Naxçıvanın enerji
təhlükəsizliyi:
İdxaldan ixraca doğru
XX əsrdə Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibində olduğu zaman onun elektrik enerjisinə olan tələbatı Zaqafqaziya vahid energetika sistemindən elektrik verilişi xətti ilə ötürülən enerji vasitəsilə təchiz olunmuşdur. Ararat-Babək, Ararat-Şərur və Ararat-Ordubad yüksək gərginlikli elektrik verilişi xətləri muxtar respublikaya Ermənistan ərazisindən ötürülürdü. Araz Su Elektrik Stansiyası da mübadilə sistemi ilə işləyən bu xəttə qoşulmuşdu. Qeyd etmək lazımdır ki, keçən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı təqribən 110-120 meqavat təşkil edirdi. Bundan əlavə, həm də o dövrdə muxtar respublikadakı yaşayış məskənlərinin 70 faizə qədəri qazlaşdırılmışdır.
Lakin 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələr Azərbaycan-Ermənistan münaqişəsi, 1991-ci ildə SSRİ-nin dağılması və bütün bunlar muxtar respublikaya gələn elektrik xətlərinin Ermənistan tərəfindən kəsilməsinə və həmin ilin noyabr ayında qaz nəqlinin də dayandırılmasına gətirib çıxardı. Beləliklə, regionun iqtisadi blokadasının “təməl”i qoyuldu. 6-7 ay sonra muxtar respublikanın energetika və rabitə təsərrüfatları iflic vəziyyətinə düşdü. O illər Naxçıvanda enerji daşıyıcılarına olan tələbat çox az səviyyədə ödənilirdi. Təbii qazın nəqli dayandırıldıqdan sonra vəziyyət daha da ağırlaşdı. Dəmiryol nəqliyyatında qatarların hərəkətinin kəsilməsi ucbatından odunun, daş kömürün və neft məhsullarının qəhətə çıxması əsas gücü energetika təsərrüfatının üzərinə saldı. Araz çayı üzərində İranla birgə tikilən su-elektrik stansiyası tələbatın yalnız 5-6 faizini ödəyirdi. O da, ilk növbədə, yaşayış üçün zəruri olan mühüm obyektlərə - çörək zavodlarına, su nasosxanalarına, xəstəxanalara verilirdi. Özü də fasilələrlə.
Xalqımızın ümummilli lideri Heydər Əliyev regionda yaşanan bu çətinliklər barədə sonralar belə demişdi: “Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən donurdular...”
Həmin dövr xalqımızın böyük oğlunun Naxçıvanın xilası uğrunda fəaliyyətinin əsas istiqaməti muxtar respublikanın energetika və yanacaq problemlərinin həllinə yönəldi. Yeganə ümid İran və Türkiyə ilə xarici-iqtisadi əlaqələrin yaradılmasında idi. Bunsuz bölgədə həyatı öz axarına salmaq, sadəcə, mümkün deyildi. 1991-ci ilin sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev həmin ilin dekabr ayında Türkiyənin “Aralıq” yarımstansiyasından Naxçıvanın “Sədərək” yarımstansiyasına 31,5 kilkvatlıq elektrik verilişi xətti çəkilməsinə nail oldu və düşmənlə üzbəüz dayanan, hər gün ölüm-dirim mübarizəsi gedən sərhəd bölgəsinə 3-4 meqavat həcmində eherji ötürülməyə başlandı.
Həmin ərəfədə Heydər Əliyevin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə səfəri əhəmiyyətli hadisə oldu. 1992-ci ilin mart ayında gerçəkləşən səfər zamanı Türkiyə Cumhuriyyətinin Prezidenti Turqut Özal, Baş naziri Süleyman Dəmirəllə faydalı görüşlər keçirildi. Qardaş ölkədə əsasən Ermənistanın Azərbaycana təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyət müzakirə edildi. Görüşün nəticəsi olaraq, muxtar respublikanın qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Türkiyənin Baş naziri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri birgə protokol imzaladılar. 13 maddədən ibarət protokolda enerji xətlərinin çəkilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı. 1993-cü ilin may ayında “İqdir” transformator yarımstansiyasından 87,5 km uzunluğunda 154 kilivatlıq ikidövrəli xəttin çəkilişinin başa çatdırılması məhz aparılan danışıqların nəticəsi idi. Həmin dövrdən etibarən muxtar respublikaya Türkiyədən 55-60 meqavat həcmində elektrik enerjisi ötürülməyə başlandı.
1992-ci ilin avqustunda isə Heydər Əliyev İran İslam Respublikasına ilk səfər etdi. Səfər zamanı müxtəlif sahələrdə əməkdfaşlığa dair imzalanmış protokola Naxçıvan MR-in elektrik enerjisinə və təbii qaza olan tələbatını ödəmək üçün yeni xətlərin çəkilməsi bəndləri də salındı. Qısa müddətdə İran tərəfdə - Araz SES-in ərazisində “Araz” yarımstansiyası tikildi, 132 kilovatlıq elektrik enerjisi verilişi xətti çəkildi. Həmin ilin dekabr ayının 3-də istismara verilən bu yüksək gərginlikli elektrik xətti ilə 35 meqavat gücündə enerji ötürüldü. Ondan bir neçə gün sonra isə Culfa-Culfa elektrik verilişi xətti istifadəyə verildi. Bu xətlə Culfa rayonuna 7 meqavat gücündə elektrik enerjisi verilməyə başlandı.
1993-cü ilin ortalarında Naxçıvan İran İslam Respublikasından 42, Türkiyədən isə 63 meqavat gücündə elektrik enerjisi daxil olurdu. Ümummilli Liderin təşəbbüsü ilə Türkiyə və İranla bağlanan müqavilələr sonrakı illərdə də muxtar respublikanın sosial-iqtisadi cəhətdən dirçəlməsində mühüm rol oynamışdır.
Çox keçmədi ki, ulu öndərimiz naxçıvanlıların sabaha ölən ümidlərini işıqlandırdı. Görülən işlərlə kifayətlənmək olmazdı. Naxçıvanı qarşıdakı illərdə daha mühüm vəzifələrin həlli gözləyirdi. Bu, elektrik enerjisi probleminin daxili imkanlar hesabına ödənilməsi idi.
Ulu Öndərimizin yolunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də fikri bu idi ki, Naxçıvan maksimum dərəcədə özünü bütün cəhətlərdən təmin edə bilsin. Dövlət başçısı demişdir: “Naxçıvanın əsas problemlərindən biri elektrik enerjisi məsələsidir. Bilirsiniz ki, buraya elektrik enerjisinin əsas hissəsi xaricdən gəlir. Naxçıvana 140 meqavat həcmində elektrik enerjisi verilir. Onun yalnız 20 meqavatı daxildə istehsal olunur. Qalanı isə Türkiyə və İrandan alınır. Bizim proqramlarımız, planlarımız var. Bu istiqamətdə işlər aparırıq ki, Naxçıvan elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün layihələr həyata keçirək. Qaz verilməsi məsələsi də gündəlikdədir. Bu istiqamətdə də işlər aparılır. Əlbəttə, əgər Naxçıvanla Azərbaycan arasında əlaqə olsaydı, buraya qaz vermək problem olmazdı... Belə olan halda, əlbəttə, başqa yollar arayırıq ki, bu məsələni də həll edək. Mən əminəm ki, bu məsələni həll edəcəyik. Bu məsələ də öz həllini taparsa, əlbəttə ki, Naxçıvanda yeni müəssisələrin yaradılması prosesi daha da sürətlə gedəcəkdir. Bizim məqsədimiz bundan ibarətdir”.
Muxtar respublikaya nəhayət 14 illik fasilədən sonra təbii qazın nəql olunması, mənzillərdə və digər obyektlərdə sayğaclaşdırmanın başa çatdırılması, “Alfatek” markalı rəqəmsal elektron avadanlıqların qoyulması, elektrik enerjisindən israfçılıqla və sayğacdankənar istifadə olunmasına qarşı səmərəli təşkilati və texniki tədbirlərin həyata keçirilməsi istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı tələbatı da kəskin surətdə azaltmışdır. Yəni, görülən tədbirlər öz nəticəsini vermiş və artıq qalan 17 meqavatlıq elektrik enerjisi 2009-cu ildə qardaş Türkiyə Respublikasına nəql edilmişdi.
Naxçıvan Muxtar Respublikasında energetika sahəsində əldə olunan uğurlar ilk növbədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Ölkə Prezidenti İlham Əliyev muxtar respublikaya ilk səfərləri çərçivəsində keçirdikləri görüşlərinin birində Naxçıvanda həyata keçirilən tədbirlərin başlıca məqsədini belə açıqlayıb: “Maksimum dərəcədə Naxçıvanın öz resurslarına əsaslanıb elektrik enerjisi potensialına imkan yaratmalıyıq”.
Cənab İlham Əliyevin bu dediyi sözləri bir az da xırdalayanda o anlama gəlir ki, düşmən mühasirəsi şəraitində yaşayan, ölkəmiz üçün mühüm əhəmiyyətli strateji regionun iqtisadi potensialını yaratmaq və inkişaf etdirmək üçün ardıcıl tədbirlər görülməli, ilk növbədə, onun enerji problemləri həll edilməlidir: “Bütün iqtisadi potensialın təməlində bu məsələlər dayanır. Əgər iqtisadi potensialı artırmaq istəyiriksə, enerji məsələləri mütləq həll olunmalıdır”.
Ölkə başçısının 2006-cı ilin dekabr ayında muxtar respublikaya səfəri çərçivəsində istifadəyə verilən yeni elektrik stansiyaları regionun elektrik enerjisi ilə təchizatında idxaldan asılılığı aradan qaldırdı. Prezident İlham Əliyev açılış mərasimlərində belə bir amili xüsusi qeyd etmişdir: “Vaxtilə qaranlıqda, qazsız, işıqsız yaşayan Naxçıvan artıq görülən işlər nəticəsində və orada tikilən və bərpa olunan elektrik stansiyalarının hesabına elektrik enerjisi ixrac edə biləcəkdir”.
Muxtar respublikada enerji təsərrüfatında qazanılan mühüm uğurlardan biri də gücü 87 meqavat olan modul elektrik stansiyasının inşasıdır. Ən müasir texnoloji avadanlıqlar əsasında quraşdırılan stansiyanın baş podratçısı Finlandiyanın “Vartsila”, subpodratçıları isə İsveçrənin ABB şirkəti və “Azərenerji” ASC-nin “Azərenerjitikinti” Məhdud Məsuliyyətli cəmiyyəti idi. Hər birinin gücü 8,7 meqavat olan 10 porşen tipli aqreqat yüksək iş əmsalına malikdir. Burada 1 kilovat/saat elektrik enerjisinə sərf edilən təbii qazın miqdarı 260 qram olduğundan, iqtisadi baxımdan sərfəlidir. Bu göstəriciyə görə, modul elektrik stansiyalar yalnız SES-lərdən geri qalır. Təsadüfi deyil ki, son illər muxtar respublikanın elektrik enerjisinə olan daxili tələbatı mövcud su elektrik stansiyaları ilə yanaşı, bu stansiya vasitəsilə ödənilir. Təkcə 2009-cu il ərzində stansiyada 370,6 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu muxtar respublikada istehsal olunan enerjinin 78 faizi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işləyib hazırladığı böyük layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Muxtar respublikaya qaz verilməsi bərpa olundu.
2006-cı il dekabr ayının 20-də Naxçıvanda olan dövlət başçısı bir çox müəssisələrin açılışında iştirak etdi. Elə həmin gün Naxçıvan üçün xüsusi əhəmiyyət kəsb edən, ümumi gücü 87 meqavat olan Naxçıvan modul elektrik stansiyası işə salındı.
Naxçıvanda hazırda tam gücü ilə işləyən enerji müəssisələrindən biri də Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1971-ci ildə Araz çayı üzərində tikilib istifadəyə verilmiş su elektrik stansiyasıdır. Stansiyada hər gün rejimlə əlaqədar 20-22 meqavat enerji istehsal edilir. İl ərzində isə burada 93 milyon kilovat/saat elektrik enerjisi istehsal olunur.
Vayxır Su-elektrik Stansiyası da istifadəyə verilmişdir. Onun ümumi gücü bir qədər aşağı - 4,5 meqavat gücündədir. Əvəzində, burada istehsal olunan enerji ucuz başa gəlir. Stansiya Türkiyənin “Cengiz İnşaat Anonim” və “Aksoy” şirkətləri arasında imzalanmış ortaq müqavilə əsasında Heydər Əliyev Su Anbarı üzərində quraşdırılıb. Digər stansiyalardan fərqli olaraq, bu obyektin layihəsi, quraşdırılması, sazlanması və digər xərcləri yerli imkanlar hesabına ödənilib. Dəryaçada su rejimi düzgün müəyyənləşdirildiyindən 2009-cu ildə burada 5,6 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. İstehsal olunan enerji Şahbuz rayonunda istehlakçıların tələbatını tam ödəyir.
Muxtar respublikanın energetika təsərrüfatında həyata keçirilən tədbirlər təkcə yeni və müasir tipli elektrik stansiyalarının tikintisindən ibarət deyil. Eyni zamanda, yüksək gərginlikli elektrik verilişi xətlərində yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Muxtar respublikada hazırda başlıca diqqət ucuz və alternativ enerji mənbələrinin yaradılmasına yönəldilib. Bu məsələ regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında da əksini tapıb. Bölgədə kiçik dağ çayları üzərində su-elektrik stansiyalarının tikilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu sahədə qarşıda duran hədəfləri aydın göstərib: “Naxçıvanda tikilən elektrik stansiyalarının və növbəti illərdə tikiləcək su-elektrik stansiyalarının gücü elə olmalıdır ki, muxtar respublikada enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin olunsun”.
Artıq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Artıq makroiqtisadi sabitliyin təmin olunması ilə Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin ikinci mərhələsinə start verilmişdir. Bu mərhələdə artıq öz ehtiyatlarımızın səfərbər olunması ilə daxili tələbatın ödənilməsi və gələcəkdə Naxçıvanın enerji ixracatçısına çevrilməsi kimi böyük işlər həyata keçirilib. İnfrastruktur müasir standartlar səviyyəsində yenilənib, davamlı olaraq yeni güclər yaradılıb ki, bu da, son nəticədə, muxtar respublikada enerji təhlükəsizliyinin səmərəli qurulmasını şərtləndirib. Əgər 1996-cı ilə kimi muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, aparılan məqsədyönlü islahatlar nəticəsində həmin müəssisələrin sayı 6-ya çatdırılıb.
Muxtar respublikada tikilib istifadəyə verilən 6 elektrik stansiyasından əlavə bu gün Azərbaycan hökuməti ilə İran İslam Respublikası arasında imzalanmış müqaviləyə əsasən Ordubad rayonunun Dəstə kəndi yaxınlığında Araz çayı üzərində daha bir su elektrik stansiyası inşa olunur. Burada hər birinin gücü 12 meqavat olmaqla 3 turbin və 3 generator quraşdırılacaqdır. Yeni enerji istehsalı obyektinin normal gücdə işləməsi üçün tələb olunan su sərfi saniyədə 126,6 kubmetrdir. Bu stansiyanın aparıcı beton kanalının uzunluğu 12 kilometr olacaq. Buraya 110 kilovoltluq elektrik verilişi xətti çəkiləcək, transformator yarımstansiyası quraşdırılacaqdır. Hazırda aparıcı kanalda qazıntı və betonlama işləri görülür.
Ümumiyyətlə, elektrik enerjisi sahəsində görülən işlər muxtar respublikanın enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı həm də onun ixrac potensialını artırmışdır.
Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Nazim Əhmədov,
iqtisad elmləri doktoru,
professor
İki sahil.- 2020.- 6
may.- S.22.