Ad günün mübarək,
29 yaşlı “İki sahil”!
29 illik yol qarşıdakı
dövrün aydın mənzərəsini yaradır
O vaxt
“İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm
ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına
xidmət edir. Amma o vaxt bu partiya yox idi,
lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr
verirdi. Mən təkcə
Naxçıvanı götürmürəm, ədalətsiz
hadisələrə qarşı Azərbaycanın
ayrı-ayrı vətəndaşlarının,
ziyalılarının fikrini dərc etməkdə bu qəzet
yaxşı fəaliyyət göstərmişdir, indi də
göstərir. Mən bunu da yüksək
qiymətləndirirəm.
Ümummilli
lider Heydər Əliyev
Azərbaycan demokratik ölkədir. Demokratiyanın
vacib amillərindən biri kimi söz və mətbuat
azadlığının təmin edilməsi, müasir
dövrün yeniliklərinin tətbiqi şəraitində
dünya informasiya məkanına inteqrasiyanın sürətləndirilməsi
dövlətimizin siyasətinin ana xəttini təşkil edir.
Bu baxımdan ki, cəmiyyətin
güzgüsü mətbuatdır, ictimaiyyətin informasiya tələbatının
dolğun şəkildə ödənilməsi bütün
dövrlər üçün aktualdır.
Hazırda Azərbaycanda 4 mindən artıq kütləvi
informasiya vasitələri qeydiyyatdan keçib. Azərbaycan mətbu
orqanların sayına görə MDB məkanında liderliyini
qoruyur. Bu, ölkəmizdə azad sözə,
fikrə verilən dəyərin təsdiqidir. Demokratik ölkənin vətəndaşı olaraq hər
kəs öz fikrində azaddır, özünün subyektiv
fikrini səsləndirmək imkanındadır. Ölkəmizdə
mətbu orqanların bolluğu şəraitində
özünəməxsusluğu qorumaq, geniş oxucu
auditoriyası qazanmaq üçün hansı amillərə
üstünlük verilməlidir, yaxud verilir kimi suallara bu
gün 29 yaşı tamam olan “İki sahil” qəzetinin
keçdiyi inkişaf yolunu vərəqləməklə cavab
tapacağıq.
Bu gün
adı çəkiləndə çoxsaylı mətbu
orqanlar arasında öz dəsti-xətti ilə seçilməsindən
qürur duyduğumuz “İki sahil” qəzeti 29 illik yolu qət
etmiş, hər dövrün tələblərinə
uyğun təkmilləşmiş, tutduğu yola, əqidəyə
sadiq olmuş, dövlətçiliyimizin inkişafına
davamlı töhfələr vermişdir. Ölkəmizdə
ictimai-siyasi hadisələrin gərgin olduğu illərdə
“Vahid Azərbaycan uğrunda!” devizi ilə nəşrə
başlayan “İki sahil” ən çətin məqamlarda belə
öz prinsiplərinə sadiq qalmış, ümumxalq mənafeyindən
çıxış edərək sağlam fikirli, vətənpərvər
insanların daim müraciət etdiyi mətbuat orqanı kimi
nüfuz qazanmışdır. 29 ilə yaxın müstəqillik
tarixinə malik olan Azərbaycanın keçdiyi yolun bələdçisi
kimi “İki sahil”də dərc olunan yazıların ana xəttini
məhz dünənimizin, bugünümüzün və
sabahımızın əsası kimi dəyərləndirilən
Heydər Əliyev ideyalarına sədaqət təşkil
edir. Fəaliyyəti dövründə ictimai
fikrin formalaşmasında əhəmiyyətli rolu və xidmətləri
olan qəzet hadisələrə obyektiv yanaşma tərzi ilə
seçildiyi kimi, peşəkar jurnalist ənənələrinin
qorunmasına, formalaşmasına, jurnalist etikasının zənginləşməsinə
xüsusi diqqətlə yanaşmışdır.
Yarandığı gündən böyük dövlətçilik
təcrübəsinə malik müdrik siyasi xadim, müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyev ideyalarının yorulmaz təbliğatçısı
kimi çıxış edən “İki sahil” xalqın əsrlər
boyu formalaşdırdığı, bugünümüzə ərməğan
etdiyi milli-mənəvi dəyərlərin qorunmasında da qətiyyət
göstərmişdir. Azərbaycançılıq
ideologiyası mətbu orqanın fəaliyyətində
xüsusi yer tutur. Dərc olunan
yazıların hər birinin mahiyyətində bu fikir öz əksini
tapır ki, günbəgün güclənən, qüdrətlənən
Azərbaycan dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın,
bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin
hər iki dövründə azərbaycançılıq
ideyasının təbliği əsas yer tuturdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Ümummilli Liderin əsas diqqət
göstərdiyi məsələlərdən biri dünya azərbaycanlılarının
bir mərkəzdən idarə olunması oldu. Bunun üçün ilk olaraq müxtəlif ölkələrdə
Azərbaycan cəmiyyətlərinin yaradılmasına nail
olduqdan sonra 2001-ci ildə Dünya azərbaycanlılarının
I qurultayı keçirildi. Bu qurultay
dünya azərbanlılarının vahid ideya ətrafında
birliyinə çağırış oldu. “İki sahil” Ümummilli Liderin bu
çağırışını biri-birindən önəmli
məqalələri ilə oxuculara
çatdırmışdır.
Bir
mühüm məqamı da qeyd etmək istərdik ki, Azərbaycanın
üzləşdiyi çətin məqamlarda Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində
işləyən ulu öndər Heydər Əliyevlə
bağlı yazıların “İki sahil”də dərc
olunması o dövrdə iqtidarda olanların xoşuna gəlməsə
də qətiyyət və cəsarət göstərən qəzetin
kollektivi heç nədən çəkinməyərək Vətənə
sədaqətini yazıları ilə bildirmişdir.
Tutduğu yola sadiq olan “İki sahil”in kollektivinin əməyini
yüksək qiymətləndirən ulu öndər Heydər
Əliyev 1994-cü il noyabrın 19-da Yeni
Azərbaycan Partiyasının yaradılmasının ikinci
ildönümü münasibətilə keçirilən
ümumrespublika müşavirəsində bildirmişdir: “O
vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab
edirəm ki, bu qəzet çox iş görmüşdür.
Bu qəzet indi də Yeni Azərbaycan
Partiyasına xidmət edir. Amma o vaxt bu
partiya yox idi. Lakin “İki sahil” çox cəsarətli
məqalələr verirdi. Mən təkcə
Naxçıvanı götürmürəm, ədalətsiz
hadisələrə qarşı Azərbaycanın
ayrı-ayrı vətəndaşlarının,
ziyalılarının fikrini dərc etməkdə bu qəzet
yaxşı fəaliyyət göstərmişdir. İndi də göstərir. Mən
bunu da yüksək qiymətləndirirəm.”
Təbii ki, fəaliyyətinə Ulu Öndər tərəfindən
verilən bu dəyər qəzetin kollektivinin hər bir
üzvündə böyük məsuliyyət hissi yaradaraq,
daha səylə çalışmasına stimul olmuşdur. Bu qiymətləndirmənin
qarşısında əqidəmizə sadiqliyimizi ortaya
qoymaqla yanaşı, bu sözü də vermişdik ki,
dövlətimizin başçısını,
xalqımızı tam əmin edirik ki, bütün
gücümüzü dövlətçiliyin və müstəqilliyin
möhkəmləndirilməsinə sərf edəcəyik.
Ümummilli Liderin “İki sahil”in fəaliyyətinə verdiyi həmin
qiymətdən bizləri 26 ilə yaxın zaman ayırır.
O vaxtdan verdiyimiz sözə necə əməl etmişik, bunu
oxucularımızın ixtiyarına buraxırıq.
Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra keçdiyi yol “İki sahil” qəzetinin
səhifələrində əsaslı şəkildə
işıqlandırıldı. 1994-95-ci illərdə xarici ölkələrin
və daxildəki antimilli qüvvələrin birgə xəyanəti
ilə dövlətçiliyimizə qarşı törədilən
qəsdlər zamanı da qəzetin kollektivi öz
sözünü dedi, paytaxtın Azadlıq meydanına
toplaşan və ümummilli lider Heydər Əliyevin
müdafiəsinə qalxan bir milyondan artıq ölkə vətəndaşı
ilə birgə haqqın, ədalətin, ən
başlıcası isə müstəqilliyimizin qarantı olan
Ulu Öndərin ideyalarına qarşı yönələn
qüvvələrə barışmaz mövqeyini
yazıları ilə bildirdi. Dövlətə, xalqa
bağlılığını tutduğu yola sadiqliyi ilə
təsdiqləyən “İki sahil” gündən-günə
oxucu auditoriyasını genişləndirdi, Azərbaycanın
dünənini, bu gününü və gələcəyini
düşünən, imzasının imzaların içərisində
olmasını istəyənlərin tribunasına
çevrildi.
“İki
sahil” qəzeti xalqın böyük əksəriyyətinin
istəyinin ifadəsi olan 91 nəfər ziyalının dahi
şəxsiyyət Heydər Əliyevə
ünvanladığı “Azərbaycan Sizin
sözünüzü gözləyir” müraciətini və
ulu öndər Heydər Əliyevin bu müraciətə
“Yeni, müstəqil Azərbaycan uğrunda” cavabını dərc
edən ilk mətbu orqanlardandır. Dövlətə və
dövlətçiliyə xidməti fəaliyyətinin əsas
istiqaməti kimi qəbul edən “İki sahil”in səhifələrində
Yeni Azərbaycan Partiyasının təsis konfransının
keçirildiyi ilk gündən bu günədək
atdığı hər addım, rayon və şəhər təşkilatlarının
fəaliyyəti, gördüyü işlər ictimaiyyətə
çatdırılır, ölkədə keçirilən hər
bir seçki prosesində qəzet partiyanın hazırlıq
işlərini, apardığı təbliğat-təşviqat
kampaniyasını geniş şəkildə
işıqlandırır. 1992-ci il noyabrın 21-də təsis
konfransını 550 nümayəndənin iştirakı ilə
keçirən Yeni Azərbaycan Partiyasının sıralarında
bu gün 750 mindən artıq üzvün birləşməsi
məhz Heydər Əliyev ideyalarına sədaqətin,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin
gələcəyinə inamın göstəricisidir. Ölkədə keçirilən hər bir
seçki prosesindən partiyanın qələbə ilə
çıxması Heydər Əliyev yolunun uğurlarına
verilən dəyərdir. Qəzetimiz hər bir
seçki prosesinə günün tələbinə uyğun
şüarla qatılan Yeni Azərbaycan Partiyasının namizədinin,
ölkə Prezidentinin gördüyü işləri geniş
təbliğ edərək, xalq-iqtidar birliyinin göstəricisi
kimi dəyərləndirilən seçkilərdə qələbəni
böyük sevinc hissi ilə işıqlandırır. Ən əsası qəzetimizin səhifələrində
Prezident İlham Əliyevin cağırışına
uyğun olaraq tarixi paralellər fonunda Azərbaycanın
müstəqillik tarixinin ayrı-ayrı dövrləri
geniş təhlil olunur, yeni-yeni hədəflərə yol
açan uğurlarımız diqqətə
çatdırılır. Yaradıcı
kollektiv məhz Heydər Əliyev yolunun uğurlarına
söykənərək Azərbaycanı inkişaf etmiş
ölkələr sırasında görmək istəyimizi
ortaya qoyur.
Şübhəsiz, 29 illik enişli-yoxuşlu, şərəfli
və məsuliyyətli yolun uğurlarını bir yazı
çərçivəsində şərh etmək
qeyri-mümkündür. Əsas budur ki, tutduğun yola sadiq olasan,
dövlətə, dövlətçiliyə xidməti əsas
amal qəbul edib, bu yolda inamla irəliləməyi bacarasan.
“İki sahil” bu uğura imza atması ilə
qürur duyur. Çoxsaylı mətbu
orqanlar arasında özünəməxsus yer tutmaq
böyük uğurdur və təbii ki, qürurverici amildir.
Qəzetimiz dövlətimizin azad, müstəqil
mətbuatın inkişafına göstərdiyi diqqət və
qayğıdan heç zaman kənarda qalmamış, bu
qayğını fəaliyyəti ilə dəyərləndirmişdir.
Bu fəaliyyətin əsas prinsipi mətbuatın
prinsipləridir - qərəzsizlik, obyektivlik, vətənpərvərlik.
Bu vəhdət fonunda ədalət
meyarını qorumaq, dövlətə və dövlətçiliyə
xidməti təsdiqləyən materialları ortaya qoymaq
mümkündür.
Hər sahədə təcrübəsi nümunə olan
Azərbaycanın uğurları qəzetimizin səhifələrində
parlayır. Son 16 ildən artıq dövrdə Heydər
Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin təkmil islahatları nəticəsində
dünyaya səs salan uğurlarımızın miqyası
gündən-günə genişlənir. Hər
bir inkişafın əsasında dayanan, iqtisadi tərəqqiyə
yol açan təbii resurslarımızdan səmərəli
istifadənin əsası kimi dəyərləndirilən, ulu
öndər Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlu icrası göz önündədir.
Ümummilli lider Heydər Əliyev
düşünülmüş və məqsədyönlü
siyasəti ilə Azərbaycanın dünyaya günəş
kimi doğmasını şərtləndirdi. Son 16 ildən artıq dövrdə Azərbaycan bu
siyasətin davamı nəticəsində inkişaf modeli ilə
dünyanın diqqətində dayandı. İnkişafın
Azərbaycan modelinin mövcudluğunu təsdiqləyən
dünya dövlətlərinin etiraflarında bu fikir yer
alır ki, ölkəmizdə həyata keçirilən siyasətin
alternativi yoxdur.
“İki sahil” qəzeti bu gün adı ən
böyük transmilli şirkətlər sırasında
çəkilən SOCAR-ın təsisçiliyi ilə fəaliyyət
göstərən mətbuat orqanı olaraq daim səhifələrində
ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini,
bu inkişafı şərtləndirən amilləri ətraflı
şəkildə oxucularına çatdırır. Qəzetimizin hər
sayında 1994-cü il sentyabrın 20-də
imzalanan “Əsrin müqaviləsi”ndən ötən 26 ilə
yaxın dövr ərzində enerji sektorunda qazanılan hər
bir uğur ətraflı şəkildə
işıqlandırılır. Ölkə iqtisadiyyatına
öz töhfələrini verən SOCAR-ın dövlətimizin
başçısı İlham Əliyevin
tapşırığına uyğun olaraq modern, müasir tələblərə
cavab verən güclü və çevik bir quruma çevrilmək
istiqamətində atdığı addımların, Şirkətin
müxətlif ölkələrdə həyata keçirdiyi
investisiya layihələrinin uğurlu nəticələrinin təbliğatçısına
çevrilən “İki sahil” qəzeti daim səhifələrində
informasiya bolluğunu artırmağa çalışır.
Dövlətimizin başçısı İlham Əliyevin
dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi
BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub
Qaz Dəhlizinin rəsmi açılışı,
TANAP-ın istifadəyə verilməsi, cari il
üçün TAP-ın istifadəyə verilməsinin nəzərdə
tutulması Azərbaycanın uğurlarının təqdimatıdır.
26 ilə yaxın dövr ərzində ölkəmizin
enerji sektorunda qazandığı uğurların miqyası
olduqca genişdir. “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində Cənub Qaz
Dəhlizinin təməlinin qoyulması və 2018-ci ildə rəsmi
açılışının olması, həmçinin
2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması
davamlı, qürurverici uğurlarımız sırasında
“İki sahil”in səhifələrində əsaslı şəkildə
işıqlandırılmışdır.
Dövlət
müstəqilliyimizin möhkəmləndirilməsində
neftçi əməyinin rolunu yüksək dəyərləndirən
ulu öndər Heydər Əliyevin Sərəncamı ilə
“Neftçilər Günü”nün təsis edilməsi, hər
il bayram ərəfəsində dövlətimiz tərəfindən
onların əməyinə verilən dəyər qəzetimizin
hazırladığı xüsusi buraxılaşlarda öz əksini
tapır. Hər bir xüsusi buraxılış
bir ildə enerji sektorunda, neft strategiyasının uğurlu
icrasında öz payı olan SOCAR-ın ayrı-ayrı
strukturlarının fəaliyyətinin təbliğində
önəmli rol oynayır.
Ulu
öndər Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi,
olduqca böyük, zəhmətli, çox səylər
göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq,
öz peşəsinə vurğunluq tələb edən əməkdir”
sözlərini fəaliyyətinin əsas istiqaməti kimi daim
diqqətdə saxlayan “İki sahil” qəzetinin yaradıcı
kollektivi Prezident İlham Əliyevin müstəqil mətbuatın
inkişafına göstərdiyi diqqət və
qayğını gündəlik həyatında hiss edir.
Qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində
29 ildə keçilən yolu geniş şəkildə şərh
etmək mümkünsüzdür. Bu amili də xüsusi qeyd
etməliyik ki, “İki sahil”, eyni zamanda, bir məktəb rolunu
oynayır. Müstəqil Azərbaycanımızın 29 ilə
yaxın müstəqillik tarixinə bələdçilik edən
“İki sahil” daim təkmilləşməni, yeniləşməni
öz fəaliyyətində əsas xətt kimi qəbul edib. Müasirləşmə, yeniləşmə
müasir dövrün əsas çağırışı
kimi mətbu orqanların da qarşısına yeni-yeni məqsədlər,
vəzifələr qoyur. “İki sahil”in günbəgün
yenilənən internet saytı, geniş izləyici kütləsi
qazanan “İki sahil” TV məhz bu reallığın təsdiqidir.
İllər bir-birini əvəzlədikcə
keçilən yola, bu yolda zəhməti olanların fəaliyyətinə
düzgün dəyər vermək üçün daha
geniş imkan yaranır. Qəzetimizin hər bir əməkdaşı
uğurlarımızda payı olmasından qürur duyur, daha məsuliyyətlə
fəaliyyət göstərir. Bu gün
böyük fəxr hissi ilə qeyd edirik ki, vaxtilə “İki
sahil”də çalışan əməkdaşlarımız
hazırda ayrı-ayrı dövlət strukturlarının mətbuat
xidmətlərinin rəhbəri, həmçinin müxtəlif
mətbu orqanların baş redaktorları vəzifəsində
çalışır. Bu gün bu məqamı
da böyük fəxr hissi ilə qeyd edə bilərik ki,
“İki sahil” gənclərə geniş meydan açaraq,
öz potensial imkanlarını ortaya qoyub, qələmləri
ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə,
çiçəklənməsinə öz töhfələrini
vermələrinə şərait yaradır. Təbii
ki, bu uğurlu addım qəzet rəhbərliyinin dövlətimizin
siyasətinə uyğun olaraq, gənclərə diqqət və
qayğısından qaynaqlanır. “İki sahil” məktəbindən
bəhrələnənlərin sayı çox,
uğurlarımız davamlı olsun!
Uğurlarımızın
davamlılığı əməkdaşlarımızın əməyinin
daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi
ilə müşayiət olunub. Bir qrup əməkdaşımız
ayrı-ayrı vaxtlarda fəxri adlar və medallarla təltif
olunublar. Dövlətimizin başçısı İlham
Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşırılması ilə bağlı Sərəncamına
uyğun olaraq tikilib istifadəyə verilən iki binada mənzil
alanlar sırasında “İki sahil”in əməkdaşları
da vardır. Bütün uğurlar ümumilikdə qəzetimizin
fəaliyyətinə verilən dəyərin göstəricisidir.
29 illik tarixi yolun uğurlarına
söykənərək, bu əlamətdar gün münasibətilə
bir daha baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə,
baş redaktorun I müavini, Əməkdar jurnalist
İsmayıl Hacıyev başda olmaqla qəzetin bütün
kollektivini, eyni zamanda, oxucularımızı və “İki
sahil” TV izləyicilərini təbrik edirik. Onları əmin
edirik ki, qarşıdakı illərdə də informasiya tələbatlarını
daha dolğun şəkildə ödəyəcək, xoş
ovqat bəxş etmək üçün üzərimizə
düşən missiyanı layiqincə yerinə yetirəcəyik.
Canınız sağ, ömrünüz uzun, həyatınız
xoşbəxt və firavan, qələminiz iti,
sözünüz kəsərli, yaradıcılıq
axtarışlarınız davamlı olsun, əziz “İki
sahil”çilər! Hər yaşımızı tariximizə
uğur səhifəsi kimi yazmaq diləyi ilə...
Yeganə
Əliyeva
İki sahil.- 2020.- 10 iyul.- S.12,13