Azərbaycana və onun liderinə dünyada inamın, etibarın və etimadın göstəricisi

 

 

 

BMT-nin Baş katibi Antonio Quterreşin dövlətimizin başçısı İlham Əliyevlə Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ətrafında  fikir mübadiləsi aparması Azərbaycanın sözünün imzası qədər təsirli olduğunu bir daha təsdiqləyir

 

Ümumbəşəri bəla olan COVID-19 insanlarin sağlamlığına,  iqtisadiyyatın dayanıqlığına zərbə vurmaqla yanaşı, ölkələr arasında münasibətlərin inkişaf səviyyəsinə də aydınlıq gətirdi. Belə ki, proseslərin inkişafı göstərdi ki, belə bir çətin vəziyyətdə, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq  və regional təşkilatlar adekvat reaksiya göstərmək, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar atmaq imkanlarına malik deyillər. Dövlətimizin başçısı İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq çərçivədə həyata keçirdiyi tədbirlər, irəli sürdüyü təşəbbüslər və onlara dünya dövlətlərindən gələn dəstək bir çox məqamlara nəzər salmağı zərurətə çevirir.  Dövlətimizin başçısı İlham Əliyev televiziya kanallarına müsahibəsində bu kimi məqamlara, Azərbaycanın təşəbbüslərinə  diqqət yönəldərək bildirmişdir ki, bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir: «Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik.»Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsinə nail olan Azərbaycan  BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və yüksək səviyyədə dəstək qazandı. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə BMT-nin Baş katibi Antonio  Quterreşə telefon zəngində də COVID-19-a qarşı mübarızədə birgə səylərin göstərilməsinə ehtiyacın olduğu xüsusi qeyd edilmişdir. Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini bildirən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, pandemiyaya qarşı mübarizə məqsədilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə,  30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırıb. BMT-nin 130-dan çox üzv dövlətlərinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi  barədə müraciətinə çox qısa müddətdə cavab verməsinə görə təşəkkürünü bildirən cənab İlham Əliyev sessiyanın çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin bu tədbirlə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfələrini verməyə hazır olduğunu  xüsusi qeyd etmişdir. BMT-nin Baş katibi bu təşəbbüsü dəstəklədiyini, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu qeyd etmişdir. Tərəflər bu əminliyi ifadə etmişlər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

 

Bu təşəbbüsə dəstək xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlara da işıq salır. Hər zaman qonşu dövlətlərlə əməkdaşlığın prioritetliyini önə çəkən Azərbaycanın Rusiya ilə əlaqələrinin hazırkı səviyyəsi bu təçəbbüsə dəstəkdən də aydın görünür. Belə ki, Rusiyanın  təşəbbüsə dəstək verdiyini  bildirən bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir  əminliyi də  ifadə edib ki, xüsusi sessiya  konstruktiv əsasda keçiriləcək və hansısa  substantiv qərarın qəbul olunması ilə  bitəcək.

 

Qeyd edək ki, Qoşulmama Hərəkatının Zirvə görüşünə videomüraciətində BMT-nin Baş katibi Antonio Quterreş COVID-19-a yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Həmçinin Azərbaycan Prezidentinə belə təşəbbüslərinə görə təşəkkürünü bildirərək  BMT-nin Prezidentimizin  səylərini dəstəklədiyini  vurğulamışdır.

 

Atılan hər bir addım münasibətlərin inkişafına öz müsbət təsirini göstərmək imkanındadır. Azərbaycan-BMT əlaqələrinin yüksələn xətlə inkişafı təbii ki, ölkəmizin beynəlxalq səviyyədə ədalətə dəstəyindən, BMT-nin qərar və qətnamələrinə hörmətlə yanaşaraq onlara əməl edilməsi üçün daim dünyaya çağırışlar etməsindən və sair kimi önəmli hadisələrdən irəli gəlir. Hər bir dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nin əsas prinsipidir ki, Azərbaycan daim ən yüksək tribunalardan bunu bəyan edir. BMT Təklükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycan ayrılmaz  ərazisi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi bildirilir. Azərbaycanın işğal olunmuş ərazilərimizdə süni məskunlaşma siyasətinin həyata keçirildiyini önə çəkərək BMT-dən xüsusi  Müşahidə Missiyasının yaradılaraq işğal altındakı torpaqlarımızda  olub süni məskunlaşma faktının aşkarlanması təşəbbüsü ilə çıxış etməsi də qurumla əlaqələrinin inkişafının göstəricisi idi. Cünki dövlətimizin  siyasəti müstəqil olmaqla yanaşı, hər bir məsələyə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə diqqət göstərməsi, bu tələbini atdığı addımlarda bir daha nümayiş etdirməsi dünyanın diqqətindən kənarda qalmır. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  və iki il quruma sədrliyi həyata keçirməsi də ölkəmizə diqqətdən, etimaddan və inamdan irəli gəlmişdi. Dövlətimizin başçısının hər zaman qeyd etdiyi kimi, ən böyük siyasət real işlərdir. Azərbaycan bu siyasətini pandemiya dövründə bir daha nümayiş etdirdi. İrəli sürülən təşəbbüslərin  vaxtında və yerində olan təşəbbüslər olduğunu önə çəkən cənab İlham Əliyev bildirir ki,  bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir. “Biz bunu etməyə də bilərdik” söyləyən ölkə Prezidenti bildirir: “Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq.”

 

   Bu təşəbbüslər fonunda Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək dünyanı birləşdirən ölkə imicini bir daha möhkəmləndirdi. “Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr  və beynəlxalq təşkilatların koronavirus  qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq” söyləyən cənab İlham Əliyev belə bir təhlükənin hər kəsin qapısını döydüyünü və multilateralizmin demək olar ki can verdiyini  nəzərə alaraq pandemiyaya  yalnız qlobal əməkdaşlıq və həmrəylik əsasında  qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Onu da qeyd edək ki, Avropa İttifaqı rəsmisinin Qoşulmama Hərəkatının  Zirvə görüşündə iştirakı və çıxışı  Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisə idi. Məhz Azərbaycan daim  bir-biri ilə əks qütblərdə olan  Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirusla  mübarizədə bir araya gətirə bildi. “Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir” söyləyən cənab İlham Əliyev bildirir ki, beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslərimiz dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir: “Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım diləyir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir.”

 

    Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan  koronavirus təhlükəsinin ilk günlərindən başlayaraq  qlobal həmrəylik çağırışlarına  dəstək verir. Azərbaycan istər daxildə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərə görə  nümunəvi ölkə kimi dəyərləndirilir. Azərbaycan  COVID-19-a qarşı ən effektiv mübarizə aparan ölkələr sırasında birinci yerdə dayanır.

 

  Qeyd etdiklərimiz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atan, təkmil inkişaf modelini dünyaya təqdim edən Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir. Birgə addımların atılması, yolların axtarılması qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Bu inam beynəlxalq səviyyədə də ifadə olunur ki, BMT Baş Assambleyasınin xüsusi sessiyası COVID-19-la mübarizəyə böyük dəstək olacaq.  Dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə texniki-logistik  kömək təklifinin BMT Baş katibi tərəfindən dəstəklənməsi də Azərbaycana  beynəlxalq etimadın yüksək həddə çatdığının təsdiqidir. Pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin bu və ya digər şirkətlərin nümayandələri ilə keçirilən onlayn görüşlərində də Azərbaycanın təşəbbüsü ilə videoformatda konfranslarin, Zirvə görüşlərinin reallaşması ölkəmizin bütün sahələrdə  təcrübəyə və imkanlara malik olduğunu nümayiş etdirir. Yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi maraq göstərən Azərbaycan bu sahədə malik oldugu imkanları da ortaya qoydu.

 

  Bir sözlə, Azərbaycan diplomatiyasının uğurları hazırda ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Diqqət yönəldilən məqamlardan biri  dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin bu təşəbbüsünün  vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs kimi dəyərləndirilməsidir. Təşəbbüsü dəstəkləyən ölkələr  dünyanın bütün regionlarını əhatə edir ki, bu da Azərbaycana olan hörmətdən, həyata keçirdiyi siyasətə dəstəkdən, təşəbbüsləri gerçəkliyə çevirən ölkə  olaraq dünyada möhkəmlənən mövqeyindən irəli gəlir. Bugünümüzün diplomatiya uğurları postpandemiya dövründə atılacaq addımların və əldə ediləcək uğurların aydın mənzərəsini yaradır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 11 iyul.- S.2.