Rahat və mədəni
xidmətlərin ünvanı
Son dövrlər Azərbaycan innovativ
texnologiyalardan istifadə imkanları ilə dünyada
seçilən ölkələr sırasındadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
ən qabaqcıl texnologiyaların tətbiqi, cəmiyyətdə
informasiya texnologiyalarının istifadəsinə əlverişli
şəraitin yaradılması üçün məqsədyönlü
işlər həyata keçirilir.
Dövlət
qurumlarının fəaliyyətində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli
işlər görülüb və müvafiq hüquqi baza
formalaşdırılıb. Bununla da Prezident İlham
Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında” Fərmanı ölkəmizdə nəinki elektron
hökumətin inkişafı və həm də korrupsiyaya
qarşı mübarizənin daha da gücləndirilməsində
mühüm rol oynadı. 2012-ci ildən bu sahədə daha
mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri
yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara
birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin
vahid şəkildə idarə edilməsi idi.
Bu
günlərdə Prezident İlham Əliyevin Ağcabədi
rayonuna səfəri çərçivəsində “ASAN Həyat”
kompleksinin açılışında iştirakı da məhz
bu addımların uğurlu davamı kimi qiymətləndirilir.
Prezidentin köməkçisi - Prezident
Administrasiyasının Hüquq mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov və
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin
başçısına məlumat verdilər. Bildirildi ki,
Ağcabədi “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin
aprel ayında başlanılıb və bu ilin iyununda işlər
başa çatdırılıb. Kompleksin ümumi sahəsi
7290 kvadratmetrdir.
“ASAN Həyat” kompleksinə “ASAN xidmət”,
“ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu,
Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların
istirahəti və əylənməsi üçün bir
sıra sahələr daxildir. Ağcabədi regional “ASAN xidmət”
mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl,
Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab
rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa
xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş
və 45 könüllü çalışacaq.
Ağcabədi
“ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci “ABAD Food Hall”
fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda
olduğu kimi, burada da ABAD-çılar tərəfindən
qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların
sərgi-satışı təşkil edilib. “ABAD” publik
hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı
ailələrinin sayı 16 nəfər artaraq 429-a
çatıb və onlara 30-a yaxın xidmət göstərilir.
“Növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir” söyləyən ölkəmizin başçısı cənab İlham Əliyev bildirdi ki, biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir: “Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən buna şübhə etmirdim, - bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik”.
Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” qısa müddətdə uğur qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət” dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Milyonlarla insanın müraciət etdiyi bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə gözəl xidmətlər həyata keçirir.
Mənsumə
Babayeva
İki sahil.- 2020.- 10 iyun.- S.17.