Xalcalarımıza gözəllik verən
nənələrimizin
ruhu, təbiətimizin gözəllikləridir
Prezident İlham Əliyevin bölgələrə səfərləri zamanı Tovuz, Goranboy, Qazax, Ağstafa
rayonlarında “Azərxalça”nın filiallarının
açılması qadınlar arasında işsizliyin aradan qaldırılmasına
göstərilən diqqətdir
Azərbaycanın xalq tətbiqi sənətinin əsas qollarından olan xalçaçılığın xalqımızın milli- mədəni tarixində özünəməxsus yeri var. Xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutub və xalqın rəmzinə çevrilib. Xalçalarımızın naxışlarında xalqımızın tarixi, milli dəyərlərimiz, mədəniyyətimiz illərdən bəridir ki, yaşadılır. Əsrlərdən bəri müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar evlərin, dəyələrin, çadırların, alaçıqların bəzəyinə çevrilməklə, otaqların döşənməsində də istifadə edilir. Milli naxışları ilə göz oxşayan xalçalarımız xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürüdür. Bu mənada xalçaçılığın genişləndirilməsi, ən gözəl nümunələrinin dünya bazarlarına çıxarılması üçün mühüm tədbirlər həyata keçirilir.
Milli-mənəvi sərvətlərimizin qorunmasına, el sənətlərinin yaşanmasına diqqət göstərən Prezident İlham Əliyevin son illərdə qeyri -neft sektorunun gəlirli sahələrindən olan xalçaçılığın inkişafına göstərdiyi səylər bəhrəsini verir. “Azərxalça” Açıq Səhimdar Cəmiyyətinin (ASC) xətti ilə bölgələrdə yaradılan fabriklərdə toxunan, əl işi, göz nuru olan xalçalarımız hazırda dünya bazarlarında böyük şöhrət qazanıb.
Qobustanda, Naxçıvanda, Füzulidə, Şəmkirdə, Qubada, Xaçmazda, Qəbələdə, İsmayıllıda... fəaliyyət göstərən xalça emalatxanalarında el sənətini yaşadan qadınların fəaliyyəti üçün əlverişli şərait yaradılıb.
Kompleks səy tələb edən və kollektiv əməyin bəhrəsi olan xalçaçılığın inkişafı üçün yun ipliklər və təmiz yun istehsal edən müəssisələrin yaradılmaısı, yunəyrici-boyaq fabriklərində yerli xammallardan istifadə fermer təsərrüfatlarında xırdabuynuzlu heyvanların sayının artırılmasını da aktuallaşdırır.
Qarabağ xalçası, Qarabağ muğamı, Qarabağ atları kimi xalçalarımız da məşhur olub. “Azərxalça” ASC-nin kollektivinin əməyi sayəsində yaradılan xalça istehsalı emalatxanalarında toxunan xalçalar da artıq Azərbaycan brendi kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla ölkəmiz təkcə maddi gəlir əldə etmir. Xalça ixracında ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik.
Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan xalçalarının tanıdılması baxımından Almaniyanın Hannover şəhərində keçirilən “DOMOTEX-2018” beynəlxalq sərgisi uğurlu olub. Sərgidə Azərbaycan brendi kimi xalçaçılıq ənənələrinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Quba, Şirvan və Qazax-Borçalı xalçaları gözəlliyi, texnologiyası ilə diqqət çəkib. İştirakçıların marağına səbəb olan Azərbaycan xalçaları arasında zəngin mədəniyyətimizin 150 illik və daha qədim tarixindən xəbər nümunələr də olub.
Prezident İlham Əliyevin bildirdiyi kimi, qeyri-neft sektorunda aparılan islahatların tərkib hissəsi olan, xalqımızın inanclarını, nağıllarımızın ruhunu yaşadan, təbiətimizin rənglərini özündə birləşdirən xalçaçılığın inkişafı yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir.
Bu günlərdə regionlara səfərləri zamanı “Azərxalça”nın Tovuz, Goranboy, Qazax, Ağstafa filiallarının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilmişdir ki, fabriklərdə əsasən yerli qadınlar çalışacaq. 43 dəzgahda toxunacaq orijinal xalçaların çeşnilərində nənələrimizdən yadigar qalan naxışlara üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Zəruri xammal, ləvazimat və alətlərlə təmin edilən müəssisələrdə 150 qadın işlə təmin olunub. “Azərxalça””nın təşkil etdiyi hazırlıq-tədris kurslarında xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdirən qadınların əl işləri olan xalçaların sərgilənməsi və satışı da həyata keçiriləcək.
Azərbaycan xalçalarının dünyada təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti ilə müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi ilə bağlı mühüm layihələr həyata keçirən, təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənən Mehriban xanım Əliyevanın qurumla səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam, aşıq, tar ifaçılıqı, kələğayı sənətləri, Novruz bayramı kimi Azərbaycan xalçaları da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Xuraman İsmayılqızı
İki sahil.- 2020.- 11 mart.- S.13.