«ASAN xidmət»
ölkəmizin intellektual məhsuludur
Dövlətimizin
başçısı İlham Əliyev Ağcabədidə
«ASAN Həyat» kompleksinin açılışında bir daha
bu məqamı xüsusi qeyd etmişdir ki, növbəti 2-3 il ərzində «ASAN xidmət» Azərbaycanın
bütün bölgələrini əhatə edəcək
Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılmasını vacib amil kimi önə çəkdi. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının icrasında əsas hədəflərdən biri məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması, bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin olunmasıdır.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.
Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Ötən ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer alan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Forum Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət»in, ABAD-ın uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 Anlaşma Memorandumunun imzalanması ilə kifayətlənməyərək dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.
Dövlətimizin başçısı İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində «ASAN Həyat» kompleksinin açılışında bildirmişdir ki, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur: «Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır. “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi.»
Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar» söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. «Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik» söyləyən cənab İlham Əliyev bildirir ki, bu, möhkəm bir zəmindir. Bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var.
Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi, «ASAN xidmət», ABAD, DOST layihələri də diqqət mərkəzindədir. Bu layihələr şəffaflağın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi, İmişlidə «ASAN Həyat» kompleksinin açılışında robot «Sofiya»nın iştirakını yada salaq. «Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən «Sofiya» bildirmişdir ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.
Dövlətimizin başçısı İlham Əliyev Ağcabədidə «ASAN Həyat» kompleksinin açılışındakı nitqində də «ASAN xidmət» mərkəzlərinin coğrafiyasının genişlənməsi fonunda şəffaflığın təmin olunmasını əsaslı şəkildə diqqətə çatdırmışdır. Bildirmişdir ki, «ASAN xidmət» mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Vətəndaşlar bu mərkəzlərdə onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundurlar. «ASAN xidmət»in vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirir: “ASAN xidmət” mənim təşəbbüsümlə yaradılmışdır və mənim göstərişlərim əsasında öz fəaliyyətini genişləndirmişdir. Ancaq “ASAN xidmət”i yaradan sizsiniz, gənclərdir - “ASAN xidmət”in rəhbərləri, kadrları, işçiləri. Bu gün biz elə bir mükəmməl sistem yaratmışıq ki, haqlı olaraq bununla fəxr edə bilərik. İnsanların rahatlığını, ədaləti, şəffaflığı təmin etdik. Ona görə “ASAN xidmət”, sadəcə olaraq, bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. Ölkəmizin müasir inkişafı ilə tam uzlaşan bir təşəbbüsdür, böyük bir layihədir. Bunun çox böyük ictimai mənası var. Əlbəttə ki, burada işləyən insanlar, öz xidmətləri, öz işləri ilə “ASAN xidmət”i bu yüksək səviyyəyə qaldırdılar. Çünki hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur.»
Qeyd edək ki, Ağcabədidə açılan «ASAN Həyat» kompleksi sayca 19-cu mərkəzdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, intellektual məhsulun, xidmətlərin ixracı gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır.
Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.
Yeganə Əliyeva
İki sahil.- 2020.- 9 iyun.- S.2.