Təhsilimizdə rəqəmsal
texnologiyaların tətbiqi
Hafiz Paşayev:
Onlayn təhsil ADA Universitetində artıq normaya çevrilib
Çoxdandır ki, dövlət və özəl sektorun idarəçiləri rəqəmsallaşma haqqında düşünür, amma az sayda təşkilat və şirkətlər bunu əməli sürətdə həyata keçirə bilir. Bəziləri yalnız dəbdə olan terminlərdən istifadə edərək müzakirələrlə kifayətlənir, digərləri isə subyektiv və obyektiv çətinliklərlə rastlaşanda səylərini dayandırırlar. ADA Universiteti Azərbaycanın təhsil sektorunda rəqəmsal texnologiyaların tətbiqi baxımından öndə gedənlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ADA Universitetinin rektoru Hafiz Paşayevin "Təhsilimizdə rəqəmsal texnologiyaların tətbiqi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqalənin tam mətnini təqdim edir.
Hazırda COVID-19 pandemiyası dövründə universitetimizin rəqəmsal potensialı təhsil xidmətlərimizin onlayn davam etdirilməsi üçün nə qədər vacib olduğunu nümayiş etdirdi. Bu yazıda ADA Universitetinin rəqəmsallaşma istiqamətində əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər və gələcək planlar barədə bəzi mülahizələrimi bölüşmək istərdim.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim mərkəzi kimi fəaliyyətə başlayıb. Lakin biz sürətlə inkişaf edən müasir Azərbaycan Respublikası üçün keyfiyyətli kadr yetişdirilməsi zərurətini anlayaraq təlim mərkəzindən universitet formatına keçməyi zəruri hesab edirdik. Bunun üçün sinif otaqları, laboratoriyalar, kitabxana, informasiya texnologiyaları infrastrukturu və tələbə mərkəzlərindən ibarət müasir tədris mərkəzi - universitet şəhərciyinin tikilməsi vacib idi. Belə kampusun qurulması dizayn və təhsil prosesinin planlaşdırılması baxımından yeni düşüncə tərzi və yanaşma tələb edirdi. Biz gözləyirdik ki, müasir kampusun yaradılması yalnız rahat tədris şəraiti deyil, həm də təhsil sektoruna ən yaxşı istedadların cəlb edilməsinə kömək edəcək. İşə başlayarkən planlaşdırma prosesində ADA dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq etdi, həm Qərb, həm də Şərq təhsil ocaqlarının təcrübəsindən yararlandı. Universitetin konsept və dizaynını tərtib etmək üçün ABŞ-dan memar qrupu dəvət etdik. Nəticədə yeni tikilmiş kampus digər üstünlüklərlə yanaşı, "yaşıl” və "ağıllı” texnologiyaların, bərpa olunan enerji mənbələrinin, etibarlı "wi-fi” və daxili "e-mail” sistemlərinin istifadəsini təmin etmiş oldu.
Göz oxşayan və texnoloji baxımdan müasir binalar ali təhsil ocağının uğurunu təmin edən yalnız bir amildir. Digər əsas məqsədimiz münasib əməkhaqqı təklif etməklə həm Azərbaycandan, həm də digər ölkələrdən yaxşı müəllimləri cəlb etmək, onlara müasir və yaradıcı akademik mühitdə işləmək şəraiti yaratmaq idi. Eyni zamanda, onlara yüksək standartlarımız və gözləntilərimizi də aydın çatdırmalı idik: seçdiyimiz müəllimlərin əksəriyyəti xarici universitetlərdə doktorantura bitirməli, ingilis dilində mükəmməl danışmalı, dərsləri interaktiv şəkildə apara bilməli, elmi tədqiqatla məşğul olmalı və ən əsası, ADA komandası ilə birlikdə daim öyrənməyə və peşəkarlığını inkişaf etdirməyə hazır olmalı idi. Müəllimlərin informasiya texnologiya bacarıqlarına xüsusi önəm verilirdi. İşəgötürmə prosesi - istər müəllim, istərsə də inzibati işçi olsun - şəffaf şəkildə, bilik və bacarıqlar əsas tutularaq təşkil edildi. Məhz bu səciyyələri daşıyan komanda universitetimizdə ilk gündən düzgün dəyərlərin seçilməsi, etik normalara əsaslanan mühitin yaradılmasını mümkün etdi. Belə təcrübəli və çevik yanaşması olan komanda sayəsində ADA Universiteti dəfələrlə qarşılaşdığı çətinlik və dəyişikliklərdən uğurla keçə bildi.
Texnoloji tərəqqidən yararlanmaq və innovasiyaya meyillilik ADA-nın gündəlik işinin hər istiqamətində özünü göstərir. Yeni texnologiyalar nəticəsində üzə çıxan böyük həcmli məlumat bazası fərqli düşünmək, təhlillər aparmaq və daha yaxşı qərarlar qəbul etmək imkanları açmaqla yanaşı, dəyərlərimizi və iş təcrübəmizi daha da möhkəmləndirir. İlkin mərhələdə biz rəqəmsallaşmanın tətbiqini əsas şöbələrimizdən - tələbə qəbulu, kitabxana, akademik bölmələr və karyera xidmətlərindən başlayaraq innovasiyanı digər şöbələrə də aid etdik.
Təhsil sahəsində mövcud müasir proqramların istifadəsini 2008-ci ildə Embark proqramının tətbiqi ilə başladıq. Bu proqram internetə çıxışı olan hər kəsə ADA-ya qəbul üçün sənəd vermək imkanı yaratdı. Bu minvalla toplanan zəngin və faydalı məlumat bazası trendləri müəyyənləşdirməyə, statistik hesabatlar çıxarmağa və çevik müdaxilələr etməyə yol açdı. Marketinq və kommunikasiya fəaliyyətimizi də məhz bu data bazası üzərində qurduq. Bəzi abituriyentlər qəbul olunmasalar belə, ADA-nın məlumat bazasında qalaraq, digər proqramlar barədə xəbərdar olurlar.
Əldə olunan məlumat daha sonra fakültələr tərəfindən tələbələrin şəxsi işlərinin tərtib edilməsi, dərs qeydiyyatı prosesinin asanlaşdırılması, transkriptlərin verilməsi və digər gündəlik məlumat istehsalında istifadə edilir.
2009-cu ildə alınan "PowerCampus” proqramı tədris prosesinin idarə edilməsinə, o cümlədən imtahan və dərs cədvəllərinin səmərəli təşkilinə, müəllim və tələbə heyətinin məlumat bazasının yaradılmasına kömək etdi. Bu proqram həftəlik olaraq davamiyyət, dərslərin müddəti, imtahanlar və akademik göstəricilərlə bağlı hesabatlar hazırlayırdı. Beləliklə, dekanlar, prorektorlar və hətta rektor özü sistemə daxil olaraq imtahan prosesi ilə bağlı bütün məlumatı asanca əldə edə bilirdi və bununla da şəffaflıq təmin olunurdu.
Eyni şəkildə, ADA kitabxanası "Millenium” proqramına vəsait sərf edərək kitab kolleksiyaları, məqalələr toplusu, ziyarətçi qeydiyyatı və borc götürülən materialların izlənilməsini asanlaşdırdı. Daha sonra, 2019-cu ildə ADA kitabxanası bir addım da irəli gedərək mükəmməl inventarizasiya imkanları verən çoxfunksiyalı "WorldShare Management Services” (WMS) ortaq bulud sistemini tətbiq etdi. Bu, müasir kitabxanaçılıqda yüksək standart və ən arzuolunan modeldir. Hazırda ADA kitabxanası Azərbaycanda bütün kolleksiyasına açıq çıxış yaradan ilk inteqrasiyalı kitabxana sistemidir və onun üstünlüyü vaxta qənaət etməklə etibarlı akademik qaynaqlara istənilən yerdən daxil olmaqdan ibarətdir.
Universitetin Karyera Mərkəzi, bu arada, "Simplicity” proqramına yatırım edərək tələbələri vakansiyalar barədə məlumatlandırır, onların peşəkar və karyera inkişafını yönləndirir və müxtəlif şirkətlər və sənayelərlə bağlantını təmin edir.
Yuxarıda göstərilən proqramların tətbiqi şəffaflığın təmini, statistik təhlillər aparılması, hesabatların nəzərdən keçirilməsi ilə tədris prosesinin idarəedilməsini yüngülləşdirdi və işin səmərəliyini artırdı. Tələbələr də, öz növbəsində, bu proqramlardan istifadə edərək informasiya texnologiyaları bacarıqlarını genişləndirir və müasir cəmiyyətin tələblərinə daha hazır olurlar.
Bir müddət sonra rəqəmsallaşmanın universitetin bütün idarəetməsində zəruri olduğunu görərək "SAP” proqramını əldə etdik. Beləliklə, ölkədə bir sıra aparıcı şirkətlər maliyyə və mühasibatlıq məqsədləri üçün hələ də 1C proqramından istifadə etdikləri halda, ADA Universiteti Azərbaycanda "SAP” proqramını ilk tətbiq edənlərdən biri oldu.
Bu proqramlar ayrı-ayrılıqda faydalı və funksional olsa da, onların inteqrasiyası gündəmə gəldi və bütün tədris və inzibati əməliyyatlarımızı birləşdirən vahid çətirvari platformaya ehtiyac yarandı. ADA Universiteti 2015-ci ildə McKinsey konsaltinq şirkəti ilə birlikdə öz gələcəyinə dair onillik strateji planını hazırladı. Plana uyğun olaraq, həmin il universitetin yaratdığı bütün məlumat bazasını birləşdirməyə imkan verən "Banner” tələbə məlumat sistemi - "Banner Enterprise Resource Planning” (ERP) və "Blackboard” tədrisin idarəedilməsi proqramlarını əldə etdik. Bu proqramların tətbiqi özlüyündə çoxşaxəli və ciddi diqqət tələb edən bir prosesdir. ADA Universitetinin rəhbərliyi buna 10 ay ərzində nail olmaq kimi iddialı məqsədi ortaya qoydu.
Xüsusi olaraq akademik müəssisələr üçün yaradılmış bu proqramlar hazırda həm ADA Universiteti, həm də ADA Məktəbi tərəfindən istifadə edilir. Onların üstünlüklərindən biri odur ki, təhsil ocaqlarının konkret ehtiyac və istəklərinə uyğunlaşdırılır. Bu proqramlar bizə tək universitetin idarəedilməsini və tədris prosesini deyil, dərs demək tərzimizi də daha mükəmməl etməyə imkan yaratdı. Burada fənlər üzrə materialların onlayn platformaya yerləşdirilməsi, tələbələr arasında onlayn müzakirələr və forumlar keçirilməsi, test və imtahanların təşkili, ev tapşırıqlarının vaxtında təhvil verilməsi kimi texnoloji alətlər təhsil prosesini yaxşılaşdırdı. Müəllimlərimiz sinifdə ənənəvi öyrənmə prosesini interaktiv metodların tətbiqi, "ağıllı” lövhələrin istifadəsi, audio-video materialların nümayişi, "Blackboard” proqramının verdiyi digər informasiya texnologiya imkanları ilə zənginləşdirirlər. Tələbələr isə vahid platforma üzərindən öz imtahan cavabları, qiymətləri, ev tapşırıqları, hətta təhsil haqqı balansı kimi məlumatları asan şəkildə nəzərdən keçirə bilirlər. Hər iki proqram -"Banner” və "Blackboard” yerli serverlərimizi istifadə etməklə yanaşı, bulud serverlərində də data saxlayaraq məlumatların təhlükəsizliyini təmin edir.
"Banner Enterprise Resource Planning” (ERP) vasitəsilə
təhsil ocağımızın maliyyə, insan resursları,
təchizat və digər müvafiq şöbələrində
iş axını təkmilləşdirilir. Statistik hesabatların
hazırlanması "Argos Enterprise Reporting Solution” proqramı
üzərində həyata keçirilir.
Bu proqramların istifadəsi erkən planlaşdırma və
komanda işini daha da gücləndirdi. Yeni
proqramların tətbiqini universitetin 30 nəfərlik heyət
qrupu təmin edirdi. Onlar proqramların tərtibi
və idarəedilməsində o qədər mükəmməl
təlim almışdırlar ki, sonradan bütün universitet
heyətini təlimləndirmək kimi məsul işdə də
uğur qazandılar. İnanırıq ki,
qrupun əldə etdiyi təcrübə Azərbaycanda və hətta
qonşu ölkələrdə universitet kadrlarının təlimləndirilməsində
istifadə oluna bilər. Artıq
Qazaxıstanın Nazarbayev Universiteti təcrübəmizi
onlarla bölüşmək üçün ADA-ya müraciət
edib.
Öz təcrübəmizə istinadən deyə bilərik
ki, rəqəmsal texnologiyalarının tətbiqi bir neçə
çətinliklərlə və maneələrlə
rastlaşır. Müvəffəqiyyət əldə etmək
üçün bu riskləri düzgün dəyərləndirmək
lazımdır. Bu işin uğuru bir neçə amil ilə
bağlıdır:
• Hər
şeydən əvvəl, təşkilatın gələcəyə
baxışı və uzunmüddətli planı, bu planın
əsas tərkib hissəsi kimi rəqəmsal
texnologiyalarının tətbiqi olmalıdır. Bu işdə rəhbərliyin qəti niyyəti və
bunun kollektivə çatdırılması təşkilatın
ruhunu və mədəniyyətini dəyişdirər,
işçilərin nikbinliyini gücləndirər,
bütün heyəti ümumi missiya və məqsədlər
ətrafında birləşdirər, onları vahid komanda kimi
mütəşəkkil edər, məsuliyyət, cavabdehlik və
yeni məqsədlərə sadiqlik duyğusunu artırar.
• Dəyişiklik
mərhələsini idarə etmək asan deyil. Bəzi
işçilər rahatlıqlarının pozulmaması, yaxud
təklif edilən dəyişikliklərin faydalarını
anlamadıqları üçün müqavimət göstərə,
hətta sabotajla da məşğul ola bilərlər.
Ona görə də bu prosesə nəzarəti
düzgün insanlara tapşırmaq və onları səlahiyyətləndirmək
vacibdir. Digər nəzərə
alınmalı məqam mütəmadi olaraq komanda üzvlərindən
rəylər almaq, yeniliklərin tətbiq edilməsi sürəti
və çətinlikləri barədə onlarla müzakirə
aparmaqdır. Yeni texnologiyaların ən kəskin
tənqidçiləri belə nəticələri
gördükdə bu alətlərin ən güclü
müdafiəçisinə çevrilirlər. Proses boyu
layihə məsləhətçilərinin düzgün
seçilməsi və planlaşdırılmış mərhələlərin
vaxtında bitirilməsinə nəzarət vacibdir.
• Müəllim
və işçilərin təlimi daim diqqətdə
qalmalıdır. Layihənin detallarını
daha yaxşı anlamaq və dəyişiklikləri əlaqələndirilmiş
şəkildə həyata keçirmək üçün
prosesin bütün iştirakçılarına müvafiq
yatırımlar edilməlidir. Universitet rəhbərliyi
dekanların və müəllimlərin çevik şəkildə
təlim keçmələrini təmin etməlidir. Proqramların tətbiqinin uğuru üçün
ADA Universiteti müəllimlərin təlim alması məqsədilə
onları Böyük Britaniya və Birləşmiş Ərəb
Əmirliklərinə ezam etdi. Öz
nümunəmizdə deyə bilərəm ki, əməkdaşlarımız
onların rəy və təcrübəsindən istifadə
olunmasını yüksək dəyərləndirirdilər.
• Sonuncu
tövsiyəm, informasiya texnologiyaları resurslarına
davamlı yatırımlar etməkdir. Proqram təminatının
ən son versiyalarının əldə olunması, serverlərin
saxlanılması və genişləndirilməsi,
avadanlığın yenilənməsi daim maliyyə xərcləri
tələb edir. Bu xərclərin
planlaşdırılması və texnoloji imkanların
araşdırılması komandanın gündəlik işinə
çevrilməlidir.
ADA
Universiteti texnoloji dəyişikliklərə on il
əvvəl başladı. O dövrdə heç kim dünyanın belə sürətlə dəyişəcəyini
təsəvvür etmirdi. Pandemiya şəraitində
bu gün bir çox təşkilatlar iflic olmamaq və fəaliyyətlərini
davam etdirmək üçün yeni proqram tətbiqlərinə
tələsir. Universitetlər də istisna
deyil - çoxları onlayn tədris alətlərinin
olmaması səbəbindən çətinlik çəkir.
Digərləri müxtəlif ödənişsiz
platformalardan istifadə edərək məlumat təhlükəsizliyi
və ya tədris məqsədlərinə tam uyğun
olub-olmaması amillərinə ciddi diqqət yetirə bilmirlər.
ADA Universiteti bu mənada yaranan vəziyyətə
hazır idi və iki həftə ərzində dərslərini
bütünlüklə onlayn formata keçirə bildi. Hər bir
müəllim "Blackboard” proqramı ilə işləməyi
bacarırdı. Bu günlərdə isə
onun "Collaborate” komponentindən istifadə etməyə
başladılar. Tələbələr isə
onlayn platformadan hələ 2017-ci ildən bəri istifadə edirdilər.
Dərslərin onlayn və keyfiyyətli şəkildə
davam etdirilməsi üçün ortaya çıxan çətinliklər
həftəlik müzakirələr, məsləhətləşmələr,
iclaslar vasitəsi ilə qısa bir zamanda koordinasiyalı
şəkildə aradan qaldırıldı.
Aydındır ki, onlayn təhsilin öz çatışmazlıqları
var. Tələbə və müəllim heyəti bəzi
hallarda internet bağlantısının kəsilməsi ilə
üzləşir. Ümid edirik ki, bütün ölkə
üzrə internet bağlantısının
yaxşılaşdırılması üçün ölkənin
İT sektorunda müvafiq addımlar atılacaq. Onlayn tədrisdə imtahanların
etibarlılığının təmin edilməsi vacibdir.
Bunun üçün ADA Universiteti bu
yaxınlarda "Respondus” proqramını əldə edib.
Bu vasitə ilə məsafədən
keçirilən imtahanlar zamanı köçürmələrin
və digər mənfi halların qarşısı
alınır. Tələbələr tərəfindən
məzmunun mənimsənilməsinə gəldikdə, onlayn tədrisin
ənənəvi təhsillə müqayisədə səmərəli
olub-olmaması barədə müzakirələrimiz hələ
də davam edir. Aydındır ki, ənənəvi
tədrisdən fərqli olaraq, onlayn tədris tələbələrin
bir-biri ilə ünsiyyət yaratma və öyrənmə
imkanlarını məhdudlaşdırır. Amma inanırıq ki, təcrübə qazandıqca
bu məsələlərin də həlli tapılacaq.
Əldə etdiyimiz təcrübə sübut edir ki,
innovativ dəyişikliklərin və rəqəmsal
transformasiyanın müsbət nəticələri
çoxdur. Əslində, yeni texnologiyalar artıq
günümüzün reallığıdır. Ona görə də dəyişikliklərin idarə
edilməsi və təhsil xidmətlərinin
yaxşılaşdırılması məqsədilə bu
yeniləşmənin ön sıralarında olmalıyıq.
Sonda bir daha qeyd etmək istərdim ki, universitetin onillik
strateji planına uyğun olaraq fiziki infrastruktura və insan
resurslarına yatırım etməklə yanaşı, rəqəmsal
transformasiyaya da diqqət yetirməyimiz öz bəhrəsini
verməkdədir. Şadıq ki, mövcud şəraitdə
hazırlıqlı olmağımız tələbə,
şagird və valideynlərimizin gözləntilərini
doğrultdu və bizə təhsil semestrini fasiləsiz davam
etməyə imkan yaratdı. Bəzi
valideynlər, hətta övladlarının onlayn dərslərini
böyük maraqla izləyib müsbət təəssüratlarını
bizimlə bölüşürlər. Onlayn
təhsil ADA Universitetində artıq normaya çevrilib.
Gələcəkdə bu təcrübəni
ixtisasartırma proqramlarının həyata keçirilməsində
də daha geniş istifadə etmək niyyətindəyik.
Yaxın keçmişdə, onlayn tədris ənənəvi
tədrisə köməkçi qismində istifadə
edilirdisə, bu günlərdə hər iki üslub tədrisin
tərkib hissəsinə çevrilib.
İki sahil.-
2020.- 13 may.- S.24.