Heydər Əliyevin media
dərsləri
Heydər
Əliyevin tribunalardan o zamanlar ölkənin bir nömrəli
qəzeti sayılan “Kommunist”in öncüllüyü üzərinə
götürməsinə istiqamətlənən diqqət və
qayğısı tarixi ənənələrə, varis-irs
münasibətlərinə baxışlarından qaynaqlanırdı.
O, dövrünün vacib ideyalarının əsas təbliğçısı
olmuş qəzetin 50 illik yubileyində mətbu nəşrə
rəhbərlik etmiş Nəriman Nərimanovun, Ruhulla
Axundovun, Əliheydər Qarayevin, Həbib Cəbiyevin, Dadaş
Bünyadzadənin, Qəzənfər Musabəyovun, Həmid
Sultanovun, Səmədağa Ağamalıoğlunun, Ağababa
Yusifzadənin, Böyükağa Talıblının, Sultanməcid
Əfəndiyevin və başqalarının adlarının
minnətdarlıq hissi ilə qeyd edildiyini deyir.
Yubiley Ulu Öndərin Azərbaycana
rəhbərliyinin ikinci ilində qeyd olunur. Rəhbər Mərkəzi
Komitənin orqanının yubileyini bütövlükdə Azərbaycan
mətbuatının bayramı olan böyük hadisə
adlandırır.
Mətbuatın “dördüncü hakimiyyət”
funksiyasını hələ bütün
komponentləri ilə yerinə yetirmədiyi və ya məlum
səbəblərdən yerinə yetirə bilmədiyi sovet dönəmində
Heydər Əliyev ona yeni həyat vermək, işini
canlandırmaq, funksiyasını artırmaq üçün
xeyli işlər gördü. “Kommunist”in yarım əsrlik yubileyi
ilə bağlı çıxışında “mətbuat
sözü böyük qüvvədir, böyük işdir”
– deməklə qəzetin müasir funksiyasını dəqiq müəyyənləşdirdi.
Ümummilli Lider qəzet kollektivinə təbrikində onun
keçdiyi yola işıq tutulur: “…Kollektiv təşviqatçı”
və “kollektiv təbliğatçı” kimi öz alovlu
sözü ilə “Kommunist” qəzeti Azərbaycan
xalqını viranəliyə qarşı, neft mədənlərinin,
zavod və fabriklərin bərpası uğrunda mübarizəyə,
texniki və mədəni inqilaba qaldırdı. Azərbaycan fəhləsi
və kəndlisi üçün “Kommunist” qəzeti əsl məktəb
olmuşdu”.
Yubileylər, təltiflər, saysız qayğı nümunələri, mətbu məsuliyyəti
arxa plana atmırdı. Hər mətbu orqan, hər bir jurnalist
sözünün, yazdığının ağası
olmalıydı. Tirajı qısa müddətdə 600 minə
çatan nəşrin isə başqa KİV-lərə
nümunə göstərməsi peşə borcu idi. Mətbu
orqanın yayımladığı məlumatları, müxtəlif
səpkili yazıları bütün Azərbaycan oxuyurdu. Mətbu
sözə, qəzetçi məsuliyyətinə
böyük diqqət yetirən Heydər Əliyev hər
sözün işlənmə məqamına, çəkisinə,
məsuliyyətinə dərindən fikir verirdi.
Tanınmış jurnalist Telman Əliyevin xatirələrindən
götürülmüş sətirləri Heydər
Əliyevin sovet dövrünün media dərslərinə aid
etmək mümkündür. T.Əliyev xatirələrində
yazır:
“Hər dəfə
keçirilən müşavirədən
sonra Heydər Əliyev çay süfrəsi arxasında
ziyalılarla söhbət edir, respublikada tanınan
adamların rəyini öyrənməyə
çalışırdı. Belə söhbətlərin birində
qəzetimizə yenicə redaktor təyin edilmiş Rəşid
Mahmudovu sorğu-suala tutdu. Məsələ burasında idi ki,
qəzetin həmin gün çıxan nömrəsi Heydər
Əliyevin səfərinə həsr edilmişdi. Birinci səhifənin
başında iri həriflərlə yazılan “Bir milyon ton Azərbaycan
pambığı uğrunda!” sözləri Heydər Əliyevin
diqqətindən yayınmamışdı. Redaktordan
soruşdu ki, həmin rəqəm haradan
götürülüb, hansı rəsmi sənəddə
oxuyub?
Rəşid Mahmudov vəziyyətdən
çıxmaq üçün respublikada
gedən quruculuq işlərindən danışdı, həyata
keçirilən mühüm tədbirləri yada saldı. Cavabdan razı qalmayan Heydər
Əliyev ciddi şəkildə bildirdi: “Bizim rəsmi öhdəliyimiz
var. Doğrudur, pambıqçılarımız bir milyon ton məhsul
uğrunda mübarizə aparırlar. Yaxşı bilirsiniz ki,
kənd təsərrüfatında qarşıya qoyulan məqsədlərə
çatmaq üçün hava şəraiti həlledici amil
hesab olunur. Olmadı elə, oldu belə. Yadda saxlayın, sizin
taleyiniz həmin rəqəmin reallaşmasından
asılı olacaq”.
Xoşbəxtlikdən həmin il qəzetimizin
yazdığı kimi, Azərbaycan bir milyon tondan çox
pambıq istehsal etdi. Buna hamıdan çox sevinən, bəlkə
də Rəşid Mahmudov oldu…”
Altı
il əvvəl
əməkdar jurnalist Əhməd
İsayev Ali Media Mükafatının ona təqdim olunması
üçün Azərbaycan Mətbuat Şurasına gəlmişdi.
Söhbət onun ötən əsrin 70-ci illərində
böyük hay-küy doğuran yazılarının birindən
düşdü. Əhməd müəllim xatırladı ki,
“Kazımovun imarəti” sərlövhəli tənqidi məqalədə
Gəncə Şəhər Partiya Komitəsi funksionerinin
qudurğan hərəkətləri ifşa olunurdu. Yazı
1971-ci il yanvarın 15-16-da qəzetdə çıxdı. Azərbaycan,
rus, erməni dillərində. Sən demə, redaktorumuz
Ağababa Rzayev məsləhət üçün məktubu
ölkə başçısı Heydər Əliyevə
aparıbmış. O da göstəriş verib ki, bu qəzetlərdə
çap olunsun.
Düzü, bu mənim üçün
çox gözlənilməz oldu. Onda cəmi otuz yaşım var idi. Bərkdən-boşdaş
yeni çıxırdım. Və anladım ki, hər mövzuya,
hər fakta necə məsuliyyətlə yanaşmaq
lazımdır. Tanınmış jurnalist etiraf etdi ki, bu onun
üçün jurnalistikada ilk həyat dərsi idi.
Heydər Əliyevin o dövrdəki
media dərslərinin yaratdığı yeniliklərdən
biri də Mərkəzi Komitə aparatında
başlanmış partiya-sovet orqanlarının bütün
pillələrində mətbu çıxışlara
münasibətin kökündən dəyişməsi idi. Hamı bilirdi ki, KİV-lərin
tənqidi yazılarına laqeyd, qaba yanaşma gec-tez cəzalanmaya
səbəb olacaq. Səhər tezdən qəzetlər vərəqlənir,
qeydlər aparılır, müvafiq şöbələrə
məlumatlar, tapşırıqlar verilir, görüləcək
inzibati tədbirlər nəzarətə
götürülürdü. Rayon partiya komitələrində
mərkəzdən zəngləri gözləmədən təcili
tədbirlər görülürdü.
Mənim sovet dönəmində Salyanda birinci katib işləmiş Sosialist
Əməyi Qəhramanı Nadir Abbasovun bu xüsusda söhbəti
yaxşı yadımdadır. O dedi: “Bizim “Qələbə”nin
Salyanın yaşayış yerlərində
açmadığı qapı yox idi. Fəxr edirdik ki,
respublikada ən çox tirajlanan rayon qəzetidir. Rayonda bir
çox problem və çatışmazlıqlardan onun vasitəsi
ilə xəbər tutur, həll etməyə
çalışırdıq”.
Heydər
Əliyevin media ilə
əlaqəli gör-götür dərsləri ölkədə
coğrafi məhdudiyyətə sığmadığından
85 yaşında haqq dünyasına qovuşan əməkdar
jurnalist Oqtay Cəfərovun Göyçayda rayon qəzetinin
redaktoru işləyərkən başına gəlmiş,
SSRİ miqyasında rezonans doğurmuş hadisəni yada
salmağı vacib bildik. O vaxt ittifaq mətbuatında O.Cəfərovun
rayon partiya komitəsinin yeni birinci katibi tərəfindən
gözümçıxdıya salındığı,
redaktoru olduğu “Yeni həyat” qəzetinin tənqidi yazı
gedən sayının yandırıldığı barədə
sensasiyalı məqalə yayımlanmışdı.
Məsələdən xəbər tutan Heydər Əliyev dərhal Mərkəzi Komitənin
büro iclasını çağırdı. Bürokrat,
özbaşına məmur vəzifədən
çıxarıldı. Oqtay müəllim isə daha
böyük vəzifəyə irəli çəkildi – respublika
mediasının nəzəri-praktik məsələlərinin
təbliği üçün təsis edilmiş “Müxbir”
bülleteninə redaktor gətirildi, Azərbaycan Jurnalistlər
Birliyinin katibi seçildi, “Əməkdar jurnalist” fəxri
adına layiq görüldü. Onu da deyək ki, mətbu vasitələrimizin
həndəsi silsilə ilə çoxaldığı,
jurnalistikada səhlənkarlığın,
özbaşınalığın, peşə prinsiplərinə
sayğısızlığın əndazəyə
sığmadığı indiki dövrdə “Müxbir”in yeri
açıq-aşkar görünür. O bülleten Heydər
Əliyevin tövsiyəsi ilə yaradılmışdı. Azərbaycan
KP MK-nın və rayon partiya komitələrinin
bürolarında 1969-cu ilin iyulunadək də mətbuatda
çıxan yazılar müzakirə olunur, günahkarlar barədə
inzibati qaydada ölçü götürülürdü.
Heydər Əliyevin hakimiyyəti dövründə belə
halların intensivləşməsi mətbuatın
dördüncü hakimiyyət funksiyasının əməli
təminatçısı olmuşdur. Respublika qəzetləri
bir kənara, rayonlarda yerli mətbuatın yazdıqları tənqidlər
də müzakirələr doğururdu.
Daha bir dərs timsallı misal. 1974-cü ilin yanvarında
Daşkəsən Rayon Partiya Komitəsinin plenumu birinci katib
M.Allahverdiyevi təkrar həmin vəzifəyə seçməkdən
imtina etdi. O, oxucu məktubu əsasında qələmə
alınan felyetonla bağlı tədbir görmək əvəzinə
məsələni daha da qəlizləşdirmişdi. Qəzetə
cavab vermədi. Müəllif bu barədə müxtəlif
dairələrə şikayət məktubları göndərdi.
Üzrxaqlıq edəndə artıq gec idi. Bu dərsdə də,
götürülən ölçüdə də Heydər
Əliyevin dəst-xətti özünü biruzə verirdi.
Ulu Öndərin
sonrakı illərin
hadisələrini, proseslərini görmə qabiliyyəti,
strategiya və taktikası onu sağlığında dahiləşdirən
keyfiyyətlərindən idi. Medianın inkişaf perspektivlərinin
milli jurnalistikamızı haralara aparacağı barədə
proqnozlar üzərində düşüncələr rəhbəri
bir an da rahat buraxmırdı. Ya milli jurnalistikamız mətbuatımızın
mütərəqqi ənənələrinin varisi olduğunu
dərk edərək təməlləri üzərinə
qayıtmalı, ya da jurnalistlərimiz trafaret mövzular,
oxşar üslub, ifadə vasitələri,
yaradıcılığa, axtarışlara ehtiyac qalmayan tərzdə
senzuranın tələblərinə itaətkarlıqla boyun əyən
“intizamlı yazar” taleyi ilə barışmalıydılar.
Beləcə rəhbərin düşüncələrindən
sovet dönəminin media dərsləri
yaranırdı. Dərslər kənardan rəhbərin sahəyə
yönələn məsləhətləri, tövsiyələri
təsirini bağışlayırdı. Həssas, diqqətli
oxucu, sadiq dinləyici, izləyici mövzunu, mətləbi
teksdən ayırmaqda çətinlik çəkmirdi.
Heydər Əliyevin media dərsləri
KİV-lərin maddi-texniki bazasının təkmilləşdirilməsini
kadr hazırlığından ayırmırdı. Bütün sahələrə
xas paralellik burada da strateji xəttin əsasını təşkil
edirdi. Ötən əsrin 70-ci illərində Bakıda, Gəncədə,
Sumqayıtda müasir tipli, nəşriyyatlar, poliqrafiya müəssisələri
inşa olunmuşdu. Cəmi 2-3 ilin ərzində rayonlarda mətbəələrin
təşkili, linotiplərlə, çap avadanlıqları
ilə təminatı məsul katibləri qəzet
çıxarmaq üçün Bakıya gəlmək
qayğısından azad etmişdi. Yaradılan şərait tələbatı
ödəyirdi, iş qalırdı jurnalistlərə. Onlar
oxucuya elə məhsul təqdim etməli idilər ki, mətbu
nəşrin hər sayı əl-əl gəzsin.
Azərbaycanda ali təhsilli jurnalist
kadrları Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
müvafiq şöbəsində hazırlanırdı.
Gündüz və qiyabi şöbələrdə təhsil
alan 50 nəfərin yarıdan çoxu sonralar başqa sahələrə
üz tuturdu. Digər peşələrdən gələnlərin
mediaya alışmalarına aylar, illər itirilirdi. Şöbə
1969-cu ildə fakultəyə çevrildi. Qəbul ikiqat
artırıldı. Çox keçmədən fakultədə
dekan dəyişikliyi oldu. Mətbuatımızın on illər
boyu canlı ensiklopediyası, jurnalistikamızın
partriarxı saydığımız Şirməmməd
Hüseynovun bu vəzifəyə təyinatı
faydasını verdi. Fundamentin möhkəmliyini əsaslandırmaq
üçün müqayisə aparaq, 1990-cı ildən sonra
Azərbaycanın əksər dövlət özəl və
ali məktəblərində jurnalistika fakültələri
yaradıldı. Hazırda əksəri meydanda yoxdur,
bağlanılıb, BDU-nun müvafiq fakultəsi ilə rəqabətə
tab gətirmədilər. Yəni universitetdə bu fakültə
elmi əsaslarla yaradıldığından,
flaqmanlığı əldən vermədi.
Məsəl
var deyərlər ki, böyük balıqlar dəryalarda,
okeanlarda yetişər. Heydər Əliyev respublika ali məktəblərinin
hara gədər kadr hazırlama potensialından xəbərdar
idi. Böyük planlar, dünya miqyaslı lahiyələrdə
iştirakı, təmsilçiliyi təmin edəcək
kadrların hər sahədə yetişməsini şərtləndirirdi.
Ötən əsirin 70-ci illərində Rusiyanın, digər
respublikaların ali məktəblərində təhsil almaq
üçün gedən yüzlərlə gəncə
ümid və qurur hissi ilə xeyir-duasını vermişdi.
Gözləntilərin həyatda özünü
doğrutması, vətən yolunda çırpınan qəlbin
genişliyini, atılan addımların on illər sonrakı
milli uğurlarımızın qazanmasına yönələn
zərgər dəqiqliyini təcəssüm etdirirdi. Etimad həmin
gənclərin, o cümlədən M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olan
bu sətirlərin müəllifinin, yüzlərin taleyini
tamam dəyişdi. Hazırda Azərbaycanda söz sahibi
sayılan KİV rəhbərləri, jurnalist həmkarlarım
ilə o illərin xatirlərini iftixarla yada salırıq.
Kitabın digər dərslərində minnətdarlıq dolu
duyğularımdan söhbət açacağımdan,
qürurla qeyd etmək istəyirəm ki, bu diqqətin
uzaqgörən rəhbərin müdrik əməli
olduğunu ötən əsrin axırlarında başlanan,
geniş vüsət alan istiqlal uğrunda mücadiləmiz,
müstəgil, plüralist fikrə söykənən cəmiyyətimiz
təsdiqləyəcəkdir.
Heydər Əliyev dərsləri göstərirdi ki, jurnalistə ümid və
tələbkarlıqla yanaşan hakimiyyət, cəmiyyət
yaradıcı insana sayğılı münasibət göstərməyə
borcludur.
Dövlət qayğısının təşkilati, maddi və
mənəvi sahələri əhatə etməsi təsirsiz
qalmırdı. Jurnalistin özünə, sözünə
ehtiramla yanaşan Ümumilli Lider onları hər yerdə səbrlə
dinləyir, arzu və təkliflərinə sayğılı
yanaşır, nitqləri, çıxışları,
mükafatları ilə qəlblərinə yol tapırdı.
Təhlil edəndə görürdün ki, bunlar media dərsləridir.
1970-ci ildən sonra ali təhsilli jurnalistlərə
təyinat Azərbaycan KP MK-nın təbliğat və təşviqat
şöbəsi tərəfindən verilirdi. Əvəllər
redaktorlar bölgə qəzetlərinə təyinat almaq
üçün məzunları bir-iki ay öncə dilə
tuturdular, sonralar bölgələrdə işləməyə
gedənlərin sayı çoxaldı. Mərkəzi Komitədən
rayon partiya komitəsinin birinci katibinə göndərilən
məktubda məzunun tutacağı vəzifə, təcili evlə
təminatı öhdəliyi göstərilirdi. Bunun nəticəsi
idi ki, gənc jurnalistlərinin çoxu bölgələrdə
məskunlaşır, burada topladığı təcrübə
sahəsində özünü böyük medianın
kadrı olmağa hazırlayırdı. Əksər bölgələrdə
partiya komitəsinin bürosunda redaktorların təmsilçiliyi
nəzərdən qaçırılmırdı. Rayon
mühitinin incəliklərinə bələd olanlar bunun necə
əhəmiyyət daşıdığının
yaxşı fərqindədirlər.
Heydər Əliyevə qədər
paytaxtda hansısa jurnalistin mənzillə
təminatı görünməyən məsələ hesab
olunurdu. Bu da
həllini tapdı. Bakının mərkəzində,
mikrorayonlarında xeyli həmkarımıza yeni mənzillərin
açarları təqdim olundu. Ənənələr
davamlıdır. Azərbaycan hazırda dünyanın yeganə
ölkəsidir ki, jurnalistlər müasir, rahat binalarda mənzillə
təmin edilirlər. Ulu Öndərin layiqli
davamçısı, möhtərəm prezidentimiz İlham
Əliyev bu məsələni də daim diqqət mərkəzində
saxlamaqdadır. Paytaxtda jurnalistlər məhəlləsi
salınıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuş Hacı Hacıyev
xatırlayırdı ki, AJB üzvlərinə verilən
arayışlarda onların əlavə 20 kvadratmetr mənzil
almaq hüququna malik olduğu göstərilirdi. Mediamızın
ağsaqqalı Ulu Öndərin ölkə jurnalistlərinin
qurultaylarında həvəslə iştirak etdiyini, qeydlər
apardığını deyirdi: 1982-ci ilin yanvar ayında
keçirilən VI qurultayda ölkə rəhbərinə
“Əməkdar jurnalist” fəxri adının niyə təsis
olunmadığı sualı verildi. Aradan bir qədər
keçməmiş fəxri adlar siyahısında
“Respublikanın əməkdar jurnalisti” də yer aldı.
70-ci illərdə kadrlara
tələbatın ödənilməsi
üçün Jurnalist Yaradıcılığı
İnstitutunun yaradılması təklifi ilə
çıxış etdik. Ulu Öndər təklifi bəyəndi.
İnstitut fəaliyyət göstərdiyi illərdə
redaksiyalarda çalışan qeyri-ixtisaslı əməkdaşlar
üçün təcrübə məktəbi oldu.
Jurnalist
əməyinin stimullaşdırılması
Heydər Əliyevin media dərsləri
yaradıcılıq bəhsləşmələrinə,
müsabiqələrə rəvac verdi.
AJB-nin “Qızıl qələm”i isə ictimai rəydə
dövlət təltiflərindən geri qalmırdı. Hər
il mayın 5-də – Mətbuat günü ərəfəsində
200-300 iddialının içərisindən 5-6 nəfərin
seçilib döş nişanı, diplom və pulla
mükafatlandırılması, adlarının radioda,
televiziyada, qəzetlərdə elan olunması hər il
başqalarını da yeni iddiallılar sırasına daxil
edirdi. Hacı müəllim təəssüf hissi ilə
deyirdi ki, Heydər Əliyev Moskvaya getdi, “Qızıl qələm”
isə “işgüzar adamların” əlinə
düşdü, xatirəyə döndü.
Ulu öndərin
media dərsləri hər kəsə biliyinə,
nüfuzuna, xidmətlərinə görə öz yerini
göstərirdi. Möhtərəm prezidentimiz İlham Əliyevin media mənsublarına
baxışlarında da belə yanaşmanın şahidləriyik.
2005-ci ildə Şirməmməd Hüseynovla Hacı
Hacıyev barəsində prezident təqaüdü almaq
üçün ölkə başçısına təqdimatımız
müsbət qarşılandı. Mediamızın
ağsaqqaları layiq görüldükləri
mükafatların xeyli hissəsini ömürlərinin sonuna qədər
xeyriyə işlərinə sərf etdilər.
Ş.Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin liderləri
barədə silsilə kitabları həmin təqaüd
hesabına işıq üzü gördü.
Sovet dönəmində
Heydər Əliyevin taleyinə Azərbaycanı
düşdüyü burulğandan
çıxarmaq, inkişaf
yoluna qovuşdurmaq, bunun üçün cəmiyyəti, düşünən
beyinləri səfərbərliyə
almaq missiyası düşmüşdü. Rəhbər həm də ona görə qüvvətli, inamlı idi ki, arxalana
biləcəyi ziyalı
ordusunu yaxından tanıyırdı. “Azərbaycan”,
“Ulduz”, “Qobustan” jurnallarının, həmçinin
Nəsir İmanquliyevin
ölkənin öncül
axşam qəzetinə
çevirdiyi “Bakı-Baku”nun,
Yusif Kərimovun “Azərbaycan gəncləri”
qəzetinin adları milli mətbuat tariximizdə əbədi iz salıb. Görəsən, o dövrün senzurası
ayağını yerə
bərk dirəsəydi,
bu mətbu nəşrlər nə qədər sevilər, populyar olardı?! Bu tipli idarəyə
rəhbərlik etmiş
Cahangir İldırımzadə
deyirdi ki, biz Heydər Əliyevlə güclü idik, ona güvəndiyimizdən,
hər azad fikrin, ifadənin başına ip atmırdıq.
Ulu Öndər
hakimiyyətə gəldikdən
sonra mərkəzi mətbuat və televiziya ilə qurulan münasibət Azərbaycan xalqının
tanıdılmasına, dünya
arenasına çıxmasına
hesablanmışdı. XX yüzilliyin
70-ci illərinin əvəllərində
“Literaturnaya qəzeta”da
“Qoy ədalət zəfər çalsın!”
başlığı altında
dərc edilmiş müsahibə başdan-ayağa
Heydər Əliyevin
media dərsləri olduğundan
yazının ayrıca
təqdimatını məsləhət
gördük”.
Əflatun Amaşov
İki sahil.- 2020.- 18 iyun.- S.15.