Vüqar
Rəhimzadə: 102 illik yol Azərbaycan Silahlı
Qüvvələrinin dünəninin, bu gününün
və sabahının təqdimatıdır
Xalqımız müstəqilliyimizin,
suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun
yaradılmasının 102-cü ildönümünü qeyd
etməyə hazırlaşır. 102 illik yol
dünənimizə, bu günümüzə baxış fonunda
perspektivlərin müəyyənləşdirilməsində
əhəmiyyətli rol oynayır. Bugünkü
Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış
Cümhuriyyət Ordusunun layiqli varisidir. 1918-ci il iyunun 26-da
Müsəlman Korpusunun əsasında Əlahiddə
Azərbaycan Korpusunun təşkilinə başlanılıb.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli
Fərmanına əsasən, Əlahiddə Azərbaycan
Korpusunun yaradıldığı gün - 26 iyun tarixi
Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd
olunur. Həmin tarixdən bu günədək
Azərbaycan Ordusu zəngin inkişaf yolu keçib,
müdafiə qabiliyyətini gücləndirib və bu gün
böyük inamla qeyd edirik ki, işğal altında olan
torpaqlarımızı azad etmək iqtidarında olan
güclü, qüdrətli ordumuz vardır.
AZƏRTAC xəbər
verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə
KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə bu məqamı da
xüsusi qeyd edib ki, 1918-ci ildə dost və qardaş
Türkiyədən gələn Qafqaz İslam Ordusunun və
Əlahiddə Azərbaycan Korpusunun bölmələrinin
torpaqlarımızı, xüsusilə Bakını
işğaldan azad etməsi şanlı tariximizə
qızıl hərflərlə həkk olunub. 2018-ci il “Azərbaycan
Xalq Cümhuriyyəti ili” çərçivəsində
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə
yanaşı, Bakının işğaldan azad
olunmasının 100 illiyinə həsr olunan hərbi parad
keçirildi. Həmin paradda “Biz bu gün burada
yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı
qardaşlarımızın dillərdə dastan olan
mübarizəsi ilə Bakının işğaldan azad
olunmasının 100-cü ildönümünü qeyd etmirik,
eyni zamanda, əziz şəhidlərimizin bizə
əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan
qardaşlığımızı da dərk edirik”
söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan bildirmişdir ki, Azərbaycanın ən
böyük dərdi olan Dağlıq Qarabağ
məsələsi bizim üçün də eyni
dərəcədə ağrılı problemdir.
İllərdir Vətən həsrəti ilə ömür
sürən bir milyondan çox qardaşımızın
intizarına artıq son qoymaq vaxtıdır. Qardaş
Azərbaycanın ərazilərinin 20 faizini işğal
altında saxlayanların, bir milyondan çox
qardaşımızın öz vətəninə
qayıtmasına mane olanların bizdən
sərhədlərimizi açmağımızı
gözləmələri əbəsdir. Türkiyənin bu
məsələdə mövqeyi məlumdur, aydındır,
dəqiqdir. Türkiyə əsgərləri bu gün burada
Azərbaycan əsgərləri ilə
çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə
qazanılan böyük qələbənin
ildönümünü qeyd edirlər. Bu bayram gələcək
nəsillərə ötürəcəyimiz ən
böyük ərməğandır. Bir əsr əvvəl bu
torpaqlarda minlərlə şəhidimizin qanı ilə
yazılan dastanın unudulmasına və unutdurulmasına
qətiyyən imkan verməyəcəyik.
Baş redaktor bildirib ki, regionda
sülhün, təhlükəsizliyin qarantı kimi
dəyərləndirilən
Azərbaycan-Gürcüstan-Türkiyə birliyi,
həmrəyliyi bu sahədə mövcud əlaqələrin
inkişafından da aydın görünür. Ötən il
Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə
nazirləri arasında keçirilən
görüşlər, Naxçıvanda
Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin
“Sarsılmaz qardaşlıq-2019” adlı birgə
döyüş atışlı taktiki təlimləri də
bunun təsdiqidir. Bütün bu addımlar
birlik, həmrəylik çağırışları
ilə yanaşı, Azərbaycan Ordusunun malik olduğu
imkanların təqdimatı, eyni zamanda, digər sahələr
kimi, müdafiə qabiliyyətinin gücləndirilməsi
istiqamətində birgə əməkdaşlığın
göstəricisidir.
Vüqar Rəhimzadə vurğulayıb
ki, əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan siyasətin son 16 ildən artıq
dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində
ordu quruculuğu və beynəlxalq hərbi-texniki
əlaqələrin möhkəmləndirilməsi
istiqamətində mühüm nailiyyətlər əldə
olunub: “Dövlətimizin hərbi qüdrətinin artması
və Silahlı Qüvvələrimizin regionda
peşəkarlıq, təchizat və döyüş
qabiliyyəti baxımından ən güclü orduya
çevrilməsi bu günümüzün
reallıqlarındandır. Hazırda Azərbaycan Ordusu
beynəlxalq reytinqlərə görə dünya miqyasında
50 ən güclü ordu sırasındadır. Dövlətimizin
başçısı İlham Əliyevin 16 dekabr 2005-ci il
tarixli Sərəncamı ilə Dövlət Xüsusi
Maşınqayırma və Konversiya Komitəsinin bazasında
yaradılan Müdafiə Sənayesi Nazirliyi
gündən-günə çeşidlərini artırdığı
hərbi təyinatlı məhsullarını həm
ölkəmizdə keçirilən hərbi paradlarda,
həm də beynəlxalq sərgilərdə təqdim
etməklə bir daha ordumuzun hansı imkanlara malik olduğunu
nümayiş etdirir”.
Tarixi paralellər fonunda ölkəmizin
tərəqqisinin digər sahələr kimi, ordu
quruculuğunun inkişafına da geniş yol
açdığını diqqətə çatdıran
baş redaktor bildirib ki, 1991-ci ildə Azərbaycan öz
dövlət müstəqilliyini əldə etdikdən, daha
dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycan Ordusu özünün inkişaf
dövrünü yaşadı, maddi-texniki bazasını daha
da möhkəmləndirdi: “Müstəqilliyimizin
ilk illərində ölkəmizə səriştəsiz,
idarəçilik qabiliyyəti olmayan, öz şəxsi
ambisiyalarını dövlət maraqlarından üstün tutan
şəxslərin rəhbərlik etməsi bütün
sahələrdə uğursuzluqlara yol
açmışdır. Ölkədə xaos, anarxiya,
özbaşınalıq hökm sürür, silahlı qruplaşmalar arasında kreslo uğrunda
savaş geniş vüsət alırdı. Azərbaycan
Silahlı Qüvvələri torpaqlarımızın deyil,
ayrı-ayrı dairələrin maraqlarının
ifadəçisi kimi çıxış edərək,
ərazilərimizin biri-birinin ardınca işğalına
göz yumurdu. Ümummilli Lider hakimiyyətə qayıdışı
ilə Azərbaycanı yaşadığı bu böhrandan,
qarşıdurmalardan, xaosdan, anarxiyadan, müstəqilliyini
itirmək təhlükəsindən xilas etdi. Azərbaycanda
müasir ordu quruculuğunun əsası məhz ümummilli
lider Heydər Əliyev tərəfindən qoyuldu. Qısa
müddətdə ordumuz qarşısına qoyulan hər bir
vəzifəni yerinə yetirməyə qadir olan
mütəşəkkil hərbi qüvvəyə
çevrildi. Son 16 ildən artıq dövrdə
ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
bu gün Azərbaycan Ordusu qabaqcıl orduların
sırasında layiqli yer tutub. Ordu quruculuğu
dövlətimiz üçün ən başlıca
məsələdir. Daim bu reallıq diqqətə
çatdırılır ki, sülh
danışıqlarını cəsarətlə aparmaq
üçün güclü, qüdrətli ordunun olması
mütləqdir. Azərbaycan Ordusunun
müdafiə qüdrətinin və döyüş
qabiliyyətinin artırılması, maddi-texniki
təchizatının yaxşılaşdırılması, o
cümlədən hərbi qulluqçuların sosial
müdafiəsinin gücləndirilməsi bu siyasətin
prioritet istiqamətlərindəndir.”
“Bu gün Azərbaycan Ordusu işğal altında olan
torpaqlarımızı azad etmək gücündədir”
söyləyən V.Rəhimzadə diqqəti 2016-cı ilin
Aprel döyüşlərinə və 2018-ci ilin
Naxçıvan qələbələrinə yönəldib. Vurğulayıb ki, Azərbaycan Ordusu bu iki
qələbə ilə bir daha hansı imkanlara malik
olduğunu həm işğalçı Ermənistana, həm
də dünyaya çatdırdı. Ölkəmizin
beynəlxalq birlik tərəfindən tanınmış
əraziləri Ermənistan tərəfindən işğal
edilib. Dünya birliyi və bütün beynəlxalq
təşkilatlar ölkəmizin ərazi
bütövlüyünü tanıyır və
dəstəkləyir, eləcə də Azərbaycanın haqlı
mövqeyini müdafiə edirlər. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsində Dağlıq
Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu, erməni
işğalçılarının ərazilərimizdən
qeyd-şərtsiz çıxarılması öz əksini
tapıb. Bununla yanaşı, digər beynəlxalq
təşkilatların və dövlətlərin qərar
və qətnamələrində Azərbaycanın
dəyişməz mövqeyi dəstəklənir. Münaqişənin
həlli üçün möhkəm hüquqi baza
mövcuddur. Ancaq Ermənistan beynəlxalq hüquq
normalarına məhəl qoymur və
işğalçılıq niyyətindən əl
çəkmir.
Vüqar Rəhimzadə qeyd edib ki,
dövlətimiz, möhtərəm Prezidentimiz, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
tərəfindən ordumuza, onun şəxsi heyətinə
göstərilən diqqət və qayğı bir ali
məqsədə xidmət edir- Torpaqlarımız erməni
işğalçılarından azad edilsin,
dövlətimizin ərazi bütövlüyü,
soydaşlarımızın pozulmuş hüquqları
bərpa olunsun, regionda sülh, əmin-amanlıq
bərqərar edilsin: “Dağlıq Qarabağ
problemini ümumilikdə regionda iqtisadi tərəqqiyə,
təhlükəsizliyə böyük əngəl kimi
dəyərləndirən, qətnamələrində ədalət
meyarını öndə saxlayıb, beynəlxalq hüququn
norma və prinsiplərinin qorunmasına
çağırış edən beynəlxalq
təşkilatların, dövlətlərin
işğalçı Ermənistana “dur” demələrinin
zamanı çoxdan çatıb. Bu gün
Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad
etmək, suverenliyimizi qorumaq, ərazi
bütövlüyümüzü təmin etmək
istiqamətində səylər göstərməklə
yanaşı, sülhməramlı əməliyyatlarda da
iştirak edərək beynəlxalq sülhə və
təhlükəsizliyə ciddi töhfələr
verməkdədir”.
26 iyun- Azərbaycan Silahlı
Qüvvələri Günü münasibətilə
xalqımızı təbrik edən baş redaktor bu arzusunu,
istəyini də ifadə edib ki, gün o gün olsun Azərbaycan
mətbuatı işğal altında olan
torpaqlarımızın azad edilməsi sevincinin
müjdəçisi olsun: “Xalqımız tam
əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi,
xalqımızın iradəsi, gündən-günə artan
beynəlxalq dəstəyin, həmçinin güclü, qüdrətli
ordumuzun sayəsində tezliklə torpaqlarımız
işğaldan azad olunacaq, üçrəngli
bayrağımız bütün Qarabağ ərazilərində
də dalğalanacaq, Azərbaycanın ərazi
bütövlüyünün təminatı,
torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda döyüşlərdə həlak olan oğul
və qızlarımızın ruhu şad olacaq”.
Vüqar
Rəhimzadə
İki sahil.- 2020.- 26 iyun.- S.15.