Darıdağın möcüzəsi

 

Qədim Naxçıvan torpağı Azərbaycan elm və mədəniyyətinə nadir simalar bəxş etmişdir. Belə tanınmış şəxsiyyətlərdən biri də görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, maarifçi, ictimai xadim, redaktor, rəssam Nağı Nağıyevdir. O, 70 illik şüurlu ömrünün 40 ilini bədii yaradıcılığa həsr etmişdir. Yazıçı Azərbaycan ədəbiyyatına və mədəniyyətinə bir neçə səhnə əsəri, bir çox hekayə, oçerk, roman, povest və s. bəxş etmişdir. Bütövlükdə, Nağı Nağıyev 2 roman, 4 povest, 6 səhnə əsəri, 29 bədii və satirik hekayə, 43 miniatür yazı, 4 xatirə və 9 oçerkin müəllifidir.

Görkəmli yazıçının “Püskürən dərə” oçerki aktuallığı ilə diqqəti özünə cəlb edir. Günümüzlə səsləşən, 1965-ci ildə qələmə alınmış bu əsər əsrlərdən bəri camaatın “şor su” adlandırdığı Darıdağ mədəninə həsr olunmuşdur. O Darıdağ ki, onun müalicəvi suyunun şöhrəti ta uzaqlarda eşidilir. Bu möcüzəvi suyun tarixçəsinə qısa bir nəzər salaq: Naxçıvan Muxtar Respublikasını mineral suların təbii “muzeyi” adlandırırlar. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də məhz Darıdağ arsenli mineral suyudur. Açıq ensiklopediyadan öyrənirik ki, muxtar respublikanın Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, okean səviyyəsindən 900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqca ecazkar bir mənzərə ilə qarşılaşırsan. Yazıçı Nağı Nağıyev də əsərinin giriş hissəsində bu haqda yazır: “Naxçıvan Muxtar Respublikasını şimaldan şərqə doğru hasarlayan “Göy dağların” zirvəsində təzə qar görünürdü. ...cavan geoloq-mühəndis Ramazan Əliquliyev əlini bizdən üç-dörd kilometr uzaqdakı Darıdağın dərələrinə doğru uzadıb həyəcanla dedi: - Odur bax, görürsünüzmü? Təpələrin arasından göyə tüstü kimi millənən zolağa baxın! Baxdıq. Sıldırımların qırmızı-qəhvəyiçalar Darıdağın qoynundakı, hələ bizə aydın görünməyən dərənin qabığını boz təpələr, kiçik qırmızı dağlar kəsmişdi. Bu dağlarda dəyirman daşları kəsilib, hər yerə göndərildiyini bilirdim. Onu da bilirdim ki, indi keçdiyimiz bu düzə elə buna görə “Daşkəsən düzü” adı veriblər. Daş kəsilən bu dağ-təpələrin arxasından, Darıdağınsa sıldırımlarından öndə ağ bir “tüstü” dik durmaqda idi”. Ramazan və geoloji kəşfiyyat dəstəsi sürücü Oqtayı məcbur edirdilər ki, bu əfsanəvi dərələrdə, çınqıllı, nanəli, üzərrikli, yovşan qoxan Darıdağın ətəklərindən Araza qədər uzanan qara və göy rəngli torpaq yolda avtomabili sürətlə sürsün və müəllifin “başda-başa təbiət möcüzəsi” adlandırdığı bu yerləri bir an əvvəl görsünlər. Səbri tükənmiş, dil açan dərələrin dörd bir yanından nisgil dolu bir haray onları səsləyirdi: “Məgər bilmirsiniz ki, mən bu dünyada təkəm?! Qoynumda gizlətdiyim sərvətlərin - suların tayı heç yerdə yoxdur! Axı mənim sularım min bir dərdin dərmanıdır! Mən şəfa üçün yaranmışam!” Elə bil oradakı qaynaqlar deyirlər: “Niyə indiyə kimi bizə belə kəmməhəl olubsunuz?!” Bəlkə də, bu laqeyd münasibətin nəticəsi idi ki, “yer tələsdi, qoynundakı misilsiz sərvətləri göyə püskürüb bizə göstərməklə dediklərini sübut etməyə çalışdı?!”

Misilsiz kəşfin aparıcısı olan Ramazan vaxtilə bu mədəndə fəhlə işləyən Kərbəlayi İsmayıl kişinin oğludur. Onun uşaqlığı bu sirli torpağın qoynunda keçmişdi. “Bir yerində palçıq pıqqıldayan, bir yerində su, bir yerində qaz, bir yerində qazla su poqquldayıb qalxan bu dərələr” onu torpağın bağrından qopan bu möcüzənin sirli dünyasından baş çıxarmağa sövq etdi.

Çilənib töküldüyü hər şeyin şəklini, görkəmini, rəngini dəyişib ağ-sarımtıl hala salan, axdığı yerləri sarımtıl kaşı kimi hamar daşla suvayan bu sehrbaz su toxunduğu çöpün, sapın, kolun-kosun, hətta metalın üstündə daş bağlaya-bağlaya onu böyüdür, ağ, sarımtıl, başqa rəngə salır və onlardan bambaşqa şeylər düzəldirdi. Bu, sanki ətrafındakı hər şeylə oynayır, onu yenidən yaradır, başqa bir forma və ecazkar ruh verirdi. Burda su tüğyan edir, çılğınlaşıb sanki ağzından köpük daşlanan kinli dəvə kimi ətrafına su püskürdür. Torpağın altından gələn səs insanı vahiməyə bürüyür. Yazıçı daima gurultulu, fışıltılı, uğultulu, haylı-küylü, səsi-səmiri kəsilməyən Darıdağdakı mənzərəni belə canlandırır: “...otsuz-alafsız dərələr, maşınlarla, adamlarla dolu idi. Adamlar: müxtəlif xəstələr maraqlanıb gələnlər idilər. Müalicə üçün gələnlər qaynaqlardan, palçıqdan istifadə edir, sularda çimirdilər. Tamaşa üçün gələnlər bu fontanlara, orda-burda pıqqıldayan su, qaz qaynaqlarına heyran-heyran baxır, şaxələnən dərələri adlayaraq buradakı ecazkarlığı görür, öz aralarında mülahizə edirdilər”. Buradakı səs-küyü, təbiətin gurultusunu yazıçı orijinal bir bənzətmə ilə təsvir edir: “Sanki burda hər kəs karla danışırmış kimi qışqırırdı”.

Dərdinin əzabından dözülməz xəstəliklərdən əziyyət çəkənlərin ünvanına çevrilən bu gözdən uzaq, könüldən iraq baxımsız məkan haqqında müəllif onu da yazır ki, “özümüz şahidik ki, neçəsi qoltuğu ağaclı, beli bükülü, qıçları şil gəlib, palçığın köməyi ilə sağalıb qayıdıb. ...qaynaq halında çıxan sularda belə çimən insanlara bu suyun şəfalı olması bineyi-qədimdən məlum olub. ...həkimlər də təsdiq edirlər ki, bu su qadın xəstəliklərini, yel, dəri xəstəliklərini dərhal sağaldır”. Mütəxəssislərin fikrincə, bu sudan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib.

Təbiətin heç bir möcüzəsini əsirgəmədiyi bu yerlərə insanları bu qədər marağının olmasına, dəstə-dəstə insanların bura axın etməsinə baxmayaraq, “burda rahatlıq üçün hələ heç nə edilməmişdir”- yazan müəllif təəssüfünü və bu yerlər haqqındakı düşüncələrini belə qələmə alır: “- Nə üçün qayalıqlar üstündə taxta evlər, heç olmazsa daldalanacaqlar düzəltmirlər ki, qadınlar, uşaqlar rahatca çimə bilsinlər. Plyaj kimi hamı bir-birinə qarışıb, camaat daş üstündə soyunur, açıq havada qurulanır!..”

Bu mənzərəni təəssüf hissi ilə müşahidə edən Xudam Əhmədov kəşfiyyatlarının və tədqiqatlarının nəticələrini Moskvaya göndərəcəklərini və burda sanatoriya salınması üçün müraciət edəcəklərini həmkarlarına bildirərkən camaatın səbirsizliklə bu günü gözlədiyini və dözə bilmədiyini də vurğulayır. O müraciətdən və o arzuların reallaşmasına bəslənən ümidlərin üstündən yarım əsr keçdikdən sonra həmin təbii arzular reallaşdı. Təbii ki, “Böyük Sovet Ensiklopediyası”nda məlumat verilən, dünyanın sadəcə üç yerdə: Fransanın Liborildəki, İtaliyanın Ronçenyudakı və Kamçatkadakı sularından üstün olan Darıdağın şəfalı suyu üçün sovet dövləti bizim alimlərin, yerli camaatın istəklərini reallaşdırmazdı.

Nağı Nağıyevin “Dərədə söhbət” felyetonu da Darıdağın o dövrdəki acınacaqlı vəziyyətindən bəhs edir. məlumdur ki, cəmiyyətin həqiqətləri onu əmələ gətirən sadə insanların timsalında gizlənir. Əgər burdakı vəziyyətdən cəmiyyət - sadə xalq vətandaşı narazıdırsa, deməli mövcud hökümət səhv yoldadır. Bax yerli camaat üçün belə əhəmiyyətli bir vəziyyət yazıçı tərəfindən möhtəşəm bədii üslubda çatdırılır. Uzun illərdən bəri xəstəlikdən əzab çəkən bir gənci atası yaşlı dostunun tövsiyəsi ilə yel sularına gətirməsi və orda şəfa tapması əsərin əsas məzmununu təşkil etsə də, əsas ideya “dərdlər dərmanı olan” bu suya dövlətin biganəliyidir. Əsərdə atasının söhbətlərinə maraqla qulaq asan gənc oğlan bu sirli bulaqlar haqqındakı yazıları dönə-dönə oxuyur və məlumatlar əldə edir. Yazıçının təhkiyəsində, həmçinin gənc oğlanın qarşısında açılan mənzərə haqqındakı düşüncələri oxucunu həyəcanlandırmaqla yanaşı, Darıdağ haqqında məlumatlar əldə etməsinə zəmin yaradır. Bulaqların səsini (yazıçı əsərdə sovet dövlətinin onlara qarşı biganəliyindən şikayətlənən qonşu bulaqların bir-biri ilə söhbət etməsini təsvir edir - Z.İ.), burdakı mənzərəni təəccüblə izləyən gənc oğlan yaşlı qocadan “Darıdağdakı dünyada misli tapılmayan suların qədrini nə vaxt biləcəksiniz?! Bura üz tutanlar üçün niyə şərait yaradılması üçün müraciət etmirsiniz?” - sualına yaşlı adamın cavabı maraq doğurur: “- Ah ay oğul, deməynən olmaz. İş görənin gərək canında ola! Deməyinə demişəm. Yaxşı da qulaq asıblar, deyiblər: “Pis olmaz, görək, bəlkə bir təhər elədik” - Deyiblər də, yaddan çıxardıblar da. Özün görürsən ki, köhnə hamam, köhnə tas! Bir də, ay oğul, belə işləri görmək üçün gərək bir baş ola, bir yanan ürək, bir cəsarət, bir də ki qeyrət! Bunlar olandan sonra iş görməyə nə var ki...”. Bu möcüzəvi yerlərə dərindən bələd olan yaşlı adamın Sovet dönəminin 50-60-cı illərində “Ay oğul, belə işləri görmək üçün gərək bir baş ola, bir yanan ürək, bir cəsarət, bir də ki qeyrət!” - deyə ifadə etdiyi xalq hikmətindən, el təfəkküründən və ümumxalq yanğısından yoğrulmuş istəyini müstəqillik illərində qədim yurd yerlərimizin hər daşına, qayasına dərin məhəbbətlə sarılan, min illərlə yaşından xəbər verən abidələrinə qayğı göstərən, onlara həyat bəxş edən, təbii sərvətlərinə vətəndaş yanğısı ilə yanaşan, saçlarını bu yolda ağardan bir rəhbər - Cənab Vasif Talıbov kimi müdrik bir şəxsiyyət reallaşdırdı.

İndi ilan mələyən bu düzlərdə müasir dünya standartlarına cavab verən işlər görülür. Burada həmçinin müasir tələblərə uyğun yeni binalar tikilir, müalicə olunanların daha da yaxşı istirahəti və rahatlığı üçün hərtərəfli müasir şəraitin yaradılmasından ötrü geniş kompleks quruculuq işləri gedir. Naxçıvan-Ordubad magistral yolundan Darıdağ Arsenli Su Müalicəxanasına dönən yol yenidən qurulmuş, asfalt-beton örtük salınmaqla müalicə ocağına gələn avtomobillərin hərkətinə təminat yaratmışdır.

Qələmə alınmasından yarım əsrdən çox zaman keçən “Püskürən dərə” oçerkinin sonu bu cümlələrlə bitir: “”Arazdan Darıdağın sinəsinə qaldırılan sudan bu dərələrə kəmər çəkib, hər yerin yaşıllaşdırılmasına başlamaq lazımdır. Onda görün buralar necə dəyişir! Sinələrdə “meşə”lər, parklar, müalicəxanalar, aşağıda isə üzümlüklər, süni yağışlar, Araz...” Onun böyük inamla, sevinc və hərarətlə dedikləri xəyalımı gələcək günlərə apardı, özümü Böyük Vətənimizin hər guşəsindən, başqa ölkələrdən axışıb gələn minlərlə qonaqların arasında gördüm. Mən onlara “Xoş gəlmisiniz!” dedim...”

Vətən sevgili, yurd həsrətli, vətəndaş qayğılı görkəmli yazıçının 60-cı illərdəki xülya hesab edilən bu arzuları indi reallığa qovuşub. İndi nəinki yazıçının təbirincə desək, “Böyük Vətənimizin hər guşəsindən”, hətta dünyanın hər yerindən şəfa tapmaq üçün bu müalicəvi sanatoriyaya üz tuturlar. Bu “PÜSKÜRƏN DƏRƏ” isə onları öz ecazkar qoynunda ağırlayıb-əzizləyir, gözəlliyi, rahatlığı ilə insanları məftun edir və dərdlərin dərmanına çevrilən “PÜSKÜRƏN DƏRƏ” ora üz tutanlara “Xoş gəlmisiniz!”, - deyir.

 

Zülfiyyə İsmayıl,

 

filologiya üzrə fəlsəfədoktoru, dosent

AMEA Naxçıvan Bölməsi

 

İki sahil.-2020.- 1 may.- S.15.