4 iyun 1993-cü ildə Azərbaycan xalqı

öz xilaskarı ilə həmrəylik nümayiş etdirdi

 

Gəncə hadisələri zamanı  Azərbaycanı təhlükələrdən xilas edən ulu öndər Heydər Əliyev bu birliyin müəllifi oldu

 

«Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından «Sovet Sosialist»” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi.»

 Prezident İlham Əliyevin bu sözlərində  ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərin cüzi hissəsi əksini tapır. Əslində  Azərbaycan dövlətçiliyinin müstəqillik tarixinin   bütün səhifələrində ümummilli lider adını dühası, uzaqgörən siyasəti ilə yazan,  fenomen insan Heydər Əliyev  müstəqilliyimizin banisi, xilaskarımızdır. Qətiyyəti, siyasi iradəsi, xalqına, Vətəninə  sonsuz məhəbbəti ilə tariximizdə əbədilik yaşam haqqı qazanan Ulu Öndərin xidmətləri tariximizə  qızıl hərflərlə, həm də  əbədilik yazılıb. Müstəqilliyimizin  ilk illərində ölkəmizdə yaranan xaosu xatırlamaqla  xalqına azadlıq yolunda   bələdçilik edən liderin hansı əziyyətlərə, çətinliklərə qalib gəldiyinin şahidi olarıq.

 «Tarix  unudulmayan  yaddaş, zaman  ən ədalətli hakimdir» deyiminə əsaslanaraq elə  tarixin bələdçiliyi ilə   keçmişə  işıq salaq. Gəncədə baş verən  qiyamı xatırlayaq. Gəncədə baş verən qiyamla bağlı   Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin birgə iclasında aparılan  müzakirəni yada salaq. Naxçıvan MR Ali Məclisinin Sədri  Heydər Əliyev  həmin iclasda çıxış edərək əsl vəziyyət və   Azərbaycanı  gözləyən təhlükə barədə məlumat verdi: «Gəncədə  nə baş verib məlum deyil. Mən Elçibəylə  telefonla danışdım. O mənə bildirdi ki, Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxıb.  Bildiyimizə görə,  bir neçə ağsaqqal Surət  Hüseynovla  danışıq aparmaq üçün Gəncəyə gedib. Hələlik heç nə məlum deyil. Belə bir təklif var ki,  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin və bəyanat qəbul etsin.»

  Ulu Öndərin  təklifi ilə hazırlanan, insanları milli birliyə, vətəndaş həmrəyliyinə çağıran həmin bəyanatda qeyd edilirdi ki, iyun ayının 4-də Gəncə şəhərində başlanmış və  davam edən hadisələr ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub. Faktiki olaraq vətəndaş müharibəsi başlanılıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və  keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik: « Əminik ki,  Cəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər  bütün Azərbaycan xalqının mənafeyi,  milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə  həll ediləcəkdir.»

 Həmin günlərdə  insanları qorxu altında saxlayan,  Azərbaycanı bölünmək təhlükəsi ilə üzləşdirən qiyamı yatırmağa  qadir,  xalqı arxasınca apara biləcək bir liderə ehtiyac var idi. Heç vaxt yanılmayan, məhək daşını tərəziyə  düzgün qoyan zaman, tarixi həqiqətlər yenə də  xalqa doğru yolu göstərərək  insanlara liderini göstərdi. Həmin dahi milyonların ümid yeri olan ulu öndər Heydər Əliyev idi.

  Milli müstəqillik salnaməmizə  Gəncə hadisələri kimi yazılan 4 iyun 1993-cü il həm də  müəllifi  Ulu Öndər olan müstəqilliyimizin əbədiyyət  tarixi oldu.  Mürəkkəb siyasi  hadisələrlə gərgin olan həmin günlərdə  xalq öz seçimini etdi. Xilas yolunu ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməkdə görən Azərbaycan xalqı birlik və həmrəylik nümunəsi göstərərək seçimini   ulu Hüseyn Cavidin  «Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü» sözləri ilə bildirdi.

 O ağır günlərdə Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev  onu müşayiət edən bir qrup ziyalı ilə Gəncəyə gedərək hadisələrin baş verdiyi 130 və  709 saylı  hərbi hissələrdə oldu,. Gəncə şəhərinin əhalisi, hərbi qulluqçularla görüşdü. Vətəndaşların,  respublika və xarici ölkələri təmsil edən jurnalistlərin çoxsaylı suallarını  cavablandırdı.  Xalqı düşündürən yeganə  istək bu idi:  Azərbaycanın müstəqilliyinin əbədiliyini qorumaq.

 Bu gün 4 iyun hadisələri ilə bağlı  müxtəlif fikirlər səslənsə də,  Azərbaycanı uçuruma aparan xaosun  «müəllifləri» günahları biri-birinin üzərinə atsa da  tarixi əks etdirən hadisələrin  mənzərəsi dəyişmir: Xalqa vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə, vətəndaşların sabaha ümidini qıran  mənəmlik, səriştəsizlik ölkəni vətəndaş müharibəsinə aparırdı.

   4 iyun 1993-cü il Cəncə qiyamı ilə bağlı mənzərə belə təsvir edilirdi:

 «Bakı küçələrində  avtomatla silahlanmış kamfilyaj geyimli yekəpər saqqallılardan ibarət dəstələr gəzirdi. Yuxarıda –Elçibəyin komandasında hər dəstənin öz himayədarı vardı. Onlar nüfuz dairələri üstündə biri-biri ilə rəqabət aparırdılar. Buna görə də  tez-tez toqquşmalar, atışmalar olurdu...1993-cü ilin yazında  ölkənin parçalanmasına real təhlükə yarandı...  Bu isə  Elçibəy və onun komandasının yol verdiyi kobud səhvlərin nəticəsi idi. Onlar milləti birləşdirməyi, ayrı-ayrı siyasi qüvvələr arasındakı qarşıdurmanı dayandırmağı, bəzi cinayətkar qruplaşmaların, separatçı qüvvələrin hərəkətlərinin qarşısını almağı bacarmamışdılar. »

 Gəncədəki vəziyyət barədə  fikirlərini Milli Məclisin iclasında bildirən ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqına müraciət edərək bütün qüvvələri birliyə çağırdı.

 Prezident İlham Əliyevin «Ayrı–ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir» sözləri də o zamankı mürəkkəb  vəziyyətə aydınlıq gətirir.

 Belə gərgin vəziyyətin  yaranmasına səbəb olan AXC-Müsavat cütlüyünün  iqtidarı dövründə yaranan hakimiyyətsizliyi xalqa xəyanət adlandıran  Prezident İlham Əliyev   bu sözləri ilə də  o günlərdə baş verənlərə aydınlıq gətirir: «Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər… AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü.»

  Həqiqət bu idi ki, xalqı yaşatdıqları əzablardan qurtarmağın yolunu  «vəzifələrindən istefa verməklə, dondurmaqla» bildirən səbatsız AXC-Müsavat  cütlüyünün xəyanətləri Azərbaycanı uçuruma aparırdı. Ulu öndər Heydər Əliyev zəkası,  düşünülmüş siyasəti, qətiyyəti ilə daxili didişmələrə, iğtişaşlara son qoymaqla  əbədiyyət rəmzi olan   müstəqilliyimizi  qanı, canı bahasına qorudu. Arzusunda olduğu müstəqil Azərbaycanı dünyada  qüdrətli dövlət kimi tanıtdırdı.  

«Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir» söyləyən Prezident İlham Əliyev bu gün fərəhlə  qeyd etdiyimiz uğurların qazanılmasında «Heydər-xalq, xalq-Heydər» birliyini yenilməz qüvvə adlandırır.  Bu birliyin təməli isə o çətin sınaq dövründə qoyuldu. Müdrik kəlama çevrilən «Hər bir Azərbaycan vətəndaşının  həyatında  Heydər Əliyev qüdrətinin, zəkasının zərrəsi var» deyimi günümüzün reallığıdır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2020.- 4 iyun.- S.12.