Ədəbi dalğada istedadlı səs

 

Ümumiyyətlə, əsərlər (fərqi yoxdur – bədii, elmi) adamlar kimidir – hamısında müsbət, işıqlı, pozitiv nəsə var, sadəcə olaraq bunu görmək və qiymətləndirmək lazımdır. Əlbəttə, şedevrləri dahilər yaradırlar – bunlar nisbətən az, yaxşı və orta səviyyəlilər isə kifayət qədərdir. Və həyatda təsadüf deyilən şeyin olmadığını, belə düşünənlərin sayından başqa, həm də dünyagörüşlərinin məhdudluğunu deməklə təzə, orijinal fikir bildirmədiyimizi də anlayırıq. Axı planetimiz, Günəş sistemi, qalaktikalar hər hansı təsadüfü qətiyyətlə rədd edir. Haqqında danışacağımız romanın çox sayda təsirli səhnələrinin arxasında, altında – aysberq kimigizli, ancaq diqqətli, həssas oxucunun maraq dairəsində qalaraq onu bir an belə tərk etməyən əsas fikir, ideyaqanunauyğunluqbütün mənalarda aydın, məntiqli və səbatlıdır.

İmzası geniş ədəbi ictimaiyyətə çox da tanış olmayan Sabir Şahtaxtının (Sabir Həbib oğlu Hacıyev) “Nisgil” romanında SSRİ DTK-sının fəaliyyət dairəsi və təsiri, yer kürəsindəki ümumi gərginlik, bu gərginliyin Şərq-türk-islam hissəsi – problemi, bütün məqamlarda insan xarakteri, məzmunlu əsərlər üçün qaçılmaz mövzu – məhəbbət, nəcib, humanist hisslərin ən təbiisi, məncə, ən ilkini olan sevginin yaşantıları son dərəcə real, inandırıcı boyalarla qələmə alınmışdır.

Siyasətin çətin və vacib sahə olduğu barədə çoxlu tutarlı sübutlar (müharibə ərəfəsində yaşayan ölkə rəhbərlərinin, yaxud yüksək rütbəli rəsmi şəxslərin təbəssümə bükülmüş qarşılıqlı sərt münasibətləri hər hansı konkretlikdən uzaq, çox ümumi fikirlərin bildirilməsindən daha artıq gizlədilməsi və s.) içərisində Avropa, ərəb mənşəli terminlər arasında “duyğu”, “düşüncə” tək sözlərin mövcudluğuistisnalar da var, yəni vicdanlı siyasətçilər, kəşfiyyatçılar dəqiq tarixi, siyasi-coğrafi (geopolitik) prizmadan çıxış etdikdə səmimi etiraflardan qorxub çəkinməyən və şəxsi həyatını yox, ölkənin, Vətənin taleyini düşünənlər az da olsa, var. Bu kimi ovqat və əslində fədakarlıqla, təbii ki, müəyyən dərəcədə əsər boyu rastlaşır, həm müəllifin erudisiyasına, həm onun iti müşahidə qabiliyyətinə, daha çox tarixi-siyasi, patriotik mənada – həm də yazdığı, təsvir etdiyi tarixi hadisələrə, obrazların həyat tərzinə, onların keçirdikləri hiss-həyəcan olaylarına məhəbbəti, eyni zamanda, bələdliyi oxucuda heyranlıq doğurur.

İqlimindən tutmuş relyefinə qədər sərt-kontraslı, eyni zamanda gözoxşayan, qəlbsevindirən, qürurverici, qədim, zəngin tarixə, mədəniyyətə (qayaüstü rəsmlərə, misilsiz memarlıq abidələrinə, havasına, suyuna) qədər doğma və bənzərsiz Naxçıvan diyarı romanın ilk səhifələrindən hadisələrin episentrində mövcud olduğundan yazıçının güclü bədii məntiqi ya birbaşa, ya da dolayısı ilə diqqət çəkir, hətta qəhrəmanların Yaxın və Orta Şərqə səfərləri, Bakı mühiti belə, bu qədim diyara məhəbbət hissini zəiflədə bilmir.

Əsərdə Naxçıvan daha çox qəribəliyilə yadda qalır, amlav vəziyyətinə salınmış ulu torpaq tarix boyu milli-mənəvi bəşəri dəyərlərin ləyaqətli daşıyıcısı olmuş, yadellilərin çoxsaylı hücumlarına məruz qaldığı zamanlarda da özünəməxsus fərdi simasını qorumağı bacarmış, çox güman ki, tarixi-xronikal mənbələrə xeyli dərəcədə bələd olan yazıçı Azərbaycanın bu qiymətli, ayrılmaz parçasına əbədi məhəbbətə məhkumluğunun bədii-sənədli ifadəsi kimi oxucuda rəğbət hissi yaratmağa müvəffəq olmuşdur.

Naxçıvanın havası ilə yaşamaq istəyən Hacı Cabbar Şeyxzadənin (“Kömək”) ömrünün son illərində İğdırda yaşamaq qərarına gəlməsi coğrafi yaxınlıqdan başqa, həm də vahid türk dünyasına töhfə verməyin ifadəsi kimi çox ibrətamizdir.

Hadisələrin şaxələnməsilə sıx, təbii vəhdətdə təsvir edilən Naxçıvan mühiti, ab-havası yazıçının qanına, iliyinəcən vətənpərvərliyindən (bunun tərkib hissəsi kimi qonaqcanlılıq da Naxçıvanın əsl siması, humanist məziyyətlərindən sayılmalıdır), hər qarışına bələd olduğu doğma yurdu bir an belə unuda bilmədiyindən xəbər verir. Ən maraqlı cəhətlərdən biribudur ki, səhifəni çevirdikcə, fəsilləri arxada qoyduqca, əsl Vətən sevgisinin miqyasını – onun genişliyini və ucsuz-bucaqsız türk ellərini düşünmək, hətta duymaq asanlaşır.

Yazıçı yurdunun, Arazın şimal yamacında, “Şəril düzünün ən mehdöyən yerində, çox-çox qədim abidələrin, o cümlədən ayparaşəkilli qəbiristanlıqların olduğu, ucu-bucağı görünməyən travertin yataqlarının üstündə” salındığını təsvir ediroxucu zövqündən, mütaliə dairəsindən asılı olaraq bunu Kür çayı hövzəsində, Mil-Muğan düzündə, Kiçik Qafqazın ətəklərində Abşeron yarımadasında təsəvvür edir. Konkret yerlərə gəldikdə isə, onların içərisində də xeyli ümumtürk adlar ilə rastlaşmaq mümkündür.

Təsadüfi deyil ki, “Rus diki”, “Gavur qalası”, “Yeriyən karvansaray”, “İydəli pir”, “Daş hamam”, “Şah bağı”, “Kaftarlıq”, “ bulaq”, “Cin dərəsi” kimi yer adları yazıçının qələmilə müəyyən məna çalarları daşıyır, eyni zamanda, çox ustalıqla Naxçıvan torpağının tarixindən, keçmişinin bəzi dövrlərindən xəbər verir.

“Həyat yoldaşının Naxçıvana hərbi xidmətə göndərilməsi xəbərini göz yaşları ilə qarşılamış” Nina Vladimirovnanın Səməd müəllimlə tanışlığı onu bu yerlərə elə bağlayır ki, ömrünün sonuna kimi saf qəlbli, əqidəli, igid və təvazökar insanları ilə seçilən bu torpağa məhəbbəti unudulmur, zəifləmir.

Yazıçı həyat həqiqətlərinə ustalıqla bədii don biçə bildiyindən romanda heç nə ideallaşdırılmayıb, əksinə, hamının öz həyatında rastlaşdığı, təəssüfləndiyi böhtan, dedi-qodu, qeybət kimi neqativ hallardan təsirləndiyini də gizlətmədən oxucusu ilə bölüşür. Romanda müəllifin yüksək insani keyfiyyətlərdən dəfələrlə bəhs etməsi yaddaqalandır və periferiyada paytaxt mədəniyyəti məsələsinə onun münasibətini də izləyirik; o, qədimi, zəngin memarlıq örnəklərindən, yüksək intellektual səviyyəli insanlara kimi bir çox pozitiv cəhətlərlə fəxr etdiyini nə gizlədir, nə də bunu həddən çox qabardır. Yeri gəldikcə, milli mətbəx, geyim, musiqi atributları da diqqətindən yayınmayıb.

İnsan bütün hallarda nəinki ilkinə qayıtmaq istəyir, hətta bu ilkini özündən asılı olmadan genetik kodu ilə hiss edir. Nisgilin “evlərindəki acınacaqlı mənzərə”, “evlərinin damması” ucbatından bütün əşyaların məhv olub tanınmaz hala düşməsi səhnələri, təbii ki, əsərdəki çoxsaylı digər təsvirlər kimi dramatik təsir bağışlayır. Geri dönmənin – bumeranq effektinin ya birbaşa, fiziki mənada reallaşması, ya da obrazların düşüncələrində, fikirlərində nostalji vüsətlə baş verməsi mahiyyətin bir olduğundan xəbər verir; keçmişə, kökə, deməli, saflığa, təbii gözəlliyə soy və zəngin mənəviyyata laqeyd olmamağın göstəricisi kimi qiymətləndirilməlidir.

Taleyin ironiyası bəzi hallarda müsbət auranın cazibəsindən çıxa bilmir. Romanın sonunda Qabilin peşəkar ehtiyat tədbirlərilə Vətənə, daha doğrusu, Arazın şimal tayına qayıda bilməsini də bununla bağlamaq mümkündür, çünki şəxsi həyatı ilə xidməti borcu arasında üstünlüyü ikinciyə vermək, əslində qəlbində ən ağır yüknakam sevgi, ən istəkli insana qovuşa bilməməkdən yaranan həsrət yükünü daşıyan insanın sonuncu ümidi reallaşmalıdır, bunu bədii məntiq, hadisələrin axarının mənsəbində dayanan obyektiv gerçəklik diktə edir.

İdeal, qüsursuz bədii əsərlər, demək olar ki, yoxdur, yəqin, buna görə də müəlliflər prozada Servantes, Flober, Dostoyevski, poeziyada Nizami, Füzuli, Puşkin iddiasında olmurlar, bununla belə, hər müəllif məhz bənzərsizliyilə yadda qalır, başqa sözlə, əsərlər ən çox sənətkarlıq xüsusiyyətləri – poetika ilə diqqəti çəkirlər. Sabir Şahtaxtının təsvir etdiyi tarixi hadisə, ovqat və gərgin vəziyyətlərin bədii ifadəsi son dövr ədəbiyyatımıza zəngin, geniş məlumatlı, obrazların daxili aləminə nüfuz etməyi, bu aləmin fərdiliyini, özünəməxsusluğunu inandırıcı şəkildə oxucunun ixtiyarına verməyi bacaran maraqlı yazıçının gəldiyindən xəbər verir. Romandakı izahlar, bəzi oxucular üçün sual doğura biləcək söz və terminlərə aydınlıq gətirilməsi də yerində və zəruridir. Əsas obrazların adından tutmuş, çox vaxt keçirdikləri təbii hisslərin çatdırılmasına qədər hər şey əsaslandırılmış və bəzi məsələlər üzrə nəticə çıxarmaq isə qəsdən oxucunun ixtiyarına buraxılmışdır; müəllifin ustalıqla tətbiq etdiyi bugediş” məncə, hər şeydən əvvəl, səviyyəli zövqlü oxuculardan ötrüdür, başqa sözlə, bir çox digər nəsr nümunələrində gördüyümüz hadisəçilikdən, primitivlikdən qaçma burada özünü doğruldan atribut, keyfiyyət göstəricisi kimi qeyd edilməlidir.

“Vətən dərdi elə bir faciədir ki, bir insanın taleyi, iki gəncin faciəsi onun qarşısında çox adi görünürmüş”.

“Müsəlman və türk olmaq nə çətinmiş, İlahi!”

“Həyatda heç zaman görmədiyim atamı və səni bağrıma basmaq indi ən böyük arzumdur. Amma Vətəni bu dar gündə qoyub gələ bilmirəm”.

Nisgilin həyəcanını, narahatlığını, nigaranlığını ən səmimi, sadə və düşündürücü sözlərlə ifadə edən yuxarıdakı fikirlərə, demək olar ki, romanın bütün səhifələrində buya digər formada rast gəlirik.

Nəhayət, doğma torpağa ayaq basan, on illərdən sonra Vətənin havasını udan Qabilin keçirdiyi hissləri “Ana torpaq nə qədər soyuq olsa da, ürəyinə məlhəm kimi istilik verirdi. Qızmar günəşin şəfəqləri gözlərini qamaşdırıb onu yuxudan oyandırdı...”

Sırf bədii – rəmzi təsvir kimi dəyərləndirilməli olan son cümlələr, mümkündür ki, davamını gözlədiyimiz gələcək hadisələrin fəal iştirakçısının “fırtınadan əvvəlki sakitlikmövqeyinin bədii, məncə, həm də poetik təqdimidir.

Təkcə istedad çox azdır, əsərlərin uğurlu alınmasından ötrü zəngin həyat təcrübəsi, məsuliyyət hissi, şəraiti obyektiv qiymətləndirmək bacarığı, vətənpərvərlik, bir də səmimi etiraf zənnimcə, birinci dərəcəli önəm daşıyır.

Sabir Şahtaxtının romanının ilk səhifələrindən başlayaraq milli təəssübkeşliyin sağlam bədii-prozaik ifadəsilə tez-tez qarşılaşırıq. Müəllifin növbəti əsərlərinin daha dərin məzmunlu, poetik cəhətdən daha orijinalyaddaqalan, daha çox oxucu auditoriyası qazanacağına inam hissimizin əsasında “Nisgil” dayanır. Qəribə deyil!

P.S. “Nisgil” romanı bu ilin fevralında qardaş Türkiyənin paytaxtı Ankara şəhərində nəşr olunub. Əsərin Azərbaycan versiyasının nəşr olunacağını gözlədiyimiz halda, Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən Anadolu türkcəsində Türkiyədə çap edilməsi olduqca qururvericidir. Fürsətdən istifadə edərək AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğluna Sabir Şahtaxtının “Azadlıq türküsü” romanının ardından “Nisgil” əsərini də nəşr etdiyinə görə səmimi təşəkkürümü ifadə edirəm. Əminliklə qeyd edə bilərəm ki, Avrasiya Yazarlar Birliyi ilə Sabir Şahtaxtı arasındakı yaradıcılıq əməkdaşlığı ən qısa zaman kəsiyində ədəbi mühitə daha böyük fayda verəcəkdir.

 

Vaqif ƏJDƏROĞLU,

"Odlar yurdu" Universitetinin müəllimi

dünya ədəbiyyatı üzrə mütəxəssis

 

İki sahil.- 2020.- 6 may.- S.18.