Mən azərbaycanlıyam

burada olmuşam...

 

Əbdül Ağa Cavadov Böyük Vətən müharibəsində iştirak edən yeganə neftçidir ki, Berlində Reyxstaqın divarına bu sözləri yazıb. Əbdül Ağa Əli oğlu Cavadov 1920-ci ildə Bakının Zirə qəsəbəsində neftçi ailəsində dünyaya gəlib.

II Dünya müharibəsinin iştirakçısı olub, müharibənin son günlərinə kimi qəhrəmanlıqla döyüşlərdə iştirak edib.

Müharibədən sonra Bakıya qayıdan Əbdül Ağa Cavadov 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə ilə bitirib, “Dağ-mədən mühəndis-geoloqu” ixtisasına yiyələnib. İnstitutu fərqlənmə diplomu ilə bitirərək “Balaxanıneft”də öz ixtisası üzrə-geoloq kimi əmək fəaliyyətinə başlayıb. 1956-cı ildən 1964-cü ilə qədər isə Elmi-Tədqiqat İnstitutunda geoloq vəzifəsində çalışıb.

İstehsalatda işlədiyi dövrdə-1962-ci ildə “Sabunçu layında Balaxanı-Sabunçu-Ramana yataqlarının geologiyası və neftqazlılığı, onların işlənib hazırlanmasının səmərəli yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Ə.A.Cavadov 1954-1974-cü illərdə “Qaradağneft” NQÇİ-nin baş geoloqu vəzifəsində çalışıb. Atəşgah, Umbakı, Mezozoy çöküntüləri sahələrində meosen-mezozoy qalxmalarının stratiqrafik tiplərinə aid yataqlarda kəşfiyyat quyularının qazılmasını layihələndirib. Lökbatan qatının meosen-mezozoy layında qaz-kondensat yataqlarının kəşfində və istismarında iştirakçı olub. Ə.Cavadov 1970-ci ildə “Abşeronun cənub-qərbindəki məhsuldar qatların geologiyası və neftqazlılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycanda yeganə neftçi-geoloqdur ki, doktorluq dissertasiyasını istehsalatda işləyə-işləyə müdafiə edib.

1974-1978-ci illərdə Elmi-Tədqiqat Neft İnstitutunda “Layın fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışıb. O, 1978-ci ildən Azərbaycan Neft-Kimya İnstitutunun Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı kafedrasının professoru olub. Sənaye istehlakının təşkili fakültəsinin dekanı kimi də fəaliyyət göstərib. 1981-1986-cı illərdə isə Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı kafedrasının müdiri vəzifəsində çalışıb. O, “Neft Daşları”, “Günəşli” və başqa yataqların işlənib hazırlanmasında yaxından iştirak edib. 120 elmi əsərin müəllifi olan Əbdül Ağa Cavadov, eləcə də 12 nəfər elmlər namizədi hazırlayıb.

Əbdül Ağa müəllim neft sənayesində göstərdiyi yüksək xidmətlərə görə 1964-cü ildə SSRİ Dövlət Geologiya Komitəsi və Kəşfiyyat İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsi tərəfindən “Yerin təkinin kəşfiyyatı üzrə peşəkarlıq” dövlət mükafatı ilə təltif olunub. Bundan başqa, Ədül Ağa Cavadov neft sənayesində göstərdiyi xidmətlərə görə  “Əmək veteranı” medalı, Böyük Vətən müharibəsində iştirakına və göstərdiyi döyüş şücaətinə görə “Böyük Vətən müharibəsi”, “Qırmızı Ulduz”, “Qələbə”, “Veteranlar həmrəyliyi”, “Rusiya Federasiyasının Təhlükəsizlik Şurası”, “Müharibə veteranı” ordenləri, “Qafqazın müdafiəsi uğrunda”, “Varşavanın azadlığı uğrunda”, “Döyüşdə göstərdiyi şücaətə görə”, “Berlinin ələ keçirilməsinə görə”, “Almaniya üzərində qələbə”, “Böyük Vətən müharibəsində qələbənin 20 illiyi”, “Böyük Vətən müharibəsində qələbənin 30 illiyi”, “Böyük Vətən müharibəsində qələbənin 40 illiyi”, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi”, “Böyük Vətən müharibəsində qələbənin 60 illiyi”, “Böyük Vətən müharibəsində qələbənin 65 illiyi”, “Böyük Vətən müharibəsində qələbənin 70 illiyi”, “SSRİ-nin silahlı qüvvələrinin 70 illiyi”, “Böyük Vətən müharibəsində iştiraka görə”, “Ukraynanın azad edilməsinin 70 illiyi”, “Belarusiyanın azad edilməsinin 65 illiyi”, “Moskva uğrunda döyüşlərin 75 illiyi”, “V.İ.Leninin 100 illiyi” medalları ilə təltif edilib.

2014-cü ildə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev Bakıya gələrək Əbdül Ağa müəllimi şəxsən “Rusiya Federasiyasının Təhlükəsizlik Şurası” ordeni ilə mükafatlandırıb. O, yeganə neftçidir ki, birinci günündən son gününədək Böyük Vətən müharibəsində iştirak edib və Berlində Reyxstaqın divarının üzərində “Mən azərbaycanlıyam və burada olmuşam” sözlərini yazıb.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2020.- 7 may.- S.4.