Korrupsiya Vətənə
və dövlətə xəyanətdir
Korrupsiyaya qarşı mübarizənin
yeni dalğası: Daha kimlər cəzalandırılacaq?
Prezident İlham Əliyevin qətiyyəti
sayəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizənin
yeni dalğası başlayıb.
Xüsusilə mayın 1-də
ölkə başçısının Azərbaycan Respublikasının
yeni Baş prokuroru Kamran
Əliyevi videoformatda qəbul zamanı səsləndirdiyi
fikirlər cəmiyyətdəki korrupsionerlərə
qarşı ciddi siqnaldır. Həmin qəbulda Prezident birmənalı
şəkildə bildirdi ki, indi
vacib vəzifələrdən biri korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizədir:
« Hesab
edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal
iş aparmalıdırlar. Bu xoşagəlməz hallara
qarşı Azərbaycanda çox ciddi mübarizə
aparılır. Mən bu məsələ ilə bağlı
dəfələrlə öz fikirlərimi bildirmişdim.
Bütün dövlət məmurlarını xəbərdar
etmişdim və hətta demişdim ki, əgər hansısa
dövlət məmuru öz işində düzəlişlər
edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü
könüllü şəkildə dövlət işindən
istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri
üçün dərs olmadı və bunun nəticəsində
indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə
əməliyyat keçirərək rüşvətxorları,
yüksək vəzifə sahiblərini ifşa etdi və onlar
artıq cinayət məsuliyyətinə cəlb edilmişlər.
Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının
icra başçıları həbs edilmişdir, ictimaiyyətə
bu məsələ ilə bağlı ətraflı məlumat
verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.»
Prezident
İlham Əliyev çıxışlarında dəfələrlə
bildirmişdir ki, mən Prezident
kimi xalqın xidmətçisiyəm. Bu, eyni zamanda, nazirlərə, yerli icra
orqanlarının rəhbərlərinə, hər kəsə
verilmiş bir mesaj idi ki, hər kəs yalnız dövlətin və xalqın mənafeyi
uğrunda çalışmalıdır. Lakin Prezident
İlham Əliyevin bu çağrışlarından nəticə
çıxarmayan məmurların
qanuni cəzalanması prosesi başlayıb. Cənab
Prezident həbs olunan dövlət məmurlarının
istintaqının getdiyini və bu yoldan bir addım da geri
çəkilməyəcəyini bildirərək növbəti
xəbərdarlığını etmişdir: «Həbs
edilmiş icra başçılarının istintaqı gedir.
Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir
ki, rüşvətxorluq bu adamlar üçün əsas
prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir
qayda olaraq hər ay icra başçılarına və icra
hakimiyyətinin digər nümayəndələrinə
rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə
xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda
məlumat var və bir daha demək istəyirəm ki, heç
kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir
ki, onun yaxınları, tanışları, qohumları,
yüksək vəzifəli dostları ona kömək edəcəklər,
səhv edir. Qanun qarşısında hamı bərabərdir,
Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq
olmamalıdır.»
Həbs
olunan icra başçılarının və digər məmurların
ən böyük xəyanəti isə odur ki, onlar
dünyanın, o cümlədən ölkəmizin pandemiya ilə
mübarizə apardığı ağır bir dövrdə
dövlətə və xalqa xəyanət yolu tutublar. Belə
ki, pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti
bütün resursları səfərbər edib, ilk növbədə,
vətəndaşları, onlara həyatını,
sağlamlığını qorumaq üçün əlindən
gələni edir. Hətta dövlətlə bərabər,
ictimai təşkilatlar, ilk növbədə, Heydər
Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, imkanlı adamlar
öz təşəbbüsləri ilə paytaxtda və
bölgələrdə
kasıb insanlara yardım ediblər. Lakin bəzi şərəfsiz
məmurlar bu yardımları mənsinməyə nail olublar.
Prezident İlham Əliyev haqlı olaraq deyir: « Əgər
indiki şəraitdə bunlar özlərini belə
aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda
bunlar nə edəcəklər? Bunun bir adı var –
vicdansızlıq və xəyanət. Ona görə bundan sonra
bu ünsürlərə qarşı mübarizə daha ciddi
aparılmalıdır...»
Dövlət
başçısının belə sərt ifadələr
seçməsi, əlbəttə, təsadüfi deyil. Dəfələrlə
xəbərdarlıq edilməsinə, bir neçə ildir sərt
mübarizə tədbirləri həyata keçirilməsinə
baxmayaraq, mərkəzi və yerli icra orqanlarında yüksək
vəzifə tutan xeyli sayda məmur nəinki korrupsiyadan və
rüşvətxorluqdan əl çəkir, hətta dövlətin
əhalinin aztəminatlı təbəqəsinin sosial
müdafiəsi üçün ayırdığı vəsaitləri,
yardımları belə talamaqdan çəkinmirlər. Bu isə
sadəcə cinayət deyil, həm də əhali arasında
narazılıqları artırmağa yönəlmiş bu xəyanətdir.
Onlar dövlətin hümanist siyasətinin əksinə getməklə
hakimiyyəti xalqın gözündən salmağa
çalışırlar. Xüsusən indiki ağır
şəraitdə - dünyanı bürüyən koronavirus
pandemiyasına görə ölkədə 100 minlərlə
insanın iş yerlərini, gəlirlərini itirdiyi,
imkanı çatan vicdanlı insanların başqalarına
yardım etdiyi bir dövrdə vəzifəli şəxsin bu
cür rəzil əməllərlə məşğul
olmasına başqa ad tapmaq mümkün deyil.
Əvvəldə
də qeyd etdyimiz kimi, Azərbaycan dövləti ölkə
başçısının rəhbərliyi ilə
dünyanı bürüyən COVID-19 pandemiyasına
qarşı genişmiqyaslı tədbirlər həyata
keçirir. Bu istiqamətdə görülmüş işlər,
qəbul edilmiş qərarlar ölkəmizin bu bəladan
minimum itkilərlə çıxmasına hesablanıb. Ancaq
dövlət aparatında çalışan, nəinki
iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa xəyanət edən bir
sıra insanların əməlləri aparılan siyasəti zərbə
altında qoymağa xidmət edir. Bunu məqsədli şəkildə
etdikləri, yoxsa bu adamların loru dildə desək,
zatında imkansızın, kasıbın malına tamah salacaq qədər rəzilliyin
olduğu yəqin ki,
araşdırmalar zamanı ortaya çıxacaq...
Buradan
aydın görünür ki, belə şərəfsiz məmurların
əməlləri dövlət başçısının
hələ 2016-cı il referendumundan sonra bəyan etdiyi, 2018-ci
il prezident seçkilərindən sonra həyata keçirilməsinə
başladığı yeni islahatlar kursunu iflasa
uğratmağa, əhalidə dəyişikliklərə olan
inamı sarsıtmağa, köhnə və biabrçı
üsullarla işləməkdə israrlı olmağa yönəlib.
Hətta həbslərə baxmayaraq, mərkəzi və yerli
icra orqanları rəhbərliyində olan bəzi şəxslərin
öz əməllərindən əl çəkməməsi,
əksinə, Prezidentin göstərişi ilə aztəminatlı
təbəqəyə, işsizlərə, pandemiyadan ziyan
görən insanlara ayrılan vəsaitləri,
yardımları mənimsəmələri bir daha göstərir
ki, cənab Prezidentin də dediyi kimi, hakimiyyətdəki bəzi
köhnə fikirlilər hələ də yeniliyi qəbul etmək
istəmirlər. Dövlət, millət, hətta hakimiyyət
qarşısında heç bir xidməti olmayan belə ləyaqətsiz
insanların hakimiyyədəki «krişaları» da artıq
anlayıblar ki, onların da sonu gəlib. Heç də təsadüfi
deyil ki, Prezident İlham Əliyev də
çıxışlarında həbs edilən icra
başçılarının əməllərinin
iqtidarın nüfuzuna zərbə vurmağa yönəldiyini
bildirib. Bu isə ölkə rəhbərliyinin də, necə
deyərlər, «oynanan oyunun» fərqində olduğunu və
qarşısını almaq üçün ən sərt
addımlardan çəkinməyəcəyini göstərir.
Xüsusilə Prezident yalnız yerli icra orqanlarında deyil,
nazirliklərdə, mərkəzi dövlət qurumlarında
da bu cür halların olduğuna dair siqnallar
aldığını, həbslərin miqyasının
genişlənə biləcəyi mesajını verib: «Bu məsələ
ilə bağlı bizim mövqeyimiz birmənalıdır.
Korrupsiyaya və korrupsionerlərə qarşı amansız
mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu
hallar təkcə yerli icra orqanlarında müşahidə
edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə
siqnallar var və bu siqnallar araşdırılır. Verilən
məlumata görə, bəzi mərkəzi icra
orqanlarında, bəzi nazirliklərdə, - hələ bu
siqnallar araşdırılır, - vəzifəyə təyin
olunmaq üçün insanlardan bəzi hallarda rüşvət
tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin
əsaslarını sarsıdan addımlardır, çirkin
addımlardır… Biz bu hallara qarşı amansız mübarizə
aparacağıq.»
Müşahidələr
göstərir ki, ötən ilin yayından başlayaraq,
hüquq-mühafizə orqanlarında həyata keçirilən
kadr islahatları da məhz buna hədəflənib: Azərbacan
dövlətindəki və
ümumilikdə cəmiyyətdəki bütün korrupsionerləri birdəfəlik
süpürüb atmaq… Təsadüfi deyil ki, dövlət
başçısı ötən həftə təyin olunan
yeni Baş prokurorun qarşısında əsas vəziflərdən
biri kimi məhz korrupsiya və rüşvətə
qarşı mübarizəni qoydu.
Yəni, artıq ölkədə həm siyasi, həm də iqtisadi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılmasına qərar verilib. Eyni zamanda, Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizəsində göstərdiyi qətiyyət həm ölkə xaricində, həm də cəmiyyətimizdə birmənalı olaraq yüksək qiymətləndrilir. Xalq bu qətiyyətli işdə Prezidentə uğurlar arzulamaqla kifayətlənmir, həm də dövlət başçısına dəstək verir.
Elçin Zaman
İki sahil.- 2020.- 5
may.- S.17.