Yüksəlişə yol açan ideyalar

 

Xalqımızın son yarım əsrlik tarixi ümummilli lider Heydər Əliyevin həyat və şəxsiyyəti, dövlətçilik təfəkkürü, yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda milli ideyaların genişlənməsində, ölkəmizin zamanın çağırışlarına uyğun hərtəfərli inkişafının təmin edilməsində, insanlarımızda vətəndaşlıq məsuliyyəti hissinin formalaşmasında Heydər Əliyevin rolu müstəsnadır. Ulu Öndər milli dövlətçilik tariximizə həm Sovetlər dönəmində, həm də müstəqilliyimizin bərpasından sonrakı illərdə bütün enerjisini, bilik və bacarığını, öz xalqının inkişafına sərf edən nadir şəxsiyyət, böyük siyasətçi, mahir diplomat və əzmkar dövlət başçısı kimi daxil olub.

Bu böyük dövlət adamı hələ Sovet Azərbaycanına rəhbərliyi dövründən o illərin bütün məhdudiyyətlərinə, maneələrinə baxmayaraq ölkəmizin istər iqtisadi, istər siyasi, istərsə də mədəni-intellektual cəhətdən yüksəlişi üçün ardıcıl işlər aparırdı. Azərbaycan xalqını öz mənəvi irsinin, sərvətlərinin, tarixi taleyinin həqiqi sahibinə çevirirdi.

 

İntibah dövrünün müəllifi

 

1969-cu ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələrkən ölkədə vəziyyət o qədər də ürəkaçan deyildi. Respublika həyatının, demək olar ki, bütün sahələrində tənəzzül hiss olunurdu. İnsanlar ciddi şəkildə sıxıntı çəkirdilər. Ölkənin zəngin təbii sərvərlərinə, sosial-iqtisadi potensialına rəğmən vətəndaşların maddi imkanları aşağı idi. Ən mühümü isə mənəvi həyatda da böhran özünü göstərirdi. Cəmiyyətdə ədalət meyarları pozulurdu. Müəyyən bir elitar zümrə öz sosial çevrəsini formalaşdıraraq sadə vətəndaşlardan, onların qayğılarından, istəklərindən aralı düşürdü. Azərbaycanın milli-mənəvi dəyərləri, dilimiz yad mədəniyyətin təsiri ilə aşınıb gedirdi. Belə bir zamanda Ulu Öndər ölkə rəhbərliyinə gəlişi ilə üzərinə çox çətin və mürəkkəb vəzifə götürmüş oldu. O, sosial-iqtisadi, mənəvi böhran keçirən Azərbaycanı qısa zamanda ayağa qaldırıb respublikanın sosial-iqtisadi yüksəlişini təmin etməli, onu ən azı keçmiş Sovet məkanında layiqli mövqeyə gətirməli idi.

Heydər Əliyev çox qısa zamanda bunu bacardı. Qarşıya qoyduğu bütün vəzifələri uğurla yerinə yetirdi. Ötən əsrin 70-ci illərində Azərbaycan intibahının müəllifinə çevrildi. Ulu Öndərin əzmkarlığı, təşkilatçılıq məharəti, insanları səfərbərliyə almaq gücü sayəsində icra edilən ardıcıl layihələr hesabına Azərbaycan çox zəif göstəricilərə malik aqrar ölkədən qısa zamanda sürətlə inkişaf edən sənaye respublikasına çevrildi.

O illərdə Heydər Əliyevin rəhbərliyi ilə qurulan sənaye müəssisələri, bütün ölkə boyu formalaşdırılan infrastruktur bu gün də müstəqil Azərbaycan dövlətinin inkişafına, Azərbaycan insanının sosial rifahına xidmət göstərir.

 

Milli şüurun oyanışına təkan verən Lider

 

Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, Azərbaycan dilinin rolunun artırılması, xalqın istiqlal arzusunun təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması, milli ruhlu ziyalılara himayədarlıq etməsi cəmiyyətdə milli şüurun oyanışına təkan verdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etdi.

Heydər Əliyev bir neçə ildən sonra müstəqil dövlət kimi dünyanın siyasi xəritəsində öz yerini tutacaq Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsasları məhz o illərdə hazırladı. İnfrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə Heydər Əliyevin 1970-1982-ci illərdə və daha sonralar minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil dalınca göndərilməsinə şərait yaratması adamı riqqətə gətirən, qürur doğuran tarixi faktlardır.

Bu müdrik şəxsiyyət yaxşı bilirdi ki, istənilən cəmiyyətdə inkişafa nail olmağın əsas yolu insanların təhsil almasına şərait yaratmaqdır. Təhsili hər kəs üçün əlçatan etməkdir. Bu sahədə ədalət meyarlarını qorumaqdır. Ona görə də Heydər Əliyev Azərbaycandakı təhsil müəssisələrinin sayını artırdı. Ali məktəblərin qapılarını imkansız zəhmətkeş övladlarının üzünə açdı. Ulu Öndər cəmiyyətdə haqq-ədaləti, qanunun aliliyini təmin etdi. Cəmiyyətdə hamının riayət etməli olduğu qaydalar yaratdı.

 

Qürur yerimiz

 

Öz gərgin zəhməti, fitri qabiliyyətləri hesabına sadə bir ailədən keçmiş SSRİ-nin rəhbərlərindən biri mövqeyinə qədər böyük və şərəfli yol keçən Heydər Əliyev indi olduğu kimi, onda da xalqımızın qürur yeri idi. İttifaqın hər yerində biz azərbaycanlıları Heydər Əliyevin adı ilə tanıyardılar. Yetirdiyi layiqli övlad, Azərbaycan xalqının başını daha da ucaltmışdı. Heydər Əliyev fenomeni tarixə dahi mütəfəkkirlər bəxş etmiş xalqımızın nə qədər yüksək milli potensiala malik olmasının daha bir faktı idi. Onunla tək Azərbaycan xalqı deyil, ümumilikdə bütün müsəlman-türk respublikaları qürur duyurdu. Heydər Əliyev dünyanın çox geniş bir coğrafiyasında yaşayan insanların SSRİ rəhbərliyindəki əsas təmsilçisi, hamisi kimi çıxış edirdi.

Ötən əsrin 80-ci illərinin sonlarına doğru ittifaq rəhbərliyindəki məkrli qüvvələrin təsiri ilə Heydər Əliyevin siyasi meydandan kənarlaşdırılmasından və ermənilərin əli ilə ölkəmizə qarşı çirkin planların işə düşməsinə etiraz olaraq Azərbaycan xalqının öz milli haqları uğrunda mübarizəyə başlaması da, Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi dövründə formalaşdırdığı zəminlərdən güc alırdı.

 

Xilaskar

 

Bu mübarizə nəticəsində Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edərək ötən əsrdəki ən böyük nailiyyətini qazandı. Lakin müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən ictimai-siyasi qeyri-sabitlik yeni dövrdə xalqın milli dövlətçilik ənənələrinin formalaşmasına ciddi şəkildə mane olurdu. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, iqtidarın dövlət idarəçiliyindən anlayışı olmayan təsadüfi insanların əlinə keçməsi vəziyyəti dözülməz hala gətirmişdi. Dövlətçilik sükanının xalqın milli maraqlarına zidd siyasət yürüdən qaragüruh qüvvələrin əlində olması yeni problemlər yaradırdı. Ölkəni böyük təhlükələrə sürükləyirdi. İşğalçı Ermənistan Azərbaycan paytaxtında getdikcə güclənən kürsü davasından istifadə edib cəbhə bölgəsində ərazilərimizi kənd-kənd, rayon-rayon ələ keçirirdi. Azərbaycan vətəndaş qarşıdurmasının bircə addımlığında idi. Məqsədli qüvvələr çoxmillətli ölkə olan Azərbaycanda separatizm toxumu səpərək respublikanı parçalamaq istəyirdilər.

Cəmiyyət ağır sosial-iqtisadi böhranın, saysız-hesabsız çətinliklərin qarşısında çarəsiz qalmışdı. Belə bir zamanda xalqın xilaskara ehtiyacı vardı. Azərbaycan xalqı belə bir xilaskar qismində məhz Heydər Əliyevi görürdü. O dövrdə Moskvadan Vətənə dönərək Naxçıvan Ali Məclisinin sədri seçilən Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı tarixi zərurət idi. Bu tarixi zərurət reallaşmasaydı, Azərbaycan hansı fəlakətlərlə üzləşər, başımıza hansı bəlalar gələr, bunu təsəvvürə gətirmək belə çox ağırdır.

Nə xoş ki, Azərbaycan xalqı hər zaman olduğu kimi, 1993-cü ilin o kəşməkəşli dövründə də tarixi taleyinin ən doğru qərarını verdi. Ulu öndər Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışını təkidlə tələb etdi. İnsanlarımızın bu çağırışına səs verən ümummilli lider 1993-cü ilin 15 iyununda ali hakimiyyət rəhbərliyinə möhtəşəm qayıdış gününü müstəqillik tariximizə qızıl hərflərlə yazaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Böyük qətiyyətlə atdığı addımlar sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. İctimai-siyasi sabitliyi təmin etdi. Azərbaycan üçün ciddi təhdid yaradan qanunsuz silahlı qüvvələri zərərsizləşdirdi. Xaosa, anarxiyaya son qoydu. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində danışıqların başlanması və cəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını aldı. Xarici dövlətlərlə, müvəqqəti hakimiyyətlər dövründə pozulmuş münasibətlər qaydaya salındı. Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, respublikamızın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün məqsədyönlü tədbirlər görüldü.

 

Dövlət quruculuğu yollarında

 

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin aparıcı neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu, Azərbaycanda sözün əsl mənasında demokratik inkişaf proseslərinin, hüquqi dövlət quruculuğunun uğurla aparılmasına zəmin yaratdı. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu yolunda çox əhəmiyyətli bir addım oldu. Ana Qanunumuzun yaratdığı imkanlar çərçivəsində Heydər Əliyev ölkədə çoxşaxəli demokratik islahatlar apardı. İnsan hüquq və azadlıqlarını təmin etdi. Vətəndaş cəmiyyətinin formalaşmasına imkan yaratdı. Azərbaycanda azad bazar iqtisadiyyatı prinsipləri özünü doğrultmağa başladı. Torpaq islahatı, dövlət mülkiyyətinə aid əmlakların özəlləşdirilməsi prosesi uğurla həyata keçirildi. Ölkə iqtisadiyyatında özəl sektorun rolu artdı, azad sahibkarlar sinfi formalaşdı, sosial-iqtisadi böhran tədricən geridə qaldı.

Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Ölkəmiz dünyanın nüfuzlu beynəlxalq qurumlarına tamhüquqlu üzv qəbul olundu, başqa ölkələrlə mehriban dostluq münasibətlərini, işgüzar əlaqələrini inkişaf etdirdi. Ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti bütün dünyada Azərbaycanın etibarlı tərəfdaş imicini formalaşdırdı. Respublikanın iqtisadi həyatının ən müxtəlif sahələrinə sərmayə axını başlandı. Ulu öndər Heydər Əliyevin ideya müəllifliyi ilə qlobal əhəmiyyətli bir çox enerji-kommunikasiya layihələri reallığa çevrildi. Azərbaycan bütün dünyada beynəlxalq əməkdaşlıq məkanı kimi tanınmağa başladı. Ümumən regionda sülhə, təhlükəsizliyə, inkişafa xidmət göstərən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazandı.

 

Qlobal miqyaslı siyasətçi

 

Elə Heydər Əliyevi öz zəmanəsinin görkəmli şəxsiyyətlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də onun siyasi fəaliyyətinin yalnız ölkəmiz çərçivəsində məhdudlaşıb qalmamasıdır. Ümummilli Liderin Azərbaycan hüdudlarında həyata keçirdiyi bütün qlobal məsələlər bilavasitə regionun və bütövlükdə dünya birliyinin inkişafına xüsusi təkan vermişdi. Zəmanəsinin görkəmli lideri kimi Heydər Əliyevin siyasi baxışları, çıxışları, təklifləri çağdaş dünya düzəninin müəyyənləşməsində əhəmiyyətli rol oynayıb və bu gün də öz dəyərini saxlamaqdadır. Bu baxımdan, Heydər Əliyev XX əsrin ən görkəmli siyasət adamları ilə eyni sırada qərar tutur. Ona görə də Ulu Öndərin tarixi xidmətləri hər zaman yüksək qiymətləndiriləcək. Bugünkü kimi gələcək nəsillər də onun dövlətçilik məktəbindən bəhrələnməyə çalışacaq.

Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin etmək, ölkəmizin siyasi taleyinin gələcəkdə hər hansı təsadüflərin əlinə düşməsinə imkan verməmək üçün milli inkişaf strategiyası irəli sürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün bu strategiyanı əzmlə davam etdirərək Heydər Əliyev ideyaları işığında ölkəmizə böyük uğurlar qazandırmaqdadır. Regionun əsas söz sahibinə, qlobal tərəfdaşlıq, kommunikasiya məkanına çevrilən, bu günü və gələcəyi ilə bağlı aydın strateji baxışa sahib olan Azərbaycan bu gün milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsindədir. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan heç zaman indiki qədər güclü olmayıb. Ölkəmiz aparılan demokratik islahatların, azad bazar iqtisadiyyatı və sosial dövlət prinsipləri əsasında aparılan inkişaf proseslərinin elə bir mərhələsinə gəlib çatıb ki, artıq heç bir qlobal təhdid bizi yolumuzdan sapındıra bilməz. Buna COVID-19 koronavirus pandemiyası dövründə Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımlarda, vətəndaşların həyat və sağlamlığının qorunması naminə görülən işlərdə, dövlətin iqtisadiyyata dəstək tədbirlərində, ən əsası isə vətəndaşlarımızın dövlətimizə, dövlət rəhbərimizə inam və etimadında bir daha şahid olduq.

Ölkəmizdə aparılan demokratik islahatların, əhali arasında maarifləndirmə işinin son illərdə insanlarımızın sosiallaşması baxımından nə qədər müsbət effekt verdiyini gördük. Cəmiyyətdə əsl vətəndaş məsuliyyətinin formalaşmasına, milli vəhdətə, insanlarımızın belə dar məqamlarda milli-mənəvi dəyərlərin gücünə tapınaraq necə bir-birinə dəstək verməsinə hər birimiz şahid olduq.

Azərbaycan bu sətirlərin yazıldığı anlara qədər pandemiyadan ən az zərər çəkmiş ölkələr sırasındadır. Arzu edirik ki, bu göstərici, bəşəriyyət üzləşdiyi qlobal bəlanı tezliklə tam aradan qaldırana qədər də belə olsun. Bütün bunlar, təbii ki, ölkəmizin malik olduğu imkanlar, dövlət rəhbərliyinin vətəndaşlarımıza yüksək diqqət və qayğısı sayəsindədir.

 

Arzulardakı Azərbaycan

 

Heydər Əliyev ideyaları bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı islahatlarda yaşayır. Cəmiyyətdə haqq-ədalətin təmin olunması, dövlət idarəçiliyi sisteminin naqis əqidəli insanlardan təmizlənməsi, şəffaf, hər kəs üçün bərabər inkişaf mühitinin formalaşdırılması üçün atılan qətiyyətli və məqsədyönlü addımlarda reallığa çevrilir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Ulu Öndərimizin adını daşıyan Fond da milli inkişaf strategiyasının həyata keçirilməsində dövlət rəhbərimizə böyük dəstək verir. Mehriban xanım Əliyeva malik olduğu dəyərlərlə, rəhbərlik etdiyi layihələrin uğurları ilə, Heydər Əliyev ideyalarına layiqincə xidmətlə cəmiyyətimiz və ümumən dünyamız üçün nümunə yaradır. Azərbaycan insanlarına əsl Ana qayğısı göstərir. Milli-mənəvi dəyərlərimizi qoruyur və bütün dünyada təbliğ edir. Təbiətin, ekoloji müxtəlifliyin qorunması, yaşıllıqların salınması istiqamətində həyata keçirilən layihələrlə təbiətə sevgini, canlı aləmə həssas münasibəti insanlarımız üçün bir dəyərə çevirir.

Azərbaycan bu gün bütün dünyada mədəniyyətlərarası dialoq məkanı, tolerantlıq ünvanıdır. Ölkəmiz multikultural dəyərlərin, fərqli mədəniyyətlərə hörmət ruhunun bütün dünyada yayılması üçün qlobal layihələr həyata keçirir. Bəşəri dəyərlərə xidmət Azərbaycan dövlətinin adını daha da ucaldır.

Bu, Heydər Əliyevin arzularındakı Azərbaycandır.

Əbədiyaşar ideyaları Ulu Öndərin arzularını, amallarını reallığa qovuşdurur.

 

Firdovsi Əliyev,

YAP Siyasi Şurasının üzvü,

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

 

525-ci qəzet.- 2020.- 5 may.- S.16.