Mədəniyyətimizin bugünkü

inkişafı üçün Ulu Öndərimizə borcluyuq

 

Ulu öndər Heydər Əliyev deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” Bəli, bu böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. Çünki dahi siyasi xadim yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. O yaxşı bilirdi ki, yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedir, həmişə yaşayır və həmişə inkişaf edir.

Ulu Öndərdə mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə böyük məhəbbət, sevgi var idi. Elə bu səbəbdən mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ümummilli lider Heydər Əliyevin qayğısından faydalanmasın. Bu mənada mədəniyyətimizin bugünkü inkişafı üçün Ulu Öndərimizə borcluyuq.

Öz xalqına arxalanan, inanan və xalqının da inamını qazanan ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə yenidən qayıdışı bütün sahələrə, o cümlədən milli mədəniyyətimizin tərəqqisinə yeni təkan verdi. Bununla da Azərbaycan mədəniyyətinin inkişafında yeni epoxanın əsası qoyuldu. Belə ki, səriştəsiz hakimiyyət dövründə sosial, eləcə də digər problemlərlə əlaqədar xarici ölkələrə üz tutan mədəniyyət xadimlərimiz Vətənə döndülər, onlar xüsusi qayğı ilə əhatə olundular. Teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən vətəndaşlarımızın üzünə açdı. Üstəlik, fəaliyyəti dayandırılmış kino istehsalı bərpa edildi. Bir çox mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdü verildi, bəziləri isə “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görüldülər. Yeri gəlmişkən qeyd edək ki, ulu öndər Heydər Əliyev incəsənət adamları ilə görüşlərdən xüsusi zövq alırdı. BirUlu Öndər mədəniyyətdən, incəsənətdən danışanda elə məsələlərə toxunurdu ki, heyrətlənməmək mümkün deyildi.

Ümummilli Liderin qayıdışı ilə mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə də tanındı. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyətİ və incəsənətİ günləri, eyni zamanda, ölkəmizdə təşkil olunan belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafında geniş üfüqlər açdı. Ölkəmizin qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə UNESKO-nun maddi irs siyahısına daxil edilməsi isə böyük tarixi hadisə kimi yaddaşlara həkk olundu.

Ulu Öndər ölkənin müharibə şəraitində olmasına baxmayaraq, milli-mənəvi dəyərlərə yüksək qiymət verdi, onların yaşaması üçün bütün imkanlarını səfərbər etdi. Novruz bayramı günlərində Ümummilli Liderin xalq arasında olması da bundan irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda latın qrafikasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar milli-mədəni inkişafımızda və mənəvi birliyimizin möhkəmlənməsində böyük rol oynadı.

Ulu Öndərin uğurlu dövlətçilik siyasəti, eləcə də mədəniyyətin inkişafı üçün atdığı addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, kitabxanamuzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaradıb. Şübhəsiz, əldə olunan hər bir uğurun təməlində Heydər Əliyev siyasəti dayanır.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2020.- 13 iyun.- S.17.