Ulu Öndər həmişə bizimlədir

 

Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin və milli varlığımızın qorunmasında misilsiz xidmətlət göstərmiş və elə bu xidmətlərə görə də xalq arasında böyük hörmət və nüfuz, ümumxalq sevgisi qazanmış,  həmçinin öz fəhmi, istedadı, qətiyyəti, iradəsi, əzmkarlığı, ilə dünya çapında öz səhifəsini yazmış əfsanəvi bir şəxsiyətdir. Azərbaycan ictimai fikir və dövlətçilik tarixində hər zaman görkəmli şəxsiyyətlər olmuşdur. Xüsusilə xalqımızın dövlətçilik tarixi şanlı səhifələrlə zəngindir. Bununla belə, bu gün heç kəsə sirr deyil ki, Azərbaycan tarixində dövlət başçıları arasında Heydər Əliyev qədər ümumxalq sevgisi qazanan bir dövlət xadimi tapmaq çətindir. Hətta Ulu Öndərin rəqibləri belə Onun nəhəngliyini etiraf  etməyə məcbur olmuşlar.

 

Zaman keçir. Lakin Ümumilli Liderimizin parlaq obrazı insanların qəlbində yaşayır. Həm də təkcə Onun dövründə yaşamış insanların qəlbində yox, onun əməllərindən bəhrələnən indiki nəslin qəlblərində yaşayır və gələcək nəsillərə ötürülür.

Tariximizin qırx ildən çox bir dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on yeddi il keçməsinə baxmayaraq, xalqın qəlbində yaşayır və hələ uzun illər yaşayacaq. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır. Ümumilli liderimiz Heydər Əliyevin öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlığı ilə öz adını Azərbaycan tarixinə ədəbi həkk eləmiş nadir şəxsiyyətlərdəndir. Onun keşməkeşlərlə dolu mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir. Heydər Əliyev Azərbaycanda iki dönəmdə hakimiyyətdə olmuşdur. Hərdən özümə belə bir sualla müraciət edirəm: görəsən Heydər Əliyevin hansı dövrdə xalq və dövlətçilik qarşısında xidmətləri daha çox olmuşdur ? Və özümdə cavab tapmağa çalışıram. Poeziyamızın Peyğəmbəri hesab edilən şeyx Nizami deyirdi:              

Xidmət etmək işidir kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

Ulu Öndərimiz də elə peyğəmbərcəsinə deyirdi. “Mənim həyatımın mənası xalqıma xidmət etməkdən ibarətdir”. O,  harada oldusa, hansı vəzifədə çalışdısa həyatının mənasını xalqa xidmət etməkdə gördü. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbər vəzifəsinə təyin edilərkən Azərbaycan çox acınacaqlı durumda idi. Keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərinə görə sonuncu yerlərdə qərar tuturdu. Azərbaycanlı deyilən millət SSRİ miqyasında tanınmırdı. Hətta o zamankı dövrdə Azərbaycanı Ermənistan və Gürcüstan arasında bölüşdürmək barədə fikirlər də olmuşdu. Lakin Heydər Əliyevin gəlişi ilə hər şey dəyişdi. Onun fitri istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan bütün göstəriciləri ilə ölkədə ön cərgəyə çıxdı. 10 il dalbadal keçmiş SSRİ-nin Keçici Qırmızı Bayrağına layiq görüldü. Azərbaycan aqrar respublikadan aqrar-sənaye  respublikasına çevrildi, güclü sənaye kompleksləri yaradıldı. Əslində Ulu Öndər müdrik uzaqgörənliklə o illərdə yaranmış tarixi situasiyalardan məharətlə istifadə etməklə gələcək müstəqil Azərbaycanın təməlini qoyurdu və müstəqillik illərində tarix Ulu Öndərimizin nə qədər uzaq görən şəxsiyyət olduğunu sübut etdi. Eyni zamanda Ümumilli Lider milli ruhun oyanışını təmin etdi. Milli yaddaşı bərpa etdi. Milli mənlik şüurunun, milli kimliyin dərk edilməsini təmin etdi. İndi həmin dövrdə yaşamış insanlar yaxşı xatırlayırlar ki, əslində Heydər Əliyev o illərdə hər bir azərbaycanlının milli mənlik simvoluna çevrildi. O dövrdə bütün SSRİ məkanında Azərbaycan deyiləndə Heydər Əliyev, Heydər Əliyev deyiləndə Azərbaycan başa düşülürdü.

Ümummilli lider Heydər Əliyevi Tanrı Azərbaycan üçün bir missiya ilə yaratmışdı. 1991-ci ildə SSRİ bir imperiya kimi süqut etdikdən sonra öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk illərində daha acınacaqlı halla üzləşdi. Bir tərəfdən keçmiş SSRİ rəhbərinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, bir tərəfdən ölkənin cənubunda və şimalında beynəlxalq güclərin təsiri ilə başlamış separatçılıq prosesləri, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə və ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olması Azərbaycanı məhv olmaq və tarix səhifəsindən silinmək həddinə gətirib çıxarmışdı. Bax belə bir şəraitdə Tanrı Heydər Əliyevi xilaskar missiyası ilə yenidən xalqa göndərdi. 1992-ci ilin ölkənin mütləq əksəriyyətinin fikrini ifadə edən görkəmli Azərbaycan ziyalılarının müraciəti əsasında Azərbaycanın düşmüş olduğu acınacaqlı vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ilə nəticələndi. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda təssis edilən YAP tarixi zərurətdən yaranmışdı. Xalqın və dövlətin düşmüş olduğu son dərəcə kritik vəziyyətdən yeganə çıxış yolu bu idi.

YAP-ın yaradılması, Ulu Öndərin birbaşa müəllifliyi və rəhbərliyi ilə hazırlanmış və qəbul edilən bu partiyanın nizamnaməsi və proqramı əslində gələcəkdə o vaxtadək hələ Konstitusiyası və inkişaf proqramı olmayan müstəqil respublikanın hüquqi əsaslarının təməl prinsiplərini müəyyən edirdi.     1995-ci ildə Ulu Öndərin birbaşa təşəbbüsü, müəllifliyi və rəhbərliyi ilə işlənib hazırlanan və referendumda qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi əslinədə müstəqil Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə başlanan uğur yolunun başlanğıcı, zəfər səlnaməsinin ilk addımları idi. Lakin bu yolun başanğıcı asan olmadı, məhrumiyyətlər, çətinliklər, problemlər, xəyanətlər, sui-qəsd cəhdləri oldu. Lakin Ulu Öndəri öz düz yolundan, doğru yolundan, məsləkindən, xalqın nicat yolundan döndərmək mümkün deyildi. Karvan öz yolu ilə irəliləməkdə idi. Karvanbaşı DAHİ idi. Əqidəsindən, amalından, məqsədindən dönməyən, ünvanını, məqsədini, hədəfini aydın bilən, aydın görən, bu yolda bütün çətinliklərə məhrumiyyətlərə sinə gərməyi bacaran və özünə əmin olan DAHİ. Ömrünün son 10 ilində 100 ilə sığışmayan işlər gördü bu Dahi. 10 ildə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirdi. Hakimiyyətin birinci dövründə hazırladığı özül üzərində müasir müstəqil Azərbaycan adlanan möhtəşəm bir dövlətin, möhtəşəm binasını kərpic-kərpic ucaltmağa başladı...

Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən biri də xalqın və dövlətin sabahı üçün layiqli davamçısını  yetişdirməsi idi. Bütün məsələlərdə olduğu kimi, O, bunu da bacardı.  İndi cəmi 29 yaşı olan müasir müstəqil Azərbaycanın bugünkü və sabahkı taleyi üçün narahat olmağa ehtiyac yoxdur. Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanı arxasında Ulu Öndərin varisi, onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyev durur. Ulu Öndərin “özü qədər inandığı” cənab İlham Əliyev.   Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər tərəfindən müəyyənləşdirən strateji xətti müasir tarixi şəraitdə, müasir çağırışlara uyğun olaraq uğurlu davam etdirir.

Bu gün Azərbaycan dünya xəritəsində bir nöqtə olmasına baxmayaraq dünya hadisələrinin idarə olunmasında çox mühüm rol oynayır. Bu gün müasir müstəqil Azərbaycan cənab Prezidentimiz İlham Əliyevin sözləri ilə desək “Əsl ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır” və  nə qədər Azərbaycan olacaq, Heydər Əliyev də Azırbaycanda var olacaqdır.   

 

Ramiz Göyüşov,

YAP Binəqədi rayon təşkilatının sədri

 

İki sahil.- 2020.- 9 may.- S.28.