Dövlət - vətəndaş həmrəyliyi sarsılmazdır!

 

Bir çoxlarının böyük ümidlərlə gözlədiyi, iqtisadi, sosial, siyasi sahələrdə perspektiv planlar qurduğu 2020-ci il çox təəssüf ki, əvvəldən bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası ilə başladı və hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqda davam edir. Belə bir mürəkkəb şəraitdə bir sıra dövlətlər ilk dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər gördülər, müxtəlif proqramlar hazırlayaraq ölkələrini bu böhrandan az itki ilə çıxarmaq yolunda mühüm addımlar atdılar.

Sevindirici haldır ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da ilk gündən insan amilini üstün tutaraq öz vətəndaşının sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü. Bunu Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfransda dövlət başçısının ifadə etdiyi fikirlər də əyani şəkildə sübut edir: - “Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatlarına əsasən Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq. Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. “

Göründüyü kimi, bir çox ölkələr COVID-19-la ölüm-dirim savaşı apardığı bir dönəmdə, hazırda bir çox ölkələrin, əfsuslar olsun, resessiyada olduğu zamanda Azərbaycan iqtisadiyyatın inkişafı, sosial layihələrin icrası üzərində iş aparır. Təsadüfi deyil ki, dünyanın qabaqcıl ölkələri iqtisadi geriləmə ilə üzləşdiyi bir zamanda Azərbaycan ilin ilk 4 ayı ərzində 0,2 faiz iqtisadi artıma nail olmuşdur. Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır. Ardıcıl olaraq dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır. Nəticədə, statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı ötmüşdür. Bu müsbət proseslərə paralel olaraq əmək haqqı fondu da ağarmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəldilmişdir. Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.

İş adamları əyani şəkildə hiss etdilər ki. şəffaf  fəaliyyət  iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin edir. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln. manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.

Bütün bu tədbirlər çərçivəsində muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd. manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldular. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlətlə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.

Eyni zamanda bütün sadalanan müsbət proseslərdən əlavə olaraq iqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin geniş maliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qaldılar. Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərməkdə davam etmişdir.

Məcburiyyət üzündən pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.

Bu il aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”, - deyə vurğulayan cənab Prezident bir daha qeyd etdi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.

Böyük humanist addım atıldı və pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu ki, artıq Prezidentin bu göstərişi icra edilmişdir. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalırlar.

Nəticə isə aydındır - koronavirus dövrünün “acı həqiqətləri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır ki, bu fəaliyyət ilk növbədə hər bir insanın özü üçün zəruridir, çünki şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə biləcək bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar həm dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi, həm də mürəkkəb, çətin situasiyadan uduşlu, karlı çıxdı. Koronavirus təcrübəsi belə bir həmrəyliyin, prezident-vətəndaş həmrəyliyinin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

Bu məqamda, təəssüf ki, korrupsiyaya yuvarlananları, xalqın malına göz dikənləri, öz mənfur mənafeyini dövlət maraqlarından üstün tutanları, xalq-prezident birliyinə zərbə vurmağa çalışanları qeyd etməyə bilmərəm. Son həbslər bu sahədə də dərin islahatların başlandığından xəbər verir. Ölkə rəhbəri onları vəzifəyə təyin edərkən xalqa, dövlətə xidmət etməyi, rayonlara investisiyalar cəlb etməyi, əhalinin rifah halını yüksəltməyi tapşırır. Bəs onlar nə edirlər?! Cənab Prezidentin təbirincə desək onlar xəyanət edirlər: “Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət…

…İndiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir.

Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması, koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcəkdir. Görəsən yenə də mi bəziləri başı daşdan-daşa dəyəndən sonra ayılacaqlar?!.

Başımıza gələnlərdən dərs götürərək, deyilənləri nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir. Xüsusən ona görə ki, bizim qarşımızda, dövlətimiz qarşısında Qarabağ kimi mürəkkəb bir problem var, qarşımızda əzəli torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsi durur.

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi -  “Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.

Bakıda Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə bir daha təcavüzkar tərəfi xəbərdar etdi. Nazir öncə Azərbaycan prezidenti İlham Əliyevin son çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulamasına diqqət yönəltdi: “Bu, ordumuzun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb”.

Z.Həsənov ardınca bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. “Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”, - deyə hərb nazirimiz vurğulayıb.

Sözümü isə yenə Prezidenti cənab İlham Əliyevin dəyərli fikirləri ilə tamamlamaq istəyirəm – “Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!”

 

Vəzir Səfixanov,

Pirallahı Rayon İcra Hakimiyyəti

başçısının birinci müavini

 

İki sahil.- 2020.- 5 iyun.- S.19.