“Qərbi Azərbaycanda
soyqırımına məruz qalmış toponimlərimiz”
adlı kitabın videokonfrans formatında təqdimatı
keçirilib
İyulun
10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində tədqiqatçı
alim, Milli Məclisin deputatı Əziz Ələkbərlinin
“Qərbi Azərbaycanda soyqırımına məruz
qalmış toponimlərimiz” adlı kitabının
videokonfrans formatında təqdimatı keçirilib. Bu
barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən
məlumat verilib.
Təqdimat mərasimində
çıxış edən Azərbaycan Respublikası
Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin
uğurla həyata keçirdiyi hücum diplomatiyasının ən
vacib məqamlarından biri tarixin ermənilər tərəfindən
saxtalaşdırılmasının ifşa edilməsidir.
Biz dəfələrlə beynəlxalq tədbirlərdə
Prezidentimiz tərəfindən ermənilərin açıq
şəkildə ifşa edilməsinin şahidi olmuşuq. Dövlət başçısının bu istiqamətdə
həyata keçirdiyi hücum diplomatiyası Azərbaycanın
və Ermənistanın həqiqi tarixinin beynəlxalq auditoriya
tərəfindən mənimsənilməsi, dərk edilməsi,
onların təsəvvüründə bu bölgənin həqiqi
tarixi haqqında mənzərənin
formalaşdırılması kimi vacib məqsədə xidmət
göstərməkdədir.
Əli Əhmədov deyib ki, saxtakarlıq erməni
millətinin ayrılmaz xislətinə, xüsusiyyətinə
çevrilib: “Saxtakarlıq tarixən ermənilərin mənimsədiyi
məşğuliyyətlərdən biridir. Ermənilər
bunu vicdan əzabı çəkmədən ediblər və
bu gün də etməkdədirlər. Tarixə münasibətdə
də belədir. Özlərinin maraqları naminə vicdan əzabı
çəkmədən, tarixi və tarixi hadisələri
saxtalaşdırıblar. Tarixin saxtalaşdırılması
ermənilərin işğalçı siyasətinin tərkib
hissəsi kimi dəyərləndirilməlidir. Onlar
işğal etdikləri torpaqların tarixini dəyişmək
üçün də tarixi təhrif edir, guya özlərinə
məxsus olması üçün yanlış təsəvvür
yaratmağa çalışırlar. Tariximizlə
yanaşı, mədəniyyətimizə də ermənilər
tərəfindən təcavüz edilib və bu gün də
edilməkdədir. Bu baxımdan, təqdimatına
toplaşdığımız kitab bir tərəfdən
Prezident İlham Əliyevin Azərbaycan tarixinin dərindən
öyrənilməsi ilə əlaqədar səsləndirdiyi
tövsiyələrə cavabdırsa, digər tərəfdən
tariximizin ermənilər tərəfindən təhrif edilməsinin
miqyası ilə əlaqədar təsəvvürlərimizin
daha da aydınlaşmasına kömək göstərir. Bu
kitabda soyqırımına məruz qalan 1000-ə yaxın
toponimimiz əksini tapır. Bu toponimlər dəyişdirilərkən
özündən əvvəl mövcud olmuş, azacıq da
olsa tarixi kökə məxsus olmuş toponimlə əvəz
olunmayıb. Yeni adların heç birinin tarixlə əlaqəsi
yoxdur. Bu, sübut edir ki, ermənilər azərbaycanlıların
ərazilərini əllərinə keçirdikdən sonra
real tarixi bütünlə yox etmək kimi çirkin yol
seçiblər. Kitab bizim tariximizin çox vacib hissəsinin
hər birimiz, xüsusilə gənclərimiz tərəfindən
yaxşı mənimsənilməsi üçün gözəl
vasitədir”.
Kitabın tərtibçisi, Milli
Məclisin deputatı, tədqiqatçı-alim Əziz Ələkbərli
çıxış edərək bildirib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin tarixi faktlara, sənədlərə
istinadən beynəlxalq tribunalardan səsləndirdiyi Azərbaycan
həqiqətləri ermənilərin əsrlərboyu
dünyaya yaydıqları tarixi yalanları hər
gün bir az daha artıq ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə
Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti
nəticəsində bölgəyə və bölgə
xalqlarına gətirilən çoxlu bəlalar,
münaqişə, müharibə, deportasiya və
soyqırımları xüsusi yer tutur.
Onun sözlərinə görə,
1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat
Respublikası adı ilə tarixdə ilk dövlətlərini
yaratmaq fürsəti əldə etmiş ermənilər dərhal
öz əsl simalarını ortaya qoydular və onlara bu
fürsəti verən region xalqlarına, ilk növbədə,
ərazinin yerli sakinləri olan azərbaycanlılara
qarşı kütləvi soyqırımı həyata
keçirməyə, dinc əhalini qəddarlıqla və
kütləvi şəkildə məhv etməyə
başlayıblar. Sonra tarixi mənbələr
saxtalaşdırıldı, bu ərazilərdə nə varsa
hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz
erməniləşdirildi. Bu il iyunun 3-də Azərbaycan
Prezidenti İlham Əliyev Tərtər Rayon Olimpiya İdman
Kompleksinin açılışındakı
çıxışında alimlərimizin diqqətini bir daha
bu məsələlərə cəlb etdi ki, bu tarix ciddi şəkildə
araşdırılsın, elmi əsərlər ortaya qoyulsun.
“Yeni Azərbaycan Partiyasının layihəsi olaraq nəşr
olunmuş “Qərbi Azərbaycanda soyqırımına məruz
qalmış toponimlərimiz” kitabı da cənab Prezidentin bu
çağırışına bir cavabdır. Kitabda Azərbaycanın
tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan)
ərazisində ermənilər tərəfindən adı dəyişdirilmiş
953 toponimin - oykonim, oronim və hidronimin siyahısı verilib. Bu toponimlər Ermənistan SSR-in
soydaşlarımızın sonuncu deportasiyasına qədərki
ərazi inzibati bölgüsü - rayonları üzrə
qruplaşdırılıb, Qafqaz Hərbi Dairəsinin
1903-cü il hərbi-topoqrafik xəritəsindən hər
rayona uyğun görüntülər verilib. Kitaba daxil
edilmiş toponimlər hər bir toponimin “köhnə adı”,
“yeni adı” və “dəyişdirilmə tarixi” (bu dəyişdirilmə
ilə bağlı Ermənistan SSR Ali Soveti Fərmanının
tarixi) xanaları üzrə qruplaşdırılıb. Bu,
özü də toponimlərimizin soyqırımının
Ermənistanda dövlət səviyyəsində həyata
keçirilməsinin əyani sübutudur.
Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində
Azərbaycan toponimlərinin ermənilər tərəfindən
dəyişdirilmə prinsiplərinə də xüsusi diqqət
yetirilib.
AMEA-nın Naxçıvan bölməsinin rəhbəri
İsmayıl Hacıyev çıxışında bu
kitabın erməni saxtakarlığının ifşa edilməsində
vacib elmi sənəd olduğunu bildirib. Onun fikrincə,
kitabın xüsusi əhəmiyyəti ondadır ki, burada təqdim
olunmuş sənədlər çar Rusiyasının
hazırladığı xəritələrə əsaslanır.
İ.Hacıyev erməni saxtakarlığı ilə
bağlı elmi araşdırmaların daha da gücləndirilməsinin
zəruri olduğunu qeyd edib.
Təqdimat mərasimində
çıxış edən Milli Məclisin komitə sədri,
YAP Siyasi Şurasının üzvü Musa Quliyev tədqiqatçı
alim Əziz Ələkbərlinin bu istiqamətdə
sanballı əsərlər yazdığını bildirib.
Onun fikrincə, Azərbaycan Prezidentinin
çağırışı əsasında Yeni Azərbaycan
Partiyasının layihəsi olaraq nəşr olunmuş “Qərbi
Azərbaycanda soyqırımına məruz qalmış
toponimlərimiz” kitabı da bu baxımdan mühüm elmi əsərdir.
M.Quliyev qeyd edib ki, 1828-ci ildə imzalanmış Türkmənçay
müqaviləsi Azərbaycanı iki yerə parçalamaqla
bitmədi, əslində yeni faciələrimizin də
başlanğıcı oldu. Belə ki, bu müqavilənin əsasında
tarixi torpaqlarımıza köçürülən ermənilər
azərbaycanlılara qarşı soyqırımı törədib,
torpaqlarımızı işğal ediblər. O, Qərbi Azərbaycanda
adları dəyişdirilən toponimlər barədə
faktlarla fikirlərini əsaslandırıb.
M.Quliyev təklif edib ki, təqdimatı
keçirilən kitabın elektron versiyası
hazırlansın, rus və ingilis dillərinə tərcümə
olunaraq internetdə yerləşdirilsin. Belə olarsa, dünya
ictimaiyyəti də ermənilərin törətdiyi cinayətlərlə
daha yaxından tanış ola biləcəklər.
Tədbirdə çıxış edən
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli nəşr
olunmuş kitabın elmi nöqteyi-nəzərdən əhəmiyyətini
vurğulayıb. Ə.Hüseynli sovetlər hakimiyyəti
dövründə ermənilərin toponimlərin
adlarını mərhələlərlə dəyişdirdiklərini
deyib və bunu faktlarla diqqətə çatdırıb. Onun
sözlərinə görə, ümummilli liderimiz Heydər
Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra
ermənilər Ermənistan SSR-də toponimlərimizin dəyişdirilməsinə
cəsarət etməyiblər. Bunun nümunəsi kimi,
1969-1979-cu illərdə həmin ərazilərdə heç
bir yer adı dəyişdirilməyib. Birinci vitse-spiker qeyd edib
ki, azərbaycanlıların indiki Ermənistan ərazisindən
son deportasiyası illərində azərbaycanlılar bu
deportasiyaya qarşı ciddi müqavimət göstəriblər.
Bu məsələ də alimlərimiz tərəfindən
araşdırılmalı və elmi-tarixi əsərlər
ortaya qoyulmalıdır. Çünki bu deportasiya faktı da
cinayətdir, beynəlxalq hüquqa zidd addımdır. Bu məsələlərlə
bağlı faktların geniş dünya ictimaiyyətinə
çatdırılması ermənilərə ciddi zərbə
ola bilər.
Tədbirdə, həmçinin
YAP İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov,
akademik Fikrət Əliyev və professor Şahlar Əsgərov
çıxış edərək təqdimatı keçirilən
kitabın əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda ermənilərin
soyadlarımızı da mənimsəməyə
çalışdıqları bildirilib, eləcə də
İrəvan şəhərinin tarixi maketinin
hazırlanması, erməni saxtakarlığı ilə
bağlı kitabların xarici dillərə tərcümə
edilməsi təklif edilib.
Tədbirə yekun vuran YAP Sədrinin müavini
Əli Əhmədov çıxış edən natiqlərin
dəyərli təkliflər irəli sürdüyünü
deyib. O, təqdimatı keçirilən kitabın elektron
versiyasının hazırlanmasının, rus və ingilis dillərinə
tərcümə edilməsinin nəzərdə tutulduğunu
bildirib. YAP Sədrinin müavini, həmçinin
qeyd edib ki, 1948-1953-cü illərdə sovet hökuməti tərəfindən
azərbaycanlıların deportasiyaya məruz qalması və
azərbaycanlıların hüquqlarının bərpa edilməsi
məsələsi gündəmə gətirilməli, beynəlxalq
müstəviyə çıxarılmalıdır. Çünki
həmin dövrdə deportasiyaya məruz qalmış digər
xalqlar sonradan öz hüquqlarını bərpa ediblər.
Hüquqları bərpa olunmayan yeganə xalq isə azərbaycanlılardır.
Sonda Əli Əhmədov Prezident İlham
Əliyevin çağırışlarına cavab olaraq ermənilərin
tarixi saxtalaşdırmaq cəhdləri, onların
işğalçılıq siyasəti ilə əlaqədar
bundan sonra da elmi-tədqiqat işlərinin
aparılacağını diqqətə çatdırıb.
İki sahil.- 2020.- 11 iyul.- S.3.