Günümüzün ağxalatlı qəhrəmanları

 

Koronavirus pandemiyasına qarşı mübarizədə həkimlərimizin də rolu danılmazdır. Belə ki, onlar həyatlarını təhlükə altında qoyaraq bu bəlaya qarşı mübarizənin ön cəbhəsinə atılıblar. Bu mənada şəfqət, humanizm və mərhəmət prinsiplərini rəhbər tutan həkimlərimiz vətəndaşlarımız üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə yerinə yetirərək dövlətimizin və xalqımızın etimadını qazanıblar.

Hippokrat andına sadiqliklərini göstərən həkimlərimizin bu fədakar əməyi ilə bağlı Prezident İlham Əliyev bütün tədbirlərdə öz müsbət fikirlərini bildirmişdir. Məsələn, iyunun 9-da Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışında demişdir: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”. Məhz bu mübarizə tədbirlərinə cəlb olunmuş tibb işçilərinin əməkhaqlarının 3-5 misli həcmində artırılmasını da bu sahədə çalışan tibb işçilərinə xüsusi dövlət qayğısı kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən, qeyd edək ki, pandemiya dövründə ölkəmizin səhiyyə sektorunda da bir sıra layihələr icra edilib. Belə ki, qısa müddətdə “Yeni klinika” tibb müəssisəsi, “Bakı Tekstil Fabriki”ndə tibbi maska, “Gilan Tekstil Park”da tibbi maska və qoruyucu kombinezonların istehsalı müəssisələri, modul tipli 4 xəstəxana tikilib. Ölkəmizin bir sıra tibb müəssisələrində koronavirus pandemiyası ilə mübarizə aparmaq məqsədilə xüsusi şərait yaradılıb, xüsusi tibbi avadanlıqlarla təchiz edilıb, dərman preparatları ilə təmin olunub. Rəsmi məlumatlara görə, dünyada istifadə olunan bütün dərman preparatları ölkəmizdə mövcuddur. Şübhəsiz, həkimlərimizin ixtiyarına verilən bu tibb ocaqları həm bugünkü qlobal pandemiya ilə, həm də gələcəkdə bir sıra xəstəliklərlə mübarizə apararkən təcili və təxirəsalınmaz tibbi yardımlar göstərmək üçün geniş imkanlar yaradıb.

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.

Xatırladaq ki, bu gün ölkəmizdə səhiyyə işçilərinin peşə bayramıdır. Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Prezidentin 4 iyun 2001-ci il Sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. İnanırıq ki, dövlətimizin həyata keçirdiyi tədbirlər, yaratdığı imkanlar, həmçinin peşəkar həkimlərimizin öz peşə borcunu vicdanla, yorulmadan yerinə yetirməsi sayəsində ölkəmiz bu bəla ilə mübarizədən qalib çıxacaq.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2020.- 17 iyun.- S.17.