Ulu öndər Heydər Əliyev və 1970-1980-ci qızıl illərdə

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı

 

Azərbaycan xalqının ümummilli lideri böyük Heydər Əliyev müasir müstəqillik illərində dövlət quruculuğunun sarsılmaz əsaslarını yaratmaqla, milli iqtisadiyyatın uzunmüddətli perspektivlərini müəyyən etməklə, sosial dayanıqlılığın güclü bazasını formalaşdırmaqla və digər bu kimi məhsuldar ideya və təşəbbüslərin müəllifi olmaqla hər birimizin sonsuz qürur və iftixarımız olmuşdur. Onun hətta keçmiş İttifaq dövründə həyata keçirdiyi islahatlar iqtisadiyyatın bütün sahələri üzrə yüksək məhsuldarlıq göstəricilərini təmin etmiş və bu, hazırkı müstəqillik dövrü üçün strateji əhəmiyyətə malik olmuşdur. Həmin dövrlərdə Azərbaycan Respublikasının iqtisadiyyatı üçün çoxşaxəlilik potensialı yaradılmış və bu, daha çox əhalinin sosial rifahının yüksəldilməsinə münbit zəmin olmaqla, makroiqtisadi inkişaf üçün keyfiyyətcə yeni mərhələnin təməllərini gücləndirirdi.

Bu dövrdə iqtisadiyyatın aparıcı sahələrinin perspektivləri dəyərləndirilmiş, zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuş və bu, özünü kənd təsərrüfatı ilə yanaşı, digər sahələrin məhsuldarlığının artırılmasına təkan vermişdir. 1970-1980-ci qızıl illərin iqtisadi statistik göstəricilərinin təhlili göstərir ki, iqtisadiyyat cəmiyyət üzvlərinin artan təlabatlarının qətiyyətli qarşılanmasına istiqamətlənmiş və bununla da nəinki, həmin dövrlərin, hətta özünün məntiqi mahiyyətliliyinə görə hazırkı müstəqillik dövrlərinin də iqtisadi inkişafı və uzunmüddətli hədəfləri üçün güclü bazaya çevrilmişdir. Təbii ki, bu, ölkəmizin bütün regionları kimi Naxçıvan Muxtar Respublikasının da davamlı inkişafı üçün zəruri idi.

Təkcə onu qeyd etmək yerinə düşər ki, 1970-1980-ci illərin sosial-iqtisadi inkişafı istər ayrılıqda, istər sənayenin, istər aqrar sektorun, istərsə də hər iki sahənin inteqrasiyası fonunda aqrar sənaye birlikləri şəklində daha mütərəqqi potensial üçün imkanlar mərkəzinə çevrilmişdir. Təbii ki, bütün bunların yüksək dinamika ilə inkişafı ümumilikdə, iqtisadiyyatın sosiallaşma göstəricilərinin də artan miqyasda davamlılığına təminat verirdi. (Şəkil 1)

Sənayenin iqtisadiyyatın aparıcı sahəsi olaraq təşkilatlanması ulu öndərin gündəlik qayğısının bariz isbatı kimi mühüm əhəmiyyət kəsb edirdi və bəhs olunan illər ərzində bu sahə üzrə istehsal olunan məhsulların həcmi 2,8 dəfə artmışdır. Eyni zamanda, bu, hazıkı şəraitdə milli iqtisadiyyat üçün hədəf olaraq seçilən sənayeləşmə siyasətinin güclü bazası olaraq da sosial-iqtisadi əsaslara malik olmaqdadır. Təbii ki, sonrakı illərdə, xüsusən də müasir dövrdə bu sahədə reallaşdırılan islahatlar həmin baza üzərində daha da dayanıqlı olması ilə böyük əhəmiyyət kəsb edir.

Ərzaq təhlükəsizliyinin etibarlı təminatı, onun artan dinamikasının təşəkkülü Naxçıvan Muxtar Respublikasının hərtəfərli tərəqqisi naminə böyük tədbirlərin məcmusunu ifadə etməkdə idi ki, kənd təsərrüfatının iqtisadi inkişafdakı rolu böyük olmuşdur. Həmin sahə üzrə mühüm göstəricilərdən biri kimi bitkiçilik məhsullarının istehsalını qeyd edə bilərik. Bu məhsulun istehsal həcminin dinamikasında 1970-1980-ci illər üzrə davamlı artım göstəriciləri əldə olunmuşdur. Belə ki, həmin illərdə taxıl istehsalı 1970-ci il üzrə 22,5 min ton, 1980-ci il üzrə isə 27 min ton təşkil etmişdir. Həmin artım müvafiq olaraq, aşağıdakı şəklin məlumatlarında öz əksini tapmışdır: (Şəkil 2)

1970-1980-ci illərdə taxıl istehsalında 1,2 dəfə, tütün istehsalında 2,1 dəfə, kartof istehsalında 1,4 dəfədən çox, tərəvəz istehsalında 2 dəfəyə yaxın, bostan məhsulları istehsalında 1,7 dəfədən çox, meyvə və giləmeyvə istehsalında 1,2 dəfə, üzüm istehsalında isə 2,7 dəfə artım olmuşdur.

Bu dövrlərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı sahəsində dövlət tənzimlənməsinin nəticəsi özünü bu sahə üzrə bitkilərin məhsuldarlıq göstəricilərinin artımında da göstərməkdədir. Statistik rəqəmlərin təhlili göstərir ki, bəhs olunan illər üzrə muxtar respublikanın iqtisadiyyatı həm də aqrar sektorun ixtisaslaşdırılmış kadr potensialı ilə təmin olunduğunu göstərməkdədir. Bu isə, qarşıdakı illər üzrə məhsuldarlığı artırmaqla, müəyyən olunan hədəflərin daha da əlçatan olmasına imkan verməkdədir. (Şəkil 3)

Göründüyü kimi, 1970-1980-ci illərdə muxtar respublikada taxılın məhsuldarlığı 2,5 dəfə artmışdır. Bu, tütün üzrə 1,6 dəfədən çox, kartof üzrə 1,1 dəfədən çox, tərəvəz üzrə 1,4 dəfədən çox, bostan məhsulları üzrə 1,5 dəfədən çox, meyvə və giləmeyvə üzrə 1,2 dəfə, üzüm üzrə 1,6 dəfədən çox olmuşdur.

Kənd təsərrüfatının inkişafı davamlı perspektivlər fonunda təsərrüfatçılıq formalarının inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını göstərməkdədir. Burada məhsul istehsalı ilə yanaşı, həm kəndlərin iqtisadi inkişafı, həm də aqrar sektorda məşğulluq probleminin həlli sahəsindəki mühüm mərhələni zəruri olaraq qeyd edə bilərik. Fikrimizi sözügedən illər əsasında təsərrüfat fəaliyyətinin mühüm sahələrindən birini təşkil edən iri buynuzlu malqaranın və qoyun keçilərin baş sayı üzrə ifadə etsək, görərik ki, birincilərin cəmi sayı 1970-ci ildə 63759 başdan 1,1 dəfə artaraq 1980-ci ildə 69033 baş olmuş, ikincilər üzrə isə 1970-ci ildə 254828 başdan 1,2 dəfəyə yaxın artaraq 1980-ci ildə 292168 baş təşkil etmişdir.

Təmin olunan iqtisadi inkişaf öz növbəsində dövlətin sosial siyasətinin də səmərəli təşkili və idarə olunmasında mühüm nəticələri ilə müşayiət olundu. Əhalinin iqtisadi inkişafdan və sosial dayanıqlıqdan yararlanma sahəsindəki əlçatanlığının gerçək ifadəsi olan rifah göstəricilərinin zəruri tərkib hissələrindən birini də onların təhsilalma imkanları təşkil etməkdədir ki, bu sahədə qətiyyətli artım göstəriciləri əldə olunmuşdur. Savadlanmanın, dünyagörüşün, elmi potensialın davamlı inkişafı sahəsində reallaşan tədbirlər müvafiq sahə üzrə güclü perspektivlərin yaradılmasını şərtələndirən amillər olaraq təşəkkül tapırdı. (Şəkil 4)

Bu bir həqiqətdir ki, istər ümumtəhsil məktəblərinin, istərsə də məktəbəqədər uşaq müəssisələrinin istifadəyə verilməsi proseslərinin artan dinamikada təşəkkülü ulu öndərin adı ilə bağlıdır. Şəklin məlumatlarından görünür ki, 1970-1980-ci illərdə Naxçıvan Muxtar Respublikasında birincilər üzrə 3, 3 dəfədən çox, ikincilər üzrə isə 2 dəyəyə yaxın artım olmuşdur. Bu həm də dahi rəhbərimizin muxtar respublikaya ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, böyük qayğısının gerçək ifadəsi olmaqla, eyni zamanda, gənc nəslin milli ruhda böyüməsinə diqqətinin təsdiqi idi.

Böyük Heydər Əliyev həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasi idarəetmə ilə:

- artan təlabatlar qarşısında müqavimət gücünə malik iqtisadi siyasətin və ticarət potensialının formalaşdırılmasını;

- istehsalın fasiləsizliyi əsasında daxili bazarın yerli məhsullarla təmin olunması və əmtəə dövriyyəsinin sürətlənməsini;

- əhalinin alıcılıq qabiliyyətinin gücləndirilməsini;

- sağlam rəqabət mühitinin vacib təsisatlarının yaradılmasını;

- iqtisadi tarazlığın və makroiqtisadi təminatlılığın qorunması və s. məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Qeyd edək ki, həmin sahədəki məqsədyönlü siyasətin yaratdığı səmərəli mühit nəticəsində pərakəndə ticarət şəbəkələrinin sayı 1970-ci ildə 574 ədəd, 1980-ci ildə 671 ədəd olmuş və ya 17 faizə yaxın artmışdır.

Bütün bunlar həm də sosial siyasətin etibarlılığını göstərən mühüm göstəricilər olmaqla, əhalinin firəvanlığına hesablanmış tədbirlərin tərkib hissəsidir. Bu dövrdə sosial-iqtisadi inkişafın artan miqyasda təşəkkül tapması iqtisadiyyatın uzunmüddətli perspektivlərinin çaxşaəlilik əsasında təmin olunmasına zəmin yaradırdı. Qeyd olunanları iqtisadiyyatın mühüm sahələrindən biri olan nəqliyyat sahəsində aid etmək olar. Həmin sahədə infrastruktur quruculuğunun həyata keçirilməsi, vaxt itkisinin aradan qaldırılması, istehsal və daşınma üçün səmərəliliyin təmin olunması, həmçinin, nəticə etibarı ilə makroiqtisadi göstəricilərin artan dinamikasının təmin olunması qarşıya qoyulan məqsədlərin uzaqgörənliklə reallaşmasına səbəb olurdu. Ulu öndərin hazırkı milli iqtisadi quruculuq proseslərinin məkəmməl bazasının təmin olunması sahəsində həyata keçirdiyi tədbirlər, müəllifi olduğu məhsuldar ideya və təşəbbüslər muxtar respublikanın iqtisadi gücünü, həmçinin sosial təminatını daha da artırırdı. Elə məhz həmin tədbirlərin möhkəm təsdiqə əsaslanan nəticəsi olmaqla, çəkilən avtomobil yollarının uzunluğu 1970-ci ildə 976, 1980-ci ildə 1024 km təşkil etmişdir. Qeyd edək ki, 1970-ci ildə çəkilən yolların 450 kmi-i və ya 46 faizdən artığı, 1980-ci ildə isə 725 km-i və ya 71 faizə yaxını bərk örtüklü olub. Bütün bunlar, muxar respublikada nəqliyyat üzrə əsas göstəricilərin də artan dinamikasının əsas göstəricilərini ifadə etməkdədir. Aşağıdakı şəklin məlumatları bunu göstərir. (Şəkil 5)

1970-1980-ci illərdə sərnişin minik avtomobillərinin sayı 5,9 dəfə, avtobusların sayında 2,7 dəfədən çox, yük avtomobillərinin sayında 1,7 dəfə, digər avtomobillərin sayında isə 2,9 dəfə artım olmuşdur. Cəm şəkildə olmaqla, muxtar respublika üzrə avtomobillərin sayındakı artım 3 dəfə təşkil etmişdir.

Beləliklə, Azərbaycan iqtisadiyyatının istər keçmiş İttifaq dövründə, istərsə də hazırkı müstəqillik illərində güclü, müqavimətli və dayanıqlı təşəkkülündə Naxçıvan Muxtar Respublikasının yeri və rolu böyük olmuşdur. Tərəddüd etmədən qeyd edə bilərik ki, bu inkişafın altında ulu öndər Heydər Əliyevin həmişəyaşar imzası vardır. Məhz bu imza, ölkəmizin həm regional, həm də milli mahiyyəti yüksək olan iqtisadi prioritetlərini daha da etibarlı və əlçatan etməkdədir.

 

Cavadxan Qasımov,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2020.- 6 may.- S.20.