Yeni iqtisadi təfəkkürlü kadr
hazırlayan təhsil ocağı
Azərbaycanın ali təhsil
sektorunda önəmli və özünəməxsus yeri olan
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il 90
illik yubileyini qeyd edir. 90 illik tarixə nəzər saldıqda
universitetin çox mürəkkəb, keşməkeşli və
şərəfli bir yol keçdiyini görmək mümkündür.
Araşdırmalar göstərir ki, Azərbaycanda
1930-cu ilə qədər ali təhsilli iqtisadçı
kadrlar hazırlayan ayrıca təhsil müəssisəsi
olmamışdır. Buna baxmayaraq, 1930-cu illərə qədər
müxtəlif ali təhsil müəssisələrində
iqtisadyönümlü fakültə və bölmələr
fəaliyyət göstərmiş, bu və ya digər formada
iqtisadçı kadrların hazırlığı həyata
keçirilmişdir. Sonradan ovaxtkı Azərbaycan
İnqilab Komitəsi tərəfindən yaradılan Bakı
Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad
fakültəsi olmuşdur. 1922-ci ildə Azərbaycan Dövlət
Universitetinin İctimai elmlər fakültəsində iqtisad
bölməsi açılmış və bu bölmə
1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.
Bu dövrdə təcrübəsizlik, elmi-pedaqoji kadrların
məhdudluğu kimi bütün çətinliklərə
baxmayaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində
çalışacaq iqtisadçı kadrların
hazırlanması işinin təməlləri qoyulmuşdur. Həmin
dövrün ayrı-ayrı kurslarında, texnikumlarında,
ali məktəblərin müvafiq fakültə və bölmələrində
təhsil alan mütəxəssislər sonradan
iqtisadçı kadrların yeni nəslinin formalaşması
prosesində yaxından iştirak etmişdir.
1920-ci illərin sonundan başlayaraq planlı
iqtisadiyyata keçid edən Sovet İttifaqı buna uyğun
olaraq təhsil sistemində də ciddi dəyişikliklərə
başlamışdır. Həmin dəyişikliklər
dövründə ayrı-ayrı nazirliklərə, komitələrə
təhkim edilən yeni institut şəbəkələrinin
yaradılması, öz növbəsində, müxtəlif
sahələr üzrə iqtisadçı kadrların
hazırlanması üçün yeni imkanlar yaratmışdır.
Belə bir şəraitdə, 1930-cu ildə Azərbaycan
Dövlət Universiteti ləğv edilmiş və onun
müvafiq fakültələrinin bazasında müxtəlif
istiqamətlər üzrə ali məktəblər
yaradılmışdır. Bu ali məktəblərdən
biri - Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il
tarixli qərarı ilə Azərbaycan Dövlət
Universitetinin İqtisadiyyat fakültəsinin bazasında
yaradılan Azərbaycan Ticarət-Kooperasiya İnstitutu indiki
Azərbaycan Dövlət İqtisad Universitetinin ilk sələfi
olmuşdur. Bununla da bu gün 90 yaşını qeyd
etdiyimiz Azərbaycan Dövlət İqtisad Universitetinin əsası
qoyulmuşdur.
Azərbaycan Ticarət-Kooperasiya İnstitutu
1933-cü ilə qədər fəaliyyət göstərmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi katibliyinin 2 yanvar 1933-cü il tarixli qərarı ilə
Azərbaycan Ticarət-Kooperasiya İnstitutu yenidən təşkil
edilmiş və onun bazasında Karl Marks adına Azərbaycan
Sosial-İqtisad İnstitutu yaradılmışdır.
1936-cı ilədək fəaliyyət göstərən bu
institutun tərkibinə Sosialist uçotu, sovet
quruculuğu və hüquq, Maliyyə və plan-iqtisad
fakültələri də daxil edilmişdir. Respublika Plan Komitəsinə
təhkim edilən instituta ayrıca bina da verilmişdir.
1936-cı
il dekabrın 30-da Azərbaycan SSR Xalq
Komissarları Şurası Azərbaycan Sosial-İqtisad
İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun yaradılması
haqqında qərar qəbul etmişdir. Tərkibinə Azərbaycan
Sovet Ticarət İnstitutunun da daxil edildiyi institut 15 yanvar
1937-ci ildə fəaliyyətə başlamış və
1941-ci ilin iyul ayına qədər müstəqil ali təhsil qurumu kimi fəaliyyətini davam
etdirmişdir. 1939-1941-ci illərdə instituta
tarixə ilk azərbaycanlı hüquqşünas qadın,
institut rektoru kimi daxil olan Bilqeyis Əhməd qızı Həşimzadə
rəhbərlik etmişdir. Bilqeyis xanım
Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində
ilk və indiyə qədər yeganə qadın rektordur.
1941-ci ildə
İkinci Dünya müharibəsinin başlanmasına görə
bir sıra ali məktəblər, o
cümlədən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu da bağlanmışdır. 1944-cü ilin 16
sentyabrında Karl Marks adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin
bərpa edilməsi haqqında müvafiq qərar verilmiş və
institut bu adla 1959-cu ilə qədər fəaliyyət göstərmişdir.
1959-cu ilin mart ayında institut SSRİ Nazirlər
Sovetinin müvafiq qərarı ilə bağlanmış və
yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilmişdir.
Azərbaycan Dövlət Universitetində
iqtisadiyyat sahəsində mütəxəssislərin
hazırlanması əvvəlcə Ümumi iqtisadiyyat, 1962-ci
ildən isə İqtisadiyyat və Əmtəəşünaslıq
fakültələrində aparılmışdır. Bu fakültələrdə oxuyan tələbələrin
çoxluğunu nəzərə alaraq SSRİ Nazirlər
Soveti 1966-cı ilin 10 fevralında yenidən Bakıda Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun yaradılması
haqqında qərar vermişdir. Bu dəfə institut
Dadaş Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa
edilmişdir. Qəbul edilən qərarla 1
sentyabr 1966-cı ildən Azərbaycan Dövlət
Universitetinin tərkibindəki Ümumi iqtisadiyyat və Əmtəəşünaslıq
fakültələri, həmçinin Azərbaycan Neft-Kimya
İnstitutunun Mühəndis-iqtisadçı fakültəsinin
bir neçə yeni ixtisası bu institutun tərkibinə daxil
edilmişdir.
Dadaş
Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu öz fəaliyyətini 1966-cı ildən 1987-ci
ilə qədər davam etdirmişdir. Ümummilli Lider Heydər
Əliyevin Azərbaycanda rəhbərliyə gəldiyi 1969-cu
ildən başlayaraq "Qoy ədalət zəfər
çalsın!” şüarı altında ali
məktəblərdə həyata keçirdiyi islahat prosesləri
o vaxt Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu da
əhatə etmiş və bu institut ölkədə iqtisadi təfəkkürün
formalaşması və yüksək ixtisaslı
iqtisadçı kadrların yetişdirilməsi prosesinə
öz layiqli töhfələrini vermişdir. Ancaq sonradan
Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi,
1980-ci illərdə universitetin daxilində baş verən
çəkişmələr və bundan irəli gələrək
Moskvaya göndərilən şikayət məktubları nəticəsində
Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi
Komitəsi və SSRİ Nazirlər Sovetinin 1987-ci il 24 sentyabr
və SSRİ Ali Təhsil Nazirliyinin 1987-ci il 30 oktyabr tarixli qərarları
ilə institutun fəaliyyəti yenidən
dayandırılmış və N.A.Voznesenski adına Leninqrad
Maliyyə-İqtisad İnstitutunun Bakı filialı təsis
edilmişdir.
Üç
il Leninqrad Maliyyə-İqtisad
İnstitutunun Bakı filialı kimi fəaliyyət göstərdikdən
sonra institut 1990-cı ilin iyul ayında SSRİ Nazirlər
Sovetinin qərarı ilə Azərbaycan Dövlət
İqtisad İnstitutu olaraq yenidən fəaliyyətə
başlamışdır.
Şübhəsiz ki, sovet dönəmində universitetdə
planlı iqtisadiyyatın tələblərinə uyğun kadr
hazırlığı həyata keçirilir və tədqiqatlar
aparılmışdır. O dövrdə ittifaq
respublikalarından, həmçinin digər sosialist ölkələrindən
çoxlu sayda gənc bu universitetdə yüksəkixtisaslı
kadr kimi hazırlanmışdır. Sovet dövründə
Əhməd Qaravəliyev, Qaçay Heydərov, Lətif
Əhmədov, Veysəl İsayev, Soltan Salmanov, Fərid Fərəcov,
Nazim Mustafayev, Bəhmən Axundov, Adil Qasımov, Ələsgər
Qasımov, Talıbxan Nəsirov, Ağasəlim Ələsgərov,
Tofiq Quliyev və digər bir çox görkəmli
iqtisadçı alim məhz bu universitetdə yetişmiş və
ya çalışmışdır. Sovet dönəmində
demək olar ki, bütün dövlət strukturlarının,
kooperativ birliklərin ən məsul vəzifələrində
ovaxtkı adı ilə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun məzunları çalışmış və
abituriyentlərin bu ali təhsil müəssisəsinə
marağı hər zaman çox yüksək olmuşdur.
Azərbaycan
Xalq Təsərrüfatı İnstitutu 1990-cı ildə Azərbaycan
İqtisad İnstitutu adı ilə yenidən bərpa edildikdən
sonrakı qısa müddət ərzində öz əvvəlki
nüfuzunu özünə qaytara bilmiş və müstəqil
Azərbaycanın ən böyük və abituriyentlər tərəfindən
ən çox arzu edilən ali təhsil
ocaqlarından birinə çevrilmişdir.
Müstəqillik
dövründə universitetin inkişafı, ilk növbədə,
Ümummilli Lider Heydər Əliyevin start verdiyi ali
təhsil islahatları ilə birbaşa bağlı
olmuşdur. Bu islahatlar bütövlükdə ölkənin ali təhsil sektorunun müasir tələblər
əsasında yenidən qurulmasını nəzərdə
tuturdu. İslahatların həyata
keçirildiyi dövrdə Heydər Əliyev universitetlərin
inkişafına xüsusi diqqətlə yanaşır,
onların öz işlərini müasir dövrün tələbləri
çərçivəsində qurmalarını istəyirdi.
Ulu Öndər çıxışlarının birində
Azərbaycan universitetlərinin dünya səviyyəli
universitetlər sırasına qoşulmasını
arzuladığını ifadə edirdi: "Biz istəyirik
ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz,
birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər
və dünya səviyyəsində olsunlar. İkincisi də,
universitetlərin varlığı ona görə
lazımdır ki, ali təhsil almaq həvəsi
və qabiliyyəti olan gənclərimiz universitetlərə,
ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli
mütəxəssislər olsunlar. Əgər bu
olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən
proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə
bilməz”. Ali təhsil sistemində Heydər
Əliyevin xüsusi diqqət yetirdiyi məqamlardan biri də nəzəriyyə
ilə təcrübə, elm ilə real həyat arasında əlaqənin
fasiləsizliyini təmin etməklə elmin və alimin cəmiyyətin
inkişafına real töhfələr verməsinə nail
olmaq idi. O, alimləri də bu prinsip üzrə təsnif
edir və fəaliyyəti cəmiyyətə real töhfələr
verən alimlərə xüsusi önəm verirdi: "Hər
bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə
ilə birləşdirən, fikirlərini tətbiq edə bilən
və onlardan əməli nəticə götürə bilən,
cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən
insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanda
iqtisad təhsilinin inkişafına da xüsusi diqqət
yetirmişdir.
O, yaxşı bilirdi ki, qurmaq istədiyi yeni iqtisadi sistemi
müasir bazar iqtisadiyyatını mənimsəmiş mütəxəssislər
olmadan yaşatmaq və inkişaf etdirmək mümkün
olmayacaqdır. Buna görə də Heydər Əliyev 13 iyun
2000-ci il tarixli 349 ¹-li fərmanı ilə Azərbaycan
Dövlət İqtisad İnstitutunun və Bakı Əmtəəşünaslıq
və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət
İqtisad Universitetini yaratdı, ona özünüidarə
(muxtariyyət) statusu verdi və 13 iyun 2002-ci ildə
universitetin 70 illik yubileyi münasibətilə keçirilən
tədbirə qatılaraq proqram xarakterli tarixi nitq söylədi.
Heydər Əliyev öz nitqində Azərbaycan Dövlət
İqtisad Universiteti qarşısında bir sıra strateji vəzifələr
qoymuşdur ki, bu vəzifələr bu gün də
universitetin strategiyasının əsasını təşkil
edir:
1.
İqtisad elmi bazar iqtisadiyyatı şəraitində tamamilə
yeni əsaslarda öyrənilməli və tədris edilməlidir.
Ulu Öndər öz nitqində bu haqda demişdir:
"Dünya dəyişəndən sonra, yəni Sovet
İttifaqı dağılandan sonra, sosialist sistemi
dağılandan sonra çox şey dəyişir. Amma bəzi şeylər o qədər də dəyişmir.
Məsələn, riyaziyyat elmi dəyişmir,
necə var, elə qalır. Fizika elmi dəyişmir... Amma ictimai elmlər çox dəyişir və dəyişməlidir,
mütləq dəyişməlidir. Bunlar
hamısı indi bizim müstəqilliyimizin inkişafına
xidmət etməlidir. Bizim milli müstəqilliyimizi
əks etdirməlidir. Elmdə, təhsildə,
kadrların hazırlanmasında bu dəyişikliklər gərək
yeni Azərbaycanın yaranmasına xidmət etsin. O
cümlədən də iqtisad elmi”;
2.
İqtisadçı alimlər dünya təcrübəsini və
müvafiq nəzəriyyələri dərindən təhlil
etməli, onları ümumiləşdirərək Azərbaycan
iqtisadiyyatının tələblərinə uyğun tətbiqi
imkanlarını təqdim etməlidirlər;
3.
İqtisadçı alimlər həyata keçirilən
iqtisadi islahatları dərindən təhlil etməli və
onların xalq tərəfindən daha düzgün dərk
edilməsi üçün hökumətə kömək etməlidirlər;
4.
İqtisadçı alimlər yeni əsərlər yazmalı
və gənc nəslə bazar iqtisadiyyatının və
müasir dünya maliyyə sisteminin tələblərinə
uyğun təhsil verməlidirlər;
5.
Müasir dövrün ən hörmətli ixtisasının
iqtisadçı ixtisası olduğu nəzərə
alınmalı və iqtisadçı kadrların
hazırlanmasına diqqət artırılmalıdır.
Ümummilli Lider öz çıxışında bununla
bağlı fikirlərini açıq şəkildə ortaya
qoyur: "İndi ən hörmətli ixtisas
iqtisadçıdır. Çünki
bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı
irəliyə aparmaq üçün, dünyanın mürəkkəb
maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq
üçün bizə müasir, hazırlıqlı, xarici
dilləri bilən, dünya təcrübəsini mənimsəmiş
gənclər lazımdır. Bu isə
sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki,
siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.
Ulu
Öndər Heydər Əliyevin Azərbaycan Dövlət
İqtisad Universitetinin 70 illik yubileyini dövlət səviyyəsində
qeyd etməsi, bu münasibətlə keçirilən yubiley tədbirində
iştirak edərək geniş nitq söyləməsi,
heç şübhəsiz ki, onun bu universitetə, onun
kollektivinə və çoxsaylı məzunlarına verdiyi
yüksək qiymət idi. Təsadüfi deyil ki, Ümummilli
Lider 12 iyun 2002-ci il tarixli fərman və sərəncamları
ilə universitetin elmi-pedaqoji heyətinin bir sıra üzvlərini
yüksək adlarla, orden və medallarla da təltif
etmişdir.
Həmin
dövrdə aparılan ali təhsil islahatlarının Azərbaycan
Dövlət İqtisad Universitetində ən uğurlu
nümunələri 1999-cu ildən kredit sistemi əsasında
"eksperiment” tədris qruplarının, 2001-ci ildən isə
"xüsusi istedadlar qrupu”nun fəaliyyətə
başlaması olmuşdur. Bu qrupların fəaliyyətə
başlaması artıq universitetə müasir Avropa təhsil
sisteminin nüfuz etməsi demək idi.
Müstəqillik
dönəmində Azərbaycan Dövlət İqtisad
Universitetinin tarixində ən əlamətdar hadisələrdən
biri də Nobel mükafatı laureatlarının universitetə
gəlməsi, professor-müəllim heyəti ilə
görüşməsi və universitetin fəxri doktoru adına layiq görülməsidir. Bu ənənə ilk dəfə 18 noyabr 2003-cü
ildə Kolumbiya Universitetinin professoru, iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı, məşhur iqtisadçı
Cozef Stiqlitsin universitetin professor-müəllim və tələbə
heyətilə görüşməsi ilə
başlamışdır. Sonra müxtəlif illərdə
Nobel mükafatı laureatları Robert Mandell, Rocer Mayerson,
Kristian Preskot, Kennet Arrou, Erik Maskin, Erlinq Kidland, Antonio
Pissarides, Aleksandr Mirrlis, Əziz Sancar, Məhəmməd Yunus
və digərləri Azərbaycan Dövlət İqtisad
Universitetində olmuş və onlara universitetin fəxri doktoru
adı verilmişdir.
Azərbaycanın
ali təhsil sektorunda aparılan islahatlar
ölkəmizin 19 may 2005-ci il tarixində Boloniya Bəyannaməsini
imzalamasından sonra yeni keyfiyyət mərhələsinə
daxil olmuşdur. Ümummilli Liderin siyasi varisi, onun həyata
keçirdiyi işləri yeni məzmun və keyfiyyətdə
davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi altında aparılan bu
islahatlar, şübhəsiz ki, Azərbaycan Dövlət
İqtisad Universitetinin inkişafına da öz təsirini
göstərmişdir. Qısa müddət ərzində
Azərbaycan Dövlət İqtisad Universitetində Boloniya
Prosesinin tələblərinə uyğun bir çox yeniliklər
tətbiq edilmiş və universitetin maddi-texniki bazası
yaxşılaşdırılmışdır. Universitetin Bakı şəhərində yeni tədris
binası, idman zalı və Quba tədris, idman və istirahət
kompleksi istifadəyə verilmişdir. 2007-ci il oktyabrın 8-də isə universitetin Bakı
şəhərindəki yeni tədris binasının
açılışında iştirak edən Prezident
İlham Əliyev tədris binasına, buradakı yeniliklərə
yüksək qiymət vermiş, eləcə də universitet
qarşısında duran proqram xarakterli vəzifələri
müəyyən etmişdir. O, çıxışında
universitet kollektivinin əməyini yüksək qiymətləndirərək
demişdir: "Mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə
Azərbaycan kadrları olmalıdırlar. Bunu
etmək üçün onların bilik səviyyəsi
yüksək olmalıdır, onlar dünya miqyasında biznes
menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və
öz peşəkarlığını göstərməlidirlər.
Bax, Azərbaycan Dövlət İqtisad
Universitetinin bu işdə çox böyük əməyi
var və çox böyük töhfəsi olacaqdır”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurlu təhsil
siyasəti və o cümlədən "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın qəbul edilməsi və bu çərçivədə
ali təhsil sektorunda yeni məzmunlu və kompleks islahatlara start
verməsi, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə
gündəlik diqqəti və qayğısı Azərbaycan
Dövlət İqtisad Universitetinin inkişafında da
dönüş nöqtəsi olmuşdur. Universitet ali təhsil sektorunda baş verən qlobal
tendensiyalara, eləcə də ölkə
iqtisadiyyatının yeni inkişaf tələblərinə
uyğun olaraq, "Universtitet 3.0” konsepsiyasının
reallaşdırılması, başqa sözlə,
üçüncü nəsil universitetə çevrilməsi
yolunda əhəmiyyətli uğurlar əldə edilmişdir.
İlk növbədə, universitetin rebrendinq etməsi və
təşkilatı-hüquqi formasının dəyişməsini
bu dövrdə baş verən mühüm yeniliklərdən
biri kimi qeyd etmək mümkündür. Belə ki, 2016-cı ildə
universitet dünya ali təhsil bazarında
"UNEC” brendi olaraq çıxış edəcəyini
ictimaiyyətə bəyan etmiş və yeni loqosunu, rəngini
və digər korporativ simvollarını təsdiq etmişdir.
"UNEC” brendi indiyə qədər Azərbaycanla
yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva,
Latviya, Slovakiya və Xorvatiyada da rəsmi qeydiyyata
alınmışdır. Eyni zamanda Prezident İlham
Əliyevin 21 iyun 2017-ci il tarixli sərəncamı
ilə Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyindəki public
hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət
İqtisad Universitetinə çevrilmişdir. Bundan irəli gələrək
universitetin yeni nizamnaməsi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 22 avqust 2019-cu il tarixli 365 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Bu dövrdə UNEC-in strukturunda da əhəmiyyətli
yeniliklər baş vermişdir. Belə ki, ilk növbədə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan
Maliyyə-İqtisad Kolleci UNEC-in nəzdinə verilmişdir.
İkincisi, Azərbaycan Respublikası Prezidentinin 29 aprel
2016-cı il tarixli sərəncamına əsasən
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı
UNEC-in filialına çevrilmişdir. Bununla da
UNEC tarixdə ilk dəfə olaraq həm subbakalavr pilləsi
üzrə təhsil xidməti göstərməyə
başlamış, həm də regional universitetə
çevrilmiş, universitetin klasterləşməsinin əsası
qoyulmuşdur.
2015-ci ildən başlayaraq UNEC-in Dərbənd
filialının inkişafında da dönüş prosesi
baş vermişdir. Belə ki, ilk dəfə olaraq Rusiya Federasiyası Elm və
Təhsil Nazirliyinin 25 noyabr 2015-ci il tarixli
2220 saylı əmri ilə filiala lisenziya verilmişdir. 28
noyabr 2016-cı il tarixində isə
filialın rəsmi açılış mərasimi olmuş
və yeni kampusu istifadəyə verilmişdir. 1500
tələbə üçün nəzərdə tutulan
kampusa həmçinin kitabxana, yeməkxana, idman zalı, hovuz
və 200 nəfərlik lisey daxildir.
Yeni mərhələdə
Azərbaycan Dövlət İqtisad Universiteti, ilk növbədə,
tədrisin keyfiyyətinin yüksəldilməsini prioritet
olaraq seçmiş və bu istiqamətdə tədris
prosesinin elektronlaşdırılmasına, informasiya təminatının
yaxşılaşdırılmasına, şəffaflığın
artırılmasına, elmi-pedaqoji heyətin gücləndirilməsinə,
tədris plan və proqramlarının modernləşdirilməsinə
və beynəlxalq mübadilə və ikili diplom
proqramlarında iştirakın genişləndirilməsinə
xüsusi əhəmiyyət vermişdir.
2015-ci ildən
başlayaraq "DocNet”, "Eduman” və digər elektron
sistemlərin tətbiqi nəticəsində Azərbaycan
Dövlət İqtisad Universiteti tarixdə ilk dəfə
olaraq bütün tədris və inzibati-kargüzarlıq
proseslərini elektron müstəviyə keçirərək
elektron universitet modelini tamamlamışdır. Heç də
təsadüfi deyil ki, bu model bu il baş
verən pandemiya şəraitində universitetin fəaliyyətinin
demək olar ki, olduğu kimi davam etdirilməsinə imkan
vermişdir.
1 noyabr 2018-ci ildə UNEC iki əhəmiyyətli yeniliyə
imza atmışdır. Belə ki, həmin tarixdə UNEC-in mərkəzi
kampusunda 24/7 kitabxana və UNEC Extern - distant təhsil mərkəzi
istifadəyə verilmişdir. Hər iki
struktur ən müasir texnologiyalara əsaslanmaqla universitetdə
tədrisin informasiya təminatının
yaxşılaşmasında və təhsil xidmətlərinin
çevikliyinin və əhatə dairəsinin genişləndirilməsində
mühüm əhəmiyyətə malikdir. UNEC Extern vasitəsilə 20000 tələbəyə
distant təhsil vermək mümkündür. Mərkəzdən tərəfdaş qurumlar da
istifadə imkanına malikdirlər. Bu
günə qədər mərkəz vasitəsilə
ayrı-ayrı nazirliklərin və Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə müxtəlif
distant təlimlər həyata keçirilmişdir. 24/7 kitabxana isə müasir kitablarla təmin edilməklə
yanaşı, çoxlu sayda nüfuzlu beynəlxalq elektron
resurslara da çıxış imkanlarına malikdir.
UNEC kadr
hazırlığında bazarın tələblərini daha
dolğun şəkildə öyrənmək və onlara
uyğunlaşmaq məqsədilə 28 noyabr 2017-ci ildə
"Tələb işəgötürənlərdən - təklif
UNEC-dən” adlı konfrans keçirmiş və həmin
konfransda "UNEC - iş dünyası strateji əməkdaşlıq
platforması: UNEC2B” təqdim edilmişdir. "UNEC2B”
platforması tədrisin əmək bazarının tələblərinə
uyğunlaşdırılması, sahibkarlıq universiteti
modelinin yaradılması və məzunların işlə təmin
olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini
nəzərdə tutur. Platformaya əsasən UNEC həm də
məzunlarını işə qəbul edən işəgötürənlər
qarşısında 3 il ərzində
"servis xidməti”, yəni məzunlar üçün UNEC
tərəfindən ödənişsiz ixtisasartırma
kursları təşkil etmək öhdəliyi
götürmüşdür.
UNEC-də bazar iqtisadiyyatının tələblərinə
uyğun keyfiyyətli tədqiqatların və tədris
prosesinin təşkilində son illər dünyanın
inkişaf etmiş universitetlərindən məzun olan yüzlərlə
gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-ə
cəlb edilməsinin də böyük rolu olmuşdur. Bu gənclərin
əksəriyyəti "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrin
nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə
doktoru dərəcəsi almışdır. "Gənc müəllim” layihələri çərçivəsində
müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə
başlayan gənclər təhsil aldıqları universitetlərlə
UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin,
o cümlədən də təcrübə mübadiləsinin
qurulmasında əhəmiyyətli rol oynayırlar.
2015-ci ildən başlayaraq beynəlxalq ikili diplom
proqramları üzrə tədrisə
başlanmışdır. Hazırda UNEC-də
bakalavr və magistr pillələri üzrə 9 beynəlxalq
ikili diplom proqramı fəaliyyət göstərir. Bu
proqramlar bakalavr pilləsi üzrə Fransanın Montpelleir
Universiteti və ICD biznes məktəbi, İngiltərənin
London İqtisad Məktəbi və Rusiyanın Ali İqtisad Məktəbi,
Moskva Dövlət Humanitar və İqtisad Universiteti, magistr
pilləsi üzrə isə ABŞ-ın Linkoln Universiteti,
İsveçrənin UBİS, Fransanın Montpellier Universiteti
və Litvanın Mykolos Romeris Universiteti ilə birgə həyata
keçirilir. Bu proqramların məzunları
UNEC ilə yanaşı, qeyd edilən universitetlərin
diplomlarını da əldə edə bilirlər.
UNEC
tarixində ilk dəfə olaraq Avropa İttifaqına ali təhsil xidmətləri ixracına
başlamışdır. Belə ki, 2015-ci ildən
etibarən UNEC Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə
əldə edilmiş razılığa əsasən
Yunanıstanda birgə magistr proqramı həyata keçirir.
UNEC-də
tədrisin təşkilinin təkmilləşdirilməsi məqsədilə
bir çox yeni meqa fakültələr, eləcə də
ingilis dilində Beynəlxalq İqtisadiyyat Məktəbi, rus
dilində Rus İqtisad Məktəbi, türk dilində
Türk Dünyası İqtisad Fakültəsi, "SABAH” Mərkəzi,
İnklüziv Təhsil Mərkəzi, Beynəlxalq Magistratura
və Doktorantura Mərkəzi, UNEC Biznes Məktəbi
yaradılmışdır. UNEC ölkədə 4 dildə təhsil
xidməti göstərən yeganə ali təhsil
müəssisəsidir.
Türk dilində təhsil proqramları Türkiyə
Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən
akkreditasiya olunub və bu proqramlardan məzun olan tələbələrin
diplomları Türkiyə Respublikasında birbaşa
tanınır.
Universitetin ingilis dilində olan təhsil proqramları
hazırda abituriyentlər tərəfindən ən çox
arzu olunan proqramlar sırasındadır. Bu proqramlara bakalavr pilləsi
üzrə qəbul üçün minimum keçid balı hazırda 630 baldan yuxarıdır. Qeyd
edilən təhsil proqramları İmtiyazlı
Sertifikatlaşdırılmış Mühasiblər
Assosiasiyası (ACCA), Sertifikatlaşdırılmış
Maliyyə Analitikləri İnstitutu (CFA) kimi nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən akkreditasiya edilmiş və
bu proqramların məzunları həmin təşkilatların
müvafiq sertifikatlarını əldə etmədə bir
çox imtiyazlara malikdirlər.
UNEC hazırda ölkədə "SABAH” qrupları
üzrə ən çox tələbənin təhsil
aldığı universitetdir. Təhsil Nazirliyinin
uğurlu layihəsi olan "SABAH”ın məqsədi
savadlı, bacarıqlı və hazırlıqlı tələbələri
yeni tədris metodikasından istifadə etməklə
müasir biliklərə yiyələndirməkdən, eləcə
də Azərbaycan təhsilini digər ölkə tələbələri
və professor-müəllim heyəti üçün cəlbedici
etməkdən və həmin resurslardan səmərəli
şəkildə istifadə etməkdən ibarətdir.
UNEC Azərbaycanda
MBA təhsili üzrə aparıcı ali
təhsil müəssisəsi hesab edilir. Hazırda
UNEC ölkədə MBA təhsili sektorunun təqribən 70
faizini əhatə edir. MBA proqramları üzrə tədrisin
təşkil edildiyi UNEC Biznes Məktəbi ABŞ-ın Biznes
Məktəblərinin İnkişafı Assosiasiyasının
(AACSB) tamhüquqlu üzvüdür və ACCA tərəfindən
akkreditasiya edilmişdir.
2015-ci ildə UNEC-in tarixində növbəti bir ilk də
yaşanmışdır. Belə ki, Avropa
İttifaqının Milli Akademik Tanınma və İnformasiya
Mərkəzinin (NARIC) Yunanıstan bürosunun Direktorlar
Şurası 15 may 2015-ci il tarixində UNEC
diplomlarının Yunanıstanda tanınması haqqında qərar
qəbul etmişdir.
Tədrisin keyfiyyətinin artırılması istiqamətində
görülən kompleks işlərin nəticəsi UNEC-i
seçən təhsilalanların strukturunda baş verən dəyişikliklərdə
və müvafiq beynəlxalq reytinq agentliklərinin hesabatlarında
da özünü göstərir. Belə ki, son 6 ildə UNEC-də
bakalavr pilləsi üzrə orta keçid balı
426-ya, o cümlədən də türk dilində olan
proqramlar üzrə 437-yə, ingilis dilində olan proqramlar
üzrə isə 637-yə yüksəlmişdir. Eyni zamanda
bu dövr ərzində UNEC-i seçən Prezident təqaüdçülərinin
də sayı hər il artaraq 2014-cü ildə
1 nəfərdən 2019-cu ildə 21 nəfərə yüksəlmişdir.
Eyni tendensiya magistratura pilləsi üzrə də
müşahidə edilir.
2015-ci ildən
UNEC tələbə və magistrlarının "ENACTUS”,
"P&G Ceo Challenge Business Case”, "Made
in Azerbaijan”, "Nə? Harada? Nə
zaman?”, "Golden Byte”, "Berlin Nümayəndələr
Palatası Tədqiqat Fondu Qrantı”, "Heydər Əliyev və
Azərbaycan tarixi” kimi nüfuzlu beynəlxalq və milli
intellektual yarışların qalibləri sırasında
olması universitetimizin, onun çoxsaylı kollektivinin gərgin
əməyi nəticəsində əldə edilmiş
uğurlardır.
UNEC-də elmi tədqiqatların genişləndirilməsi
və keyfiyyətinin artırılması istiqamətində əldə
edilən nəticələr onun tədqiqat universitetinə
transformasiya yolunda inamla addımlamasına imkan verir. Hazırda
UNEC-də tədqiqatların stimullaşdırılması
üzrə differensial əməkhaqqı sistemi, nüfuzlu elmi
jurnallarda məqalə çapına görə 4 min manata qədər
qonorar və "tədqiqatçı” statusu mexanizmləri fəaliyyət
göstərir. Eyni zamanda bir çoxuna nüfuzlu xarici
alimlərin də rəhbərlik etdiyi 30-dan çox yeni tədqiqat
mərkəzləri yaradılmış, antiplagiat sistemi
formalaşdırılmış və hər il
"elm aylıq”ları keçirilir. Bu mexanizmlərin tətbiqi
nəticəsində UNEC-in nüfuzlu "Web of Science” və
"Scopus” elmi bazalarındakı əsərlərinin sayı
əhəmiyyətli dərəcədə artmış və
ölkə üzrə lider universitetlər sırasına
yüksəlmişdir. Məhz bu uğurlarına görə
nüfuzlu "Clarivate Analytics” şirkəti UNEC-i
"Outstanding Higher Education Organization”,”Web of Science Awards-2018” və
"Most Progressive Universities in Web of Science for the Last 3 Years”
mükafatlarına layiq görmüşdür. Eyni
zamanda "Webometrics” agentliyinin hesabatlarına görə
istinadların sayı baxımından UNEC ölkə üzrə
bir neçə ildir ki, ilk sıradadır.
Bütövlükdə UNEC-in 1991-2020-ci illər arası
dövrdə "Web of Scinece” bazasına daxil olan elmi əsərlərinin
80 faizdən çoxu məhz son 5 ilin payına
düşür.
UNEC ölkədə nüfuzlu elmi tədbirlərin təşkilatçısı
kimi də öz mövqeyini əhəmiyyətli dərəcədə
möhkəmləndirmişdir. Belə ki, UNEC son illər
milli və beynəlxalq statuslu çoxlu sayda elmi tədbirin təşkilatçısı
olmuşdur. Bunlar arasında tələbələr
üçün "ScienceSlam” elm müsabiqələri,
"TEDxUNEC” konfransları, Nobel mükafatı laureatı
Əziz Sancarın iştirakı ilə "Universitetlərdə
elmi fəaliyyətin müasir idarəetmə modeli”
mövzusunda beynəlxalq konfrans (2017), "Web of Science” tərəfindən
indeksləşdirilən "Davamlı inkişafın
sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans
(2019), "İqtisadiyyat və idarəetmə sahəsində
magistr və doktorantların beynəlxalq elmi konfransı” (2019,
2020) və "Rəqəmsal iqtisadiyyat: müasir
çağırışlar və real imkanlar” mövzusunda
beynəlxalq konfrans (2020), "Distant ali təhsil: yeni imkanlar və
müasir çağırışlar” mövzusunda UNEC beynəlxalq
forumu (2020) xüsusilə qeyd edilə bilər.
UNEC-in əldə etdiyi ən əhəmiyyətli
uğurlardan biri də cəmiyyətdə iqtisadi maarifləndirməni
həyata keçirən çoxsaylı ekspertlər qrupunun
formalaşmasıdır. Son illər UNEC çoxlu sayda iqtisadi
ekspertləri ilə televiziyalar, radiolar, qəzetlər,
jurnallar, sosial şəbəkələr, ictimai mühazirələr
və digər vasitələrlə iqtisadi subyektlərin
maarifləndirilməsi işinə öz töhfəsini verməyə
çalışır. Eyni zamanda UNEC
2015-ci ildə ekspertləri üçün ayrıca bir
platforma - "UNEC Ekpert Jurnalı” da təsis etmişdir.
UNEC-in beynəlxalq əlaqələrində də bir
çox uğurlar əldə edilmişdir. 2016-cı ildə
UNEC Kəmər və Yol Universitetləri Alyansına və Mərkəzi
Asiya Universitetləri Birliyinə, 2017-ci ildə isə
İslam Dünyası Universitetləri Federasiyası İdarə
Heyətinə üzv seçilmişdir.
UNEC-in beynəlxalq əməkdaşlığında
beynəlxalq mübadilə və tədqiqat proqramlarına
qoşulma xüsusi yer tutur. Hazırda UNEC beynəlxalq
tələbə və müəllim mobilliyini artırmaq məqsədilə
"Mevlana”, "Erasmus+” kimi beynəlxalq proqramlardan və
ikili razılaşmalardan geniş istifadə edir. "Mevlana” mübadilə proqramı çərçivəsində
UNEC hazırda Türkiyənin 51 universiteti, "Erasmus+”
mübadilə proqramı üzrə isə Avropanın 40-dan
çox universiteti ilə əməkdaşlıq edir.
Bunlarla
yanaşı, ikitərəfli əməkdaşlıq
proqramları çərçivəsində UNEC Fransanın
Montpellier Universiteti, Almaniyanın Siegen Universiteti, Litvanın
Mikolos Romeris Universiteti, Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi,
Rusiyanın Ali İqtisad Məktəbi, Türkiyənin
ODTÜ, Hacettepe, Boğaziçi, Koç, İstanbul və
digər universitetləri ilə də uğurla əməkdaşlıq
edir. Bunlar arasında Siegen Universiteti ilə olan əməkdaşlıq
fəaliyyətini xüsusilə vurğulamaq lazımdır.
Belə ki, DAAD tərəfindən maliyyələşdirilən
"EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin
yaradılması və məşğulluq” layihəsi çərçivəsində
dörd il ərzində təhsilalanlar üçün
sahibkarlıq sahəsində yay və qış məktəbləri
təşkil edilmiş, çoxlu sayda alimlərin və
inzibati işçilərin qarşılıqlı təcrübə
mübadiləsi həyata keçirilmişdir.
UNEC beynəlxalq qrant layihələrinin əldə edilməsi
və onların idarə olunmasında da uğurlar əldə
etmişdir.
Avropa Komissiyasının maliyyələşdirdiyi "Beynəlxalq
əlaqələr sahəsində universitet idarəçiliyinin
inkişaf etdirilməsi və təkmilləşdirilməsi”,
"Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan
ali təhsil müəssisələrinə inteqrasiyası” və
"Azərbaycanda doktorantura təhsilinin təhmilləşdirilməsi
və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə
uyğun strukturlaşdırılması” layihələri
bunlara misal göstərilə bilər. Bunlara əlavə
olaraq, UNEC iki "Creative Spark” layihəsini də
qazanmış və onların icrasını hazırda
İngiltərənin Qrinviç universiteti və Şərqi
London universiteti ilə birgə həyata keçirir.
UNEC-in qeyd edilən uğurları beynəlxalq reytinq
agentliklərinin də diqqətindən
yayınmamışdır. Belə ki, UNEC tarixində
ilk dəfə olaraq 14 iyun 2016-cı ildə QS Reytinq
Agentliyinin reytinq siyahısına daxil olmuşdur. Agentliyin hesabatına görə UNEC inkişaf etməkdə
olan Avropa və Mərkəzi Asiya regionu universitetləri
arasında ən yaxşı ilk 200 universitet sırasına
daxil olmuş və iqtisadyönümlü ən yaxşı
4-cü universitet seçilmişdir. 2017-ci
ildə isə UNEC bu siyahıda mövqeyini daha 30 pillə
yüksəldərək regionun ən yaxşı 161-170
universiteti sırasına daxil olmuşdur. Şübhəsiz
ki, bu nəticələr əvvəllər beynəlxalq reytinq
siyahısında görünməyən UNEC üçün
çox böyük nailiyyətdir.
Dünya
universitetlərinin veb populyarlığını müəyyən
edən "UniRank” agentliyinə görə 2017-2020-ci illər
arasında hər il UNEC universitet internet
resursları üzrə Azərbaycanın ən yaxşı və
ən populyar ali məktəbi seçilir. Həmçinin
nüfuzlu "Webometrics” agentliyinin reytinq siyahılarına əsasən
UNEC 2017-2020-ci illər arasında "Google akademik
istinadlarının sayı”na görə hər
il Azərbaycan ali məktəbləri arasında birincidir.
UNEC-in
yüksək mövqe tutduğu beynəlxalq reytinq
siyahılarından biri də "UI Green Metric World University
Rankings”dir. Bu reytinq siyahısına görə UNEC 2019-cu ildə
dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci
"yaşıl” universitetdir.
2020-ci ildə dünyanın ən nüfuzlu reytinq
agentliklərindən olan "The Times Higher Education” tərəfindən
açıqlanan reytinq siyahısı isə UNEC-in 90 illik
yubileyi ərəfəsində universitet kollektivi
üçün bir növ əsl hədiyyə oldu. Belə ki,
agentlik 22 aprel 2020-ci ildə "THE İmpact Ranking” reytinqini
açıqladı və bu siyahıda UNEC dünya universitetləri
arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir.
Dünya universitetlərinin fəaliyyətini Birləşmiş
Millətlər Təşkilatının 17 Dayanıqlı
İnkişaf Məqsədləri (DİM) üzrə ölçən
bu reytinqdə UNEC ən yaxşı nəticəni 17 məqsəddən
8-cisi olan "Layiqli əmək və iqtisadi artım” hədəfi
üzrə əldə etmişdir. Bu hədəf
üzrə fəaliyyətinə görə UNEC
dünyanın ən yaxşı 300 (201-300) universiteti
sırasına daxil olmuşdur. Yenə eyni siyahıda
"Keyfiyyətli təhsil” məqsədi üzrə
dünyanın ən yaxşı 401-600 universiteti
sırasında qərarlaşan UNEC möhkəm infrastrukturun
yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin
təşviqi və innovasiyaların inkişafına dəstəyi
ölçən "Sənaye, innovasiya və infrastruktur” məqsədi
üzrə "401+”, eləcə də "Məqsədlər
üçün tərəfdaşlıq” məqsədi
üzrə dünya universitetləri arasında 401-600-cü ən
yaxşı universitetlər sırasında olmuşdur.
Şübhəsiz ki, UNEC əldə etdiyi bu uğurlarla
kifayətlənmək niyyətində deyildir. Universitet 2018-ci
ildə qəbul etdiyi "UNEC-100” İnkişaf
Strategiyasını qarşıdakı illərdə
reallaşdırmaqla 100-cü ilini qeyd edəcəyi 2030-cu ilə
daha böyük uğurlarla daxil olmağı hədəfləmişdir.
Sənəd UNEC-in 2030-cu ilə qədərki
dövr ərzində onun fəaliyyətinin əsas strateji istiqamətlərini
özündə ehtiva edir. Strategiyada
2030-cu ilə qədər reallaşdırılması nəzərdə
tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən
olunmuşdur. Eyni zamanda sənəddə
qeyd olunan hədəf və məqsədlərin həyata
keçirilməsi üçün konkret strateji fəaliyyət
istiqamətləri də öz əksini tapmışdır.
Sənədə görə UNEC 100
yaşını qeyd edəcəyi 2030-cu ildə
dünyanın ən yaxşı 500 universiteti
siyahısına daxil olmağı hədəfləmişdir.
UNEC 90 illik tarixində çox şərəfli yol
keçmişdir. Bu gün universitet Azərbaycanın və Qafqazın ən
nüfuzlu universitetləri sırasındadır və ölkə
ali təhsilini beynəlxalq reytinq
siyahılarında təmsil edən universitetlərdən
biridir. Əminik ki, ölkəmizin inkişaf edən
iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu
sayəsində yaxın gələcəkdə UNEC dünya
universitetlərinin reytinq siyahılarında vətənimizi
daha yüksək yerlərdə təmsil edəcək, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin universitet
qarşısında qoyduğu vəzifələri layiqincə
yerinə yetirərək Azərbaycanın inkişafına
böyük töhfələr verəcəkdir.
Ədalət MURADOV,
Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru,
professor
İki sahil.- 2020.- 20
iyun.- S.8-9