Jalə Əliyeva: Azərbaycanın
çoxpartiyalı əsaslarla
seçilmiş rəhbər heyətə malik parlamenti var
“Xalqların
və dövlətlərin tarixi inkişaf yoluna müxtəlif
hadisələr və proseslərin fonunda
nəzər saldıqda lider amilinin həlledici rola malik olduğu aydın görünür. Şübhəsiz ki, hər bir xalq öz tarixi
şəxsiyyətləri ilə fəxr edir,
onların yaratdığı irsə bütün dövrlərdə
böyük ehtiramla
yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin
müstəqilliyi, inkişafı naminə böyük
xidmətlər göstərmiş ümummilli
lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur
hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük
dövlət xadimidir.”
Bu fikirləri İkisahil.TV-yə
müsahibəsində Milli Məclisin
deputatı Jalə Əliyeva bildirib.
Jalə Əliyeva qeyd edib ki, minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Ümummilli Lider, ilk növbədə, xalqının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmış şəxsiyyətdir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil də məhz onun ən çətin, mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını da özünün strateji vəzifəsi saymışdır. Cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir.
Jalə Əliyeva vurğulayıb ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə də təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev bu gün Ulu Öndərin siyasətini böyük uğurla davam etdirir.
Göründüyü kimi, Azərbaycanın stabil, dinamik və sürətli iqtisadi inkişafı onu bütün göstəricilərinə görə regionun lider dövlətinə çevirmişdir. Azərbaycanın getdikcə artan iqtisadi nüfuzu və gücü, onun beynəlxalq aləmdəki mövqeyini ildən-ilə gücləndirir, əlaqələrini daha da genişləndirir. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən 2020-ci ilə qədər keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib. Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Bütün bunlar bir yandan Azərbaycan vətəndaşlarının öz dövlətləri ilə qürur keçirmək hisslərini formalaşdırır, digər tərəfdən, Azərbaycan vətəndaşlarının rifahının, həyat səviyyəsinin və həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişməsi üçün etibarlı əsas yaradır.
Jalə Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev daim yeniləşən və inkişaf edən Azərbaycanın daha böyük hədəflərə çatması üçün ölkəmizdə islahatlardan-islahatlara ardıcıl olaraq həyata keçirilməsi zəruri olan vəzifələri, ictimai-siyasi proseslərdəki növbəti addımları qabaqcadan aydın şəkildə görür, ölkəni və xalqı inandırıcı şəkildə daha böyük inkişafa aparan yollara doğru bacarıqla səfərbər edir. Ölkəmizin rəhbərinin Milli Məclisdəki nitqində səsləndirilmiş “Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar” tələbi millət vəkillərinin fəaliyyətindəki müəyyən boşluqların aradan qaldırılmasına diqqəti ifadə edən əhəmiyyətli bir işarədir. Bu, xalqla hakimiyyət arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edən zəruri bir tələbdir. Etiraf edək ki, bu məqamda möhtərəm Prezidentimiz Milli Məclisin deputatlarına həm dövlətin tələbini, həm də xalqın sözünü çatdırmışdır. Azərbaycan Respublikası Milli Məclisinin Prezident İlham Əliyevin düşündüyü siyasi konfiqurasiya əsasında yenidən qurulub inkişaf etdirilməsi geniş mənada müstəqil dövlətimizin bütün istiqamətlər üzrə müasir inkişafının təmin edilməsi mənasını ifadə edir.
Bu baxımdan ölkəmizdə, ilk növbədə, çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək üçün partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq həlli vacib vəzifələrdən biri kimi meydana çıxmışdır. Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərdə azsaylı deputatlarla təmsil olunan siyasi partiyalarla əməkdaşlıq naminə atdığı addım nəticə etibarilə cəmiyyətdə siyasi dialoqdan, qarşılıqlı anlaşmanın və sabitliyin təmin edilməsində mühüm faktorlardan biri olmuşdur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin nitqində səsləndirilmiş aşağıdakı fikirlər Azərbaycan cəmiyyətinin müasir inkişafından doğan bu reallığı çox dolğun şəkildə ifadə edir: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bizim partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır. ...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”
Jalə Əliyeva xüsusilə vurğulayıb ki, yeni tərkibdə formalaşdırılmış Prezident Administrasiyası, daha operativ və çevik fəaliyyət göstərən Nazirlər Kabineti, yeniləşməkdə olan digər icra strukturları ilə Milli Məclisdə baş vermiş dəyişikliklərin bir-birini tamamlaması ölkəmizdə siyasi sistemin bütövlüyünün, ahəngdarlığının təminatına uğurla xidmət edir.
İndi artıq Azərbaycan Respublikasının çoxpartiyalı əsaslarla seçilmiş rəhbər heyətə malik olan parlamenti var. Bu, müstəqillik dövrü Azərbaycan parlamentarizmində ciddi dönüşdür. Bu isə öz növbəsində Azərbaycan Respublikasında ölkə Prezidentinin genişmiqyaslı islahatlarının həyata keçirilməsinə, daha böyük hədəflərə doğru inamlı addımların atılmasına doğru yeniləşmiş vahid komanda ilə getməsinə tam təminat verir.
Şəmsiyyə
Əliqızı,
Könül Əliyeva
İki sahil.- 2020.- 9 yanvar.- S.27.