Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və yaxud 14 iyul tarixinin gətirdiyi qürur

Azərbaycan Respublikasında istər dövlət quruculuğu, istər iqtisadi inkişaf, istərsə də davamlı perspektivlər istiqamətində reallaşan istənilən tədbir xalqımızın ümummilli lideri, böyük Heydər Əliyevin sevilən adı və fəaliyyəti ilə bağlıdır. Onun müdrik siyasəti və həmişəyaşar ideyaları ölkəmizin həm regional, həm milli mahiyyəti artan iqtisadiyyat quruculuğunu təmin etməkdədir ki, bu da bütün dövrlərdə nəinki, Cənubi Qafqaz regionu üçün, hətta dünya iqtisadiyyatı üçün olduqca səmərəli və məhsuldar olmaqdadır. Xüsusilə, hələ keçmiş İttifaq dövründə dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin başlandığı 1969-cu ilin 14 iyul tarixi misilsiz uğurlar üçün siyasi, iqtisadi, sosial, tarixi və hüquqi başlanğıc olmaqla, elə tarixə qızıl hərflərlə yazıldı. Məhz həmin dövrdən etibarən bütövlükdə Azərbaycan miqyasında olduğu kimi, eyni zamanda, onun regionları üçün də dayanıqlı, müqavimətli və perspektivli inkişaf dinamikasının əsasları qoyuldu ki, burada da Naxçıvan Muxtar Respublikasının yerini qürurla qeyd edə bilərik.

Müasir müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq keçdiyi qətiyyətli inkişaf yolu 14 iyul tarixinin önəmini daha yaxından ifadə etməkdədir. Çünki əldə olunan uğurlar, yaradılan etibarlı və dayanıqlı potensial və müqavimətlilik, həmçinin uzunmüddətli perspektivlərin güclü əsasları məhz həmin iftixarlı tarixin güclü bazası əsasında mümkün olmuş, qərarlaşmışdır. Müstəqllik dövrünün modernləşmə və dünya iqtisadiyyatına inteqrasiya çağırışları ölkə iqtisadiyyatının davamlı islahatlar fonunda keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə etibarlı zəmin yaratmış və nəticədə müəyyən olunan hədəflər daha da əlçatan olmuşdur. Təbii ki, bu isə, ölkə iqtisadiyyatının regional mahiyyətinin yüksəlməsini stimullaşdırmışdır.

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci qızıl illərdə ölkəmizin rəhbərliyində olduğu birinci mərhələdə hazırda əldə olunan makroiqtisadi uğurlar üçün güclü əsaslar yaradılmışdır. Elə bu mənada da qeyd edə bilərik ki, hazırda ölkəmizdə milli iqtisadi quruculuq proseslərinin davamlılığı və perspektivliliyi istiqamətində reallaşan tədbirlərin və müəyyən olunan hədəflərin qürurverici dayağı, istinad nöqtəsidir 14 iyul. Həmin tarix iqtisadiyyatın şaxələndirilməsində və rifah göstəriciləri ilə təşəkkül tapmasında əlamətdar olmuşdur.

Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Respublikasında, o cümlədən, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir iqtisadi şəraitdə həyata keçirilən islahatlar və bu əsasda əldə olunan yüksək perspektivli nəticələr Ulu Öndərin rəhbərliyinin İttifaq illərində sosial-iqtisadi siyasətin uzaqgörənliklə, məqsədyönlülüklə və dahiliklə başlandığını qətiyyətlə göstərməkdədir.

Artıq muxtar respublikamız həmin güclə, həmin ideya ilə və həmin təşəbbüslərlə 2020-ci ilin yanvar - may aylarının da sosial-iqtisadi inkişaf dövrünü geridə qoymuşdur. Müasir müstəqillik illərinin son 25 ilində möhkəm dayaqlar üzərində təşəkkül tapan uğurlar cari ilin ötən dövründə də stimullaşdırıcı mexanizmlərlə milli iqtisadi inkişafa xidmət etməkdədir. Təhlillər göstərir ki, muxtar respublikada iqtisadiyyatın sahə strukturu ölkənin milli iqtisadiyyat üzrə hədəflənən uzunmüddətli perspektivlərinə uyğun təşkilatlanıb və ona birbaşa olaraq təkan olmaqdadır. Fikrimizi 2004-cü ildən etibarən artan qərarlılıqla davam edən regional inkişaf üzrə Dövlət proqramlarının milli iqtisadiyyat üçün gətirdiyi imkanlar əsasında da ifadə edə bilərik. Elə bunun nəticəsidir ki, artıq ölkəmiz səviyyəsində istehsalın miqyası öz əhatəsini regionlara doğru genişləndirmiş, artan tələbatların qarşılanmasından, yerli məhsul istehsalından, daxili bazarın qorunmasından və digər makroiqtisadi inkişaf göstəricilərindən ibarət uğurlar isə müəyyən olunan milli - iqtisadi hədəflərin reallaşması fonunda regionlardan mərkəzə doğru irəliləmişdir. Bu isə, təbii ki, iqtisadiyyata dayanıqlılıq gətirərək, onun sosiallaşmasını və müqavimətliliyini daha da gücləndirmişdir.

Bunu əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun (ÜDM) həcmi də göstərməkdədir.

Hesablamalar göstərir ki, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikada istehsal olunan ÜDM-nin həcmi 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,3 dəfə artmışdır. Bu, həm də iqtisadi islahatların səmərəliliyinin mühüm ifadəsi olaraq daha strateji mahiyyətə malikdir.

Burada diqqət çəkən bir məqamı qeyd etmək yerinə düşər. Naxçıvan Muxtar Respublikasında ÜDM-in artım dinamikasına diqqət edərkən aydın olur ki, 2010-cu ildə bu göstərici bir milyard manatı ötmüş və 1 milyard 171 milyon 305 min 700 manat təşkil etmişdir. Məhz geridə qalan illərin genişmiqyaslı uğurlarla müşayiət olunmasının nəticəsidir ki, artıq cari ilin təkcə beş ayında muxtar respublikada ÜDM-in həcmi bir milyard manatı keçmiş və 1 milyard 7 milyon 285 min 500 manata çatmışdır. Qeyd edək ki, iqtisadi göstəricilərin belə artan dinamikada təşəkkülü onun sosiallaşmasını daha da gücləndirmiş və nəticədə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2190 manat olmuşdur ki, bu da 2014-cü ilin yanvar-may aylarındakı (1797,3 manat) göstəricidən 1,2 dəfədən çox artmışdır.

Milli iqtisadiyyat üzrə perspektivlər muxtar respublika iqtisadiyyatının təminatqabiliyyətliliyinə olduğu kimi, eyni zamanda, onun şaxələndirilməsinə də əlverişli zəminlər açmış, xüsusən də, onun sənaye əhəmiyyətinin artmasında özünü göstərmişdir. Ölkəmizdə sənayeləşmə siyasətinin səmərəli təşkili və idarə olunması sahəsindəki tədbirlər muxtar respublika iqtisadiyyatında da etibarlı dayaqlarını formalaşdırmışdır. Hazırda əsas makroiqtisadi göstərici olan ÜDM-in strukturunda ilk yerdə təşəkkül tapan sənaye mühüm sosial əhəmiyyətli sahəyə çevrilmişdir. Kəndlərin iqtisadi inkişafı, təsərrüfat sahələrinin məhsuldarlığının artması, istehsal infrastrukturunun təşkilatlanması sənayenin də perspektivlərinin artmasına zəmin yaratmışdır.

Göründüyü kimi, muxtar respublikada cari ilin yanvar-may ayları ərzində istehsal olunan sənaye məhsulunun həcmi 2014-cü ilin eyni dövrünün göstəricisindən 1,2 dəfə çox olmuşdur. Sənaye özünün inkişaf dinamikasına görə artıq makroiqtisadi siyasətin hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, sənaye həmin potensialla muxtar respublikanın məşğulluq imkanlarının genişlənməsində zəruri rola malik olması ilə təşəkkül tapmışdır.

Ulu Öndərin həmişəyaşar ideyaları ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında aparıcı sahələrdən birini də kənd təsərrüfatı təşkil etməkdədir. Çox zəruri sosial üstünlükləri ilə də güclü potensiala malik olan bu sahə bütün kənd və qəsəbələrin davamlı inkişafı sahəsində də əhəmiyyətli yerdə dayanmaqdadır. Elə bunun nəticəsidir ki, artıq muxtar respublikada ucqar kəndlərdə belə aqrar sektorun perspektivlərinin ifadəsi olmaqla istehsal müəssisələri fəaliyyət göstərir və bunlar da özündə əhali məşğulluğunun davamlılıq göstəricilərini əks etdirməkdədir.

Qətiyyətli sosial-iqtisadi siyasət nəticəsində muxtar respublikada kənd təsərrüfatı müəyyən olunan hədəflərin reallaşmasında strateji önəmliliyi ilə seçilməkdədir. Hesablamalar da göstərir ki, cari ilin yanvar-may aylarında istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 2014-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,4 dəfəyə yaxın artmışdır. Təbii ki, bu göstərici həm də, ümumilikdə, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsindəki səmərəliliyin mühüm nəticəsi olaraq aktuallıq daşımaqdadır. Eyni zamanda, bu göstəricilər 2020-ci il də daxil olmaqla, qarşıdakı dövrlər üzrə iqtisadiyyatın şaxələndirilməsi fonunda daha məhsuldar nəticələrin əldə olunacağına təminat verəcəkdir.

İstər sənayenin, istərsə də kənd təsərrüfatının artan dinamika üzrə təşkilatlanması öz ifadəsini istehsal olunan məhsulların çoxnövlülüyündə göstərməkdədir. Artıq muxtar respublikada hər iki sahə üzrə səmərəli inteqrasiya təmin olunaraq mühüm nəticələr əldə olunmuşdur. İqtisadi idarəetmənin, həmçinin, yaradıcı ideya və təşəbbüslərin də gerçək ifadəsi olan bu amil nəticəsində artıq muxtar respublikada 383 növdə məhsul istehsal olunmaqdadır. Həmin göstəricinin 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarından ibarət olmaqdadır. Qeyd edək ki, əhalinin 108-i (və ya ümumi ərzaq növü üzrə 86 faizi) ərzaq, 242-si (və ya ümumi qeyri-ərzaq növü üzrə 94 faizdən artığı) qeyri-ərzaq olmaqla 350 (və ya ümumi məhsul növü üzrə 91 faizdən artığı) növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına təmin olunur.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı qarşıya qoyulan hədəflərin əlçatan olmasında böyük qüvvə olaraq formalaşmışdır. Məlum olduğu kimi, hazırkı 2020-ci il muxtar respublikada “İxrac İli” kimi elan olunmuşdur. Məhz yerli məhsul istehsalının əhatə dairəsinin genişlənməsi bu sahədə ixracyönümlülüyün də stimullaşdırılmasına təkan olmaqdadır. Bu isə təbii ki, muxtar respublikanın etibarlı iqtisadi tərəfdaşlıq imkanlarına öz töhfələrini verir və uzun illərdir davam edən blokadanın neqativ təhdid və təsirlərini sıfıra endirməklə, dünyaya çıxış imkanlarının daha da artmasına yol açmaqdadır.

Təbii ki, iqtisadi müstəqilliyin də elə əsas göstəricilərindən birini məhz ölkənin öz təbii sərvətlərinə özünün sahib olması və bu yol ilə yerli istehsalın fasiləsizliyini və təminatqabiliyyətliliyinin artmasının reallaşdırılması təşkil edir. Burada dövlətin malik olduğu iqtisadi potensial xarici iqtisadi əlaqələrin də artan dinamikasını təmin etməkdə və ixracın stimullaşmasına təkan olmaqdadır. Aşağıdakı şəklin məlumatlarında muxtar respublikada xarici iqtisadi əlaqələrin səmərəlilik göstəriciləri haqqında məlumatlar yer almaqdadır.

Buradan da göründüyü kimi, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikada ixrac əməliyyatları 2014-cü ilin eyni göstəricisindən 1,1 dəfə çox olmuşdur. Əgər 2014-cü ilin yanvar-may aylarında idxal əməliyyatları ixracın 40 faizini təşkil edirdisə, 2020-ci ilin müvafiq dövründə bu göstərici 21,3 faiz olmuşdur. Və yaxud 2014-cü ilin yanvar-may aylarında yaranan müsbət saldo ixrac əməliyyatlarının 60 faizini təşkil edirdisə, artıq 2020-ci ilin eyni dövrü üzrə bu göstərici 79 faizə yüksəlmişdir.

Beləliklə, Ulu Öndərin böyük adı və sevilən fəaliyyəti ilə 14 iyul tarixindən başlanan davamlı uğur və nailiyyətlər ölkəmizi və onun regionlarını, xüsusilə də, Naxçıvan Muxtar Respublikasını öz hədəflərinə doğru inamla çatdırmaqdadır. Burada makroiqtisadi göstəricilərin artan miqyasda təşəkkülü milli iqtisadi quruculuq proseslərində muxtar respublikanın rolunu daha da gücləndirir. Məhz yarım əsrlik sosial-iqtisadi baza bir əsrə doğru daha böyük uğurları vəd etməkdədir.

 

Cavadxan Qasımov,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

İki sahil.- 2020.- 14 iyul.- S. 29.