1993-cü il tariximizdə dönüş nöqtəsi oldu

 

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməklə bugünkü uğurlarımızın bünövrəsini qoydu

 

İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, düzgün dəyərləndirilməsinə yeni imkanlar yaranır. Bu il müstəqilliyinin yenidən bərpa olunmasının 29 illiyini qeyd edəcək Azərbaycanın bu gününü müstəqilliyinin ilk illərindəki durumu ilə müqayisə etdikdə düşünürük ki, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı bu həqiqəti etiraf etmiş olar ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə ölkəmizi böyük bəlalardan, qarşıdurmalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, bugünkü uğurlarımızın bünövrəsini qoydu.

Danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, səbatsızlığı üzündən Azərbaycanda baş verən siyasi böhranlar, daxili çəkişmələr, vəzifə davası ölkənin müstəqilliyini təhlükə qarşısında qoymuşdur. Biri-birindən mürəkkəb hadisələr burulğanında çapalayansabaha inamı itirmiş xalq vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. Nüfuzuna, siyasi hazırlığına görə xalq tərəfindən qəbul olunmayan şəxslər ölkəyə rəhbərlik iddialarını önə çəkərək Azərbaycanın suverenliyini təhlükə altına salmışdılar. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət, bir qığılcım idi. Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Əslində o dövr Azərbaycanda hakimiyyətsizlik illəri kimi xatırlanır. Surət Hüseynov kimi cinayətkar “milli qəhrəman” adına layiq görülmüş, elmi işçi baş nazir təyin edilmiş, texniki-peşə məktəbində komsomol təşkilat katibi cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olmuş, institut müəllimi xarici siyasət idarəsinə başçılıq etmiş, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi Rəhim Qazıyev kimilərə tapşırılmışdı. Bir sözlə, yerləri səhv düşənlərin cılız iddiaları Azərbaycanı parçalanmaq, uçurum təhlükəsi qarşısında qoymuşdu.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı bu kimi bəlalardan xilas etdi. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycanın müstəqillik yolunu tarixi paralellər fonunda təhlil etməli, gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan gəncləri ölkəmizin müstəqillik yolunun heçhamar olmadığını bilməli, bugünkü uğurlarımızın təməlində dayanan amillər barədə aydın təsəvvürə malik olmalıdır. Ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd olunması, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi dövlətimizin müstəqillik tarixinin səhifələnməsində, gənc nəslə daha dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynadı. “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Ona görə Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir: Bu çətin şəraitdə Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən çıxara bilmişdir, inkişaf yoluna qoya bilmişdir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.” Ölkə Prezidenti bu fikirləri ilə 1993-2003-cü illərin qısa xronologiyasını təqdim edir.

 

Cənab İlham Əliyev mütəmadi olaraq ölkə gəncləri ilə görüşündə də 1993-cü ildən başlanan yolun uğurlarını diqqətə çatdırır. “Mən bu tarixə nəyə görə qayıdıram” sualı ətrafında fikrini belə açıqlayır ki, gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən bugünkü uğurlara gəlib çatmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.

Azərbaycanın 1993-cü ildən bu yana keçdiyi inkişaf yolu, yeni-yeni hədəflərə istiqamətlənməsi AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətlərinin fəsadlarını daha qabarıq şəkildə nümayiş etdirir. Əvvəldə də qeyd etdiyimiz kimi, bunları ört-basdır etmək onların siyasi savadsızlığından, cılızlıqlarından qaynaqlanır. Sirr deyil ki, həmin dövrdə hakimiyyətdə yüksək mövqe tutan İsa Qəmbər, Əli Kərimli, Surət Hüseynov arasında yaranan qarşıdurmalar, daha yüksək pilləli kresloda mövqe tutmaq hərisliyi 4 iyun Gəncə hadisələrini yetişdirdi. İyunun 4-də Gəncədə baş verən qiyam, silahlı dəstələrlə dinc əhali arasında yaranan qarşıdurma bütövlükdə Azərbaycanın varlığını təhlükə altına aldı. Elə o ağır vaxtlarda nicat gözləyən xalqın nəzərləri Naxçıvana yönəldi, xilaskarını Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev Bakıya gəlib. İyunun 13-də mövcud vəziyyəti öyrənmək üçün bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşdü. Ölkədə yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran ulu öndər Heydər Əliyev Gəncə hadisələrindən vahiməyə düşən xalqı səbirli olmağa çağırdı: “Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşmasülh yolu ilə həll ediləcək.” Ümummilli lider Heydər Əliyev təmkinlilik göstərərək qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli hərəkət etməyi biri-birini ittiham edən tərəflərin hər ikisindən tələb edirdi. Yenə də Vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı. 4 iyun hadisələri qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur. 15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılaraq, həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçildi. Bu tarix Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edildi. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünü yaşadı. Ölkəmizin bugünkü uğurları Heydər Əliyev siyasətinin nəticəsi, məntiqi ifadəsidir. Sabitliyi hər bir ölkənin inkişafında əsas amil kimi önə çəkən Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik, böyük investisiyalar məkanına çevirdi. Onun gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsi ilə yanaşı, digər istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasına geniş imkanlar yaratdı. Məhz həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni, əməkdaşlıq əlaqələrinin genişləndirilməsini, dünya iqtisadi sisteminə inteqrasiyanı şərtləndirdi. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, dünya təcrübəsi də göstərir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırdı və bu günbu uğurlar davam etməkdədir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. 1999-cu ildə Ulu Öndərin imzaladığı Fərman əsasında Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatında, yeni-yeni sosial-iqtisadi layihələrin uğurlu icrasında mühüm rol oynayır. “Əsrin müqaviləsi”ndən sonra onlarla sazişin imzalanması da Azərbaycana olan inamın göstəricisidir.

Azərbaycan dövlətinin siyasi iradəsi ilə həyata keçirilən layihələr onu regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Ölkəmizin Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması uğurlu sosial-iqtisadi islahatların nəticəsi kimi qeyd olunur. Hazırda ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadisiyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də Azərbaycanın dünya miqyasında siyasi çəkisinin artmasının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Enerji təhlükəsizliyi əlbəttə ki, bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların demək olar, əsas mövzusudur. Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin Azərbaycanın hesabına təmin ediləcəkdir.” Reallaşan layihələr dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə yol açır. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycanda mövcud sabitlik əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb. “Açıq qapı” siyasəti həyata keçirən Azərbaycan dövləti qapılarını xarici investorların üzünə açdı. Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatına qoyulan investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini ən yüksək tribunalardan bəyan etməklə, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına stimul verdi. Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında Ümumdünya İqtisadi Forumu da öz rolunu oynadı. Ümummilli Lider Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumunda çıxışında bildirmişdir: “Zəngin neftqaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.”

İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas yaratdı. Azərbaycan yeni-yeni dostlar qazandı, beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərini dünyaya çatdırmaq üçün tribunalar qazandı. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olmasın, erməni yalanları ifşa edilməsin. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması da Ümummilli Liderin səylərinin nəticəsidir. Dahi şəxsiyyət, eyni zamanda, bu məqamı önə çəkirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü ordu olmalıdır. Ordu müstəqilliyimizin, suverenliyimizin qarantıdır. 1993-cü ildə digər sahələr kimi, ordu quruculuğu istiqamətində də atılan addımlar bugünümüz üçün möhkəm baza oldu.

2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun uğurlu davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən söylədiyi “Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır” fikri bugünkü reallıqlarımızda öz əksini tapmaqla yanaşı, dahi şəxsiyyətin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin təqdimatı kimi də dəyərləndirilir.

Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində də iqtisadi amilin rolunu önə çəkərək 1993-2003-cü illərdə yaradılan möhkəm baza əsasında iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini açıqladı. Son 16 ildən artıq dövrdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin coğrafiyası genişlənməkdə, neft-qaz gəlirlərinin həcmi artmaqda, yeni-yeni hədəflər müəyyənləşməkdə və uğurlu icra olunmaqdadır. Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanması dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan da aydın görünür. Bu inam ifadə olunur ki, BTC və BTƏ neft-qaz kəmərlərinin stimul verdiyi digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq. 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi. 2014-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində Cənub Qaz dəhlizinin təməli qoyuldu. Bütün layihələrin təşəbbüskarı Azərbaycan oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi, cari ildə isə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Cənub Qaz Dəhlizi bu günədək görülən işlərin zirvəsidir. Təbii ki, BTC və BTƏ neft-qaz kəmərləri olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi. Azərbaycan dövləti daim beynəlxalq əməkdaşlığın önəmini önə çəkərək bildirir ki, hər bir məsələnin həllində qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimadinama güvənmək əsasdır. Yerinə düşər ki, bu gün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə də Azərbaycanın birlik, həmrəylik çağırışını əməldə təsdiqləməsinə diqqət yönəldək. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın dünyanı birləşdirən ölkə imicinə yeni əlavələr etdi. “COVID-19-a qarşı birlikdəyik” devizi ilə keçirilən bu Zirvə görüşləri Azərbaycanın malik olduğu imkanların, təcrübənin təqdimatı oldu. Azərbaycanın bu gün onlarla ölkəyə maddi dəstək göstərməsi də təbii ki, iqtisadi və maliyyə imkanlarımıza əsaslanır.

Bugünümüzün reallığı budur ki, Azərbaycanın qarşısında yeni-yeni imkanlar mövcuddur. Azərbaycan yeni iqtisadisosial çağırışların müzakirəsi üçün əsas məkana çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi “Ölkə inkişaf edir. Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik” fikirləri Azərbaycanın əməkdaşlıqda maraqlı olduğunu bir daha dünyaya nümayiş etdirir. Çoxmilyardlı iri sərmayələrin neftqaz sektoruna cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edir. Bu onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, yalnız neftqazla bağlı deyil. Azərbaycan dövlətinin apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmiz iqtisadiyyatın rəqabətdavamlılığına görə reytinqi yüksəkdir.

Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda, demokratik inkişafı həlledici rol oynayır. Ümumiləşdirilmiş fikir budur ki, uğurların davamlılığının təmin olunması dövlətin siyasətində prioritet məsələdir. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yeni-yeni hədəfləri şərtləndirdi. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək istəyimiz artıq reallıqdır. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Xalq-iqtidar birliyinin möhkəm olduğu ölkədə uğurların davamlılığı şəksizdir. Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz inkişaf modeli ilə dünyaya nümunədir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2020.- 11 iyun.- S.3-4.