Heydər Əliyevin media dərsləri

 

Ötən il məhz bu gün “Heydər Əliyevin media dərsləri” kitabının ilk sətrlərini yazmağa başladım. İndi bitirmişəm, nəşrə vermək ərəfəsindəyəm”.

 

“On iki dərsdən ibarət kitabda Ulu Öndərin sovet dönəmində Azərbaycana rəhbərliyi ilə hakimiyyətə ikinci dəfə qayıdışı, ömrünün sonunadək olan mərhələdə jurnalistika, dövri mətbuatla bağlı təmaslarının diqtə etdiyi prinsip və meyarları səciyələndirməyə çalışmışam. O cümlədən “Sovetlər dönəmi Azərbaycan mediası – rəhbər iradəsi, istəyi və qayğısı inkişafın başlıca amili kimi”, “Moskva – iki təzadlı dövr, səbr, iradə dərsləri”, “Blokadalı Naxçıvanda media dərsləri”, həmçinin jurnalistlər üçün vətənpərvərlik, yaradıcılıq, dil, nitq və publisistika dərsləri, “Jurnalistlərə dost olmağın Heydər Əliyev dərsləri” və sair bölmələrlə tanışlığın hər bir həmkarımıza fayda verəcəyi inamındayam.

“Yekun – Xeyr! Bitməyən media dərsləri” bölməsi isə Ulu Öndərin media dərslərinin Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlarla zənginləşdirildiyini və davam etdiyini göstərməkdədir.

Bu hələlik qısa xulasədir. Fikir və rəyinizi əminəm ki, kitabı oxuduqdan sonra bildirəcəksiniz.

İndi isə sizləri kitabın günümüzlə səsləşən birinci dərsinin mütaliəsinə dəvət edirəm.

Birinci Dərs

Sovetlər dönəmi Azərbaycan mediası – rəhbər istəyi, iradəsi və qayğısı inkişafın başlıca amili kimi

“Keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur”.

 

Heydər Əliyev,

Ümummilli Lider

 

Əziz həmkar, konkretlik, mövzu və mətnlə səsləşmə, lakoniklik, oxucu diqqətini çəkmə jurnalistikada sərlövhələrə verilən əsas tələblərdir. Bu barədə bizlərə xüsusi dərslər, seminarlar keçirilib. Praktikada redaktorun yazımızın başlığının üstündən xətt çəkdiyi, dəyişdirməyi tələb etdiyi məqamlarla da üzləşmişik. Məqsədə nail olmaq üçün ümumi qaydalardan kənara çıxmağı heç kəs bizə qadağan etməyib. Əsas məsələ oxucu gözləntisinə adekvat cavab olub.

Mübahisələrdən, uzun-uzadı müzakirələrdənsə, sovet mətbuatını azı 30-40 il vərəqləmiş həssas oxucuların, alim və ziyalıların, ekspertlərin, kütləvi informasiya vasitələri ilə aktiv əməkdaşlıq etmiş jurnalistlərimizin Azərbaycan mediasının o dövrdəki inkişafında rəhbər baxışının, qayğısının həlledici amil, şərt olduğu barədə xatirələrinə, müqayisələrinə üz tutmaq yetərlidir.

Formasiyalar, ideoloji təməllər cəmiyyətdə hər zaman ictimai-siyasi şüuru formalaşdıran katalizator funksiyasını yerinə yetirib. İctimai quruluş var ki, qapıları azad sözün, fikrin, düşüncənin, sərbəst polemikanın üzünə taybatay açıqdır. İstedad, qabiliyyət, işgüzarlıq orada özünütəsdiqin başlıca meyarıdır. Adına demokratik cəmiyyət deyirlər. Quruluş da var onun ideoloji buxovları, sərt qayda-qanunları, qadağaları mütərəqqi nə varsa əksərinə dözümsüz yanaşır, az qala bütövlükdə cəmiyyətin əl-qolunu bağlayır, təşəbbüskarlığı beşiyindəcə boğur. Ünvanına “totalitar”, “qeyri-demokratik” ifadələrinin işlədilməsi dəbdədir.

Azərbaycan xalqı son yüz ilin yaşantılarından hər iki formasiyanın ümumi və fərqli cəhətlərinə əyani bələddir. Çar Rusiyasının müstəmləkəsi, SSRİ-nin tərkibində olmuş ölkə növbəti dəfə müstəqilliyə qovuşanadək iki əsrə yaxın məşəqqətli məsafə qət edib.

Həyati proseslərə dinamik hərəkət, inkişaf prizmasından yanaşan demokratiyanın qanunları Vətənimizdən də yan keçməyib. İki müxtəlif mərhələnin yaşantılarına istinadən deyə bilərik ki, tarixdə şəxsiyyətlərin rolu barədə deyilənlər Azərbaycanda da özünü doğruldub.

Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il plenumundan sonra ölkəyə rəhbərlik edən görkəmli şəxsiyyətin – Heydər Əliyevin xilaskarlığını, dahiliyini dilə gətirmək üçün xalq istiqlal uğrunda mücadilə, azad, müstəqil dövlətin qurulması, möhkəmləndirilməsi, qurtuluş və dirçəliş mərhələlərindən keçməli olmuşdur.

İyul plenumundan sonra SSRİ-də partiya və sovet funksionerlərinə kütləvi informasiya vasitələri ilə necə işləməyin yollarını təlqin edəcək Heydər Əliyevin media dərslərinin ilkin sətirləri yazılacaqdı. Respublikada çoxsaylı çatışmazlığın, nöqsanların, problemlərin olmasına baxmayaraq, Azərbaycan KP MK-nın 10 il birinci katibi işləmiş Vəli Axundovun barəsində nə Moskva, nə də Bakı cəza xarakterli qərar çıxarmadı. Əksinə, bir gün əvvəl səhhətində yaranan problemlə əlaqədar vəzifəsindən azad olunan V.Axundov qətiyyən mütəəssir deyildi, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilən tibb elmləri doktoru tribunaya qalxaraq dedi:

– Yoldaş Əliyev Azərbaycan KP MK-nın birinci katibi olmaq üçün bütün siyasi və işgüzar keyfiyyətlərə malikdir. O, kifayət qədər savadlı, erudisiyalıdır, qısa zaman ərzində böyük həcmli işlərə öyrəşmək üçün yetərincə hazırlıqlıdır. Bir kommunist kimi saf əqidəli, obyektivdir. Bütün bunlarsa onun kadrlara düzgün və obyektiv yanaşmasına imkan verəcək. İndiki vəziyyəti və keçmişimizi nəzərə alsaq, deyə bilərik ki, kadr məsələləri ən əhəmiyyətli məsələdir. Biz Heydər Əliyevi təmiz, saf əqidəli kommunist kimi tanıyırıq.

Sabiq birinci katib ömrünün sonunadək asudə yaşadı, elmi işlə məşğul oldu, yığıncaqlarda, mətbuatda tənqid hədəfinə çevrilmədi, ona bəslənilən sayğıdan daim məmnunluqla söhbət açdı. Bu və indi-indi üzə çıxan digər misallar göstərirdi ki, Naxçıvanda sadə dəmiryolçu Əlirza kişinin halal çörəyi ilə boya-başa çatan, sovet ideologiyasının hakim olduğu mühitdə təhsil alan, yetişən, bütün vəzifələrin öhdəsindən ləyaqətlə gələn Heydər Əliyev milli əxlaq və düşüncə tərzimizin sadiq daşıyıcılarındandır: “Taleyimdəki bu dəyişiklik mənə öz xalqıma, millətimə daha çox, daha yaxşı xidmət göstərməyim üçün şərait yaratdı”.

Yeni birinci katibə yanaşmada Moskvanın və xalqın baxışları heç də bütövlükdə üstə-üstə düşmürdü. İttifaq rəhbərləri əmin idilər ki, Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə, general-mayor rütbəsinə yüksələnədək prinsipiallığı, bacarığı, təşkilatçılığı, idarəetmə qabiliyyəti ilə başqalarına nümunə olan gənc rəhbər etimadı doğrultmaq üçün kifayət qədər potensiala malikdir.

Azərbaycan deyiləndə yalnız neft Bakısı kimi təsəvvürə gətirilən bir məmləkətin iqtisadi mənzərəsi kökündən dəyişilməliydi. Minlərlə əmək qabiliyyətli insanın işlə təminatı üçün sənayedə, kənd təsərrüfatında, tikintidə, nəqliyyatda… köklü islahatlar reallaşdırılmalı, respublikanın mədəni-maarif sistemi və başqa sahələrində diqqəti çəkəcək yeniliklərə imza atılmalıydı. 1969-1982-ci illərin yekun nəticələri Heydər Əliyev Moskvaya aparılana – Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilənədək, Azərbaycanın və onun liderinin ünvanına səslənən fikirlər göstərdi ki, ittifaq rəhbərliyi seçimindən məmnundur. Xalq isə ona görə özünü xoşbəxt sayırdı ki, bu illədə görmədiyi günlərə qovuşmuşdu. İttifaq əhəmiyyətli sənaye müəssisələrinin ilbəil sürətlə artımı, kənddə bütün sahələrdə istehsalın yüksəlişinin şəhərə əhali axınının qarşısını köklü sürətdə alması, paytaxtla bərabər əyalət mərkəzlərinin simasının nəzəçarpacaq dərəcədə dəyişməsi, qırmızı bayraqlar, orden, medallar, yeni ali və orta ixtisas təhsili müəssisələrinin, mədəniyyət ocaqlarının açılışı, səhiyyə və digər sahələrdəki… uğurlar xalqın gözləntilərinə adekvat cavablar idi.

Kütləvi informasiya vasitələrini, jurnalistləri, ədəbi mühit təmsilçilərini ona görə yekunda vurğuladıq ki, həyat qaynayanda yaradıcı sahələr də özünə gəlir, onlar dedi-qodulara baş qoşmaqdansa, müsbət proseslərdə iştirakı üstün tuturlar. Yaradıcı ziyalılarımız, onun avanqardı sayılan jurnalistlərimiz, şair və yazıçılarımız qısa vaxtda müdrik, uzaqgörən, hərtərəfli hazırlığa malik qorxmaz və cəsarətli dövlət xadiminin ətrafında birləşdilər, dövrün salnaməsini qələmə almaqla rəhbərə dəstək oldular. Hər işi vaxtında, qüsursuz görməyi üstün tutan Heydər Əliyevin DTK sədri olarkən tətbiq etməyə başladığı mexanizmlər onun idarəçilik həyatının yeni mərhələsində də özünü doğrultdu. Azərbaycan ittifaq miqyaslı yeganə respublika idi ki, rəhbərliyi ideoloji səhvlərlə əlaqədar çək-çevirə salınmadı.

Tədricilik dərslərinin nəticələri idi ki, Heydər Əliyevin ötən əsrin 60-cı illərində repressiyalardan qoruduğu Bəxtiyar Vahabzadələr, Xəlil Rzalar… xalqın azadlıq nəğməkarı kimi şöhrət qazandılar. Cənub mövzusunun qadağan edildiyi şəraitdə xalq şairləri Balaş Azəroğlunun, Söhrab Tahirin Vətən vüsallı şeirləri mətbuat səhifələrini bəzədi. Kino sənətimizin milli psixologiyamızın mübariz ruhunu təbliğ edən bədii və ekran əsərləri ictimaiyyətin mühakiməsinə verildi. Hüseyn Cavidin nəşi dahi şairin Vətəninə gətirildi, Azərbaycan Xalq Cumhuriyyəti qurucularına yanlış yanaşmanın aradan qaldırılması sahəsində əməli tədbirlərə başlanıldı…

Misallara burada nöqtə qoyaraq, diqqətinizi Heylər Əliyevin sovet dönəmindəki media dərslərinə yönəltmək istərdik. O dövrün mətbuatı faktiki surətdə 4 yerə bölünürdü: ümumittifaq, respublika, rayon, sahə qəzet və jurnalları. Mətbu orqanların 90 faizə yaxını paytaxtlarda cəmləşirdi. Eyni bölgü Azərbaycana da xarakterik idi. İdeoloyi sistem “müstəqil” ifadəsini arxa plana keçirmişdi. Təsisçilik hüququ partiya və sovet orqanlarına, onların, yaxud dövlətin maraqlarını təmsil edən qurumlara verilirdi. Şərait istər-istəməz müstəqil orqan ifadəsinin üstündən xətt çəkirdi. Senzuranın tələbləri hər hansı respublika üçün güzəştləri, istisnaları nəzərdə tutmurdu. Əhali əsasən ittifaq qəzet və jurnallarını oxumağa, televiziya verilişlərinə baxmağa, radiolara qulaq asmağa üstünlük verirdi. Bu KİV-lərdə ara-sıra gedən materiallar bəzən elə təsəvvür yaradırdı ki, ümumi qaydaların həmin media orqanlarının baş redaktorlarına, yazı müəlliflərinə aidiyyatı nisbidir.

Müttəfiq respublikalara gəldikdə, sovet ideoloji sisteminin qadağaları Baltikyanı ölkələrdən də yan keçməmişdi. Fəqət həmin respublikaların rəhbərliyi əhalinin baxışlarını nəzərdən qaçırmırdı, qadağalar məngənəsi demək olar, təsirini itirməkdə idi. Ukrayna, Belarus, Gürcüstan mediasında sərbəstliyə meyl getdikcə artırdı.

Azərbaycan KİV-lərini acınacaqlı durumda olan Orta Asiya respublikalarının mediasının gününə sala biləcək proses gedirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi mediamızı tragikomik vəziyyətdən xilas etdi. Cəmi bir-iki il sonra Azərbaycan mediası mərkəzdən tutmuş əyalətədək demək olar, məzmunca xeyli zənginləşdi. Tirajlar kütləvi surətdə artdı, abunələr çoxaldı, satış köşkləri önündə hər səhər növbələr sıxlaşmağa başladı.

Azərbaycanda ötən əsrin 70-ci illərində elə bir ali məktəb, ittifaq əhəmiyyətli müəssisə tapılmazdı ki, çoxtirajlı qəzeti çıxmasın. Hər hansı yeni rayonun yaranması barədə sərəncamlardan bir həftə keçməmiş, partiya və icrayə komitələrinin mətbu orqanı təsis olunurdu.

İttifaq rəhbərliyinin ölkədə rüşvətxorluq olmadığı barədə iddiaları medianın bu mövzunu qabartmasını yasaqlamışdı. Amma respublikada vəzifəsindən sui-istifadəyə, rüşvət aldığına və başqa əlaqələrə görə nazir, raykom katibi, başqaları işdən çıxarılır, görülən tədbirlər qəzetlərin, jurnalistlərin mövzunu işıqlandırmalarına əsaslar verirdi. Heydər Əliyev fəaliyyətə Azərbaycanda mənfi halların tənqidi ilə başlamaqla, məruzələr etməklə mətbuatın, jurnalistlərin üzərindən qorxu xofunu götürdü.

“Bizim o vaxtkı müxbirlərin həqiqətən çoxu həyatımızın bu mənfi cəhətlərini yazmaq istəyirdilər, amma əlbəttə, hakimiyyətdən qorxurdular. Hakimiyyət isə onlara bir az kömək edəndə, ilham verəndə, necə deyərlər, tərəfdar olanda bunlar daha da çox hərəkət etməyə başladılar”. Heydər Əliyev “Literaturnaya qazeta”ya müsahibəsində rəhbər qətiyyətinin, qayğısının jurnalist üçün necə önəmli olduğu barədə fikrini belə davam etdirirdi:

“Yenə deyirəm, o vaxt bütün bunlar iqtidarın, necə deyərlər, münasibətindən asılı idi. Amma elə respublikalar var idi ki, orada belə şeylərə yol vermirdilər. Xatirimdədir, bizimBakinski raboçiqəzetini Yerevanda, Tbilisidə 25 manata satırdılar, amma öz qiyməti 2 qəpik idi. Onu niyə belə alırdılar? Çünki həmin respublikalarda belə proseslər var idi. Amma orada belə proseslərin üstünü bağlayırdılar, açılmağa qoymurdular. Bakinski raboçiqəzetini orada oxuyurdular, o buna, bu ona verirdi. Hətta yadımdadır, Yerevanda elə raykom katibləri var idi ki, bu fikirləri dəyərləndirirdilər, onlar deyirdilər ki, bir qəzet 50 əldən keçir, sonra cırılır”.

Heydər Əliyev sovet dövründə cəmiyyət üzvlərinin kollektiv təbliğatçı, təşkilatçı funksiyasını daşıyan mətbuata, mətbu sözə dərin inamını əsas götürərək formatından, tirajından, nüfuz dairəsindən asılı olmayaraq, hər bir KİV-in imkanlarından qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində, neqativ hallara qarşı mübarizənin aparılmasında maksimum yararlanmağın yollarını öyrədirdi.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində kimsə deyəndə ki, xəbəriKommunistqəzetindən oxumuşam, doğruluğunu şübhə altına alan tapılmazdı. Bu o demək idi ki, nəşrin redaktoru yuxarı səviyyəli tədbirlərə, buro iclaslarına, Mərkəzi Komitənin yığıncaqlarına danlanmaq, təzyiqlərə məruz qalmaq üçün deyil, qarşıda duran vəzifələrin icrasına mətbu sözü səfərbər etmək üçün dəvət olunur. Qorxu xofunun aradan qaldırılması, sərbəst müşahidələr yaradıcılıq potensialına güc verirdi.

 

Ardı var

 

Əflatun Amaşov

 

İki sahil.- 2020.- 17 iyun.- S.10.