Heydər Əliyev:
Müstəqilliyimizin əbədi
memarı
Müdrik şəxsiyyət Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı qorumaq üçün bütün
mümkün imkanlardan
istifadə etdi,
zəkasına güvənərək xalqı birlik
və həmrəyliyə çağırdı.
Azərbaycanın dövlət
müstəqilliyi ölkədə hakimiyyətsizliyin, siyasi -iqtisadi böhranın
davam etdiyi
müddətdə xalqına dayaq duran, qırılan, çözələnən
ümidləri canlandıran xilaskar Heydər
Əliyevin Bakıya qayıdışı ilə
başlayır. Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə, dövlətçilik
salnaməmizə qızıl hərflərlə yazılıb.
1993-cü ilin mayında ölkədə hakimiyyətsizlik böhran həddinə çatmışdı. Azərbaycanın çoxillik məhrumiyyətlər və əzab-əziyyət nəticəsində nail olduğu müstəqilliyinin itirilməsi təhlükəsi xalqı seçim qarşısında qoymuşdu. Belə bir vəziyyətdə Gəncədə başlanan qiyam Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaratdı.
4 iyun 1993-cü ildə Gəncə şəhərində bir qrup silahlı döyüş sursatı ələ keçirmək məqsədilə şəhərdəki hərbi hissələrə hücum etdi. Onsuz da gərgin olan vəziyyət daha da çətinləşdi. O dövrdə iqtidarda olan AXC-Müsavat hakimiyyəti vəziyyəti sakitləşdirməyə çalışsa da , ictimai təhlükəsizliyi bərpa etmək gücündə olmadıqlarını fərasətsizlikləri ilə bildirdilər. Azərbaycanı iqtisadi böhran həddinə çatdıran, özbaşınalıq edərək hərc-mərclik yaradan iqtidarsızlar Azərbaycanın taleyini həll etmək imkanlarından məhrum idilər. Respublikanı idarə edən mafioz qüvvələr güclənir, « demokrat», «vətənpərvər», «Azərbaycansevər» adı altında gizlənən siyasətbazların səriştəsizlikləri üzündən Azərbaycanın parçalanmasına yönələn separatçı ocaqlar yaranırdı. 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirilən müşavirədə iqtiarda olan iqtidarsızlar tərəfindən səslənən « iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır», « Nazirlər Kabineti milyarderlərdən ibarətdir», «Ay məmurlar, rüşvəti milyon dollarla almayın, minlərlə alın, insafla alın» sözləri Azərbaycanda baş alıb gedən «bespredel»in nəticəsi idi. AXC-Müsavat iqtidarının «paqonluları» ölkəni anarxiyaya çevirməklə, xalqa divan tuturdular. Buna görə də 1989-1993-cü illərdə Azərbaycan qısa fasilələrlə fövqəladə vəziyyət şəraitində yaşamışdır. Bütün şəhərlərdə komendant saatı tətbiq olunduğundan hərbi patrullar küçələrdə tanklar və zirehli maşınlarla gəzirdilər. Çoxsaylı qanunsuz silahlı birləşmələr insanları incidirdilər
Belə bir vaxtda AXC-Musavat iqtidarı tərəfindən Milli Qəhrəman elan olunan « yun polkovniki» Surət Hüseynovun iqtidardan pay umması, Gəncədə qiyam qaldırması ölkəni iflic vəziyyətinə gətirdi.
O dövrdə Naxçıvan MR Ali Məclisinin Sədri, müdrik siyasətçi Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı gözləyən fəlakəti hiss edirdi. Naxçıvan MR Ali Məclisinin sessiyasında hadisə ilə bağlı qəbul olunan Bəyanatda qeyd olunurdu : « Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək, milli dövlətçiliyimizə qarşı ittiham kimi qiymətləndiririk.»
Narahat xalq çıxış yolu axtarırdı. Milyonları arxasınca aparmaq qüdrətinə malik lider həm də dövlətçiliyimizi qorumalı idi. Belə məsuliyyətli vəzifəni yerinə yetirmək, insanlarda qırılan ümidləri yandırmaq gücünə malik yeganə fenomen insan ulu öndər Heydər Əliyev idi.
9 iyunda Bakıya qayıdan Ümummilli Lider paytaxta gəlişi ilə «bizi heç kim yıxa bilməz» ideyası ilə hakimiyyətə yiyələnən iqtidarsızları Surət Hüseynovun «Azadlıq» meydanında quracağı dar ağacından xilas etdi.
Xalqın təkidli tələbi ilə Bakıya gələn ümummilli lider Heydər Əliyev hadisələrin əsl səbəbini öyrənmək üçün Gəncədə oldu, insanlarla , görüşdü, yaxınlarını itirənlərə səbr dilədi. Vəziyyət o qədər mürəkkəb idi ki, adi ehtiyatsızlıq daha ciddi fəlakətlərlə nəticələnə bilərdi. Amma müdrik şəxsiyyət Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı qorumaq üçün bütün mümkün imkanlardan istifadə etdi, zəkasına güvənərək xalqı birlik və həmrəyliyə çağırdı.
Gəncədəki görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verən ulu öndər Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: « Hadisələr dəhşətlidir, qan tökülüb cinayət edilib… Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə , qarşılıqlı anlaşma yolu ilə , danışıqlar yolu ilə həll olunmalıdır.»
Həmin sessiyada Ulu Öndərin söylədiyi « Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi-bəşəri dəyərlərin hamısından istifadə etməliyik» sözləri Azərbaycanın gələcək yolunu müəyyənləşdirdi. Həmin gün Azərbaycanın müstəqillik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
«Mən xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam» söyləyən
Ulu Öndər vədini yerinə yetirdi. Azərbaycanın tarixinə xilas günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.
«... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» söyləyən , daim xalqa arxalanan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. O günlərdə müdrik şəxsiyyət Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi, dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət mövcud olmayacaqdı.
Bu hadisədən üç gün sonra-18 iyunda Azərbaycan xalqı eşitdiyi xəbərdən şoka düşdü: Azərbaycan Prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edib. Doğma kəndi Kələkiyə gedərək «Azərbaycanı Kələkidən idarə edəcəyəm» cavabı ilə Bakıya dönməkdən imtina edib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə edilməli idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu.
Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.
Ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qarantı Heydər Əliyevə tapşırıldı. Azərbaycan xalqı üçün bu ağır sınaq anında üzərinə düşən məsuliyyəti tam dərinliyi ilə dərk edən müdrik siyasətçi Ümummilli Lider adını doğrultdu, dövlət və siyasi xadim kimi özünün bütün təcrübəsini ölkənin böhrandan çıxarılmasına sərf etdi, respublikanı demokratik kursa sadiq dövlət kimi dünyada tanıtdırdı.
Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etdi: « Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.»
29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdisə, referendumda onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə ulu öndər Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdi.
Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə demokratik , müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi söz verən ulu öndər Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli bir ölkə kimi tanıtdı.
Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu subut etdi. Onun fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar yarandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu, xalqlar arasında əməkdaşlıq əlaqələri yarandı, neft strategiyası müəyyənləşdirildi, Azərbaycanın inkişaf parametrləri düzgün istiqamətləndirildi.
Prezident İlham Əliyevin davam etdirdiyi varislik siyasəti ilə ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycan dünyada tanındı, nümunə göstərildi, nüfuzu artdı. Hazırda Azərbaycan dünya birliyində vədinə sadiq etibarlı tərəfdaş, dünyanın nəqliyyat və enerji mərkəzlərindən biri kimi tanınır.
İnkişafa aparan bu yol 9 iyun 1993-cü ildən başlanır.
Xuraman İsmayılqızı
İki sahil.- 2020.- 10 iyun.- S.8.