15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ:

XİLASKARLIQDAN MİLLİ İQTİSADİYYATA

 

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki, Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.

 

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

15 iyun ölkəmizdə tarixi xilaskarlıq və mövcud olma günüdür. Ötən əsrin sonlarında ölkəmizdə müstəqilliyə gedən yolun başlanğıcı çox keşməkeşli, iztirablı və olduqca çətin oldu. Bir tərəfdə iqtisadisiyasi formasiyaların bir-birini əvəz etməsi ilə yaranan həllivacib problemlər, bir tərəfdə, tarixi düşmənlərimiz ermənilərin torpaqlarımızın işğalı ilə nəticələnən təcavüzü, bir tərəfdə isə bütün bunların müstəqilliyin ilk illərində güclü maneə obyektinə çevrilməsi həm də keçid dövrünü yaşayan ölkəmiz üçün əlavə təhlükə mənbəyinə çevrilmişdir. Həmin dövrdə nə keçid dövrünün dürüst tənzimlənməsi üçün mexanizm var idi, nə iqtisadi proseslərin düzgün təşkili və idarə olunmasını təmin edəcək tədbirlər reallaşırdı, nə də bunlar üçün əsaslar və mühit yaradılmışdır.

Burada, həmçinin müharibə şəraitində yaşayan bir ölkə olaraq, ordu quruculuğu sahəsindəki təşkilatlanmanın yoxluğu düşmən qarşısında müqavimətliliyin olduqca zəif olmasına səbəb olurdu. Yaranmış situasiya Azərbaycan Respublikasının ərazi bütövlüyünə təhdid olaraq, torpaqların işğal olunmasını sürətləndirir, Dağlıq Qarabağ və ətraf rayonlar erməni daşnaqlarının əlinə keçirdi. İşğal nəticəsində tarixi, mədəni abidələr məhv olunur, şəhərlər yandırılır, soyqırımlar törədilirdi. Xocalı soyqırımı bu sahədə hər bir insan üçün, insanlıq anlayışı üçün böyüksağalmaz izlər buraxan həmin vəhşiliklərdən sadəcə biridir. Öz vətəndaşlarımız öz torpaqlarımızda qaçqın və köçkün həyatı yaşamağa məcbur qalır, talehin bu acı nəticələri ilə razılaşmalı olurdular. Analar oğul dərdindən, bacılar qardaş harayından xilas ola bilmirdilər. Hər gün hər bir qapını şəhid xəbərləri döyürdü. Təəssüflər olsun ki, dünya bu dəhşət qarşısında susur, sanki, ermənilərin bu vəhşiliklərinə ya göz yumur, yaxud da haqq qazandırmış kimi olurdular. Nəticədə isə təbii ki, iqtisadisiyasi müstəqilliyinin təmin olunması zərurəti qarşısında ölkəmizin çətinliklərlə dolu günlərini yaşaması hər bir vətəndaş üçün çox ağır idi.

Bütün bunların fonunda ölkədə həm də hakimiyyət uğrunda mübarizə gedirdi. 1990-cı illərin əvvəllərində, daha doğrusu, müstəqilliyimizin ilk illərində belə bir görüntü heç bir şərtlə qəbul olunmaz idi. Amma təəssüflər olsun ki, birlik əvəzinə, vəhdətlik yerinə və milli ruhda yaşamaq zərurətinə baxmayaraq, şəxsi maraqların üstün tutulması ilə dərd üstünə əlavə bir dərd də gəlirdi. Təbii ki, belə bir mənzərə isə respublikanın hərtərəfli inkişafı üçün zəruri olan sosial, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə güclü maneə obyektinə çevrilir, tənzimləmə və idarəetmənin heç bir mümkün yollarını ayırd etməyə imkan vermirdi.

 

Tarixi QAYIDIŞ, xilaskarlıq və nicat yolu

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təminatının, əhalinin etibarlı və sağlam yaşamaq hüquqlarının bərqərar olunmasının, sabitliyin, sosial-iqtisadi inkişafın və digər humanizm dəyərlərinin sadəcə arzu olaraq qaldığı həmin acınacaqlı günlərin aradan qaldırılması yalnız və yalnız müdrik rəhbərin, güclü liderin, böyük xalq sevgisi ilə əhatə olunan başçının rəhbərliyi sayəsində mümkün ola bilərdi. Bəhs olunan dövrlərdə, daha doğrusu, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən, Naxçıvanın, onun əhalisinin və muxtariyyət hüququnun qorunması, təhlükəsizliyi, yaşaması və mövcudluğunun təminatçısı olaraq xalqımızın böyük oğlu, dahi Heydər Əliyevi çox narahat edirdi. Təbii ki, muxtar respublikada getdikcə güclənən belə bir sağlam mühit və etibarlılıq xilaskarlıq gözləyən Azərbaycan xalqının ümid yerinicat yolu olaraq baxdığı, inadığı və güvəndiyi zirvə, dayaq və aydınlığa çevrilirdi. Təəssüflər olsun ki, bu dövrlərdə ermənilər Naxçıvana da aramsız hücumlar edir, onun sərhədləri boyunca ciddi təhdid yaradırdılar. Ancaq böyük rəhbərimizin muxtar respublikada əhalinin yanında olması, qışın oğlan çağında çıraq işığı ilə, yayın isti günlərində çətinliklərə birgə sinə gərərək doğma Naxçıvanımızın qorunması və müdafiə olunmasında əvəzolunmaz əhəmiyyətə malik oldu.

Artıq ölkəmizin ərazisinin 20 faizdən artığının işğal olunduğubunun nəticəsində də bir milyondan artıq Azərbaycan vətəndaşının öz ev-eşiklərindən didərgin düşdüyü həmin dövrlərdə xalqımızın böyük Heydər Əliyevə üz tutaraq, Ondan Bakı şəhərinə gələrək milli rəhbərliyi, xilaskarlığı və liderliyi qəbul etməyini istəyirdilər. Ağsaqqal sözünə, əsl başçıya və işıqlı gələcəyə ehtiyac hər keçən gün daha da artırdı. Buna görə də böyük Heydər Əliyev canından çox sevdiyi xalqının səsinə səs verərək, onun düşdüyü müharibə şəraitindən, ağır sosial-iqtisadi böhrandan bir an öncə çıxarılması üçün Bakı şəhərinə gəldi. Beləliklə, 1993-cü il 9 iyun tarixində böyük QAYIDIŞ baş tutdu. Qədirbilən xalqımız elə həmin gündən öz liderinin ətrafında sıx birləşmək qərarını verdimüdrik şəxsiyyət 6 gün sonra, daha doğrusu, 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tarixi QAYIDIŞ artıq milli QURTULUŞla aydın sabahparlaq gələcək naminə daha da möhtəşəmlik qazandı. Böyük Heydər Əliyev həmin ilin 24 iyun tarixindən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.

Artıq bütün dünya Azərbaycan dövlətinin rəhbərliyində Heydər Əliyev işığını, idarəçiliyini və Onun xalqla birliyindən doğan gücünü görürhesablaşmağa məcbur olurdular. Xalqımız böyük Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan dövlətinin başçısı olaraq fəaliyyətini dəstəkləyir və bir an öncə prezident seçkilərinin keçirilməsini istəyirdilər. Buna görə də 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Ulu Öndərimiz xalqımız tərəfindən Azərbaycan Respublikasının prezidenti seçildibu gündən etibarən işıqlı günlərin, aydın sabahın və parlaq gələcəyin siyasi, hüquqi, iqtisadisosial əsasları qoyulmuş oldu.

 

İctimai-siyasi sabitlik, əsaslandırılmış iqtisadi

islahatlar əsasında milli iqtisadiyyata gedən

yol və dünya iqtisadiyyatına inteqrasiya

 

15 iyun tarixinə qədərki dövrdə təkcə erməni daşnaqlarının torpaqlarımıza təcavüzü nəticəsində ölkəmiz malik olduğu iqtisadi potensialının 16 faizini itirmiş və iqtisadiyyatımıza 60 milyard dollar həcmində ziyan dəymişdir. Təəssüflər olsun ki, həmin dövrlərin ağrılı nəticələri olaraq, milli iqtisadiyyat üçün prioritet olaraq müəyyənləşdirilən turizm siyasətinin inkişafı üçün zəruri infrastruktur ola biləcək sahələr işğal altındadır və davamlı sosial-iqtisadi inkişafa xidmət edəcəyi günləri səbrsizliklə gözləyirlər. Böyük Heydər Əliyev ölkə başçısı seçildikdən sonra:

- keçid dövrünün bütün çətinliklərinin aradan qaldırılması;

- Naxçıvan Muxtar Respublikasında əsaslarını yaratdığı iqtisadi islahatların ölkə miqyasında davamlılığının təmin olunması;

- bazar münasibətlərinin qanunları çərçivəsində islahatların davamlılığı üçün əlverişli zəminin yaradılması;

- makroiqtisadi proseslərin düzgün təşkili və idarə olunması məsələlərinin aktuallığının qorunması;

- regionların dayanıqlı inkişafı və bu əsasda milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin etibarlılığının artırılması və s. məsələlər reallığa çevrildi. Bununla da, iqtisadiyyat çoxşaxəlilik əsasında və əsaslandırılmış islahatlar işığında modern inkişaf səviyyəsinə yüksəlmiş oldu.

Aydın məsələdir ki, iqtisadi inkişafın və bunun əsasında sosial dayanıqlılığın əsası siyasi sabitliyin mövcudluğundan olduq qədər asılıdır. Bu mənada böyük Heydər Əliyevin müdrik rəhbərliyi ilə prezident seçkilərindən yeddi ay sonra, yəni 1994-cü ilin 12 may tarixindən etibarən torpaqlarımızda başa alıb gedən müharibə atəşkəslə əvəz olundu. Bu isə sonrakı dövrlər üzrə etibarlı islahatların və sosial-iqtisadi inkişafın təmin olunması üçün əlverişli mühitin başlanğıcına çevrildi. Sonrakı proseslərin gedişi göstərir ki, böyük Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində milli iqtisadiyyat üzrə quruculuq prosesləri biri-biri ilə zəncirvari əlaqədə və asılılıqda olmaqla inkişaf etdibir-birini tamamlamaqla reallaşdı. Atəşkəsin əldə olunmasından keçən 4 ay ərzində bütün dünya ölkələri artıq Azərbaycanda sülhün, əminamanlığın və bunun əsasında da etibarlı tərəfdaşlıq mühitinin mövcudluğuna itməz və bitməz inamı və ən başlıcası, bütün bunların dayaq nöqtəsi olaraq böyük Heydər Əliyevin müdrik siyasətinin parlaqlığını gördülər. Müasir müstəqilliyin cəmi üçüncü ilində 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası tarixi “Əsrin Müqaviləsi”ni imzalamaqla ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı, Böyük BritaniyaNorveç kimi ölkələrlə beynəlxalq tərəfdaş oldu. Bu tarixi hadisə özünün qlobal mahiyyəti ilə haqlı olaraq tarixə Heydər Əliyevin neft strategiyası olaraq yazıldı. Bu, həm də:

- adı çəkilən ölkələrin müstəqilliyimizə dəstəyini ifadə edirdi;

- Azərbaycanın sülhün, ədalətin, dostluğun, tərfdaşlığın və humanist dəyərlərin tərəfdarı oluğunu dəstəkləyirdi;

- ermənilərin işğalçılıq siyasətinin pislənməsinin və təklənməsinin ən gerçək təsdiqi idi;

- böyük Heydər Əliyev ideyalarının Azərbaycan iqtisadiyyatı ilə yanaşı, eyni zamanda, dünya iqtisadiyyatı üçün zəruri olduğunu göstərmiş oldu;

-  nəticədə, ölkəmiz qısa müddətdə böyük inkişaf təcrübəsinə malik olan dövlətlərlə eyni yolda yürüməyə başladı.

Bu dövrdən başlayaraq, ölkədə təbii sərvətlərin qiymətləndirilməsi, milli iqtisadi maraqlar üstün tutulmaqla ondan istifadənin yollarının tapılması, dünya bazarlarına çıxışın təmin olunması, regiondadünyada iqtisadi münasibətlərin hərəkətverici qüvvəsinə çevrilmə proseslərinin təşkili və nəhayət, dünya iqtisadiyyatına inteqrasiya olunma sahəsindəki tədbirlər məhz böyük Heydər Əliyevin xalqımız tərəfindən sevilən fəaliyyəti və əziz tutulan adı ilə bağlıdır.

 

Heydər Əliyev ideyaları və

milli iqtisadiyyatın perspektivləri

 

İqtisadiyyatın neft sektorunun inkişaf etdirilməsi onun regional mahiyyətinin artırılması ilə yanaşı, həm də, qeyri-neft sektorunun güclü dayaqlarını yaratdı ki, bu da milli iqtisadiyyat üçün mühüm addımlar idi. Ulu Öndərin həmişəyaşar ideyaları 2004-cü ildən etibarən ölkədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiq və icra olunmasına baza yaratmış oldu. Artıq dördüncü mərhələsinin səmərəli icra olunduğu həmin Dövlət proqramları eyni zamanda, ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə təkan verdi. Bütün regionlar istehsal münasibətlərinin yeni inkişaf mərhələsinin hərəkətverici qüvvəsinə çevrildi. Xüsusi mülkiyyətin inkişafı özəl sektorun regionlar üzrə şəxaləndirilməsini də stimullaşdırmış oldu. Sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi nəticəsində yaradıcı ideyaya əsaslanan iqtisadi idarəetmə təşəkkül tapdı ki, bu da, makroiqtisadi proseslərin səmərəliliyini daha da artırmış oldu. Artıq ölkəmiz “Əsrin Müqaviləsi”ndən başlanan iqtisadi güclə dünyanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin əsaslarını yaratmaqdadır ki, bu da müvafiq sahə üzrə proseslərə öz töhfələrini verməkdədir.

Bunlarla yanaşı, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritələrinin təsdiq olunması ölkədə makroiqtisadi inkişafın dinamikliyinin təmin olunmasına hesablanmış və rastlana biləcək iqtisadi böhranlar, sıxıntılar və təhdidlər qarşısında milli iqtisadiyyatın müqavimətliliyini və dayanıqlılığını daha da artırmışdır. Nəticədə, iqtisadiyyatın şaxələndirilməsi, ənənəvi sahələrlə yanaşı, yeni prioritetlərin də müəyyən olunması sahəsində əlverişli imkanlar açılmışdır.

İqtisadiyyatın sahə strukturu üzrə bütün sahələrin ayrıca tənzimlənmə mexanizmi hazırlanmış, onun sosiallaşması, sənayeləşməsi və diversifikasiya olunması fonunda dünya iqtisadiyyatına inteqrasiya prosesləri sürətlənmişdir. Milli iqtisadiyyat ölkəmizdə hər bir vətəndaşın sosial müdafiəsinin gücləndirilməsini, rifah göstəricilərinin daha da artan dinamikasının təmin olunmasını və sosiallaşma proseslərinin daha da yaxşılaşdırılmasını təmin etməkdədir.

Beləliklə, 15 iyun Azərbaycan xalqının iftixarladolu xilaskarlıq tarixidir. Bu, hər birimizin dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza və gələcəyimizə mükəmməl bir miras olaraq qalacaqdır. Hazırda dünyada yaranan mövcudyeni müharibə ocaqları, terror hadisələrinin törədilməsi, ölkələrin işğalı, milli iqtisadiyyatların dağıdılması, demoqrafiq tarazlığın pozulması və digər neqativ amillərin geniş vüsət alması bizlərə Milli QURTULUŞ Gününün mahiyyətini, əhəmiyyətini və dəyərini dərk etmək üçün yetərlidir.

 

Cavadxan Qasımov,

İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2020.- 12 iyun.- S.15.