Ümummilli Liderin yaratdığı müasir müstəqil

Azərbaycan dövləti milli sərvətimizdir

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin müsahibəsi

 

- Vüqar müəllim, fenomen şəxsiyyət, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Azərbaycanın müstəqillik tarixinin vərəqlənməsini bir zərurətə çevirir. Keçilən yolun təhlili əsasında “Müstəqil Azərbaycan dövləti  Ulu Öndərin şah əsəridir” tezisini necə səciyyələndirərdiniz?

-  Təbii ki, bugünümüz üçün möhkəm baza yaradan ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı  xidmətlərini bir sual çərçivəsində əhatə etmək mümkün deyil. İllər biri-birini əvəzlədikcə bu xidmətlərin miqyasının nə qədər geniş, Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin hələ uzun illər bundan sonra da  tədqiqat mövzusu olacağını görən hər bir  vətəndaş ölkəsini belə zirvələrə yüksəldən dahi şəxsiyyətlə qürur duyur. Ümummilli Lider “Müstəqil Azərbaycan” adlı şah əsərini o dövrdə yaratmışdır ki, ölkədə bir tərəfdən  xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül hökm sürür,  digər tərəfdən torpaqlarımız biri-birinin ardınca işğal olunurdu. Xalqın sabaha olan ümidləri tamamilə itmişdi. Xalq belə çətin vəziyyətdə öz xilaskarını axtarırdı. Bu xilaskar  zəngin dövlətçilik təcrübəcinə, idarəçilik qabiliyyətinə malik, dövlətini, xalqını, Vətənini canından artıq sevən ümummilli lider Heydər Əliyev idi. 1993-cü ildə Ulu Öndər xalqının səsinə səs verdi, onun təkidli tələbi ilə hakimiyyətə qayıtdı,  müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunmasını, möhkəmləndirilməsini hər bir Azərbaycan vətəndaşının vəzifəsi kimi qarşıya qoydu. Ümummmili Lider  xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizin təməlini qoydu. Dahi rəhbərimizin  düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurların fonunda  hər bir ölkənin inkişafında  lider amilinin  rolunu aydın görmək mümkündür. Ulu Öndərin uzun illər Azərbaycana rəhbərlik etməsi ölkəmizin  müstəqilliyinə və xalqımıza sədaqət, millilik və Vətənə məhəbbət hisslərinə inamının təzahürüdür. Hələ Sovet İttifaqı dövründə   ölkəmizi SSRİ-nin  qabaqcıl respublikaları sırasına çıxaran ulu öndər Heydər Əliyev  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil edilməsi müstəqil Azərbaycan dövlətinin Ümummilli Liderin şah əsəri olduğunu əsaslı şəkildə ortaya qoyur. 1993-cü ilin 3 oktyabrında xalqın yüksək etimadını  qazanaraq yekdilliklə müasir müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən  və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən ümummilli lider  Heydər Əliyev milyonların onilliklər boyu ürəyində gəzdirdiyi milli suverenlik arzusunu reallaşdırdı. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»

Bəli, Ulu Öndər  uzaqgörən və gələcəyə hesablanmış  siyasəti ilə Azərbaycanı yenidən qurdu, azərbaycanlıları isə bir xalq,  millət olaraq özünə qaytardı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birliyini təmin etdi.  Azərbaycan sözün əsl mənasında özünü dünyaya müstəqil dövlət kimi təqdim etdi.  Ulu Öndərin titanik fəaliyyəti sayəsində ölkə daxilində sabitliyin yaradılması bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Ümummilli Liderin gərgin  səyləri nəticəsində 1994-cü il may ayının  12-də Ermənistanla müharibədə  atəşkəs sazişinin imzalanması  ölkədə sabitliyin möhkəmləndirilməsinə, digər sahələr üzrə əhəmiyyətli addımların atılmasına  stimul verdi. Ən əsası hər bir ölkənin inkişafinda əsas amil olan iqtisadi tərəqqi üçün imkanlar yarandı. İqtisadi inkişafla paralel olaraq müstəqilliyin ilk illərində ölkədə hökm sürən səriştəsiz rəhbərlik, xaos, anarxiya, özbaşınalıq nəticəsində Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizi azad etmək məqsədilə ordu quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirildi.

- Vüqar müəllim, Siz ulu öndər Heydər Əliyevin müəllifi oldugu müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının ölkənin iqtisadi və siyasi mövqeyinin, müstəqilliyinin möhkəmləndirilməsində rolunu necə qiymətləndirirsiniz?

- Ümummilli Liderin Azərbaycanı iqtisadi və sosial problemlərdən xilas etməyin yolunu malik olduğumuz təbii resurslardan səmərəli istifadədə görməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də dünyanın nüfuzlu transmilli neft şirkətləri ilə  “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təminatında, dayanıqlı inkişafında mühüm rol oynadı. Bu saziş Azərbaycanı sabitlik diyarı kimi tanıtdı, qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddətdə  ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması məhz Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir.  Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft-qaz layihələrinin reallaşması  növbəti layihələrin gündəmə gətirilməsinə stimul oldu.  Azərbaycan neftinin  2006-cı il 28 May- Respublika Günündə Türkiyənin Ceyhan terminalına çatması “Əsrin müqaviləsi”nin müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində roluna bir daha işıq saldı.  Azərbaycan neftinin məhz Respublika Günündə Ceyhan terminalına çatmasının rəmzi mənası olduğunu bildirən möhtərəm Prezidentimiz İlham Əliyev  bu münasibətlə xalqa təbrikində belə bir reallığı da xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi çətinliklərini, beynəlxalq aləmdə yerini və rolunu təsəvvür etmək çətin deyildi. BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, bunlar da olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. “Əsrin müqaviləsi”nin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu böyükdür.

Xüsusi vurğulamaq istəyirəm ki, “Əsrin müqaviləsi”ndən başlanan yolun Azərbaycana qazandırdığı uğurlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan tarixən neft ölkəsi kimi tanınırdi. Artıq bu gün ölkəmiz həm də qaz ixracatçısına çevrilib. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələrinin coğrafiyası genişləndirilərək beynəlxalq müstəviyə keçib. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmçinin bu nəhəng layihənin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, 2020-ci ildə onun digər seqmenti olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi töhfələrin, eyni zamanda, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında xüsusi yeri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müxtəlif ölkələrdə həyata keçirdiyi əhəmiyyətli investisiya  layihələri də ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Beynəlxalq aləmdə Azərbaycan brendi kimi tanınan və nüfuz qazanan SOCAR-ın təkcə son illərdə reallaşdırdığı  layihələrə diqqət yetirmək kifayətdir. TANAP-dan  sonra “Star” neft emalı zavodunun istifadəyə verilməsi SOCAR-ın beynəlxalq qurum kimi artan roluna işıq saldı. Bu gün artıq transmilli Şirkətə çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq səviyyəli  tədbirlərdə ölkəmizin enerji sektoruna qazandırdığı uğurlardan bəhs edərkən haqlı olaraq  bu fikir  xüsusi vurğulanır ki, SOCAR-ı daim uğur izləyir.

Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın təmin olunması, vəsaitlərin bölüşdürülməsində ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına yol açan sosial-iqtisadi layihələrin uğurlu icrasını, həmçinin əhalinin sosial müdafiasinin gücləndirilməsini təmin edir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin yönəldildiyi istiqamətlərə diqqət yetirdikdə neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafının prioritetliyi özünü qabarıq şəkildə büruzə verir.

Bir mühüm məqamı da qeyd etmək yerinə düşər ki, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Sərəncamı əsasında “Əsrin müqaviləsi”nin imzalandığı tarix – 20 sentyabrın ölkəmizdə Neftçilər Günü kimi təsis olunması da bu sazişin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində yerini və rolunu təsdiqləyir.

Son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və onların uğurlu nəticələri də müəllifi Ulu Öndər olan neft strategiyasının uğurudur. Söz yox ki, Azərbaycan qarşıdakı illərdə neft strategiyasının daha böyük ugurlarını yaşayacaq.

- Ulu Öndərin düşünülmüş siyasətinin əsas istiqamətlərindən biri də iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasıdır. Azərbaycanın demokratik inkişaf tarixini vərəqləməyinizi istərdik...

- Məmnuniyyətlə. Əvvəlcədən deyim ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlara diqqət yetirdikdə demokratikləşmə prosesinin ölkənin hərtərəfli inkişafında əsas amil olduğu təsdiqlənir. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını tasdiqləyən amillərin ölkəmizdə bərqərar olmasının prioritetliyini daim əldə rəhbər tuturdu. Dahi şəxsiyyətin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı. Ümummilli Liderin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə  referendum yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə  müstəqil dövlət təsisatlarının yaranmasına və dövlət quruculuğu prosesinə stimul oldu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə atılan addımlar sırasında 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəsasının ləğv edilməsini xüsusi qeyd etməliyik. Ulu öndər  Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, 1995-2003-cü illərdə   imzalanmış 32 əfv Fərman və Sərəncamı, 7 Amnistiya Aktına əsasən minlərlə məhbus  azadlığa qovuşdu.

Demokratiyanın digər mühüm  amili kimi söz və mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da bugünümüz üçün möhkəm baza formalaşdırmışdır.  Ulu öndər  Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzuranın   ləğv olunması  ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yaratdı. Mətbuatın maddi-texniki bazası möhkəmləndirildi. Azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Ölkədə minlərlə  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikmızda xeyli sayda  jurnalist təşkilatları və ictimai birilkləri mövcuddur. Azərbaycanda  internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə, dünya birliyində təqdir olunur.  Son illərdə üç peykimizin  orbitə  buraxılması da   informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində atılan  mühüm addımlar sırasındadır. Bu gün böyük qürur hissi ilə qeyd ediriksə ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir.  Məhz bu diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.

Həmin illərdə formalaşan möhkəm baza son 16 ildən artıq dövrdə də uğurlu addımlara yol açdı.  KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və uğurlu icrası, sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı sərəncamlar hər bir mətbuat nümayəndəsindən peşəkarlığı və məsuliyyəti artırmağı tələb edir. Mətbuatın əsas prinsipləri olan obyektivliyin qorunması, qərəzə yol verilməməsi, vətənpərvərlik hissinin  daha da gücləndirilməsi hər birimiz üçün çağırışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də mətbuata diqqət və qayğının və onun nəticələrinin aydın mənərəsini yaradır.

Demokratik inkişafın vacib elementlərindən biri kimi seçkilərin azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların da təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildə Azərbaycan hökuməti ilə beynəlxalq təşkilatların birgə əməkdaşlığı nəticəsində ölkəmizdə prezident, parlament, bələdiyyə seçkilərinin, eləcə də ümumxalq səsverməsinin demokratik keçirilməsinə geniş imkanlar yaradan Seçki Məcəlləsi qəbul edilmişdir.

Bir mühüm hadisəni də qeyd edək ki, Azərbaycanın demokratik təsisatların inkişafı istiqamətində atdığı uğurla addımların nəticəsi olaraq 2001-ci ilin yanvarında ölkəmiz bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan beynəlxalq quruma- Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub. Hər zaman bu gerçəkliklər xüsusi vurğulanır ki, Azərbaycanın demokratik inkişaf yolu heç də hamar olmayıb. Ölkəmizin uğurlarını, demokratik inkişafını həzm etməyən qüvvələr hər vəchlə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olmasına mane olmağa səy göstərirdilər. Lakin Ulu Öndər müstəqil siyasəti ilə bu maneələri dəf etdi və təsdiqlədi ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil. Demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir.

- Vüqar müəllim, bildiyiniz kimi, demokratik inkişafın vacib amillərindən biri çoxpartiyalı sistemin yaradılmasıdır. Ümummilli Liderin xidmətlərinin əsas tərkib hissələrindən biri milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu fikirlə razısınızmı?

- Əlbəttə, tamamilə razıyam. Yaxın tariximizə nəzər salsaq görərik ki, müstəqillimizin ilk illərində yaşananlar ümumilikdə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Liderə belə bir partiyanın yaradılması ilə baglı müraciətini şərtləndirdi. Həmin müraciətdə o illərin səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdı. Ulu öndər Heydər Əliyev müraciətə müsbət cavabı ilə xalqın yanında olduğunu göstərdi, bu partiya yaradıldığı təqdirdə Azərbaycanın demokratik dövlət quruculuğuna böyük töhfələr verəcəyinə əminliyini ifadə etdi. Mən şəxsən “91-lər”dən biri kimi Yeni Azərbaycan Partiyasının təsis konfransını  çox çətin və ağır şəraitdə keçirdiyinin şahidiyəm.

1992-ci ilin  21 noyabr tarixində Naxçıvanda  təsis konfransını keçirən Yeni Azərbaycan Partiyası çox keçmədi ki, milyonların partiyasına çevrildi. Xalqın partiyası kimi nüfuz qazanan YAP yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərdi. Partiyanın Sədri, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu.

Azərbaycanın müstəqillik tarixinin bələdçisi kimi YAP-in ölkəmizin uğurlarında payı, rolu böyükdür. “Yeni Azərbaycan uğrunda!” şüarı ilə yola çıxan YAP illər keçdikcə “Daha güclü Azərbaycan naminə!”, “Güclü dövlət, yüksək rifah!”, “Yeni hədəflərə dogru!”, “İlhamla irəli!” dedi. Təbii ki, bu şüarların hər biri dövrün, zamanın tələblərini ortaya qoymaqla yanaşı, Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini açıqladı. 1998, 2003, 2008, 2013 və 2018-ci illərin prezident, 2000, 2005, 2010, 2015 və 2020-ci illərin parlament, 1999, 2004, 2009, 2014 və 2019-cu illərin  bələdiyyə, 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində xalqın dəstəyini qazanan Yeni Azərbaycan Partiyası tarixə qələbələr partiyası kimi daxil olub. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisinin davami olaraq möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, YAP nəinki ölkənin, hətta bölgənin aparıcı siyasi təşkilatıdır.

Yeni Azərbaycan Partiyasının ötən il ölkədə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və bu qərarın dəstəklənməsi partiyanın hər bir addımının əsasında dövlətimizin qüdrətlənməsinin, insanların rifahının yaxşılaşdırılmasının dayandığını bir daha təsdiqlədi. Xalqa, dövlətə xidmət edən partiyaya milyonların sevgisi şəksizdir. Bu gün sıralarında 750 mindən artıq üzvü birləşdirən YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, Heydər Əliyev ideyalarının fəal təbliğatçısı kimi cəmiyyətdə siyasi mühitdə öz mövqeyini daha da möhkəmləndirir.

 - 2003-cü il Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcıdır. 2003-cü ildən başlanan yolu necə xarakterizə edərdiniz?

-        Müasir müstəqil Azərbaycan daim möhkəm təməl üzərində ucaldılan binaya bəzədilir. Bu baxımdan ki, Azərbaycan da ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm baza əsasında davamlı uğurları ilə diqqət mərkəzindədir. 2003-cü il oktyabrın 1-də Ümummilli Liderin xalqa müraciətində əksini tapan fikirlər bugünümüzün reallıqlarıdır. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən  cənab İlham Əliyev andiçmə mərasimində bu vədi vermişdir: «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən  layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm»

Son 16 ildən artıq dövrdə görülən işlər, əldə olunan uğurlar hər bir vədin konkret əməli işdə oz təsdiqini tapdığını göstərir. Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə ugurla davam etdirən cənab İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları icra edildi. Artıq 4-cü Dövlət Proqramının icrasının bir ili tamam oldu. Bu illər ərzində ümumi daxili məhsulun 3 dəfədən çox artması, işsizliyin 5 faizə, yoxsullugun 4,8 faizə enməsi, 2 milyondan artıq yeni iş yerinin yaradılması, əməkhaqqının, pensiyalarin dəfələrlə artması və sair uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Ölkə iqtisadiyyatına 270 milyard dollar sərmayə yatırılb. Valyuta ehtiyatlarımız 52 milyard dollardan artıqdır.

İslahatları inkişaf, tərəqqi, yeni yanaşma kimi dəyərləndirən cənab İlham Əliyev bu islahatlarIn bütün sahələri əhatə etməsinin, AzərbaycanIn hər sahədə təcrübəsinin nümunəviliyinin vacibliyini bildirir. Hər zaman ilklərə imza atan Azərbaycanın uğurla icra etdiyi “ASAN xidmət”, ABAD, DOST layihələri beynəlxalq səviyyədə dəstəklənir. Hər layihə özlüyündə inkişaf deməkdir. Məqsəd şəffaflığın təmin olunması,  orta və kiçik sahibkarlıgın inkişafına dəstək olmaq, vətəndaş məmnunluğunu artırmaqdır.

Dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək” tezisi reallıqdır. Ölkəmizdə yeni texnologiyaların inkişafına, iqtisadiyyatın elmi əsaslara söykənməsinə  xüsusi diqqət yetirilir.

Təbii ki, bütün addımların əsasında insan amili dayanır.  İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Təkcə ötən ildə, eyni zamanda, cari ilin birinci rübündə əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Ötən il icra olunan 2 sosial paket 4 milyondan artıq insanın sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Minimum əmək haqqının məbləği 250 manata, minimum pensiyanın məbləği isə 200 manata çatdırıldı. Cari ilin əvvəlində minimum pensiyalar artırılaraq 230 manatdan yuxarıdır. Dövlət hər bir vətəndşına qayğı ilə yanaşdığını hər addımında təsdiqləyir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıqları, həmçinin imzaladığı sərəncamlar əsasında  bu gün dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, insanların sağlamlığının təminatı, iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində atılan addımlar da dövlətimizin iqtisadi və sosial gücünü nümayiş etdirir. Sahibkarlığın inkişafinın prioritetliyinin təmin olunması məqsədilə pandemiyadan əziyyət çəkən sahə olaraq iş adamlarına dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi, işsizlərə və karantin dövründə müvəqqəti işsiz qalan vətəndaşlara 190 manat birdəfəlik yardımın göstərilməsi və sair kimi addımlar da bu  qəbildəndir. İstər ölkə daxilində, istərsə də xaricdə bu fikir böyük inamla qeyd olunur ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, tədbirlərin nəticəsində bu çətinlikdən də az itki ilə çıxacaq.

Məhz cari ilin ötən dövrünün uğurlarına söykənərək, dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük əminliklə qeyd edir ki, 2020-ci il də geniş və dərin islahatlar ili olacaq. Uğurlarımızda idarəçilik sistemində təkmilləşmənin rolu böyükdür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da ölkəmizin dayanıqlı inkişafına töhfələri ölçüyəgəlməzdir. Sosial layihələrin icrasına diqqət  Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yer tutur.

- Vüqar müəllim, ulu öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...

-        Müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin təbliği, qorunması və inkişaf etdirilməsi istiqamətində  həyata keçirdiyi tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verir. Azərbaycan həqiqətlərinin təbliğində, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri böyükdür. Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq  kampaniyası çərçivəsində indiyədək dünyanın əksər ölkələrində tədbirlər keçirilib, təbliğat xarakterli materiallar yayılıb, müxtəlif dillərə çap olunmuş vəsaitlər paylanılıb. Bu kimi tədbirlərin nəticəsi olaraq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını bəyan ediblər.

Fond yarandığı gündən xeyirxahlığın ali ünvanı kimi tanınıb. İnsanların ümidlərini doğrultmaq, mərhəmət və şəfqət,  inam və məhəbbət, ehtiyacı olanlara dəstək, kimsəsizlərə kömək, bir sözlə, xeyirxahlıq  Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətidir. Vətəndaşların hər bir müraciətinə həssas münasibət, təhsil, səhiyyə, idmanın inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək verən Fond ali dəyarlərə üstünlük  verdiyini təsdiqləyir. Fondun, onun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, görülən işlər, əldə olunan uğurlar xalqımız tərəfindən yüksək dəyərləndirilərək Heydər Əliyev irsinə verilən dəyər kimi qəbul edilir. Xeyriyyəçilik fəlsəfəsinin əsasını  ilk növbədə insanların yaxşılıq  etməyə çalışması, başqasının dərdinə şərik olmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin  fundamental xarakterinin qəbul olunması kimi dəyərləndirən Mehriban Əliyeva bildirir ki, xeyriyyəçilik fəaliyyətinin əsas  motivi şəxsən özü üçün hər hansı dividendlər  və ya  səmərə  gözləmək deyil, məhz insanlara  sevgi və təmənnasız olaraq  xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır.

Heydər Əliyev Fondunun pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi tədbirlər də bu silsilədəndir. Belə ki, Fond “Biz birlikdə güclüyük!” aksiyası çərçəvəsində 200 mindən çox ailəyə yardım paylayacaq. Həmçinin Fond tərəfindən qanvermə aksiyasına başlanılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  aksiyaya könüllü qoşulanlara təşəkküründə  bir daha bildirmişdir ki, Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir, irsi qan xəstəliklərindən, xüsusilə  də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən  başlanmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Qoy, xoş əməllərin sayı artsın!

Möhtərəm Prezidentimiz İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışının davamı kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu əminliyi ifadə edir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri-ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Təbii ki, bu əminliklərə əsas verən müstəqil Azərbaycanımızın 29 ilə yaxın müstəqillik tarixində qazandığı uğurlar, ən əsası bütün çətinliklərdən daim  şərəflə, üzüağ çıxmasıdır. Çünki ulu  öndər Heydər Əliyevin bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi  inkişaf konsepsiyası daha böyük uğurları özündə ehtiva edir.

 

İki sahil.- 2020.- 9 may.- S.15-17.