Tarix qarşısında tarixi “missiya”

 

XX əsr Azərbaycana iki böyük sərvət bəxş etdi: ölkənin dövlət müstəqilliyinə yenidən qovuşması və dünyada görkəmli siyasətçi kimi böyük nüfuz qazanan Heydər Əliyev. Və bu siyasətçi Azərbaycan taixinin qızıl səhifələrini yazdı, elə özü də həmin tarixin daş səhifələrində əbədiləşdi…

 

Ulu öndər, ümumilli lider, əfsanəvi şəxsiyyət, Yeni Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladı… Bunlar hamısı tək onun ünvanınadır. Çünki o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, xalqının və dövlətinin, dövlətçiliyinin xilaskarı, fədakar insan kimi qala bildi. Heydər Əliyev dünya tarixinin Azərbaycanlı dahisidir, Heydər Əliyev xalqımızın danılmaz tarixidir. Onun Azərbaycan naminə gördüyü böyük işlər həmin tarixin pozulmaz səhifələridir. Dəyişən nəsillər bu səhifələri dönə-dönə vərəqləyəcək, onu yeni rakursdan daha diqqətlə, daha məsuliyyətlə araşdıracaq, təhlil edəcək, dərindən öyrənəcəklər. Dəyişməyən tək bir şey olacaq: bu tarixin yaratdığı heyrət… Bəli, bu ömür onu öyrənənləri mütləq heyrətləndirəcək. Hər kəs ona yaşadığı dövrün prizmasından baxsa da, bu qüdrətli dövlət rəhbərinin, müdrik şəxsiyyətin gördüyü böyük işlərin qarşısında heyrətini gizlədə bilməyəcək. Bu, həqiqətdir…Heydər Əliyev Azərbaycan xalqının dünya siyasətinə bəxş etdiyi elə böyük tarixi şəxsiyyətdir ki, onun həyat və çoxşaxəli fəaliyyəti hələ çox sayda kitabın mövzusu olacaq. Bu kitablarda onun dahiliyi, müdrikliyi, uzaqgörənliyi, bütövlüyü daha aydın görünəcək, zəngin həyatı, titanik fəaliyyəti, Azərbaycan və azərbaycanlılar, ümumən türk dünyası üçün gördüyü misilsiz işlərə daha yüksək qiymət veriləcək. Məncə, insanları Heydər Əliyev haqqında söz deməyə, fikir söyləməyə, kitab yazmağa vadar edən bir səbəb də ürəklərindəki minnətdarlıq duyğusu olacaq. Azərbaycanı Azərbaycan edən, onu bütün dünyaya tanıdan bu dahi insana öz borclarını qaytarmaq arzusu, istəyi olacaq. Ulu öndərə sözdən ucaldılan bu abidələr, həm də zaman-zaman onun ölməz ruhu qarşısında hesabata dönəcək…

Professor Mahirə Nağıqızının haqqında danışdığım “Missiya” adlı kitabı da həmin toplulardan biridir. Müəllif ümummilli lider Heydər Əliyevin müasiridir, onun dövrünün yetirməsidir, onun zəmanəsinin övladıdır, onun uğurlu elm, təhsil siyasətindən, təhsil islahatlarından bəhrələnən bir vətəndaşdır, alimdir, ziyalıdır. Heydər Əliyevin ibrətamiz ömür yolunu özünə örnək sayanlardandır. “Ondan öyrənmək, onun irsindən bəhrələnmək xoşbəxtlikdir” deyənlərdəndir. Bu səbəbdən də böyük zəhmətə qatlaşaraq ulu öndərin xidmətlərini diqqətlə, həm də məhəbbətlə araşdırmağı qarşısına məqsəd qoyub. Amma, sadəcə ulu öndər haqqında fikirlərini oxucularla bölüşmək üçün əlinə qələm almayıb. O, Heydər Əliyevin Azərbaycan dilinin qorunması, dövlət dili səviyyəsinə qaldırılması, elm və təhsilin, ədəbiyyat və mədəniyyət mühitinin inkişafında oynadığı rolu, eləcə də elm, ədəbiyyat və mədəniyyət xadimlərinə qayğısını böyük hörmət və məsuliyyətlə araşdırıb. Və “Missiya” Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızının ulu öndər Heydər Əliyevə həsr olunan ilk kitabı deyil. O, görkəmli dövlət xadimi haqqında “Ulu öndərimizin natiqliq məharəti”, “Ulu öndərimizin natiqliq məharəti xalqımızın ən böyük sərvətidir”, Ulu öndərimizə məhəbbət ruhunda” adlı kitabların da müəllifidir. Dünya siyasətinin nəhənglərindən olan Heydər Əliyevin aydın təfəkkürü, qəti iradəsi, möhkəm əzmi, gərgin və məhsuldar əməyi ilə Azərbaycanın elm, təhsil sahəsində aparılan islahatlar bu kitabların ana xəttini təşkil edir. “Missiya” isə böyük bir dövrü, 1969-1987-ci illəri əhatə edir. Müəllif ümummilli liderin həmin dövrdə Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı tarixi xidmətlərini geniş təhlil edir. Eyni zamanda, Heydər Əliyevin SSRİ dövlətinin ali siyasi rəhbərliyində təmsil olunduğu illərdə Azərbaycanın inkişafı ilə bağlı tarixi xidmətlərini minnətdarlıqla xatırladır.

Böyük öndər Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövrü Azərbaycanın yüksəliş və tərəqqi, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin qızıl dövrü kimi tarixə düşüb. Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə müdriklik və uzaqgörənliklə Azərbaycanı qurub-yaratdı, onu dünya məmləkətləri sırasında layiqli yerə çıxardı. Əslində, istedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Heydər Əliyev də xalqı üçün elə mühüm tarixi xidmətləri ilə heç zaman pozulmayan yaddaşa döndü. Və bu “yaddaş” professor Mahirə Nağıqızının “Missiya” kitabında da əbədiləşib. Göründüyü kimi, alim olduqca zəngin və mötəbər bir mənbəyə müraciət edib, ünvan çox sanballıdır. Çünki Azərbaycanın bugünkü möhtəşəm uğurlarının kökündə də, məhz bu böyük şəxsiyyətin fəaliyyəti dayanır. Kitabı yazdıran səbəblərdən biri də şübhəsizdir: yuxarıda qeyd olunduğu kimi, vətənpərvər bir alimin dahi rəhbərə sevgisi, ona Azərbaycan naminə misilsiz xidmətləri qarşısında minnətdarlıq borcu!.. Bunu hər bir Azərbaycan ziyalısının, təhsil işçisinin ümummilli liderə münasibətinin nümunəsi də hesab etmək olar. Həqiqətən də, gərgin zehni əmək hesabına ərsəyə gələn kitabın hər bir səhifəsində xalqına, dövlətinə, dövlətçiliyinə, böyük öndərinə bağlı bir ziyalının sevgisi aydın hiss olunur. Digər tərəfdən, müəllif çiynini hansı “ağır yük”ün altına verdiyinin də fərqindədir, buna görə də bütün təhlil və araşdırmalarında olduqca dəqiq və diqqətlidir. “Missiya” kitabı, belə demək mümkünsə, ulu öndərin quruculuq tərcümeyi-halının bir parçasını əks etdirir. Alim Heydər Əliyevin Azərbaycan dilinin, elm və təhsilinin inkişafı ilə bağlı xidmətlərini əsaslı arqumentlər, tutarlı dəlillər, zəngin faktlarla diqqətə çatdırır. Bu əyanilik təhlili daha da dolğunlaşdırır, həmçinin müəllifin tədqiqat obyektinə necə böyük həssaslıqla yanaşmasından xəbər verir.Heç şübhəsiz, bu səbəbdən də mütəxəssislər, alimlər Mahirə Nağıqızının “Missiya”sını ulu öndər Heydər Əliyev haqqında dəyərli tədqiqat əsəri kimi qiymətləndirirlər. Akademik İsa Həbibbəyli kitaba yazdığı “Əbədiyaşar düha və möhtəşəm müasir inkişaf” adlı ön sözündə qeyd etdiyi kimi: “Professor Mahirə Hüseynova kitabında ümummilli liderin birinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəldiyi ərəfədə ölkədə mövcud olan ictimai-siyasi vəziyyətin dolğun mənzərəsini yaratmaqla Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərinin miqyasını və əhəmiyyətini təqdim edə, böyük siyasətçi və dövlət adamının adı ilə bağlı Azərbaycançılıq strategiyasının incəliklərini göstərə bilir.”Akademik İsa Həbibbəylinin fikrincə, müəllifin təqdim etdiyi faktların yaratdığı mənzərədə “..xalqını, onun dilini və ədəbiyyatını dərindən sevən, gələcəyini onlarsız təsəvvür belə etmədiyi Azərbaycan gəncliyinin təhsilinə xüsusi diqqət ayıran, elmin səmərəliliyini başlıca şərtlərdən biri kimi qəbul edərək, onun inkişafı üçün mümkün olan resursları səfərbər edən dövlət adamının titanik fəaliyyətini görə bilirik.”Kitab ayrı-ayrı bölümlərdən ibarətdir: “Missiya”, “Dünya Heydər Əliyevi belə görür, belə tanıyırdı”, “Dövlət quruculuğunun yeni mərhələsi”, “Əbədiyaşar ümummilli lider”, “Heydər Əliyev və natiqlik sənəti”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Nümunələri ilə xatırladığımız böyük dövlət xadimi”, “Şəxsiyyət və zaman”, “Ulu öndər intibahın əbədi simvoludur”, “Yazı mədəniyyətimizdə əlamətdar gün”. Maraqlı məqam odur ki, Mahirə xanım kitabın hər fəslində ulu öndərin müxtəlif istiqamətli islahatlarını təhlil edir. Bu, həmin bölümün leytmotivinə çevrilir. Müəllifin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlara elmi yanaşması da yüksək qiymətləndirilməlidir. Kitabı, ümumilikdə Heydər Əliyev dühasına, bu dahinin tarix qarşısında tarixi missiyasına dəqiq və dolğun baxış saymaq olar.

Akademik İsa Həbibbəylinin dediyi kimi, kitabın “vahid süjet xətti var və bu süjet xəttinin baş qəhrəmanı ümummilli liderimiz Heydər Əliyevdir”. Və oxucu, hətta hər səhifədə dahi liderin parlaq obrazı ilə üz-üzə qalır.Professor Mahirə Nağıqızı kitabda Heydər Əliyevin həyat və fəaliyyətindən ibrətamiz epizodlara geniş yer ayırır. Məsələn, onun Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki nitqinə məxsusi diqqət yönəldir. Respublikada bütün tədbirlərin rus dilində aparıldığı həmin dövrdə Heydər Əliyevin yubileydə Azərbaycan dilində çıxışı böyük rezonans yaratmışdı. Özü sonralar, Prezident olarkən bunu xatırlayaraq deyirdi ki, hətta bu münasibətlə onu təbrik edənlər də olub. Dahi siyasətçi isə onu təbrik edənlərə belə cavab verib: “Burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu, mənim Ana dilimdir və Ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, Ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir.”. Müəllifin ulu öndərdən seçdiyi təkcə bu sitat hər kəsə, xüsusilə də gənclərə ibrətamiz nümunə olacaq bir yanaşma, bir cavabdır!..Hər birimiz etiraf etməliyik bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə Heydər Əliyevə borcluyuq. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan liderlərin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin böyk qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan sovet Konstitusiyasına Azərbaycan dilininin Dövlət dili olduğunu təsbit edən maddə daxil edilib. Bu mənada, ölkəmizdə Azərbaycan dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, böyük nüfuz qazanması, məhz Ana dilimizin gözəl bilicisi, bənzərsiz natiq Heydər Əliyevin adı ilə bağlıdır, onun Azərbaycan dilinin qorunmasına yönələn düşünülmüş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsidir. Heydər Əliyevin Azərbaycan dilində danışmağı, bu dili sevməyi, bu dili sevdirməyi də bir məktəb idi.Akademik İsa Həbibbəyli də müəllifin kitabda böyük öndərin Azərbaycan gəncliyi üçün örnək olan xarakterik xüsusiyyətlərini qabartmasını qətiyyən təsadüf hesab etmir: “Yeni yetişən gənc nəslin təhsili ilə barabər, onların mənəvi cəhətdən kamilliyinə çalışan kitab müəllifi haqlı olaraq müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin həyatından anoloji epizodlara yer verməklə onlara hər bir xalqın ali siyasi iradəsinin təzahürü olan dövlətin qiymətini bir daha xatırladır, onu qorumağın nə qədər həyati bir məsələ olduğunu diqqətə çatdırır.”Yeri gəlmişkən, müəllif haqlı olaraq kitabın bir bölümünü – “Yazı mədəniyyətimizdə əlamətdar gün” bölümünü müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin təsis etdiyi “Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”nə həsr edib. Çünki bu günün təsis olunması və hər il qeyd edilməsi elə mühüm tarixi qərar, tarixi hadisədir ki, xalqımıza milli varlığını müəyyən edən, milli kimliyimizin atributu olan, Azərbaycançılıq məfkurəsinin əsasında duran, harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan Ana dilimizin – Azərbaycan dilinin qorunması və inkişafına xidmət edir. Və diqtə edir ki, bu dilin saflığını, müqəddəsliyini göz bəbəyi kimi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Prezident İlham Əliyevin ümummilli liderin zəngin irsini elə onun adına və əməllərinə layiq davam etdirməsini əsaslandırması da müəllifin uğuru sayılmalıdır.Kitabda ulu öndər Heydər Əliyevin ədəbiyyata, ədəbiyyat adamlarına, xalqımızın maarifçilik tarixində silinməz iz qoyan ziyalılara münasibəti (İ.Nəsimi, N.Nərimanov, H.Cavid, Ü.Hacıbəyli, C.Cabbarlı, M.Maqomayev, C.Məmədquluzadə, M.Ə.Sabir və digərlərinə), həmin münasibəti göstərən qayğısı, demək olar ki, qırmızı xətt kimi keçir. Bu, “böyük vətəndaş yanğısının simvolu”dur.

Professor Mahirə Nağıqızı Heydər Əliyevin “ölkəmizin öz sözü olan ziyalılarını necə həssaslıqla qoruması” tarixi faktlardan biri kimi nəzərə çatdırır. Ulu öndərin çoxşaxəli və uğurlu islahatlarından ətraflı bəhs edən alim onun “Missiya”sı haqqında fikirlərini özünəməxsus şəkildə qələmə alır: “Azərbaycanın görkəmli şəxsiyyətlərinin fəaliyyətinin üzə çıxarlıması, adlarının əbədiləşdirilməsi onun şəxsi təşəbbüsü, böyük və tarixi xidmətidir. …Heydər Əliyev yaradıcı insanların dostu, hamisi olduğu kimi, elmin və təhsilin yorulmaz təşkilatçısı və təbliğatçısı kimi də tanınmışdır.

…Heydər Əliyevi ancaq xalq təsərrüfatının ən müxtəlif sahələri üçün kadrların hazırlanması narahat etmirdi. Ulu öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə ….milli ucqarlara, xüsusən də müsəlman olan türklərə inamsızlıq, bir az da ehtiyatla yanaşılan Sovet İttifaqında ali partiya və hökumət rəhbərlərinin etirazına baxmayaraq, milli zabit kadrların hazırlanması üçün həlledici addımlardan birini atdı….Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyadakı xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır”…Müəllif “Missiya”da dünyanın tanınmış simalarının, siyasi xadimlərinin Heydər Əliyev haqqında aforizmlərinə də yer ayırıb. Bu fikirlərdə dünyanın azərbaycanlı dahisi haqqında dünya azərbaycanlılarının hər birinin qəlbini qürurla döyündürən münasibət ifadə olunub. Bir sözlə, professor Mahirə Nağıqızı “Missiya”da ulu öndər Heydər Əliyevin möhtəşəm bir portretini yaradıb. Və bu portretin fonunda sanki, ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” fikrini eşidir, bu fəlsəfənin əzəmətini bir daha duyursan

……Tarix onu da göstərdi ki, Heydər Əliyevin bütün ideyaları bu gün də diridir, canlıdır, yaşayır və bizim hər birimizi böyük Azərbaycan naminə səfərbər edir. Bu, Azərbaycanın və Azərbaycan xalqının qələbəsidir. Və mən yenə də akademik İsa Həbibbəylinin kitaba ön sözünə müraciıət etməyə gərək duyuram: “Professor Mahirə Hüseynovanın ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik və ümummili liderlik fəlsəfəsi haqqındakı dərin elmi idrakdan doğan fikirləri sınaqlardan çıxmış dövlətçilik strategiyasının əbədiyaşarlığını düşünməyə əsas verir. Azərbaycan dövlətçiliyinin tarixində yeni tarixi mərhələ olan Prezident İlham Əliyev erası ölkəmizin müasir dövrünün reallıqlarını və daha böyük gələcəyini aydın surətdə təsəvür etməyə işıq salır. Bu mənada, professor Mahirə Hüseynovanın “Missiya” kitabı dünənini, bu gününü dərindən düşünən, sabahlara doğru qətiyyətlə addımlayan hər bir Azərbaycan vətəndaşının ölkəmiz və xalqımız qarşısındakı missiyasını dolğun şəkildə mənalandıran, daha möhtəşəm gələcəyə nikbin baxmağa istiqamətləndirən əhəmiyyətli bir çağırışın elmi ifadəsidir.”

…Bu gün bizim daha bir borcumuz var: ulu öndərin siyasi və mənəvi irsinə dönə-dönə qayıtmalı, ondan zaman-zaman öyrənməliyik. Sabahımız bu zəngin irsi necə mənimsəməyimizdən çox asılıdır. Bəli, yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Və Azərbaycan alimləri, ziyalıları da böyük himayədarları, qayğıkeşləri olan ulu öndər Heydər Əliyevi hər zaman sonsuz minnətdarlıqla xatırlayacaqlar. Çünki ulu öndərin özünün dediyi kimi, “tarix heç nəyi silmir……Heydər Əliyev ömrünü, əməllərini kitablara sığışdırmaq mümkün deyil. Amma o da həqiqətdir ki, hər yeni kitab onun ruhuna, xatirəsinə hörmət nümunəsi olduğu kimi, Əliyevşünaslığa, həmçinin elmimizə, mədəniyyətimizə, təhsilimizə yeni töhfədir, bu irsin tədqiqatçıları üçün dəyərli mənbədir.

Ümumiyyətlə, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızının “Missiya”sı haqqında çox danışmaq olar. Amma, heç şübhəsiz, kitab haqqında ən tutarlı sözü elə onun özü deyəcək və müəllifinə uğur gətirəcək…

 

FİRUZƏ NADİR

 

İki sahil.- 2020.- 19 mart.- S.8.