Naxçıvanda elmin inkişafı dünya elminə

verilən töhfələrlə diqqəti cəlb edir

 

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan elm sahəsində də həmişə öz nailiyyətləri ilə seçilmişdir. Naxçıvanda elmin inkişafı qazanılan uğurlar və dünya elminə verilən töhfələrlə diqqəti cəlb etmişdir. Naxçıvan Muxtar Respublikasının yaranmasından keçən illər ərzində məhz ulu öndər Heydər Əliyevin fəaliyyət göstərdiyi qızıl dövr illərində hər bir sahədə olduğu kimi, elm və təhsil sahəsində də davamlı inkişaf və dirçəliş özünü nümayiş etdirmişdir.

 

Müstəqillik illəri bu inkişafın ən qabarıq üzünü təzahür etdirdiyi bir dövrdür. Siyasi kursun uğurla davam etdirilməsi nəticəsində Naxçıvanda elm sahəsində mühüm inkişaf baş vermişdir. Naxçıvanda elmin inkişaf etdirilməsini zəruri görən və ölkəmizdə elmin inkişafına xüsusi qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. Məhz bu müdrik fikirlər Naxçıvanda elmin inkişaf etdirilməsini - Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, təbii sərvətləri, flora və faunasının, yeraltı və yerüstü təbii ehtiyatlarının və s. öyrənilməsini ciddi vəzifəyə, elm sahəsini Naxçıvanın bir ordu qədər müdafiəsini təmin edən xüsusi əhəmiyyətə malik mühüm amillərdən birinə çevirmişdir.

Hələ əvvəllər dahi lider Heydər Əliyev Naxçıvanda elmin inkişafı strategiyasını mühüm mövqedən müəyyənləşdirərkən demişdir: “...Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”. Bu səbəbdən də müdrik rəhbər Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 2002-ci il 2 avqust tarixli fərman imzalamış, bölmənin yaradılması və inkişafına ardıcıl qayğı göstərmişdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı yalnız elmi inkişaf etdirmək məqsədi daşımamış, həm də xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsini başlıca zərurətə çevirmişdir. Bu baxımdan haqlı olaraq deyilmişdir ki: “Ölkədə elmin regional inkişafının bu mühüm istiqamətinin ilk növbədə blokada şəraitində olan Naxçıvanda həyata keçirilməsinin həm də dövlətçiliyimizin, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi baxımından da müstəsna əhəmiyyəti vardır”(akad. İ.Həbibbəyli, akad. İ.Hacıyev).

Razılıqla demək olar ki, ulu öndərimiz Heydər Əliyevin yadigarı olan AMEA Naxçıvan Bölməsi elmin baş qərargahı rolunda çıxış etməklə digər elm və təhsil müəssisələrilə birlikdə muxtar respublikada elmin inkişafına yeni vüsət vermişdir. Naxçıvanda elmin inkişafı həm də müxtəlif sahələrdə elmi məktəblərin formalaşmasına da gətirib çıxarmışdır.

Naxçıvandakı elmi məktəblər sırasında tarixşünaslıq və ədəbiyyatşünaslıq sahələrinin inkişafı xüsusi diqqət cəlb edir. Tarix elmi sahəsində aparılan tədqiqatlar, çap etdirilən çoxsaylı elmi  əsərlər Naxçıvan tarixçilik məktəbinin yaranmasını şərtləndirmişdir. Ciddi elmi tədqiqatlar nəinki tarixşünaslıq elminin inkişafına şərt olmuş, həm də bu elmin müxtəlif sahələrinin - arxeologiya, etnoqrafiya, Vətən tarixi sahələrinin inkişafı üçün də geniş stimul yaratmışdır. Bu inkişaf nəticəsində həm də bu elmin inkişafının sütunlarına çevrilən ciddi elmi kadrların formalaşmasına şərait yaratmış, Naxçıvan tarixşünaslıq məktəbinin formalaşması və inkişafında xüsusi mövqeləri olan nüfuzlu alimlər, elmi kadrlar ərsəyə gətirmişdir. “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvanın epiqrafik abidələri” və sair kimi əsərlər Naxçıvan tarixşünaslıq məktəbinin səciyyəvi cəhətlərini özündə təcəssüm etdirən ciddi elmi əsərlərdir.  Ali Məclis Sədrinin sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi də Naxçıvan elm adamlarının konkret uğurlu hesabatı kimi qiymətləndirilə bilər. Bundan başqa naxçıvanlı alimlərin və digər ölkələrdən - Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə və b. ölkələrdən qatılan elm adamlarının apardığı ciddi tədqiqatların nəticəsi olaraq Naxçıvanda ilkin yaşayış və şəhərsalma, Duzdağ mədəniyyətinin aşkarlanmasını, dünyanın ən qədim duzçıxarma sənəti və mədəninin məhz Naxçıvanda olması faktının təsdiqini tapmasını düzgün elmi tədqiqatların və Naxçıvan tarixşünaslığının nailiyyəti kimi xüsusilə qeyd etmək olar.

Müstəqillik illərində yaranan yeni məktəblərdən biri kimi Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin inkişafını razılıqla qeyd etmək olar. Görkəmli elm adamı, akademik İsa Həbibbəylinin bilavasitə rəhbərliyi altında Naxçıvanda çoxsaylı ədəbiyyatşünas alimlərin yetişdiyi və Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin formalaşdığını tam əminliklə qeyd etmək olar. Bu elmi məktəb özünəməxsus səciyyəvi xüsusiyyətlərlə fərqləndiyi kimi, nailiyyətləri ilə də muxtar respublikamıza və ümumən ölkəmizə öz töhfələrini verməkdədir. Özünün mövzu əhatəsi, elmi tədqiqat üslubu, təhlil və tədqiq tərzi, baxış və dəyərləndirmə forması və digər özünəxas cəhətləri ilə, ən başlıcası, milli ideologiyaya sədaqəti və töhfələrilə səciyyələnən bu elmi məktəb artıq kifayət qədər öz sözünü demişdir. Naxçıvanın ən qədim dövrlərdən üzü bəri ədəbi mühiti, görkəmli şəxsiyyətləri və ədəbi proses və inkişaf ənənələrini öyrənən Naxçıvan ədəbiyyatşünaslıq məktəbi yeni faktlarla zəngin elmi əsərlərin ərsəyə gəlməsində fəal çıxış etmişdir. Habelə müstəqillik dövründə yeni elmi konsepsiyanın da məhz burada və bu elm sahəsində yarandığını razılıqla qeyd etmək olar.

Naxçıvanda bu inkişafdan təkan alan və özünəməxsus inkişafı təmin edən digər elm sahələri sırasında folklorşünaslıq, dilçilik, sənətşünaslıq və başqa elm sahələri də diqqət cəlb edir. Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri yeni müstəvidə, yeni səviyyədə və müasir tələblər çərçivəsində məhz bu dövrdə öyrənilmiş, yeni toplama işləri aparılmış, daha təkmil dialekt sözlüyü hazırlanmışdır. Elə Naxçıvanla bağlı yer-yurd adlarının, Naxçıvan əhalisinin etnogenezinin  öyrənilməsi də bu mənada diqqətəlayiqdir. Naxçıvanın və Naxçıvanla bağlı digər yer adlarının etimologiyası, habelə digər elmi faktlar sayəsində alimlərin Nuh peyğəmbərin dünya tufanı zamanı məhz Naxçıvanda quruya enməsi və burda məskunlaşması barədə fikri maraqlı faktlarla öz təsdiqini tapmışdır. Aparılan tədqiqatların nəticəsini işıqlandıran beynəlxalq konfransların, simpoziumların keçirilməsi, xeyli monoqrafiya və tədqiqat əsərlərinin çapı da bölmədəki elmi və təşkilati işlərin uğurlarından xəbər verir. Naxçıvan folklor mühiti ilə bağlı yeni elmi tədqiqatların aparılmasını, “Naxçıvan folklor antologiyası” kitabının 3 cilddə nəşr edilməsini, Naxçıvan folklor mühitini tədqiq və təhlil edən digər çoxsaylı elmi əsərləri də folklorşünaslıq sahəsində əldə edilən nailiyyətlər kimi diqqətə çatdırmaq olar. 

Bu cəhətdən qətiyyətlə deməliyik ki, bu kimi ciddi elmi nailiyyətlərin əldə edilməsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi müvafiq sərəncamlar da əsaslı rol oynamışdır. Məhz verilən sərəncamlardan sonra aparılan məqsədyönlü tədqiqatlar nəticəsində Naxçıvanda ilkin yaşayış və mədəniyyətin tarixinə dair ciddi nəticələr əldə edilmiş, çoxsaylı abidələr qeydə alınmış və pasportlaşdırılmış, Nemətullah Naxçıvani kimi həyatı və şəxsiyyəti qaranlıq qalan neçə tarixi şəxsiyyət qiymətli yaradıcılıq mirası ilə geniş müstəviyə çıxarılmış, xalq yaradıcılığının müxtəlif sahələrinin öyrənilməsi, tədqiqi, təbliği və nəşri məsələləri uğurla həyata keçirilmişdir. Naxçıvan yallılarının nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO səviyyəsində dünyanın qeyri-maddi mədəni irs və təcili qorunma siyahısına daxil edilməsi də məhz düzgün elmi araşdırmaların və ölkəmizdə aparılan müdrik, uğurlu siyasətin nəticəsi kimi razılıqla qeyd edilə bilər.

Naxçıvanda elmlə iqtisadiyyatın, nəzəriyyə ilə istehsalatın əlaqələndirilməsi də uğurlu və nümunəvi bir şəkildə həyata keçirilir. Bu baxımdan taxılçılığın inkişafı sahəsində AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl sortları ilə bağlı aparılan tədqiqatların nəticələrinin istehsalata tətbiq edilməsi bu istiqamətdə bir nümunədir. Muxtar respublikada ərzaq ehtiyatının yaradılması, taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı və başqa bu kimi proqramların gerçəkləşdirilməsi sahəsində də tətbiqedici işlər razılıq doğurur. Habelə Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzinin yaradılması, Darıdağda Arsenli Su Müalicəxanasının fəaliyyəti, Şorsu palçığının tibdə tətbiqi və başqa çoxsaylı belə faktlar elmlə istehsalatın konkret uğurlu nümunələri sırasına daxildir.

Naxçıvanda formalaşan elmi məktəblərin nailiyyətlərini uğurla təqdim edən “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), iki cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvanın Folklor Antologiyası” (3 cilddə), “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Naxçıvanın Teatr Salnaməsi”, Naxçıvanın flora və faunasına aid iki kitabda “Qırmızı kitab”, “Naxçıvanın arxeoloji abidələri”,  “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (iki cilddə), “Dədə Qorqud yurdu Naxçıvan” tarixi-etnoqrafik atlası, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri”, “Naxçıvan ağızları” (türk dilində), “Naxçıvan tarixi” çoxcildliyi və başqa qiymətli əsərlər nümayiş etdirir.

Ulu öndər Heydər Əliyev siyasi kursunu özünün fəaliyyət proqramı elan edən Ali Məclisin Sədri davamlı olaraq Naxçıvanda elmin, təhsilin və təhlükəsizliyin inkişafı və təmini qayğısına qalıb. Elmin inkişafı və hər bir sahədə elmə dayanıqlı inkişaf başlıca istiqamət təşkil edir. Məhz qısa bir tarix çərçivəsində bu cür vüsətli inkişaf Ali Məclis Sədrinin uzaqgörən qərarları, xalqa bağlılığı, dövlətçiliyə sədaqətilə başa gəlmişdir. Son dövrlərdə Naxçıvanda Elmin İnkişafı Fondunun yaradılması təşəbbüsü də elm adamları tərəfindən razılıqla qarşılanıb. Fondun Himayədarlar Şurasının keçirilən müşavirəsində Ali Məclisin Sədri demişdir: “Elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülmüş, elmi potensial formalaşdırılmışdır”. Əlbəttə, bu mühüm təşəbbüslə yaradılmış Elmin İnkişafı Fondu Naxçıvanın tarixi, mədəniyyəti və digər sahələrini öyrənən ciddi elmi layihələrin həyata keçirilməsinə töhfələrini verməklə böyük uğurlara imza atacaqdır. İlk layihə olaraq Naxçıvanda ən çətin zamanda yaranmış Araz-Türk Respublikasının tədqiqi istiqamətində layihənin Ali Məclis Sədrinin Sərəncamı ilə qəbul edilməsi də özlüyündə rəmzi bir məna daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki nitqində demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır”. Bu baxımdan hər zaman yüksək dövlət qayğısı ilə əhatələnən Azərbaycan elminin inkişafında 2016-cı ildə qəbul edilən “Elm haqqında” Qanun da bu inkişafa hüquqi-siyasi təminat yaratmışdır. Elmin nailiyyətlərini sərgiləyən 2014 və 2016-cı illərdə təşkil edilən Elm festivalları da elm və ictimaiyyət arasında əlaqələrin yaranmasına imkan vermişdir. Ölkəmizdə elmə göstərilən qayğının təzahürü kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə martın 27-nin “Elm Günü” kimi təsis edilməsini də ictimaiyyət və çoxsaylı ziyalılar minnətdarlıqla qarşılayır, mənəvi mühiti aydınladan alimlər ölkəmizin inkişafına öz töhfələrini verməkdə davam edirlər.

 

Ramiz Qasımov,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2020.- 14 mart.- S.10.