Xalçalarımızın getdikcə artan

şöhrətindən söz düşəndə...

 

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən davamlı islahatlar nəticəsində ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılıq da öz yeni inkişaf mərhələsinə qədəm qoyub. Şübhəsiz, bu prosesdə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması mühüm rol oynayıb. Belə ki, ümumilikdə  planda 32 fabrikin açılışı nəzərdə tutulub ki,  onlardan 11-i artıq fəaliyyətdədir.

Bu günlərdə onların sırasına daha 4-ü əlavə edildi. Belə ki, Prezident İlham Əliyevin Goranboy,  Qazax, Ağstafa, Tovuz rayonlarına səfərləri çərçivəsində sözügedən rayonlarda “Azərxalça” ASC-nin filialları açıldı. Bu filiallarda əsasən dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanan xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək.

Şübhəsiz, bütün bunlar hər şeydən əvvəl ölkəmizdə xalçaçılığın qədim sənət növü kimi inkişafına göstərilən xüsusi qayğıdan bir daha xəbər verir. Digər tərəfdən, xalça fabriklərinin bölgələrdə fəaliyyətə başlamaları xüsusi əhəmiyyət kəsb edir. Çünki milli mədəniyyətimizin bariz nümunəsi olan xalçaçılıq bölgələrimizdə yüzlərlə yeni yerlərinin açılmasına, əhalinin məşğulluğuna da bir vəsilədir. Məsələn, Goranboyda açılan filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulur. Ölkəmizdə 32 belə fabrikin fəaliyyət göstərəcəyini nəzərə alsaq, orta hesabla 3500 xalçaçının işlə təmin ediləcəyini əminliklə söyləmək olar.

Bu müəssisələrin yerli xammalla təchiz oluması da diqqət mərkəzindədir. Belə ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında yun-əyirici boya fabrikində avadanlıqların quraşdırılması prosesi davam etdirilir. Son illərin müşahidələrinə istinadən qeyd edək ki, xalça ölkəmizə gələn turistlərin ən çox maraq göstərdikləri məhsullardandır. Bu mənada demək olar ki,  xalçaçılıq turizmin inkişafına da töhfə verən sahədir. Prezident İlham Əliyev də dəfərlərlə vurğulayıb ki, hazırda Azərbaycan xalçalarına dünyada da çox böyük tələbat var. Üstəlik,  potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb. Bu mənada bu gün dünya miqyasında xalçaçılıq sənətinə respublikamız qədər önəm verən ikinci bir ölkə yoxdur. Son illər Prezident İlham Əliyevin bu sahə ilə bağlı həyata keçirdiyi layihələr də bunu təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan xalçasının getdikcə artan şöhrətindən söz düşəndə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində bizim xalçaların dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini də qeyd etmək lazımdır.

Bir sözlə, Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin dünyada daha geniş təbliğinə, həm də  qeyri-neft sektoruna öz töhfəsini verməkdədir. Elə bu səbəbdən cari ildə də xalçaçılığın inkişafı diqqət mərkəzində olacaqxalça istehsalı emalatxanalarının yaradılması istiqamətində işlər davam etdiriləcək.

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2020.- 6 mart.- S.19.