“Ümid” yatağında yeni quyunun
qazılmasına start verildi
Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı “Ümid-1” platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verib.
Qərbinfo.az SOCAR-a istinadən vediyi məlumata görə, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilib.
Qeyd edilib ki, “Ümid'' yatağından hasilatın tezləşdirilməsi üçün “Ümid-1” platformasından əlavə 2 quyu qazılacaq.Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilib.
SOCAR prezidentinin iştirakı ilə “Ümid-1” platformasında yeni hasilat quyusunun qazılmasına start verilib. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən aparılıb, Böyük Britaniyanın məşhur “Norwell” mühəndislik şirkəti ilə razılaşdırılıb.
Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.
2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan “Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılıb. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.
Qarşıdakı dövrdə “Ümid”
yatağında daha bir platformanın (Ümid-2) tikilib
quraşdırılması, yaxınlıqdakı “Babək”
strukturunda kəşfiyyat-qazma işlərinin aparılması
planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil
olunacaq qaz və kondensatın ilkin emalı üçün
gündəlik 24 milyon kubmetr ötürücü
gücündə Daşgil-2 terminalı tikilir.
Çıxarılan məhsul terminala sualtı boru xətti
vasitəsilə çatdırılacaq. Terminalın 2019-cu
ilin sentyabrında başlanılmış tikinti işləri
hazırda davam etdirilir. Gələcəkdə “Babək”
strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun
boru xətti vasitəsilə “Ümid-1” platformasına, oradan
isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql
edilməsi nəzərdə tutulmuşdur
İki sahil.- 2020.- 6 may.- S.3.