Vidadi Muradov: Məqsədimiz ölkəmizi
təkcə
xalça istehsalı deyil, həm də dünyanın
xalça ticarəti
mərkəzinə çevirməkdir
Prezident İlham Əliyevin diqqət
və qayğısı ilə son illər ölkəmizdə
xalçaçılığın inkişafı istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Dövlət
başçısının ötən həftə bölgələrə
səfəri zamanı “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin filiallarının fəaliyyəti ilə
tanış olması ölkə rəhbərinin bu sahəyə
nə qədər böyük önəm verdiyinin parlaq təzahürüdür.
AZƏRTAC
son illər xalçaçılığın inkişafı
sahəsində görülən işlər, bu sahənin gələcək
perspektivləri və digər suallarla “Azərxalça”
Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin
sədri Vidadi Muradova müraciət edib. İdarə Heyəti
sədrinin AZƏRTAC-a verdiyi məxsusi müsahibəni
oxuculara təqdim edirik.
-Vidadi müəllim, “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin indiyədək
neçə filialı yaradılıb və daha neçə
filialın yaradılması nəzərdə tutulub?
-
Əvvəla onu qeyd edim ki, qədim sənətimiz olan
xalçaçılığın qorunması,
inkişafı və kütləvi xalça
istehsalının təmin edilməsi Azərbaycan Prezidenti
İlham Əliyevin xalqımız qarşısındakı
mühüm tarixi xidmətlərindən biridir. Ölkə rəhbəri
belə tədbirləri həyata keçirməklə milli dəyərlərimizə
sahib çıxdığını bütün dünyaya
nümayiş etdirib, milli ənənələrlə
müasirliyi birləşdirən mükəmməl bir
dövlət modeli yaradıb. Bu sahənin inkişafında
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri
də ayrıca qeyd olunmalıdır.
Sualınıza
cavab olaraq bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 5 may
2016-cı il tarixli Sərəncamı ilə yaradılan “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin respublikamızın
20 rayonunda 21 filialı fəaliyyət göstərir. Prezident
İlham Əliyev bölgələrə səfərləri
zamanı bu filiallarda da olur, toxucularla görüşür,
onların qayğı və problemləri ilə maraqlanır.
İndiyədək ölkə rəhbəri “Azərxalça”nın
14 filialının fəaliyyəti ilə tanış olub. Təkcə
ötən həftə dövlətimizin
başçısı “Azərxalça”nın Goranboy, Qazax,
Ağstafa və Tovuz filiallarının fəaliyyəti ilə
tanış oldu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində
Xocalı filialı yaradılacaqdır. Ölkə rəhbərinin
tapşırıqlarına uyğun olaraq, gələcəkdə
“Azərxalça”nın filiallarının sayının 31-ə
çatdırılması nəzərdə tutulub.
Bütün bunlar onu göstərir ki,
xalçaçılığın inkişafı dövlətimizin
başçısının diqqət mərkəzindədir.
-Qeyd etdiniz ki, artıq 21 filial fəaliyyət
göstərir. Bu filialların xammalla təmin olunması
üçün mühüm tədbirlərin həyata
keçirildiyindən xəbərdarıq. Yunəyirici-boyaq
fabrikinin qurulması istiqamətində görülən
işlər hansı mərhələdədir? Səhmdar cəmiyyətin
filiallarında nə vaxt yerli xammaldan xalça toxunacaq?
-
Sumqayıt Kimya Sənaye Parkında yaradılan Yunəyirici-boyaq
fabrikinin tikintisi artıq başa çatdırılıb.
Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya,
İsveçrə və Çin istehsalı olan
avadanlıqlar quraşdırılır. Bu fabrikdə təmiz
yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik
istehsal ediləcək. Fabrik fəaliyyətə
başladıqdan sonra respublikanın
xalçaçılıq müəssisələrinin yun
ipliyə olan tələbatı ödəniləcək,
idxaldan asılılıq tamamilə aradan
qaldırılacaqdır. Bu müəssisədə birnövbəli
iş rejimində ildə 1500 ton yun emal ediləcək. Fabrikin
iplik istehsal gücü isə birnövbəli iş rejimində
ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili
tələbatı ödəyəcək, eyni zamanda, ixrac
imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz
yun isə xammal kimi satışa çıxarılacaqdır.
Yunəyirici-boyaq
fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə
tutulmuşdu. Ancaq Çin Xalq Respublikasında yayılan
koronavirus bizim fabrikin qurulub başa çatdırılması
prosesinə də təsirsiz ötüşmədi. Fabrikin
yunun yuyulması sexinin avadanlıqları Yeni Zelandiya mənşəli
Çin istehsalıdır. Ona görə də bu
avadanlıqların Çin mütəxəssisləri tərəfindən
quraşdırılması nəzərdə tutulmuşdu.
Alternativ variantların axtarışı bu prosesi bir az ləngitdi.
Hesab edirik ki, may ayının sonuna qədər fabrikin
quraşdırılması prosesi başa
çatdırılacaq və bu ilin ikinci yarısından
xalça emalatxanalarında yerli xammaldan məhsul istehsalına
başlanılacaqdır.
Yunəyirici-boyaq
fabrikinin xammalla təmin olunması məqsədilə
Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə
və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin
tədarükü məntəqələri yaradılıb.
Qobustandakı regional məntəqənin açılış
mərasimində Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin
hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul ediləcək.
Tədarük məntəqələrinin yerləşdiyi yer
seçilərkən nəzərə alınıb ki, onlar
ölkəmizin bütün bölgələrini əhatə
etsin. Bu ilin may ayında fəaliyyətə başlayan regional
məntəqələrdə yun tədarükünü davam
etdiririk. Ötən il 300 ton yun tədarük olunub. Bu ildən
regional məntəqələrdə boyaq bitkilərinin də
qəbulu həyata keçiriləcəkdir.
-Vidadi müəllim, “Azərxalça”nın
filiallarında indiyədək nə qədər xalça
toxunub və istehsal olunan məhsulun satışının
genişləndirilməsi istiqamətində hansı işlər
görülür?
-Xalça
istehsalı emalatxanalarında indiyədək 16 min 662
kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559
kvadratmetri satışa hazırlanıb ki, onun da 1919
kvadratmetri, təqribən 50 faizi satılıb. “Azərxalça”nın
istehsalı olan məhsulların satışının
intensivləşməsi Hazır Xalçaların Emalı Mərkəzinin
yaradılmasından asılıdır. Hazır
xalçanın emalı ilə bağlı insanlarda o qədər
də təsəvvür yoxdur. Ancaq dünya bazarı bunu tələb
edir. Xalça hanadan kəsildikdən sonra mütləq emal
olunmalıdır. Yəni, xalça yuyulmalı,
dartılmalı, ütülənməli, beləliklə,
satışa hazır vəziyyətə gətirilməlidir.
Xalça ticarəti ilə məşğul olan şirkətlərin
əsas tələbi xalçanın emal edilməsidir. Bu mərkəz
fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz
xalçaların satışa çıxarılması
prosesi intensivləşəcək, bizim məhsullarımızın
hamısı daxili və xarici bazarda satılacaqdır.
“Azərbaycan
Respublikasında xalça sənətinin qorunmasına və
inkişaf etdirilməsinə dair 2018-2022-ci illər
üçün Dövlət Proqramı”nda
xalçalarımızın ölkə brendi olaraq dünya
bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən
biridir.
“Azerbaijan
carpet” (“Azərbaycan xalçası”) brendinin
yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda
təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinə
tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi
ilə bu istiqamətdə mühüm işlər həyata
keçirmişik. Artıq “Azərbaycan xalçası” brendi
yaradılıb. İndi dünya bazarına ixrac olunan milli
naxışlı xalçalarımız “Azərbaycan
xalçası” brend adı ilə satılır.
Ölkə
başçısının tapşırıqlarına
uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti
“Azərbaycan xalçası” brendinin dünya bazarında
öz yerini tuta bilməsi və möhkəmlənməsi
üçün müvafiq tədbirlər həyata
keçirir.
Ötən
dövr ərzində xarici xalça bazarları
araşdırılıb, əllə toxunmuş xalça
idxal edən ölkələrin bazar payı öyrənilib.
Müəyyənləşdirilib ki, ABŞ, Yaponiya, Birləşmiş
Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada,
İtaliya, İsveçrə dünyanın xalça idxal edən
ölkələri sırasında ilk yerləri tuturlar. Bundan
başqa, Rusiyanın xalça bazarı haqqında marketinq
araşdırması aparılıb. Aparılmış
araşdırmalar nəticəsində məlum olub ki,
dünya bazarında ən çox əl əməyindən
istifadə olunaraq toxunan xalçaların ənənəvi
növlərinin satışına üstünlük verilir.
Bu istiqamətdə işlər davam etdirilir.
“Azerbaijan
carpet” brendinin xarici bazarlarda təşviqi üçün
ardıcıl tədbirlər görülür. Azərbaycan
xalçalarının təbliği, yeni toxunan
xalçaların reklamı məqsədilə dünyanın
bu sahə üzrə ixtisaslaşmış nüfuzlu
“Halı” və “Carpet XL” jurnalları ilə əməkdaşlıq
edirik.
Azərbaycan
xalçalarının ixracı üçün ABŞ,
Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri
ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə
fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan
xalçalarının bu ölkəyə idxalı
üçün “Azərxalça”ya müraciət
etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin
“Azərxalça”nın İsveçdəki distribüteri
olmasına razılıq verildi. Stokholmun “Vikjö” ticarət mərkəzində
açılan mağazada Azərbaycan xalçalarının
Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə
qrupları üzrə müxtəlifölçülü
xalçalar satışa çıxarıldı.
Ötən
il “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət
Palatası arasında imzalanan niyyət protokoluna uyğun
olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr
edilmiş tədbirlərin keçirilməsinə
başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan
xalçalarının təbliğ edilməsi, “Azərxalça”nın
məhsullarının satış imkanlarının genişləndirilməsidir.
Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən
inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi
açılıb.
-Xalçaçılığın
inkişafı ölkəmizə nə vəd edir?
-Əvvəla
onu deyim ki, bu sahənin inkişaf etdirilməsinin regionlarda məşğulluğun
artırılmasında, xalqımızın milli dəyərlərinin,
maddi və mənəvi irsinin qorunub saxlanılmasında,
itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti
nəzərə alınaraq, ölkəmizdə
xalçaçılığın geniş şəbəkəsi
yaradılır. Səhmdar cəmiyyətin istehsalı olan məhsulların
“Azərbaycan xalçası” brendi kimi ixrac edilməsinə
başlanılması milli xalçalarımızın tarixən
bütün dünyada yayılmış şöhrətini
özünə qaytarır. Bu, həm də dövlətimizin
xalçaçılığa güclü ideoloji faktor kimi
münasibətinin nəticəsidir.
Xalçaçılığın inkişafı, xalça
istehsalı emalatxanalarının yaradılması minlərlə
iş yerinin açılmasına, ölkəmizin ixrac
imkanlarının genişləndirilməsinə səbəb
olur. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
31 xalça istehsalı emalatxanası yaradıldıqdan sonra
4650 toxucunun işlə təmin edilməsi nəzərdə
tutulub. İnzibati-təsərrüfat işçiləri ilə
birlikdə xalça istehsalı emalatxanalarında 5053 nəfər
çalışacaqdır. Yunəyirici-boyaq fabrikində, tədarük
məntəqələrində, gələcəkdə
yaradılması nəzərdə tutulan Emal Mərkəzində
fəaliyyət göstərəcək işçilərə
birlikdə bu sahədə 6 minə yaxın iş yerinin
yaradılması planlaşdırılır. Bu, ölkəmizdə
məşğulluq probleminin həllinə mühüm dəstəkdir.
İlkin
mərhələdə 31 emalatxanada il ərzində 39 min 60
kvadratmetr xalça toxunması nəzərdə tutulub.
İstehsal olunan məhsulun 70 faizinin xarici bazarda, 30 faizinin
daxili bazarda satılması planlaşdırılır.
Təbii
boyadan istifadə edilməklə istehsal olunacaq iplikdən ildə
5 min kvadratmetr xalça toxunacaqdır. Belə xalçalar
dünya bazarında daha baha qiymətə satılır. Gələcəkdə
hədəf belə xalçaların istehsalını 10 min
kvadratmetrə çatdırmaqdır.
Bu il
istifadəyə verilməsi nəzərdə tutulan Yunəyirici-boyaq
fabrikində iki adda məhsul – yuyulmuş yun və
boyanmış yun iplik istehsal olunacaqdır. Burada ikinövbəli
iş rejimində ildə 3000 ton çirkli yun emal edilməsi
mümkündür. Xarici bazarlara ildə 50 ton xalça
ipliyi, 100 ton tekstil ipliyi, 600 tondan çox yuyulmuş yun
ixracı planlaşdırılır.
“Azərxalça”nın
qurulması prosesi başa çatdırıldıqdan sonra
ilkin mərhələdə bu göstəricilərə nail
olunacaqdır. Gələcəkdə səhmdar cəmiyyətin
istehsalı və buna paralel olaraq gəlirləri daha da
artacaqdır. Beləliklə, “Azərxalça” rentabelli
işləyən müəssisəyə,
xalçaçılıq isə ölkəmizə valyuta gətirən
sənaye sahəsinə çevriləcəkdir.
Onu
da qeyd edim ki, bizim məqsədimiz ölkəmizi təkcə
xalça istehsalı mərkəzinə deyil, həm də
dünyanın xalça ticarəti mərkəzinə
çevirməkdir. Azərbaycanın xalça istehsal edən
ölkələrlə xalça idxal edən ölkələr
arasında ticarət körpüsü rolunu oynamaq
üçün geniş potensialı vardır. Ölkəmizin
Şərqlə Qərbin qovuşuğunda yerləşməsi,
minillik xalçaçılıq ənənələrinin
mövcudluğu, geniş xalçaçılıq şəbəkəsinin
yaradılması Azərbaycanın dünyanın xalça
ticarəti mərkəzinə çevrilməsinə imkan
verir. Bütün bunların reallaşdırılması
xalçaçılığın qeyri-neft sektorunun
aparıcı sahələrindən biri kimi, ölkəmizin
inkişafına mühüm töhfələr verməsinə
gətirib çıxaracaqdır.
-Vidadi müəllim bilirik ki, “Azərxalça”
əsasən ənənəvi çeşnilərlə
xalça toxunmasına üstünlük verir. Müasir
bazarın tələbi isə daha çox modern
xalçalardır. Bu, istehsal olunan xalçaların
satışına problem yaratmır?
-Xüsusilə
qeyd etmək istəyirəm ki, “Azərxalça”nın fəaliyyətinin
əsas istiqaməti birinci növbədə ənənəvi
xalçaçılığımızı qorumaq və
yaşatmaqdır. Çünki xalça bizim milli dəyərimizdir
və biz bu dəyəri göz bəbəyi kimi qoruyub gələcək
nəsillərə ötürməliyik. Ümumilikdə, Azərbaycanın
xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə
görə 9 qrup üzrə təsnif və tədqiq olunur:
Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan,
Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi
Azərbaycan). Bu təsnifat “Azərbaycan Respublikasında
xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə
dair 2018-2022-ci illər üçün Dövlət
Proqramı”nda da öz əksini tapıb. “Azərxalça”nın
filiallarında bu xalça qruplarının çeşniləri
əsasında xalçalar toxunur. Sizin müasir bazarın tələbinin
tamamilə modern xalçalar olması fikrinizlə
razılaşmıram. Ənənəvi çeşnilər əsasında
toxunan Azərbaycan xalçalarına keçmiş dövrlərdə
olduğu kimi, bu gün də böyük tələbat
vardır. Ancaq biz modern xalçalar istəyən müştəri
kontingentini də Azərbaycan xalçaları almağa cəlb
etmək üçün ənənəvi çeşnilərimiz
əsasında modern çeşnilər
hazırlayırıq. Yəni, “Azərxalça”nın
filiallarında həm klassik, həm də modern xalçalar
istehsal ediləcəkdir. Bu da imkan verəcək ki, toxunan
xalçaların satış problemi olmasın.
-Hər hansısa bir sahənin
dayanıqlı inkişafını təmin etmək
üçün peşəkar kadr potensialı
formalaşdırılmalıdır. Əgər bu sahə
milli dəyərləri özündə ehtiva edirsə, o
zaman varisliyin təmin olunması mütləqdir. Bu istiqamətdə
görülən işlər, eləcə də gənclərin
xalçaçılığa marağı barədə məlumat
verərdiniz?
-Azərbaycan
xalqı tarixən xalçaçılıqla məşğul
olub. Xalça bizim məişətimizdə mühüm yer
tutub. Ona görə də ilk baxışdan belə təəssürat
yaranır ki, bizim xalçaçılıqla bağlı
peşəkar kadr problemimiz olmamalıdır. Ancaq bu, bir həqiqətdir
ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
xalçaçılığın da diqqət və
qayğıdan kənarda qalması insanların bu sənət
sahəsinə marağını azaltmışdı. Peşəkar
toxucular xalçaçılıqdan uzaqlaşmış,
başqa sahələrlə məşğul olmağa
başlamışdı. Gənclər isə demək olar ki,
bu sənəti öyrənməyə həvəsli deyildi.
İlk filialı yaradarkən düşünürdük ki,
kadr potensialını formalaşdırmaq bir az çətin
olacaq. Ancaq dövlətimizin xalçaçılığa
göstərdiyi qayğı Azərbaycan xalqının
daxilindəki xalça ruhu ilə birləşərək bu sənət
sahəsinə ikinci həyat verdi. Uzun illər ərzində
xalçaçılıq peşəsindən ayrılan
qadınları yenidən bu sənət sahəsinə qaytara
bildik. Xalçaçılıqla məşğul olmaq istəyən
gənclərin sayı hər gün artmağa başladı.
İndi bizim filiallarımızda çalışan
toxucuların əksəriyyəti gənclərdir. Onların
bu sənətin sirlərinə yiyələnməsi
üçün tədris-hazırlıq kursları təşkil
olunur. Gənclərin bu sənətə yönləndirilməsi
olduqca vacib və önəmli məsələdir.
Çünki xalçaçılıq sənətinin
yaşadılması gənclərin bu sənəti davam etdirməsindən
asılıdır. Hamımıza məlumdur ki, XXI əsr
yüksək texnologiyalar, innovasiyalar və elm tutumlu
istehsalatlar əsridir. Müasir dövrün gəncləri
elmi-texniki yeniliklərə daha çox meyil edir. Bu isə ənənəvi
sahələrin, milli dəyərlərin unudulmasına gətirib
çıxarır. Millətlərin və dövlətlərin
öz milli dəyərlərini, ənənəvi sahələrini
qoruyub saxlaya bilmələri üçün gənclər bu
sahələrə istiqamətləndirilməli, onları
yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin
“Azərxalça”nın filiallarında işlə təmin
olunması, onların toxuculuq peşəsinə yiyələnməsi
strateji məqsədlərə xidmət edir. Xalça
istehsalı emalatxanalarında işləyən gənclər
ömrünü bu sənətə həsr edən, uzun illərdir
xalçaçılıqla məşğul olan toxucularla bir
yerdə çalışır, onlardan sənətin sirlərini
daha dərindən öyrənirlər. Beləliklə,
xalçaçılıqda varislik təmin olunur, qədim el
sənətimiz yaşadılaraq gələcək nəsillərə
ötürülür.
Bu
sahədə görülən işlər təkcə
peşəkar toxucu kadrların yetişdirilməsi ilə məhdudlaşmır.
“Azərxalça”nın kadr potensialının
formalaşdırılması istiqamətində görülən
işlər kompleks xarakter daşıyır. Yaxın gələcəkdə
peşəkar toxucularla yanaşı, peşəkar yun mütəxəssisləri,
boyaqçılar, xalça bərpaçıları,
xalça tacirləri də yetişəcək və bu sahənin
uzunmüddətli perspektivdə sürətli inkişafı təmin
ediləcəkdir.
-Maraqlı
müsahibə üçün sağ olun!
İki sahil.- 2020.- 13 mart.- S.10.