Distant təhsil:
XXI əsrin innovasiyası
Təhsildə
gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti
onun fasiləsiz modernləşməsidir. Müasir
təhsildə modernləşmənin
əsas məqsədi
kütləvi və əlyetərli təhsil şəraitində yüksək
keyfiyyətə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün
İKT bazasında yaranan
təhsil innovasiyalarından
geniş istifadə edilir. Bunun bariz
nümunəsi isə
distant təhsildir. Ona görə mütəxəssislər
distant təhsili XXI əsrin təhsil innovasiyası hesab edirlər. Ölkəmizin
ərazisində yeni növ koronavirus pandemiyasının yayılmasının
qarşısının alınması
məqsədi ilə
2020-ci il mart ayının 3-dən bütün
təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini
əhatə etdiyindən,
UNESKO təhsildə yaranan
fasilələri məhdudlaşdırmaq
üçün məhz distant təhsil proqramlarından istifadəni tövsiyə
etdi. Azərbaycan təhsil sistemi hər bir çağırışa
hazır olduğu üçün Təhsil
Nazirliyi gözlənilməz
hadisəyə doğru
reaksiya verməyə nail oldu. Bütün
çətinliklərə baxmayaraq pandemiyanın təhsil prosesinə təsirlərini minimuma endirməyə çalışıldı.
Bunun üçün
müxtəlif onlayn metodlar tətbiq edildi. "Microsoft Teams" platformasından istifadə təlim-tədris
prosesinin məsafədən
təşkilini təmin
etdi. Təhsil müəssisələri sözügedən platforma
vasitəsilə videobağlantı
imkanı əldə edərək məsafədən
təhsil vermək, müəllim-tələbə müzakirəsinin
təşkili üçün
interaktiv alətlərdən
istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək,
təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq,
qrup işinin təşkili və qiymətləndirmə alətlərindən
istifadə etmək kimi geniş imkanlardan faydalana biliblər.
Bunun əsas örnəklərindən
biri də "Teledərs" layihəsidir.
Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən
dərslərin onlayn öyrənilməsi üçün
təşkil edilmiş
teledərslər martın
11-dən etibarən "Mədəniyyət"
və "ARB Günəş"
telekanallarında həftənin 5 günü
şagirdlərə təqdim
olunub. Teledərslər bütün sinifləri
əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar
təqdim olunub. Ölkədə təhsilin
əlçatanlığının təmin edilməsi məqsədilə həyata
keçirilən digər
layihə - "Virtual
məktəb" layihəsi
fəaliyyətə başlayıb.
Teledərslərin interaktivliyini təmin
etmək və ümumilikdə məsafədən
tədris imkanlarını
genişləndirmək məqsədilə
həyata keçirilən
"Virtual məktəb"
layihəsinə Bakı
Şəhəri üzrə
Təhsil İdarəsinin
(BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri üzrə
340 000-dən çox istifadəçi qeydiyyatdan
keçib.
Nəzərə alsaq ki, sərt
karantin günlərində
istər müəllimlərin,
istərsə də şagirdlərin evdə qalmaları, qapalı şəraitdə fəaliyyət
göstərmələri onlara
müəyyən mənada
psixoloji təsir də göstərib. Elə bunu nəzərə
alaraq Bakı Şəhəri üzrə
Təhsil İdarəsi vətəndaşlara
psixoloji dəstək də göstərib. Belə ki, Təhsil Nazirliyi tərəfindən şagird,
valideyn və ümumilikdə bütün
vətəndaşlara psixoloji
xidmət üçün
yaradılmış 146-3 "Qaynar xətt" xidməti fəaliyyət göstərib. Ölkəmizdə
yeni koronavirus (COVID-19)
infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan
evdə qalan şagirdlər, eləcə
də bütün vətəndaşlar mənəvi-psixoloji
dəstəyə zərurət
duyduğu hallarda sözügedən "Qaynar
xətt" xidməti
ilə əlaqə yaradıblar. 146-3 "Qaynar
xətt" xidmətində
BŞTİ-nin nəzdindəki
Təlimə Dəstək
Mərkəzinin və
ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli
fəaliyyət göstəriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi mövcud sanitar-epidemioloji vəziyyəti
nəzərə alaraq
fəaliyyətini məsafədən
təşkil edib. İdarə rəhbərliyinin
təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr
onlayn qaydada aparılıb, zərurət
olduqda videokonfranslar təşkil olunub. Bununla yanaşı, şagirdlər, arasında
stimul yaratmaq, onları həvəsləndirmək
istiqamətində də
müvafiq addımlar atılıb.
Etiraf edək ki, koronavirus pandemiyası dövründə onlayn/distant təhsil təkcə Azərbaycanda
deyil, bütün dünyada təhsil sistemini düşdüyü
kritik situasiyadan xilas etdi. Əslində,
müasir təhsil forması olan distant təhsil ənənəvi təhsilə
dəstək xarakteri daşıyır. Eyni
zamanda, kritik situasiyalarda əsas təhsil forması kimi də çıxış
edə bilir. Koronavirus pandemiyası göstərdi ki, distant təhsilin gələcək üçün
inkişafının təmin
edilməsi vacibdir.
Nigar Orucova
İki sahil.- 2020.- 23 iyun.- S.14.