Qarabağ atları: Dünən, bu gün, sabah

 

At Azərbaycan xalqı üçün hər zaman müqəddəs sayılıb. At  igidlik, sədaqət rəmzidir. Ta qədimdən Azərbaycan  dünyada  Qarabağ, Quba, Bakı və Qazax atları ilə tanınıb. Cins, köhlən atlar, həmçinin yaxın keçmişəcən təsərrüfat işlərində insanların əvəzsiz köməkçisi olub. Bu  gün müxtəlif idman yarışlarında, eləcə də ölkəmizin sərhədlərinin mühafizəsində atlardan istifadə olunur. Belə  atlar arasında yerli cinslərdən olan Qarabağ atları özünəməxsus keyfiyyətləri ilə fərqlənir.  Deyilənə görə, vaxtilə Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını məşhur Qarabağ atlarının hesabına gücləndirərmiş. Hətta faktlar sübut edir ki, dünyada geniş yayılmış ərəb və ingilis cins atlarının formalaşmasında Azərbaycan atlarının müəyyən rolu olub.

 

Ölkəmizin adına daha çox şöhrət gətirən Qarabağ  atlarının “qızıl əsri”  isə XVIII-XIX əsrlər hesab edilir. Məhz bu cinsin ən tipik nümunələri  Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın və digər  xan zümrəsinə daxil olan sülalələrin atçılıq  təsərrüfatında  yetişdirilib. XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edib, 1866, 1869 və 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə keçirilən sərgilərdə xüsusi mükafatlar alıblar.  Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə gümüş medala layiq görülmüşdü. Üstəlik Parisdə keçirilmiş at sərgisində  nümayiş etdirilmişXan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını açıq qızılı-kürən rəngində boyamağa başlamışdılar.  Məhşur rus rəssamı Vasili Vereşşagin 1870-ci ildə yazırdı: “... həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”.

Əsası Qarabağ  xanları tərəfindən qoyulan və varislərinə keçən atçılıq zavodları 1905-ci ildə fəaliyyətini dayandırıb. XX əsrdə “Qarabağcinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılması oldu.  Bu zavod Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamışdır. 1956-cı ildə  Sovet İttifaqının   rəhbəri N.S.Xruşşov Böyük Britaniyanın Kraliçası II YelizavetayaZaman” adlı Qarabağ atı hədiyyə etmişdi. Sorağı hər tərəfə yayılan bu atlar elə həmin vaxtdan avropalıların sevimlisinə çevrildi.  Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib. Buna  baxmayaraq  sovet dövründə atçılığa verilən dəyər, münasibət öz aktuallığını itirdi. Atcılıq təsərrüfatları dağıdıldı, baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələndi. XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı təcavüzü, Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu. 1993-cü ildə Ağdam rayonunun işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti olan Qarabağ atları da min illər boyu yaşadıqları mühitdən didərgin salınıb.

 Son vaxtlar Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün dövlətimiz tərəfindən   ciddi işlər görülür. 2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanmış, "Atçılığın inkişafı üzrə Proqram" təsdiq edilmişdir.  

2012-ci ildə İngiltərədə keçirilən Azərbaycan mədəniyyəti günlərində azərbaycanlı rəqqasələrlə bərabər, Qarabağ atlarının qeyri-adi rəqsi və şahə qalxması yenidən avropalıların qəlbini fəth etdi. Bu tamaşada 3 Qarabağ atı iştirak edirdi. 2014-cü ildə  yenidən həmin atlar dünya ictimaiyyətini heyran etdi. Bu  bir daha göstərdi ki,  elmin inkişafına və texniki tərəqqiyə baxmayaraq, müasir dünyada atçılığa maraq qətiyyən dəyişməyib. 6 il öncə dövlət başçısı “Qarabağcinsinin damazlıq özəyinin qorunması, inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.  Bu Sərəncam Qarabağ atının genefondunun qorunması, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm rol oynadı.  Bu gün Azərbaycan Atçılıq Federasiyası da dövlətin dəstəyindən maksimum faydalanaraq bu sahənin ildən-ilə genişlənməsinə öz töhfəsini verir. Ölkəmizdə  yaxşı təlim görmüş  Qarabağ atları müxtəlif ərazilərdə sərhəd xidmətinə cəlb olunur. Yağışlı, soyuq havalarda Qarabağ atlarının qət etdiyi məsafəni boyunun hündürlüyü ilə seçilən ərəb, ingilis və digər cinslər gedə bilmir. Qarabağın adını daşıyan bu atlar harada olursa, orada Azərbaycanın tarixi torpaqları, milli dəyərləri, insanlarının mərdliyi haqqında söz açılır.  Belə  unudulmaz  tədbirlərdən  biri  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsinin London yaxınlığında 2016 - cı  ilin mayında  keçirilən Kral Vindzor at şousunun final mərhələsində  oldu. Böyük Britaniya Kraliçası II Yelizavetanın anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən mərasimə on dörd Qarabağbir  Dilboz” atı ilə  bərabər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı fərqli rəng qatmışdı.  Atların ritmik hərəkəti, çaparların dəqiqliyi və səhvsiz nömrələr hamının diqqətini çəkirdi. Qarabağ atlarının göstərdiyi şou proqramın birində 3 at və 6 çapardan ibarət piramida formalı nömrə nümayiş olundu. Göstərilən nömrəyə uyğun olaraq yuxarıdan aşağı 3 bayraq asılmışdı. Birincisi kraliçaya təbrik sözləri yazılmış bayraq, ikincisi Azərbaycan bayrağı və sonuncusu isə Böyük Britaniyanın bayrağı idi. Çaparların  bu üç  nəhəng bayrağı açmaları  Böyük Britaniya Kral ailəsinin üzvləri və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı. Təbii ki, bu, bütün avropalıların diqqət yetirdiyi bir məkanda Azərbaycan bayrağının, Azərbaycan adının “Qarabağ” adı ilə bir olması demək idi.  Baxmayaraq ki, bir neçə ölkə də sərgidə nümayiş olunurdu, böyük əksəriyyət Azərbaycanla maraqlanırdı, Qarabağ atlarını müzakirə edir, onların müsbət keyfiyyətlərindən danışırdılar.Təsadüfi deyil ki, tamaşa boyu auditoriyanı ovsunlayan Qarabağ atları Kraliça II Yelizavetada xoş təəssürat yaratdı. Atlara xüsusi marağı və sevgisi olan Kraliça  Qarabağ atlarının gözəlliyini və çaparların ustalığını yüksək qiymətləndirdi. Onu da qeyd etmək lazımdır ki,  bu mərasimdə Azərbaycan rəssamı Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri hədiyyə olaraq II Yelizavetaya təqdim edilmişdir. Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda səfərdə olan məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın Xarı bülbülü və Çövkən oyununun təsvir olunması barədə Kraliçaya məlumat vermişdi. Bu da Azərbaycanın, o cümlədən Qarabağın və eyni adlı atların təbliği baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Tədbirdə  Avropa Azərbaycan Cəmiyyətinin qonağı kimi iştirak edən Lord Kilkluni öz təəssüratını  belə ifadə etmişdi: “Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin hər bir guşəsində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinə heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil, burada - Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm”.

Bizümid edirik  ki,  torpaqlarımız işğaldan azad olunandan sonra məcburi köçkünlərlə bərabər Qarabağ atlarının da doğam yurd yerinə qayıdışı baş verəcək və qədim Şuşamzın Cıdır düzü  yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq!

 

Nurəddin Muğanlı

 

İki sahil.- 2020.- 2 iyun.- S.15.