Heydər Əliyev: tarix
və tale
Hər kəsin taleyi
özü üçün bir tarixdir. Tarix elə talelərdən ibarətdir.
Bu mənada biz tarixdən danışanda məhz
elə talelərdən danışmış oluruq. Ancaq
o talelərin sahibləri tarix yarada bilir ki, onlar olub-bitənlərə
tale deyib yetinmir. Onlar mübarizə aparır.
Durmadan, dönmədən, yorulmadan, usanmadan... İnamla,
imanla... Müdrik bir aforizmdə deyildiyi kimi: Edə biləcəyimiz
hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik...
Biz bu gün tarix və taledən, tarixə çevrilən
taledən, məqsəd və mübarizədən, məqsədə
çatan mübarizədən danışırıq. Biz bu gün
dahi şəxsiyyət, böyük öndər, ümummilli
lider Heydər Əliyevdən danışırıq. Birmənalı şəkildə qeyd etmək
lazımdır ki, məqsəd və mübarizə, məqsədə
çatan mübarizə Heydər Əliyevin özünü
təsdiq formasıdır. Bu mənada
HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ, HEYDƏR
ƏLİYEV YOLU, HEYDƏR ƏLİYEV ZİRVƏSİ birmənalı
olaraq böyük qürur və iftixar hissi ilə
yanaşı, böyük təəccüb və heyrət də
doğurur.
Böyük çin filosofu Konfutsi deyirdi ki, minlərlə
kilometrlik bir yol da kiçik bir addımla başlayır. 97 il
bundan öncə ulu Naxçıvan torpağında həyata
ilk qədəmlərini atan ulu öndər özünün
bioqrafiyasından danışarkən bu barədə deyirdi: “Mən
balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz
günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı
otuz-qırx nəfər sevinib. İndi, bəlkə,
bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm
ki, anam məni bütövlükdə Azərbaycanımız
üçün dünyaya gətirib. Doğma,
canım-varlığım qədər sevdiyim Azərbaycanım
mənim qibləgahımdır...”.
Heydər Əliyev haqqında söz deməyin çətinliyini
və məsuliyyətini anlayaraq qeyd etməliyəm ki,
şübhəsiz, ulu öndərimiz ən dolğun, ən təbii,
ən dərin şəkildə yenə də öz
dühasının işığında ifadə və əks
olunur. Siyasi fəaliyyətinin
bütün dövrlərində məqsəd və məramı,
arzusu və niyyəti, inamı və sevgisi Azərbaycan olan
böyük dövlət xadimi deyirdi: “Hamı bilsin ki, məni
heç bir şey qorxutmur. Mən Azərbaycan
Respublikasının bu ağır dövründə bu
ağır yükü öz üzərimə
götürmüşəm. Ona görə
yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri
buna can atırlar. Ona görə
götürmüşəm ki, öz
bacı-qardaşlarımıza, torpağıma xidmət
edim... Mən bütün bu təxribatçıların,
terrorçuların qabağında durmuşam və duracağam.
Azərbaycanın müstəqilliyini
qorumuşam və qoruyacağam. Əgər
hər hansı bir namərd gülləsi, hər hansı bir
terrorçu gülləsi məni həyatdan götürərsə,
özüm də, övladlarım da müstəqil Azərbaycanın
yaşaması yolunda qurban olmağa hazırıq”.
Heydər Əliyev milli dövlətçilik tariximizi,
Azərbaycanın necə parçalandığını,
milli istiqlalını necə əldə etdiyini və niyə
itirdiyini bilirdi. Heydər Əliyev bu dəfə də
itirənin Azərbaycan olması ilə razı deyildi.
Heydər Əliyev mənsub olduğu xalq üçün
dönüş nöqtəsi və son şans olaraq
doğulduğunu, odu qorumaq missiyasını bilirdi: “Mən ya
müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu
yolda şəhid olacağam”.
Əlbəttə,
Heydər Əliyev Azərbaycanın yaşaması demək
idi! Heydər Əliyev Azərbaycanın yaşaması deməkdir!
Zaman göstərdi ki, tarixən Azərbaycanın
istiqlalı, milli mənliyi uğrunda mübarizə yolunda
qurban gedənlərimiz xalqımız üçün
böyük boşluğa və dərin itkiyə
çevriliblər. Başqa sözlə,
Azərbaycanın yaşaması yolunda qurban gedənlərin fədakarlığı,
dönməzliyi Azərbaycanı xilas edə bilməyib.
Heydər Əliyevin böyüklüyü həm də onda
idi ki, O, Azərbaycanın yaşaması yolunda qurban getməyi
gözə alaraq xalqın dərin məhəbbətinə, əvəzsiz
sevgisinə, böyük ehtiramına və sarsılmaz
inamına arxalanıb ali məqsədlərə
Azərbaycanla, xalqla birgə, çiyin-çiyinə
addımladı.
Bu mənada dahilik zirvəsinə o şəxslər
ucalır ki, onlar zamanın qarşıya qoyduğu çətin
vəzifələri həll etmək iqtidarında olurlar. Heydər
Əliyev bütün taleyüklü vəzifələrin
öhdəsindən məharətlə gəlməyi bacaran,
bütün təlatüm və sarsıntılara baxmayaraq,
xalqını və dövlətini inandığı məqsəd
və ünvana çatdıra bilən şəxsiyyətdir.
Gəmi kapitanının məharəti
fırtınalı dənizdə bilinər.
Ev bu dünyada ən güvənli yerdir. Ev həmişə
qucaq açandır, qoruyandır, qədir biləndir. El-obaya dərd-bəla gələndə insan birinci
evini qorumaq haqqında düşünür. Evini xilas edə bilən el-obasını, məmləkətini
xilas edə bilər. Heydər Əliyevin
Naxçıvan boyda evi vardı. Sığındığı,
qorunduğu, xilas etdiyi. Və beləcə
Naxçıvanın xilası bütöv məmləkətin
– Azərbaycanın xilası oldu. Heydər
Əliyev Azərbaycanı evi kimi qorudu.
Heydər
Əliyev simvoldur... Heydər Əliyev nümunədir... Heydər
Əliyev istinaddır, mənbədir, məktəbdir...
Şəxsiyyətlərin dəyəri bir tərəfdən
onların gördüyü işlərin,
yaratdıqlarının, xalq üçün etdiklərinin əhəmiyyəti
və təsir dairəsi ilə ölçülürsə,
digər tərəfdən görülən işlərin,
atılan addımların, ortaya qoyulan ideyaların gələcək
hadisələrə təsiri ilə müəyyənləşir. Heydər
Əliyev yalnız bir dövləti idarə edən siyasi
xadim, rəhbər deyil, O, həm də milyonlarla insanı
böyük ideallar ətrafında səfərbər edən
bir dövlət və məfkurə adamıdır. Heydər Əliyev dünyadakı siyasi proseslərə
nüfüz edə bilən, dünyanı, dövlətləri,
xalqları hər yönü ilə duyan, bilən və qərarlarını
buna görə qəbul edən şəxsiyyətdir.
Heydər Əliyev Azəbaycan xalqını və
dövlətini Sovet İttifaqı kimi nəhəng
imperiyanın uçqunundan sağ-salamat çıxaran, pərən-pərən
olmuş xalqı vahid ideya ətrafına toplayıb onu bir
yumruğa döndərən, Azərbaycanın gələcəyi,
müstəqilliyi ilə bağlı bütün sualları
nidayla əvəzləyən xilaskar və qurucu liderdir. Birmənalı şəkildə
qeyd etmək lazımdır ki, bugünkü Azərbaycan Heydər
Əliyevin ŞAH ƏSƏRİ, reallaşan arzusudur...
Bu, həm
də YOLa başlarkən seçilən ali
məqsədin uğurlu nəticəsi, uğrunda şam kimi əriyən
ömrün mükafatı, milli mübarizə və
mücadilənin qazancı, qəniməti, YOLa yön verən
İNAMın özünü doğrultmasıdır. YOL,
ALİ MƏQSƏD VƏ MƏRAM aydın idi: “Mən Azərbaycanın
müstəqilliyini Azərbaycan xalqı üçün
böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin
əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə sərf edəcəyəm”. Bəli, Heydər Əliyev ömrünü Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə,
inkişaf etməsinə sərf etdi və əbədiyaşarlıq
qazandı. Bu gün bu ali missiyanı
onun müdrik ideyaları, siyasi xətti yerinə yetirir.
D. Didro
deyirdi: “Hadisələrin necə olduğunu bilmək
ağıllı adamı, hadisələrin əslində necə
olduğunu bilmək təcrübəli adamı, hadisələrin
yaxşılığa doğru necə dəyişdiyini bilmək
isə dahi adamı xarakterizə edir”. Heydər
Əliyevin dahiliyi məhz burda idi. Daim xalqına arxalanan,
xalqdan ilham alan bu dahi şəxsiyyət məhz
hadisələrin necə yaxşılığa doğru dəyişəcəyini
bilirdi. O, həm də buna təsir edə bilirdi. O, doğma
canı, varlığı qədər sevdiyi Azərbaycanla nəfəs
alırdı. O, Sovet İmperiyasının rəhbərlərindən
biri olanda da Azərbaycana xidmət edirdi.
Heydər
Əliyev çıraq işığında Azərbaycanın
nurlu sabahlarına dəvətnamə yazırdı, 70 ilin
“sovet”indən, “sosialist”indən cəsarətlə imtina
edirdi, orağa, çəkicə deyil, əbədi olana - aya,
ulduza sığınırdı, azərbaycanlı
olmasıyla fəxr edirdi... Heydər Əliyev qaçqın
şəhərciyində qaçqınlara dayaq olur, səngərlərdə
müasir və güclü Azərbaycan ordusu qururdu... Heydər
Əliyev güllələri susdururdu, qiyamları yatırdırdı,
qardaşla qardaşın qanının arasına girirdi...
Xarici düşmənlərin parçalamaq istədiyi bu vətəni
bir də daxildən parçalamaq istəyənləri qətiyyətlə
zərərsizləşdirdi... Heydər Əliyev təsadüfən
getdiyi Azərbaycan ailəsinin toyunda qol götürüb
oynayırdı... Zərifə xanımdan söz düşəndə
kövrəlirdi... Səməd Vurğunun “Azərbaycan”
şeirini deyəndə ağlayırdı... “Mən həmişə
səninləyəm, Azərbaycan, Azərbaycan”,-
deyirdi... Mixail Qusmanın sözləri ilə
desək, Heydər Əliyev Azərbaycanın
daşını da tanıyırdı.
Heydər Əliyev qeyri-adi istedada, yaddaşa, qabiliyyətə
malik idi. O,
bütün sahələri, necə deyərlər, əlinin
içi kimi bilirdi. Rus alim Morozov müsahibələrinin
birində deyirdi ki, mən yol təsərrüfatı mütəxəssislərini
inandırmalı olurdum ki, Heydər Əliyev dəmiryolçu
deyildir.
Bəli, məhz Heydər Əliyev şəxsiyyəti təkcə
Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət
üçün bir nümunədir, qibtədir. Dünyanın
nüfuzlu siyasətçiləri, elm adamları, incəsənət
xadimləri, analitiklər Onu haqlı olaraq, SİYASƏT
NƏHƏNGİ adlandırır, zəmanəmizin dahisi
olaraq görürlər.
Onu da deyim ki, bir xalq üçün ən böyük
qazanc bir gün bir liderə, özü də ümummilli liderə
sahib olmaqdır. Çünki ümummilli lideri olmayan
xalqların içində həmişə gələcəklə
bağlı bir əndişə yatar.
Zaman demək olar hər gün bir daha sübut edir ki, Azərbaycanın
yeganə düzgün yolu HEYDƏR ƏLİYEV YOLUna sədaqətdir. Bu YOLda dönməz və əbədi
müstəqillik var... Bu YOL xalqımızın və dövlətimizin
daha xoş və firavan gələcəyinə uzanır... Azərbaycan öz ərazi
bütövlüyünü BU YOLla və BU YOLda bərpa edəcək.
Azərbaycan hər gün bu dünyaya
GÜNƏŞ kimi doğacaq. Azərbaycan HEYDƏR
ƏLİYEV YOLu ilə daim irəliyə, irəliyə gedəcək...
Rahil Tahirli
jurnalist
İki sahil.- 2020.- 13 may.- S.14.