Sabir Rüstəmxanlı:
Yeni tərkibdə
formalaşmış
Milli Məclis islahatlara təkan verəcək
Müsahibimiz Milli Məclisin
deputatı, Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, Xalq
yazıçısı Sabir Rüstəmxanlıdır
- Ölkəmizdə
çoxpartiyalılıq sisteminin
formalaşmasına böyük töhfələr
verən parlamentin fəaliyyətini necə
dəyərləndirirsiniz?
- Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektri mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır.
- Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülən dialoq çağırışını siyasi partiyalar necə dəyərləndirir?
- Azərbaycan hakimiyyəti hər zaman siyasi mədəniyyət nümunəsi olan dialoqun tərəfdarı kimi çıxış edir və bu yönümdə qətiyyətli addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır. Dövlətimizin başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.
- Prezident
İlham Əliyev parlamentin
qarşısında bir sıra vəzifələr
qoyub. Təkmil qanunların qəbulu günümüzün əsas
çağırışı kimi deputatların
diqqətinə çatdırılıb. Qısa müddətdə
hansı uğurlara imza
atılıb?
- Prezident İlham Əliyev yeni formalaşmış parlamentin qarşısında dayanan vəzifələri açıqlayarkən bildirib ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Ölkənin siyasi sistemində və idarəetmə strukturlarındakı mənzərəni aydın şəkildə görən Prezident İlham Əliyevin Milli Məclisə növbədənkənar seçkilərə getmək haqqında qərar qəbul etməsinin ən mühüm səbəblərindən biri də siyasi sistemin real islahatları naminə struktur və kadr islahatlarını da tamamlamaqdan ibarət olmuşdur. Dövlət başçısının Milli Məclisdəki nitqində ifadə olunmuş aşağıdakı mətləblər ölkədəki islahatların məntiqi davamını dərindən başa düşməyə əsas verir. Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə də kadr islahatları aparılmışdır, yerli icra orqanlarında da bu islahatlar aparılır və aparılacaq... Ona görə də islahatların dərinləşməsi əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir.
- Azərbaycanda bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir. İstərdik kadr islahatlarına bir diqqət çəkək. Ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr islahatlarını necə şərh edərdiniz?
- Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelərimiz nəzərə alınır. Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.
Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da əhəmiyyətlidir. Ümumilikdə gənclərin rəhbər vəzifələrə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər. Kadr islahatları bütünlüklə hamının ürəyincədir, hər kəs bunu dəstəkləyir. Əminik ki, bu islahatların nəticəsi həm dövlətimizin möhkəmlənməsinə, həm də xalqımızın rifahına və mənafeyinə xidmət edəcək. İslahatlar hərtərəfli həyata keçirilir və kadr sistemində dəyişiklik müşahidə edirik. Bütün bu dəyişiklikləri müsbət dəyərləndirirəm. İnsanlar bu cür rotasiya formasına, yeni simaların vəzifəyə gəlməsinə normal yanaşmalıdır. Uzun illər bir vəzifəni tutub getmək ənənəsi dəyişməlidir. Başqa insanlara da şərait yaradılmalıdır ki, sınaq prosesini keçsinlər. Yeni dövrün tələblərinə uyğun aparılan islahatlar hesab edirəm ki, cəmiyyətə faydalı olacaq.
- Ölkədə
dərin islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin dövlət məmurlarının
rüşvətxorluq və
korrupsiya həllarına
qarşı atdığı
addımları necə
dəyərləndirirsiniz?
- Korrupsiya və rüşvətxorluğa qarşı
aparılan mübarizədə
ölkədəki siyasi
qüvvələr arasında
mövqe, fikir ayrılığı yoxdur.
Hakimiyyətin bu istiqamətdə
atdığı addımlar
bütün müxalifət
qüvvələri tərəfindən
dəstəklənir və
dəstəklənməlidir. Ölkə başçısının korrupsiya
və rüşvətxorluğa
qarşı mübarizəsi
əslində uzun illərdir siyasi qüvvələr tərəfindən
səsləndirilən fikirləri
real həyatda gerçəkləşdirir.
İndi Prezident özü birbaşa bu işlərlə məşğuldur.
Ona görə də bizim zamanında dediyimiz fikirlərin həyata keçirilməsi
istiqamətində ölkə
başçısının atdığı addımlara
görə ona minnətdar olmalıyıq.
Minnətdar olmalıyıq ki,
proseslər gedir.
Həyata keçirilən bu əməliyyatlar bir günün, iki günün işi deyil. Bu, bir daha göstərir ki, bütün məmurların
fəaliyyəti nəzarət
altındadır. Onların fəaliyyəti
barədə ciddi məlumatlar var. Mən demirəm bütün məmurlar korrupsionerdir, amma böyük əksəriyyəti o vəziyyətdədir.
Həyata keçirilən əməliyyatlar onların
hamısına bir dərs olmalıdır.
Ümid edirəm ki, ölkə başçısının korrupsiya
və rüşvətxorluğa
qarşı həyata
keçirdiyi bu proses sonda ölkədə
məmurların fəaliyyətində
şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
İmişlidə həyata keçirilən
son əməliyyat digər
məmurlara və icra hakimiyyəti başçılarına bir
dərs olmalıdır.
Hansı
ki, icra başçıları Ağstafa,
Yevlax, Neftçaladan dərs çıxarmalı
idilər. Təəssüflər olsun ki, nəticə
çıxarmadılar. Axı, bu insanların
bir qismi xidmət göstərərək
bu səviyyəyə
qalxıblar, lakin sonda nəfslərinə
hakim ola bilməmələri nəticəsində
belə bir acınacaqlı vəziyyətə
düşüblər. Məmurların belə qanunsuz əməllərə əl
atmasının bir səbəbi də həmin rayonlardakı hüquq-mühafizə orqanları
tərəfindən xəbərdarlıq
edilməməsidir. Bu problemlərin qarşısını
təkcə həbslərlə
almaq olmaz. Ona görə də burada digər hakimiyyət orqanlarının
yerli qurumlarının
səlahiyyəti və
məsuliyyəti artırılmalıdır
ki, onlar icra hakimiyyəti başçılarının fəaliyyətinə
nəzarət edə bilsinlər. Proses davam edir və
digər rayonlar da növbəsini gözləyir. Məmurlar qanunsuz əməllərinə
son verməsələr cəzlandırmanın
başqa yolu yoxdur.
Mən hələ
də anlaya bilmirəm ki, bu məmurlar nə etmək istəyirlər? Onların ya başları
donub, ya da ölkədə gedən prosesləri görə bilmirlər.
Baş verənlərin fonunda mən Prezidentin çıxışlarına baxıram
və görürəm
ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı
ən ciddi mübarizə aparan şəxs cənab İlham Əliyevdir.
Prezident İlham Əliyev bütün nöqsanları
deyir, onun aradan qaldırılmasına
çalışır və
işində nöqsana
yol verənlərə
xəbərdarlıq edir.
Hətta
əyri yola üz tutan məmurları
Allaha tapşırır.
Amma yenə nəticə çıxarmırlar. Ona görə
də rüşvətə
və korrupsiyaya qarşı mübarizə
davam edəcək.
- Pandemiyaya qarşı mübarizə
tədbirlərinin gücləndirildiyi
bir zamanda ölkə Prezidentinin təşəbbüsü ilə
türk dünyasının,
dünya dövlətlərinin
bir araya gəlməsini necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyevin təşəbbüsü
ilə keçirilən
Zirvə görüşü
nümunəvi səviyyədə
olan həmrəyliyimizin
növbəti bariz təzahürü oldu. Əlbəttə ki, Zirvə
görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması,
lazım olan anda bir-birinə dəstək göstərilməsi
və xalqlar arasında həmrəyliyin
möhkəmləndirilməsidir. Eyni zamanda, Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı,
ticarət münasibətləri
və idxal-ixrac əməliyyatları üçün
nəqliyyat daşımaları
mühüm əhəmiyyətə
malikdir. Cənab Prezident
iclas zamanı Azərbaycanın hazırda
təşkilata sədrlik
etdiyi dövrdə görülən işlərdən
danışıb. Türk dövlətlərinin
koronavirusa qarşı
mübarizədə birgə
səylərinin artırıldığını
vurğulayıb.
Bu gün türk
dövlətlərinin hər
biri bu bəlaya
qarşı çox ciddi mübarizə aparır. Görülən işlər türk
dövlətlərinin ümumdaxili
hesabına bu problemi həll etmək iqtidarında olduğunu göstərir.
Qardaşlıq, dostluq, qonşuluq
hər zaman çətin gündə
tanınır. Türk dövlətləri
də bu çətin gündə
bir-birlərinə dəstək
olduqlarını nümayiş
etdiriblər. Hesab edirəm
ki, həmrəylik, mehriban qonşuluq və yaxın qardaşlıq bu gün türk dövlətlərinin bir-birlərinə
verdikləri ən böyük töhfə hesab etmək olar. Bu məsələdə
şübhəsiz ki,
hər bir ölkənin təcrübəsi
var və bu təcrübəni bölüşməyə, ehtiyac
yarandıqda bir-birinə
maddi-texniki, tibbi ləvazimatlar, tibb personalı ilə köməklik göstərmək
də əməkdaşlığın
əsas sahələrindən
sayıla bilər.
- Pandemiya insanların sağlamlığı
ilə yanaşı, ölkəmizdə sosial və iqdisadi sferada da fəsadlar
yaradıb. Pandemiya yazıçı Sabir Rüstəmxanlının
yaradıcılığına hansı mənfi təsirlərini göstərib?
- Karantin rejimi dövründə çoxdan oxumaq istədiyim kitabları oxudum, xeyli sayda yarımçıq qalan yazılarımı vərəqlədim, yenidən əlavələr etdim. Məqalələr, şeirlər yazdım. Lakin qazanılan vaxtın məni qanadlandırdığını desəm, yalan olar. Çünki yaranan psioxoloji sıxıntı insanın məhsuldar olmasına imkan vermir. Təbii ki, çox sevindirici haldır ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çevik və qabaqlayıcı tədbirlər nəticəsində biz faciədən nisbətən az itki ilə çıxmağa nail oluruq. Lakin belə bir vəziyyətdə insanın ruh halının yüksək olmaması, təbii ki, onun yaradıcılığına da öz mənfi təsirini göstərir. Belə bir şəraitdə əlini ürəyinin üstünə qoyub, - mən yaradıcılıqla məşğulam, - demək çox çətindir.
Şəmsiyyə
Əliqızı,
Könül Əliyeva
İki sahil.- 2020.- 9 may.- S.24.