İçməli su təchizatı layihələri
dövlətimizin həyata
keçirdiyi
uğurlu sosial siyasətin məntiqi nəticəsidir
5 iyun su təsərrüfatı və
meliorasiya işçilərinin peşə bayramı
günüdür
Tarixən
insanların suya tələbatının ödənilməsinə
yönəlmiş hər bir iş savab əməl
sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət
gətirdiyini xatırladan xalqımızın ümummilli
lideri Heydər Əliyevin “Su verən, bulaq yaradan, çay
açan hər bir insan həmişə xalqın, millətin,
insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı
işçilərinin əməyinə verilən ən
böyük qiymətdir.
Ölkə
Prezidenti İlham Əliyevin
2014-cü il mayın 14-də imzaladığı sərəncama
əsasən, ölkəmizdə su təsərrüfatı və
meliorasiya işçilərinin peşə bayramının təsis
edilməsi də bu savab əməl, nəcib iş sahiblərinin
əməyinə verilən qiymətin növbəti təzahürüdür.
İstehlakçıları mərkəzləşdirilmiş
qaydada içməli su ilə təchiz edən, onlara
kanalizasiya xidmətləri göstərən “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin
(ASC) kollektivi, əvvəlki illərdə olduğu kimi, bu dəfə
də peşə bayramlarını uğurlu göstəricilərlə
qeyd edirlər.
Təbiətin
bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan
sudan səmərəli istifadə məhdud şirin su
ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində
aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın
bəzi yaşayış məntəqələrində su təchizatı
sistemlərinin yaradılması barədə faktlar
mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf
dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə
təsadüf edir. 1917-ci ildə Şollar-Bakı su təchizatı
qurğuları istismara verilib. Xaçmaz rayonu ərazisindən
Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər
çəkilib, Bakı şəhərində ilk dəfə
mərkəzləşdirilmiş içməli su şəbəkəsi
yaradılıb.
Bu sahədə qazanılmış
təcrübədən istifadə edilməklə
Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmər
1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin
sürətli inkişafı və əhalinin artımı nəticəsində
içməli suya artan tələbatı ödəmək
üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici
Qurğuları işə salınıb.
Azərbaycanın
içməli su və kanalizasiya sektorunun sürətli
inkişafı böyük dövlət xadimi Heydər
Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin
təşəbbüsü və birbaşa rəhbərliyi ilə
ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici
Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun
Abşeron yarımadasına nəqli üçün magistral
kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat
gətirib.
1970-1980-ci
illərdə ulu öndərin birbaşa nəzarəti
altında Bakı şəhərinin tullantı su
infrastrukturunun inkişafını nəzərdə tutan
“Böyük kanalizasiya” layihəsi
reallaşdırılıb. Həmin dövrdə Hövsan
Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”,
“Şəhərkənarı” və “Sahil” kollektorları,
Zığ kanalizasiya nasos stansiyası inşa edilib.
Azərbaycanın
əksər şəhər və rayon mərkəzlərində
içməli və tullantı su sistemlərinin
yaradılması da ötən əsrin 1970-1980-ci illərinə
təsadüf edir. Həmin dövrdə ulu öndərin rəhbərliyi
ilə bölgələrdə yeni su mənbələri
yaradılıb, sugötürücü və sutəmizləyici
qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər
və paylayıcı şəbəkələr tikilib. Bu
işlər bəzi yaşayış məntəqələrinin
şəhər kimi formalaşmasında mühüm rol
oynayıb.
Ümummilli
Lider müstəqilliyin ilk illərində də əhalinin
içməli su təchizatının
yaxşılaşdırılmasını diqqətdə
saxlayıb. Ölkədə siyasi sabitlik bərqərar
olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və
İnkişaf Bankı “Böyük Bakının su təchizatı
sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar
güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə
Kür və Ceyranbatan sutəmizləyici qurğularında,
250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı
yenidənqurma işləri aparılıb, su təsərrüfatının
maddi-texniki bazası gücləndirilib.
2003-cü
ilin oktyabrında cənab İlham Əliyevin xalqın
etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin
həyatında yeni inkişaf mərhələsi
başladı. Ulu öndərin memarı olduğu
sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən
Prezident İlham Əliyev insan sağlamlığının
qorunmasını dövlətin sosial siyasətinin prioriteti
kimi müəyyənləşdirdi. Su kimi müqəddəs
nemətin qorunması, onun keyfiyyətinin təmin olunması,
gələcək nəsillər üçün etibarlı mənbələrin
formalaşdırılması dövlət proqramlarında
xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının
və kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılması məqsədilə bu
sektorda struktur islahatlarına başlanıldı. Dövlət
başçısının “Su təchizatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi haqqında” 11
iyun 2004-cü il tarixli sərəncamına əsasən, “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
2000-ci
illərin əvvəllərindən etibarən Bakı şəhərinin
və ətraf qəsəbələrin böyüməsi,
yeni sənaye müəssisələrinin fəaliyyətə
başlaması içməli suya olan tələbatı ciddi
şəkildə artırmışdı. Bu məsələnin
həlli yollarını vaxtilə ümummilli lider Heydər
Əliyev zərgər dəqiqliyi
ilə göstərmişdi. Hələ vaxtilə
"Bakıya bol-bol su gətirəcəyik" deyən
ümummilli liderimiz Heydər Əliyev 2002-ci ilin dekabr
ayında keçirilən müşavirədə paytaxta
yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin
vaxtının çatdığını bildirmiş və
bu məqsədlə Oğuz-Qəbələ zonasının
yeraltı sularının öyrənilməsi barədə
tapşırıq vermişdi. Ulu Öndərin ideya müəllifi
olduğu həmin layihə onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən uğurla
reallaşdırıldı. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı
su kəmərinin təməli atıldı. Dövlət Neft
Fondundan maliyyələşdirilən layihə çərçivəsində
Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə
yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km
özüaxımlı magistral su kəməri çəkildi.
Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə
aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi.
Bununla da, Bakı şəhərinin əksər ərazilərinin
su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə
isə fasiləsiz rejimlərə keçirildi.
Bununla
belə, sürətlə böyüyən və inkişaf
edən paytaxtı fasiləsiz su ilə təchiz etmək
üçün əlavə su həcmlərinə ehtiyac var
idi. Abşeron yarımadasındakı qəsəbə və
kəndlərdə mərkəzləşdirlmiş su şəbəkələrinin
yaradılması ilə suya olan tələbatın artması,
əhalinin keyfiyyətli su ilə təmin edilməsi, magistral
kəmərlərdə qəzalar zamanı su təchizatında
problemlərin yaranmaması məqsədilə su mənbələrinin
əlaqələndirilməsi nəzərə alınmaqla
Bakı şəhərinə yaxın yeni su mənbəyinin
yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında
Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan
gölünün yaxınlığında ultrasüzgəc
texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu.
Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin
oktyabrında istifadəyə verildi. Açılış mərasimində
çıxış edən Prezident İlham Əliyev
demişdir: “Bu kompleksdə ən müasir texnologiyalar tətbiq
edilir, dünyanın ən böyük sutəmizləyici
kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun
sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki
mənzərə onu göstərir ki, uzun illər içməli
sudan korluq çəkən Bakı qəsəbələri
bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm
ki, bu, Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən
içməli sudur.”
Ənənəvi
təmizləmə qurğularından fərqli olaraq yeni
kompleksdə su ultrasüzgəc
texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə
aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir.
Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil
edən qurğu Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin
ən önəmli layihələrindən biri seçilib.
Oğuz-Qəbələ-Bakı
su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici
qurğularında emal olunan və Bakıya ötürülən
suyun bir hissəsinin içməli su problemi ilə üzləşən
rayonların tələbatının ödənilməsinə
yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan
suyun ətraf rayonlara verilməsi məqsədilə
Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri
istismara verildi. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar,
Saatlı və Sabirabad şəhərləri, həmçinin
kəmərlərin marşrutu boyu 30-dan artıq kənd
keyfiyyətli içməli su ilə təmin olundu.
2020-ci
ilin martın 3-də Prezident İlham Əliyevin
iştirakı ilə regionlarda tikilmiş ən böyük
içməli sutəmizləyici qurğu - Şəmkirçay
təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı
sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu
qurğu Gəncə, Şəmkir,
Samux şəhərləri və ətraf kəndlərdə
450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz
içməli su təminatına hesablanıb. Bu
yaşayış məntəqələrini içməli su
ilə təchiz etmək məqsədilə qurğudan Gəncə
şəhərinə 27 km, Şəmkir şəhərinə
16,5 uzunluğunda magistral su kəmərləri
çəkilib. Artıq hər
3 şəhərə yeni mənbədən suyun verilməsi
təmin edilib.
Lənkəran
və Astara şəhərlərinin içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə
Xanbulançay su anbarının imkanlarından istifadə
edilməklə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı
sutkada 30 min kubmetr olan sutəmizləyici qurğular kompleksi
inşa olunub, buradan Lənkəran
şəhərinə 12 km, Astara şəhərinə isə
25 km uzunluğunda magistral su kəmərləri çəkilib.
Bölgələrdə
yaşayan əhalini keyfiyyətli
və dayanıqlı içməli su ilə təmin etmək
məqsədilə Mingəçevir, Quba, Qobustan və
Ağstafa sutəmizləyici qurğuları da istismara verilib.
Mərkəzi
Aran bölgəsinin sudan əziyyət çəkən
yaşayış məntəqələrinin su təchizatı
məqsədilə Girdmançayın yatağında məhsuldarlığı
saniyədə 450 litr olan Külüllü su mənbəyi
yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar,
Kürdəmir və Ağsu şəhərlərinə 182
km uzunluğunda 4 magistral kəmər
çəkilib. Hazırda bu şəhərlər və
magistral kəmərlərə yaxın yerləşən 50-dən
artıq kənd Külüllü mənbəyi hesabına
keyfiyyətli içməli su ilə təmin olunur.
Bundan
əlavə, qlobal istiləşmə və quraqlıq nəticəsində
bəzi su mənbələrinin məhsuldarlığında
baş vermiş dəyişiklikləri nəzərə alaraq
Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri
üçün alternativ mənbələrin
yaradılması layihələri icra edilib.
Bütövlükdə
isə ötən dövrdə içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə məhsuldarlığı
saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli
su mənbəyinin yaradılması Azərbaycan vətəndaşlarının
sağlamlığına və sosial rifahının yüksəlməsinə
hesablanmış uğurlu layihələrdir.
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya
layihələrinin icrasına başlanılmış 52 şəhər
və rayon mərkəzinin 42-də içməli su şəbəkələrinin
tikintisi yekunlaşıb.
Ötən
müddətdə şəhər və rayon mərkəzləri
ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər
olan 1050 kəndin içməli su təchizatının
yaxşılaşdırılması ilə bağlı
işlər də görülüb. Prezident İlham
Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı
sərəncamlar, həmçinin dövlət investisiya
proqramları çərçivəsində son 3 ildə 240
kənddə içməli su layihələri icra olunub.
Bununla da, 375 min sakinin keyfiyyətli içməli suya
çıxışı təmin edilib.
Məcburi
köçkün qəsəbələri, cəbhəyanı
ərazilər və təmas xəttində yerləşən
yaşayış məntəqələrinin su təchizatı xüsusi diqqətdə
saxlanılıb. Bu məqsədlə Biləsuvar rayonunun ərazisində
Cəbrayıl rayonundan olan məcburi köçkünlər
üçün salınmış qəsəbələrdə,
Füzuli, Ağdam, Ağcabədi,
Tərtər, Goranboy, Tovuz və Qazax rayonlarının cəbhəboyu
kəndlərində layihələr həyata keçirilib.
Bakı
şəhəri və Abşeron yarımadasında su təchizatı
və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə
2011-ci ildə Abşeron yarımadasının su təchizatı,
kanalizasiya sistemləri və yağış sularının
idarə olunması üzrə Master Plan hazırlanıb və
layihələr bu sənədin tələblərinə
uyğun icra edilir. Master Planın əsas layihələrindən
olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular
Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri,
həmçinin kəmərin marşrutu boyunca yerləşən
anbar kompleksləri istehlakçıların dayanıqlı su
təminatı üçün yeni imkanlar açıb. Yeni
yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi,
Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan
və Şağan qəsəbələri, həmçinin
Binəqədi, Sabunçu və Suraxanı rayonlarının
digər yaşayış məntəqələri
dayanıqlı içməli su ilə təchiz edilib.
Koreya
Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı
hesabına icra edilmiş layihə
çərçivəsində Kürdəxanı qəsəbəsində
yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən
artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin
olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli
məqsədilə icra olunan “Təmiz Şəhər” layihəsi
Balaxanı qəsəbəsində yeni su təchizatı
sistemlərinin yaradılmasına imkan verib.
Səudiyyə
İnkişaf Fondu ilə birgə maliyyələşdirilən
layihə çərçivəsində Xırdalan şəhərinin
su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
birinci mərhələsi üzrə işlər
yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı
su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr
olan +118 “Abşeron” və +82 “Masazır” su anbarlarının
tikintisi başa çatıb. Layihə çərçivəsində
Xırdalan şəhərində
167 km içməli su və 83 km kanalizasiya şəbəkəsi
yaradılaraq abonentlərin yeni şəbəkələrə
qoşulması təmin edilib.
Şəhərdə
yağış və tullantı sularının optimal idarə
olunması məqsədilə 1 və 26 saylı kanalizasiya
nasos stansiyalarının ərazisində yeni nasos
stansiyaları inşa edilib. Eyni zamanda, 26 saylı nasos
stansiyasından Binəqədi kollektoruna qədər 1200 mm
diametrli borularla 4 km uzunluğunda təzyiqli kollektor tikilib. Yeni
yaradılmış infrastruktur intensiv yağıntılar
zamanı Xırdalan şəhərində subasma
hallarının aradan qaldırılmasını təmin edəcək.
Ötən
müddətdə Səudiyyə İnkişaf Fondu ilə birgə
maliyyələşdirilən digər layihə çərçivəsində
Badamdar qəsəbəsində yeni infrastrukturun
yaradılması işlərinin birinci mərhələsi
yekunlaşıb. Bu layihənin imkanlarından istifadə
olunmaqla 20-ci sahə yaşayış massivinin içməli
su təchizatı da əsaslı şəkildə
yaxşılaşıb. Badamdar qəsəbəsinin
sürüşmə zonası kimi tanınan 3-cü
yaşayış massivində isə layihənin icrası
davam etdirilir.
Bakı
şəhərinin şərq hissəsinin içməli su təchizatında
müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində
aparılan yenidənqurma işləri nəticəsində
Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının
böyük hissəsi fasiləsiz rejimdə içməli su
ilə təchiz edilib. Eyni zamanda, yeni magistral və
paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin
verilməsi paytaxt sakinlərinin dayanıqlı və keyfiyyətli
su təminatına imkan yaradıb. Bakının küçə
və prospektlərində yol infrastrukturlarının yenidən
qurulması ilə əlaqədar uzun illərdir istismarda
olan su və kanalizasiya xətləri
də yenilənir.
2013-cü
ildə çoxmənzilli yaşayış binalarının
daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına
verilməsindən sonra 5000-dən artıq binanın içməli
su, 3000-dən çox binanın zirzəmisindəki kanalizasiya
xətləri yenilənib.
Sumqayıt
şəhərində və ətraf ərazilərdə
yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi
məqsədilə məhsuldarlığı sutkada 100 min
kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib.
Ötən dövrdə məhsuldarlığı sutkada 10
min kubmetr olan Buzovna tullantı sutəmizləyici qurğusu
inşa edilib, sutkalıq məhsuldarlığı 16 min
kubmetr olan Şüvəlan tullantı sutəmizləyici
qurğusu yenidən qurulub.
Azərbaycan
Hökumətinin və Koreya Respublikası İxrac-İdxal
Bankının birgə maliyyələşdirdiyi
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”
layihəsi çərçivəsində qurğunun tikintisi
üzrə əsas işlər yekunlaşıb. Qurğuda təmizlənmiş
suların dənizin nisbətən dərin hissəsinə
axıdılmasını təmin etmək üçün
1600 mm diametrli polad borularla 1700 metr uzunluğunda
daşıyıcı xətt inşa edilib.
Azərbaycanda
ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə
tunel tipli kanalizasiya kollektorlarının tikintisi həyata
keçirilir. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan,
Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan,
Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun
yaxşılaşdırılmasına və Xəzər dənizinə
təmizlənmədən axıdılan tullantı
sularının qarşısının alınmasına
hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan,
15 km-lik Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının
istismara verilməsi, eləcə də Bakı
buxtasının sahili boyu mövcud xətlərin
reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət
Bayrağı Meydanı, Şıx, Novxanı və
Sumqayıt çimərliklərinin əhatə etdiyi
böyük bir ərazidə dənizə axıdılan
tullantı sularının qarşısını alıb.
Bakı
şəhərində və Abşeron yarımadasında səth
və qrunt sularının yaratdığı problemlərin həlli
məqsədilə 21 ünvanda layihələr icra edilib. Bu
layihələr çərçivəsində 40 km-dən
artıq yağış-kanalizasiya kollektorları inşa
olunub. Eyni zamanda, Böyükşor, Məhəmmədi,
Kürdəxanı və
Taşağıl göllərində su səviyyəsinin tənzimlənməsi
məqsədilə infrastruktur yaradılıb.
Dövlət
başçısının ölkəmizin ərzaq təhlükəsizliyinin
və ixrac potensialının artırılmasının təmin
edilməsi barədə tapşırıqlarına uyğun
olaraq “Azərsu” ASC tərəfindən Zərdab, Hacıqabul
və Şamaxı rayonlarının ərazisində əkin
sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması
layihələri həyata keçirilib. Bu məqsədlə
Kür çayı sahilində məhsuldarlığı
saniyədə 3 kubmetr olan sugötürücü qurğu,
nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin
sahələrinə 42 km
uzunluğunda əsas daşıyıcı kəmərlər
çəkilib və ərazilərə suyun verilməsi təmin
edilib. Şamaxı və Hacıqabul rayonlarında əkin sahələrinin
suvarılması üçün tələb olunan 5 kubmetr
su Kür sutəmizləyici
qurğular kompleksindən verilir.
Ötən
dövrdə həyata keçirilən layihələr çərçivəsində
məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici
qurğu, 250-dən çox su anbarı və anbar kompleksi
tikilib və ya yenidən qurulub, 21 min km-dən çox magistral və paylayıcı su,
4000 km-dən artıq kanalizasiya xətləri çəkilib,
120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib,
357 artezian və subartezian quyusu
qazılıb. “Azərsu” ASC-nin fəaliyyəti dövründə
1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma
səviyyəsi 85 faizi keçib. Görülmüş
işlər nəticəsində abonentlərin sayı 670 min
artaraq 1 milyon 550 minə çatıb.
2004-cü
illə müqayisədə fasiləsiz su ilə təmin
olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində
29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 63 faizə
yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin
fasiləsiz su təminatının səviyyəsi son 16 ildə
26 faizdən 73,6 faizə qalxıb.
İstehlakçılara
verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində
nəzarətdə saxlanılması məqsədilə
müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq
akkreditasiyadan keçib. 2013-cü ildə istifadəyə
verilmiş laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər
ölkələrin beynəlxalq səviyyədə
tanınmış şirkətlərinin avadanlıqları və
cihazları quraşdırılıb. Həmin cihaz və
avadanlıqların köməyi ilə içməli su və
tullantı sularının fiziki-kimyəvi və bakterioloji
göstəriciləri dəqiq və etibarlı analiz olunur.
Yeni laboratoriya yaradıldıqdan sonra içməli və
tullantı sularının təhlil edilən göstəriciləri
39-dan 110-a, nümunə sayı 7 mindən 16 minə, monitorinq
nöqtələrinin sayı isə 180-dən 1300-ə
çatdırılıb.
Mərkəzi
laboratoriyanın təcrübəsindən istifadə edilməklə
respublikada 9
regional laboratoriya yaradılıb. Regional
laboratoriyaların coğrafi məkanı elə seçilib
ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən
mənbələrdəki suyun keyfiyyət göstəricilərini
də daim nəzarətdə saxlamaq mümkündür.
“Azərsu” ASC-də
informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq
standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin
avtomatlaşdırılması, yeni elektron xidmətlərin
yaradılması istiqamətində zəruri tədbirlər həyata
keçirilir.
Bir neçə ildir uğurla tətbiq olunan
“AzersuGİS” coğrafi informasiya sistemi istehsalatda müsbət
nəticələr verməkdədir. “Azərsu” ASC-yə aid bütün
yeraltı və yerüstü infrastruktur məlumatlarının
toplandığı bu sistemə indiyə qədər 18500 km
su, 8300 km tullantı və yağış su xətləri, 12
minədək qurğu və kompleks, 487 min bina və tikili ilə
bağlı məlumatlar daxil edilib.
“Azersu GİS” layihəsi nüfuzlu Bentley müsabiqəsinin,
eləcə də Beynəlxalq Coğrafi İnformasiya Sistemləri
Forumunun qalibi olub.
“Elektron xidmətlərin
genişləndirilməsi ilə bağlı tədbirlər barədə”
Prezident fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən
elektron xidmətlərdən istifadə imkanları genişləndirilib.
Hazırda 19 adda elektron xidmət vətəndaşların
istifadəsindədir. Elektron xidmətlərdən
istifadə səviyyəsinə görə “Azərsu” ASC
dövlət qurumları arasında ilk sıralarda yer alır.
Müştəri xidmətlərindən istifadənin
asanlaşdırılması, eləcə də müraciətlərin
elektron vasitələrlə qəbulu üçün yeni
imkanlar yaradılıb. Vətəndaş müraciətlərinin
məsafədən idarə olunması məqsədilə
"Skype” və “Whatsapp" proqramları ilə qəbul təmin
edilib. Eyni zamanda, abonentlər mexaniki
sayğacların göstərisilərini facebook.com sosial şəbəkəsi
üzərindən rahat şəkildə təqdim edə və
elektron bildirişləri əldə edə bilirlər.
Vətəndaşların
işinin asanlaşdırılması, şəffaflığın
təmin edilməsi məqsədilə “Asan xidmət” və
“Asan kommunal” mərkəzlərində “Azərsu” ASC-nin xidmət
bölmələrinin fəaliyyəti tam təmin edilib.
Ümumilikdə 2014-cü ildən indiyədək
bütün xidmət mərkəzlərinə vətəndaşlar
tərəfindən 330 mindən çox müraciət daxil olub.
Cəmiyyət göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, yaranan problemlərin
operativ həlli üçün bütün imkanlardan istifadə
edir və bu məqsədlə 955 Zəng Mərkəzi 24 saat
fasiləsiz fəaliyyət göstərir.
Beynəlxalq əlaqələrini genişləndirən
“Azərsu” ASC ölkə daxilində və xaricdə
keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli
tədbirlərin fəal iştirakçısına
çevrilib.
Ölkəmizdə su sektorunda həyata
keçirilən layihələr beynəlxalq təşkilatlar
tərəfindən yüksək dəyərləndirilir.
“Azərsu” ASC-nin 2015 və 2018-ci illərdə Dünya Su Şurasının
İdarə Heyətində, 2017-ci ildə Beynəlxalq Su
Ehtiyatları Assosiasiyasında təmsil olunmasında bu amil həlledici
rol oynayıb.
14-18 mart
2017-ci il tarixlərində Bakı şəhərində
1-ci Bakı Beynəlxalq Su Həftəsi keçirilib. Həftə
çərçivəsində dünyanın unikal su təchizatı
sistemlərindən sayılan Şollar-Bakı Su Təchizatı
Qurğularının 100 illik yubileyi, Dünya Su
Şurasının İdarə Heyətinin 61-ci
Toplantısı və digər tədbirlərdə 37 ölkədən
olan 200-dən çox qonaq iştirak edib. 1-ci
Bakı Beynəlxalq Su Həftəsinin yekununda Bakı Bəyannaməsi
qəbul edilib.
Səhmdar Cəmiyyətdə insan resurslarından səmərəli
istifadə məqsədilə kompleks tədbirlər həyata
keçirilir.
2014-cü ildə Fransanın “Suez Environnement”
şirkəti ilə praktiki təlim, nou-hau ötürülməsi
və texniki yardıma dair müqavilə imzalanıb və təlim
sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılması istiqamətində işlər
aparılıb. Eyni zamanda, Hövsan Aerasiya
Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi
istifadəyə verilib. Mərkəzdə
beynəlxalq və regional təlimlərin keçirilməsi
üçün lazımi şərait yaradılıb. Mütəxəssislərin praktiki biliklərinin
artırılması məqsədilə burda təcrübə
poliqonu inşa edilib.
Fəaliyyətində ekoloji layihələrin icrasına
önəm verən “Azərsu” ASC ətraf mühitin
qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində
də fəal iştirak edir. Son illər cəmiyyətin idarə
və müəssisələrinin,
hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə
500 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində
300 mindən çox müxtəlif növ ağac və kol
bitkiləri əkilib.
Ekoloji fəaliyyət
çərçivəsində Yasamal rayonunda yerləşən mərkəzi su
anbarının ərazisində 6 hektardan artıq sahədə
müasir park yaradılıb. Yasamal parkında
yaşıllıq zolaqları, fəvvarələr, seyrəngahlar,
uşaq meydançaları və idman qurğuları inşa
edilərək paytaxt sakinlərinin istifadəsinə verilib.
2020-ci ilin əvvəlində Dünya Səhiyyə Təşkilatının
pandemiya elan etdiyi koronavirus infeksiyası digər sahələrdə
olduğu kimi, kommunal xidmət təşkilatlarının da fəaliyyətinə
təsirsiz ötüşmədi. İnfeksiyanın
yarada biləcəyi təhlükələrin
qarşısının alınması məqsədilə
Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə
uyğun olaraq “Azərsu” ASC tərəfindən zəruri tədbirlər
görülür. Qərargahın tələblərinə
uyğun olaraq işlərin koordinasiyalı şəkildə
idarə olunması üçün operativ qrup
yaradıldı. Sosial izolyasiya tədbirlərinin
tətbiq olunduğu gündən minimal işçi heyəti
ilə əhalinin dayanıqlı və təhlükəsiz
içməli su təchizatı təmin olundu.
Su təsərrüfatı işçilərinin əməyi
hər zaman ölkə rəhbərliyi tərəfindən
yüksək qiymətləndirib. “Azərsu” ASC-nin əməkdaşlarının
fəxri ad və medallarla təltif olunması, icrasına
başlanan və istismara verilən bir çox layihələrin
təməlqoyma və açılış mərasimlərində
Prezident İlham Əliyevin şəxsən iştirakı, 14
may 2014-cü ildə imzalanmış sərəncamla iyun
ayının 5-nin “Su təsərrüfatı və meliorasiya
işçiləri günü” peşə bayramının təsis
edilməsi bunun bariz nümunəsidir.
Son illər
şəhər və rayon mərkəzləri, həmçinin
içməli sudan əziyyət çəkən kənd və
qəsəbələrdə həyata keçirilən
su-kanalizasiya layihələri müstəqil Azərbaycan
dövlətinin öz vətəndaşlarının
sağlamlığı və sosial rifahının yüksəldilməsinə
hesablanmış məqsədyönlü siyasətinin əsas
istiqamətini təşkil edir. Hədəf isə hər bir
yaşayış məntəqəsinin 24 saat keyfiyyətli
içməli su təchizatına nail olmaqdır. “Azərsu” ASC-nin çoxminli kollektivi su təchizatı
və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə
yerinə yetirilməsini təmin etmək üçün
bundan sonra da əzmlə çalışacaq.
Orxan Vahidoğlu,
Yaqut Aslanova
İki sahil.-
2020.- 5 iyun.- S.16-17.