Xoşagəlməz hallara qarşı
Azərbaycanda
çox ciddi mübarizə aparılır
Dövlətimizin
başçısı İlham Əliyev tətbiq edilən məsuliyyət
tədbirlərinin təkcə yerli icra hakimiyyəti
orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin
əsaslarını sarsıdan çirkin əməllərə
yol verən bəzi mərkəzi icra hakimiyyəti
orqanlarını da əhatə edəcəyini bildirir
Dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini əsas tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “İslahatlara alternativ yoxdur... Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.” Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da diqqətə çatdırır ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması yeni-yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Cənab İlham Əliyev dünya təcrübəsinə istinad edərək bu müqayisəni aparır ki, elə ölkələr var ki, onlarda iqtisadi tərəqqi yüksək səviyyədədir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, demokratiyanın inkişaf səviyyəsi qaneedicidir, amma iqtisadi tərəqqi aşağı səviyyədidir. Belə olan halda davamlı inkişafdan bəhs etmək mümkünsüzdür. Lakin Azərbaycanda bu vəhdətliyin qorunması uğurlarımızı təmin edir, beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi mövqeyimizi möhkəmləndirir.
Ölkənin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunların qəbulu və zamanın tələbinə uyğun təkmilləşdirilməsi də bu tərkibdəndir. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır.”
Demokratiyanı şərtləndirən əsas amillərdən biri kimi sabitliyin və qanunun aliliyinin ölkəmizdə yüksək səviyyədə təmin olunması Azərbaycanın iqtisadi tərəqqisinə geniş yol açdı. Belə ki, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artdı. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi bugünkü uğurlarımızı şərtləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin uğurlu icrasına yol açdı. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlətimizin başçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi. Dövlət proqramlarında, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 4,8 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır.
Uğurlarımız Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyinə yol açır. qorumasını şərtləndirir. İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanda Azərbaycanın nümayiş etdirdiyi model dünya dövlətləri tərəfindən təqdir olunur. Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən Azərbaycanın atdığı addımların fonunda pandemiyadan az itki ilə çıxacağını bildirmişdir.
Göründüyü kimi, koronavirusla mübarizənin ilkin mərhələsi artıq başa çatıb. Azərbaycan öz uğurlu nəticələri ilə dünyanın diqqətindədir. Məhz malik olduğu təcrübəyə əsaslanaraq dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizədə birliyə, həmrəyliyə mesaj olaraq Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşləri keçirildi.
İdarəetmə sistemində təkmilləşmə, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edir. Kadrlarla yanaşı, strukturların da yenilənməsi, təkmilləşməsi Administrasiyanın həm də cəmiyyətin bütün zümrələri ilə Prezident arasında etibarlı, səmimi, effektiv körpü kimi fəaliyyət göstərəcəyinə əminlik yaratdı. Prezident Administrasiyasında yeni yaradılan şöbələr ümumilikdə ölkənin hərtərəfli inkişafına, təkmilləşməyə xidmət edir. Cənab İlham Əliyev 2020-ci ilin də dərin islahatlar ili kimi tarixə yazılacağına əminliyi ifadə edir.
Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Bu baxımdan hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.
Uğurların davamlılığında məmur-vətəndaş münasibətləri də əhəmiyyətli rol oynayır. Qeyd olunduğu kimi, şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.
Əvvəldə Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlara diqqət yetirməyimiz səbəbsiz deyil. Prezident atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, ölkəsinin tərəqqisinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışdığını nümayiş etdirir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək dövlətimizin başçısı İlham Əliyevin iş üslubuna çevrilib.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Dövlətimizin başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.
Bu sahədə əldə edilmiş uğurlar - dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmaqdadır. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi artıq zərurətə çevrilmişdir.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının İcra Hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Ölkə Prezidenti Baş prokuror Kamran Əliyevi vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı sərt mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
Bu günlərdə, daha dəqiq desək, 8 may tarixində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçmələri həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Bir mühüm məqamı da unutmayaq ki, hər bir dövləti, xalqı dünyada tanıdan dili, mədəniyyəti, milli-mənəvi dəyərləridir. Mədəniyyətimizi qorumaq, təbliğ etmək hər kəsdən vətəndaşlıq borcunu tələb edir. Xüsusilə bu sahəyə rəhbərlik edənlərin üzərinə böyük məsuliyyət düşür. Məsuliyyətdən uzaq olan, ən əsası öz şəxsi mənafelərini dövlətin, xalqın maraqlarından üstün tutan dövlət məmurlarına ən böyük cəzalardan biri ictimai qınaqdır. Belə dövlət məmurları etdikləri əməllərə görə həbs olunmaqla yanaşı, ictimaiyyətin hədəfindədirlər. Çünki mənimsənilən o vəsaitləri ölkənin inkişafına, xalqın sosial müdafiəsinin gücləndirilməsinə yönəltməklə sözün əsl mənasında xalqın xidmətçisi olmaqdan qürur duyardılar.
Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: “Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır.”
Yeganə
Əliyeva
İki sahil.- 2020.- 13 may.- S.13.