ÜST: Azərbaycanın aidiyyəti orqanları

çox şəffaf, açıq fəaliyyət göstərirlər

 

Çindən başlayaraq bütün dünya dövlətlərini bürüyən, yoluxma halları, risk təhlükəsi artan koronavirusla mübarizə artıq beynəlxalq ictimaiyyətin başlıca vəzifəsi kimi hamını düşündürür. Əhalisini xəstəlikdən qorumaq üçün profilaktiki tədbirlər həyata keçirən, mütəxəssis söhbətləri ilə əhalini maarifləndirən ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyə yoluxma hallarına qarşı mübarizə davam etdirilir.

Yüksək hərarət, qızdırma ilə başlayan, sonradan ağ ciyərlərdə fəsad törədən virus quru öskürəyə çevrilməklə bəzi hallarda ölümlə nəticələnir.  Beynəlxalq aləmdə “COVİD-19”( koronovirus xəstəliyi) adlanan xəstəliyin qarşısını almaq,  virusun yayılma coğrafiyasını məhdudlaşdırmaq üçün artıq qonşu dövlətlər arasında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulur, qabaqlayıcı tədbirlər həyata keçirilir. Qabaqlayıcı tədbir kimi qonşu ölkələrlə sərhəd-buraxılış, gömrük-keçid məntəqələrində, hava limanlarında  gücləndirilmiş iş rejimi tətbiq olunur, sanitar qaydalara uyğun prosedurlar həyata keçirilir, nəqliyyat vasitələri viruslardan qorunma əleyhinə hazırlanmış dərman vasitələri ilə dezinfeksiya edilir. Azacıq da olsa  xəstəliyin əlamətləri hiss olunan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur, karantin nəzarətinə alınır. Xəstəlik əleyhinə mübarizə məqsədilə yaradılan komissiyaya daxil edilən orqanların, Səhiyyə Nazirliyinin açıqlamalarından bəlli olur ki,  aidiyyatı strukturlar tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər müsbət nəticəsini verir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının İTV-yə müsahibəsində qeyd olunuğu kimi, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi, ÜST-a müvafiq məlumat verilməklə düzgün addım atmışdır.

 

Azərbaycan hökuməti

ciddi tədbirlər həyata keçirir

 

İlk gündən xəstəliklə mübarizəyə operativ olaraq başlayan Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”” təsdiq edilməsini təqdir edən ÜST rəsmisi xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşmış, beynəlxalq standartlara cavab verən, stasionar, səyyar və mobil tipli  biotəhlükəsizlik laboratoriyaların fəaliyyətini də yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərirlər.

Belə ki, ilk yoluxma halı müəyyən olunduqdan dərhal sonra mətbuat konfransı keçirildi, KİV nümayəndələri xəstəliyin yaranma səbəbləri, profilaktikası ilə bağlı məlumatlandırıldı. Bununla da  xəstəliklə bağlı məlumat azlığından əhali arasında təşviş yaradacaq təhlükə aradan qaldırıldı. Riskli zonalar hesab olunan sərhəd bölgələrinə müxtəlif sahələr üzrə təcrübəli həkimlərdən ibarət işçi qrupları göndərilməklə yarana biləcək fəsadların qarşısı əvvəlcədən, etibarlı vasitələrlə alınır.

Yaxın qonşu olan İranda xəstəliyə yoluxma hallarının artması nəzərə alınaraq, sərhəd bölgəsində nəqliyyatın və az da olsa mülki şəxslərin  gediş-gəlişinə nəzarət gücləndirilib. Karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana təşkil olunub. Virusun dünyada daha geniş yayılmaması üçün ÜST Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyadan alınan ilkin testləri bütün ölkələrə göndərir. Artıq Azərbaycana da 1000 ədəd test göndərilib və ikinci mərhələdə bu testlərin gətirilməsi davam etdiriləcək. Keyfiyyəti bəlli olmayan yerlərdən alınan testlərlə düzgün nəticə əldə etmək mümkün olmadığı üçün Azərbaycan hökuməti daha keyfiyyətli testlərin tətbiqinə çalışır.

 

İnfeksiyaya yoluxmuş

şəxslər xəstə hesab olunmurlar

 

Xəstəlik yayılan ilk gündən xəbər verildiyi kimi, koronavirusa bənzər əlamətlərin müşahidə olunması “SOVİD-19”” kimi qəbul olunmamalıdır. Aparılan araşırmalar da göstərdi ki, infeksiyanın aşkarlandığı bəzi insanlar xəstə deyillər və onlarda hərarət, öskürək kimi hər hansı bir simptom yoxdur. Ölkəmizdə də karantinə yerləşdirilənləri virusa yoluxan xəstə adlandırmaq düzgün deyil.

 

Koronavirusa yoluxmuş şəxslərin

81%-i bu xəstəliyi çox yüngül keçirir

 

ÜST-in açıqlamalarından da aydın olur ki, virusun ilk əlamətlərinin hiss olunduğu insanların 81% bu xəstəliyi çox yüngül keçirir. Bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5% xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicəsinə ehtiyac yaranır. Virusa yoluxmuş insanların ümumi vəziyyətinin yaxşılaşdırılması, nəfəsalma problemləri yarandığı halda müvafiq yardım göstərilməsi, qanlarının yoxlanması, hərarətlərinə nəzarət olunması, onların sağlam şəkildə bu dövrü keçirmələrinə köməklik göstərilməsi ümumi müayinə və müalicə prosedurudur. 65 yaşdan yuxarı insanlar üçün bu virus daha risklidir. Əsas odur ki, insanlarda təşviş, stress halları yaranmasın.

 

Təşvişə yox, ehtiyatlı davranmağa ehtiyac var

 

ÜST-in açıqlamasında qeyd olunduğu kimi, yeni virus olduğu üçün koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi, xəstəliklə davranma yolu müəyyən edilməyib. Daha çox narahatlıq yaradan koronavirusun insanlara təsiri yox, onun geniş coğrafiyada yayılmasının qarşısının alınmasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı. Azərbaycanda da orta və ali təhsil, tərbiyə müəssilərində tədrisin martın 10-na kimi dayandırılması profilaktik tədbirlərdəndir. Aparılan ciddi nəzarət nəticəsində əczaxanalarda istənilən qədər qoruyucu vasitə və spirtlə təmin olunub.

 

İnsanlar ümumi gigiyena

qaydalarına ciddi riayət etməlidirlər

 

Virusa yoluxma halların qarşısının alınması üçün insanlardan daha diqqətli olmaq, sanitar-gigiyena qaydalarına əməl etmələri tələb olunur. Qapalı məkanlarda yoluxma ehtimalı çox olduğu üçün insanlar biri- birindən uzaq məsafədə dayanmalıdırlar. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayanmaları yoluxma riskini azaldır.

Yoluxma daha çox hava damcısı ilə yarandığı üçün  öskürmə və asqırma hallarında ağız birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız dəsmalla tutulmalıdır. Xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə virus daşımaqdan çəkinməlidirlər. Mütləq olaraq əllər tez-tez sabunla yuyulmalı, spirtlərlə dezinfeksiya olunmalıdır. Əllər vasitəsi ilə ağıza və gözə toxunmama adətinə öyrəşmək lazımdır. Hərarət, öskürək əzələ ağrıları müşahidə edildikdə, mümkün qədər çölə çıxmaqdan çəkinilməlidir.

Bu vərdişlərə daha çox 60-65 və yuxarı yaşda olanlar əməl etməlidirlər.

 

Maska koronavirusdan

qorunmağa kömək etmir

 

Əvvəlkilərdən fərqli olaraq yollarda, nəqliyyat vasitələrində maskalı insanların sayı çoxalıb. Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Adi maskaların insanları qoruması barədə rəy yanlışdır. Maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar. Mütəxəssis rəyinə, həkim məsləhətinə qulaq asaq, ölkədə aparılan profilaktik tədbirlərdə yaxından iştirak və əməl etməklə özümüzü, yaxınlarımızı, bütün insanları virusdan qoruyaq!

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2020.- 5 mart.- S.14.