyyəsində tədqiq edilib.
Aparılan tədqiqatlar bir daha təsdiq edir ki,
XX əsrin ilk anadilli mətbuat orqanı – “Şərqi-Rus” qəzeti
Azərbaycan milli mədəniyyəti, milli mətbuatı
tarixində parlaq bir səhifədir.
Beləliklə, milli mətuatımızın
145 illiyi haqqında ölkə Prezidentinin Sərəncamı
və Naxçıvan Muxtar Rspublika Ali Məclisi Sədrinin
imzaladığı Tədbirlər Planı müstəqil dövlətimizin
azad söz, azad mətbuatın inkişafına göstərdiyi
diqqət və qayğının daha bir parlaq ifadəsidir.
Əbülfəz
Quliyev AMEA-nın müxbir üzvü
İki sahil.- 2020.- 7 iyul.-S.22