Arzu və gerçəkliyin iki sahili

 

 

 

İlk baxışdan adlar bizə adi görünür."Sahil”təbii ki, mücərrəd anlayış deyil. Bu sözün coğrafi izahı dənizin, çayın, gölün quru ilə birləşdiyi yeri bildirir. Amma onun fəlsəfi məzmun siqləti özündə görüş yerini, ruha rahatlıq, dinclik verən təbiət guşəsini, həsrətin bitdiyi məkanı və başqa mənaları ehtiva edir. Özünə güvənən, qəlbinin səsini dinləyən insanlar bu ünvana inamla üz tutub gedirlər. Müvəffəqiyyət qazanmağın birinci yolu özünəinamdır. Özünəinam, əqidədaşlarına etibar - iki sahil arasında ümid körpüsü salır. Bu mənada Azərbaycanın dövlət müstəqilliyi ilə həmyaşıd olan "İki sahil”qəzeti həm də sabaha böyük inamı, ümidi olan oxucuların könlündə taxt qurub.

 

29 il əvvəl çoxtirajlı"Zavod həyatı"qəzetinin davamı kimi nəşrə başlayan "İki sahil” ilk gündən qərinələr boyu bir-birindən ayrı düşən doğmaların arzularına qol- qanad verib. Bu istəklə qəzet"Vahid Azərbaycan uğrunda!”devizi altında 90-cı illərdən başlayaraq bir-birindən gözəl və parlaq layihələrə imza atıb.Qəzetə uğurlu ad seçimi hər bir azərbaycanlının qəlbində "İki sahil”ə böyük rəğbət qazandırdı... Oxucunun gözü önünüdə Arazın o taylı, bu taylı sahilləri canlandı. Məramların ən yaxşısı qarşıya qoyulan məqsədi təkcə sözdə yox, əməldə yerinə yetirməkdir.

 

Sovetlər dönəmində bir-birinə doğru can atan insanlar bu sahildən o sahilə uçan quşa da həsəd aparıb, üzən balığa da... Amma bu iki sahil arasında həmişə söz körpü salıb. "İki sahil” qəzetinin yaratdığı söz körpüsü bu ənənəni əməli şəkildə davam etdirdi. Vüsal həsrəti ilə döyünən ürəklərin yanğısına sevgi ilə doğmalıq nuru çilədi. Arazın dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən orijinal materiallar dərc edən qəzetin ilk nömrəsində dərc olunan"Xudafərin körpüləri”, "Təbriz, səndən gileyim var”kimi yazıları oxucular tərəfindən böyük maraqla qarşılandı.

 

Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan "İki sahil" sözsüz ki, müstəqilliyini yenidən bərpa etmiş ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qala bilməzdi. Qalmadı da...

 

"İki sahil" bütün çətinliklərə baxmayaraq, dövlətçilik və milli maraqlar uğrunda əzmlə mübarizə apardı, oxucuları doğru, dəqiq, qərəzsiz informasiya ilə təmin etdi. Onu da qeyd edək ki, müstqəilliyin ilk dövrlərində "İki sahil” kimi gözəl poetik adlar altında Azərbaycanda milli dəyərlərimizi qorumaq amalı ilə çox qəzetlər nəşrə başlamışdı. Amma onların "ömrü” çox uzun sürmədi. Çünki yola çıxan səyyah ilk növbədə həmin yolun sərt döngələrinə bələd olmalıdır. O vaxtlar qəzet yaratmaq, ölkə reallıqlarını səhifələrində olduğu kimi əks etdirmək qəzetin rəhbərliyindən böyük cəsarət tələb edirdi. Eyni zamanda, baş verən hadisələrdən düzgün nəticə çıxarmaq bacarığı nəşrin davamlı olmasına stimul verirdi.

 

Fikrimcə, "İki sahil” qəzetinin ömrünün uzun olmasının əsas səbəblərindən biri də onun azərbaycançılıq məfkurəsini ardıcıl şəkildə təbliğ etməsidir. Qəzetin ilk müəlliflərinin, əməkdaşların o zaman Azərbaycanın ictimai fikrə təsir göstərmək bacarığından və təcrübəsindən bu gün də uğurla istifadə olunur.

 

Bəli, artıq 29 ildən çoxdur ki, "İki sahil” qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna peşəkarçasına bələdçilik edir. Bu, həm də milli mətbuatımızın 29 illik şərəfli tarixinin bir parçasıdır. Müstəqillik tarixinin salnaməsinə çevrilən qəzet fəaliyyətə başladığı gündən Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmlənməsi uğrunda aparılan mübarizəyə qələmin, sözün gücü ilə dəstək oldu. Ölkənin qarşısında duran ağır problemlərin aradan qaldırılması yollarını araşdıran ictimai-siyasi xadimlərin, görkəmli elm adamlarının fəaliyyətini dolğun və obyektiv yazılarla dönə-dönə işıqlandırıb. Və bu missiyanı indi də davam etdirir.

 

Mətbu orqanların çox olduğu bir dönəmdə "İki sahil” ölkənin kütləvi informasiya vasitələri arasında öz dəst - xətti, həm də jurnalistikanın təməl prinsiplərinə sədaqəti ilə seçilib. Otuz ilə yaxın öz kredosunu qoruyan bu qəzet sözün əsl mənasında dövlətçiliyin mətbu tribunasına çevrilib. Xalqa, dövlətə və dövlətçiliyə, ulu öndərHeydər Əliyev ideyalarına xidmət "İki sahil” qəzetinin ən böyük amalıdır. Bu illər ərzində"İki sahil” üç-dörd böyük instititun öhtdəsindən gələ bilmədiyi işələri görüb. Bu faktı təkcə veteran "İki sahil”çilər deyil, dövrü mətbuatla nəfəs alıb, qoşa addımlayan çoxsaylı oxucular da təsdiqləyərlər.

 

Bildiyimiz kimi, Azərbaycan xalqının ən mühüm kapitalı onun mənəvi keyfiyyətləridir. Bu, bizim təkcə keçmişlə, tarixi köklərlə rabitəmiz deyil, eyni zamanda, özünümüdafiə sərvətimizdir. Bütün sivil cəmiyyətlərdə olduğu kimi, bizdə də siyasi mübarizə mövcuddur. Lakin müxalifdə olmaq hakimiyyətə, ölkəyə, xalqa düşmən kəsilmək anlamına gəlməməlidir. Bu barədə öz səhifələrində həmişə dərc etdiyi silsilə yazıları ilə ”İki sahil” ustad müəllim kimi radikal müxalifətə ibrət dərsləri keçir.Azərbaycanın inkişafı bütün dünyanın gözü qarşısında baş verir. Ölkələnin uğurlarına hər bir vətəndaşının sevinməsi həm də mənəvi borc məsələsidir.Elə hər birimizin də qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan uğurlu daxili və xarici siyasət, ictimai-siyasi həyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar, mədəni-mənəvi inkişaf prosesi "İki sahil” qəzetin səhifələrində dolğun əksini tapır.Təbii ki, son illər Azərbaycanın qazandığı uğurlar yaxın-uzaq bütün xarici ölkələrdən daha aydın görünür. Çünki bu gün planetin istənilən nöqtəsində Cənubi Qafqaz deyəndə ilk olaraq Azərbaycandan bəhs olunur.

 

Bu il milli mətbuatın 145 illiyinin dövlət səviyyəsində qeyd olunması çox mühüm hadisədir. Ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, media sahəsində də sürətli inkişaf mövcuddur. Azad söz, azad fikir üçün hər bir şərait yaradılıb. "İki sahil” də 145 illik mətbuat tariximizə bu gün öz töhfələrini verir. Xüsusən internetin və elektron KİV-in inkişaf etdiyi, adamların çoxunun qəzet oxumağı tərgitdiyi indiki vaxtda "İki sahil” oxunaqlı çap məhsulu kimi keyfiyyətli tərtibatı və yazıları ilə diqqəti cəlb edir. Azərbaycan reallıqlarının təbliğində fərqlənən digər mətbu orqanlar kimi, "İki sahil” də daim yenilənən internet səhifəsində günün aktual məsələləri təhlil edilir, ölkə daxilindən vəxaricindən ən doğru və düzgün xəbərləri operativ şəkildə oxuculara çatdırılır. Eyni zamanda "İki sahil” internet televiziyası da günün aktual məsələləri ilə bağlı, ictimai-siyasi, iqtisadi və digər mövzularda müxtəlif sahələri əhatə edən süjetləri yayımlayaraq tamaşaçılara təqdim edir.

 

Hazırda Azərbaycan ötən ilin sonunda Çinin Uhan əyalətindən başlayıb bu il bütün dünyanı təşvişə salanCOVİD-19 kimi qlobal bəladan qorunmaq üçün lazımi tədbirlər həyata keçirir. Bəşəri bəla olan pandemiya ilə mübarizə "İki sahil” qəzeti kollektivinin dəyişməz hədəfi, vətəndaşlarımzın nicatı naminə önəm verdiyi mövzulardan ən başlıcasıdır. Çətin və məsuliyyətli peşənin öhdəsindən şərəflə gələn "İki sahil”çilər koronavirusla mübarizəyə də yüksək səviyyədə öz töhfələr verirlər.

 

Əlbəttə, qəzetimizin çoxşaxəli missiyası haqqında daha geniş söhbət açmaq olar. Lakin arzuların sahili, sahillərin də hüdudu olduğu kimi, hər sözün-söhbətin də hüdudu var. Sevinirəm ki, bu gün mən də "İki sahil”çilərin cərgəsindəyəm. Deyirlər, insan doğularkən verilən ad onun taleyinə təsir göstərir.Yəni, hər adın özünəməxsus energetikası var: yəqin qəzetlər, digər mətbu orqanlar da belədir. "İki sahil” adı həm də bir yaradəcı adam olaraq şəxsən mənə həzin və xoş duyğular aşılayr. Bu gün xalqımızın uğurlarına sevinən, dərdlərinə şərik olan doğma "İki sahil” qəzetinə ad günün mübarək deyir və baş redaktor Vüqar Rəhimzadə başda olmaqla bütün jurnalist həmkarlarımın hər birinə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

 

 

Nurəddin Muğanlı Yazıçı-publisist.

 

İki  sahil.- 2020.- 10 iyul.- S.17.