İlham Əliyev - üç cəbhənin
Komandanı
Dünya yeni bir düzənə
qədəm qoymaqdadır. Əksər elmi
araşdırma mərkəzləri bu qənaətdədirlər
ki, koronavirus (COVİD-19) pandemiyasından sonra dünyada
geosiyasi proseslər hazırkı durumdan fərqli məcrada
inkişaf edəcək, ümumiyyətlə sivil xalqlar gələcək
inkişaflarını indiyə qədər olandan fərqli,
yeni konsepsiyalar üzərində quracaqlar. Amma bir məqamı
da xüsusi vurğulamaq lazımdır ki, pandemiyadan sonrakı
inkişaf bu dönəmi necə dəf etməkdən
çox asılı olacaq.
Pandemiyanın
finalına
dövlətlərin hansı durumda
çatacaqları və növbəti mərhələyə
start götürəcəkləri vəziyyətləri
onların həm gələcəkdə bir aktor kimi beynəlxalq
münasibətlər sistemində nüfuzunu və həm də
əhalinin sosial rifah halının perspektiv vəziyyətində
həlledici əhəmiyyət daşıyacaqdır. Hazırkı durum onu deməyə əsas verir ki,
iqtisadi cəhətdən inkişaf etmək xalqın təhlükəsizliyinin
mütləq mənada təminatı üçün kifayət
etmir.
Yuxarıda qeyd etdiklərimi
hazırda dünyada cərəyan edən proseslərin
ümumi mənzərəsi kimi də dəyərləndirmək
olar. Əlbəttə, Azərbaycan
Respublikası da dünyanın bir hissəsi olaraq davam etməkdə
olan proseslərin ümumi axınında
qarşılaşdığı problemlə ciddi bir şəkildə
mübarizə aparır. Lakin qeyd etmək yerinə
düşər ki, Azərbaycan Respublikası bir çox dövlətlərdən
fərqli olaraq hazırda 3 cəbhədə mübarizə, hətta
deyərdim ki, müharibə aparır.
Birincisi, cəmiyyətimizdə hər kəsə məlum
olan mənfur, işğalçı qonşu Ermənistanla
aparılan haqq müharibəsidir. 30 ilə yaxın
tarixi olan bu müharibənin son illərini Azərbaycan
dövlətinin qələbələri ilə müşayiət
olunduğu aydın görünür. Qələbə
həm diplomatik səviyyədə, həm də real
döyüş şəraitində qazanılır. Real döyüş şəraitində düşmənə
layiqli zərbəyə ən bariz nümunə kimi 2016-ci ilin
4 günlük aprel döyüşlərini göstərmək
olar. Bu qələbə ilə Azərbaycan dövləti
işğal olunmuş ərazilərinin bir hissəsini düşməndən azad etməklə
paralel, eyni zamanda uzun illər ərzində
erməni nasistlərin formalaşdırmağa
çalışdığı məğlubedilməzlik
mifini də darmadağın etdi, xalqın qələbə
ruhunu, qalibiyyət yanğısını təmin etdi.
Diplomatik anlamda isə qələbələr silsiləsinin ən
möhtəşəmi Rusiya Federasiyasında təşkil
olunmuş yüksək səviyyəli, dünya liderlərinin
iştirakı ilə keçirilən Valday Formunda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
“Qarabağ Azərbaycandır və nida” lozinqi ilə baş tutdu. Cənab Prezidenti İlham Əliyevin “... bizim beynəlxalq
mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi
bütövlüyünün bütün dünya tərəfindən
qəbul edilməsi və son illər ərzində
bütün aparıcı beynəlxalq təşkilatların
qərar və qətnamələrində ölkəmizin ərazi
bütövlüyünə birmənalı şəkildə
dəstək ifadə edilir. O cümlədən bu
yaxınlarda separatçılar tərəfindən
keçirilmiş qondarma seçkilərin dünya birliyi tərəfindən
tanınmaması və aparıcı beynəlxalq təşkilatların
bu məsələ ilə bağlı yekdil fikri bir daha bizim
mövqeyimizi gücləndirmişdir və
separatçılara, onların havadarlarına,
işğalçı Ermənistana vurulan növbəti zərbə
olmuşdur.” fikri dediklərimizə bariz nümunədir. Rusiya
Federasiyasının xarici işlər naziri Sergey Lavrovun
A.M.Qorçakov adına İctimai
Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə
videokonfrans formatında keçirilən dəyirmi masanın
gedişi zamanı verdiyi açıqlama da cənab prezidentin
fikirlərinin təsdiqi kimi qiymətləndirilə bilər. İşğalçılıq siyasətini davam
etdirən ermənistan hakimiyyətinin bu zərbələrin təsirindən
yaxın müddətdə çıxa bilməsi ağlabatan
görünmür. Başqa sözlə desək, Azərbaycan
hakimiyyəti işğal olumuş torpaqlarımızın
azad olmasına addımbaaddım yaxınlaşır.
İkinci cəbhə isə koronavirus pandemiyasına
qarşı aparılan mübarizə ilə şərtlənir.
Beynəlxalq səviyyədəki pandemiya
durumuna istinad edərək müqayisəli təhlil aparsaq
aydın şəkildə görərik ki, ölkə rəhbərinin
situasiyaya ən doğru adekvat qərarları və həyata
keçirdiyi qabaqlayıcı tədbirlərlə bu cəbhədə
də vəziyyət qənaətbəxşdir. Hətta
əminliklə demək olar ki, ölkədə pademiya ilə
mübarizə elmi, praktiki əsaslı kompleks tədbirlər
planı ilə nümunəvi bir model formulasına gəlib və
artıq bir çox dövlətlər və beynəlxalq təşkilatlar
pandemiyanın Azərbaycan modelini nümunə kimi də qəbul
edirlər. Ölkə prezidenti cənab İlham Əliyevin,
Birinci vitse–prezident Mehriban xanım Əliyevanın davamlı səyləri
ilə vətəndaşların gözəgörünməz
düşmən – virusla müharibədən az itkilərlə
çıxması üçün həyata
keçirdikləri sosial dəstək proqramları da xüsusi əhəmiyyət
kəsb edir. Cənab Prezidentin 19 mart 2020-ci il
tarixli Sərəncamının icrası ilə bağlı
Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər
Planında məşğulluğa və sosial rifaha dəstəyin
təmin olunması üçün çoxistiqamətli
proqramlar müəyyən edilib. 3.5 milyard manatlıq yardım paketləri
bütün sferaları əhatə etməklə yuxarıda
qeyd etdiyim postpandemiya dövrünə müsbət nəticələrlə
başlamaq üçün çox böyük əhəmiyyət
kəsb edir. Ölkə
başçısının qərarı ilə 600000 nəfər
nisbətən zəif sosial təminatlı əhalini əhatə
edən yardım paketinin də hazırkı karantin rejimində
çox böyük qayğı olduğunu etiraf etmək
lazımdır. "Bizim üçün əsas
məsələ vətəndaşların
sağlamlığı, insanlarımızın həyatıdır”
deyən dövlət başçısının
güclü sosial siyasəti əhalinin
sağlamlığının qorunması üçün
kompleks təsirli tədbirlərlə yanaşı, çevik
və genişmiqyaslı sosial dəstək
proqramlarının hazırlanaraq həyata keçirilməsinə
imkan verir. Ötən il Prezident İlham Əliyevin qəbul
etdiyi qərarlarla əhalinin 42 faizinin, yəni 4,2 milyon nəfərin
ciddi sosial dəstəklə əhatə olunması, əməkhaqqı,
pensiya, sosial müavinət və təqaüdlər, eləcə
də digər sosial ödənişlərin məbləğinin
əhəmiyyətli dərəcədə, hətta bir
sıra istiqamətlər üzrə iki dəfədən
çox artırılması
mühüm sosial dəstəkdir və hazırkı
pandemiya dövründə də əhali üçün bir
sosial dayaq, mühüm sosial müdafiədir. Pandemiya
dövründə dövlət sektoru üzrə
işçilərin əsassız yerə işdən
çıxarılmasına, ixtisarına yol verilməməsi
və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının
saxlanması üçün müvafiq işlər
aparılması, qeyri-dövlət sektoru üzrə
işçilərin məşğulluğunun qorunması məqsədilə
pandemiyanın ilk günlərindən ölkə
başçısının işəgötürənlərə müraciəti də
görülən kompleks tədbirlərin bir hissəsi olub.
Ümumilikdə dövlət sektoru üzrə 925 min,
qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə
1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə)
çalışan işçinin iş yerinin və əməkhaqqı
gəlirinin qorunması təmin olunub. Ümumi olaraq mövcud
rəqəmləri təhlil edən zaman aydın olur ki,
pandemiya ilə əlaqədar sosial sahədə dövlət
tərəfindən yalnız Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təqdim olunan
dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı,
başqa sözlə desək ölkə əhalisinin 48 faizindən
çoxunu əhatə edir. Bu siyahıya Heydər
Əliyev Fondunun xətti ilə ilə həyata keçirilən
sosial yardımları, digər vətənpərvər,
dövlətsevər hüquqi və fiziki şəxslərin
dəstəyini də əlavə etsək vətəndaş
– dövlət birliyi nəticəsində sosial dəstək tədbirlərinin
hansı miqyasda olduğunu hesablamaq hesab edirəm ki, elə də
çətin olmamalıdır.
Proseslərin gedişi onu deməyə əsas verir ki, cənab
Prezidentin vətəndaşlara göstərdiyi diqqət və
qayğı, eyni zamanda insanlara “Biz birlikdə
güclüyük” çağırışı ilə
formalaşmış ümummilli həmrəylik pandemiya üzərində
tez bir zamanda qələbə qazanılması ilə nəticələnəcəkdir.
Nəhayət, üçüncü istiqamət kimi
ölkə başçısı cənab İlham
Əliyevin müharibə elan etdiyi, qəti və amansız
mübarizə apardığı cəbhə korrupsiyadır. Korrupsiya
bütün cəmiyyətlərdə, bütün dövlətlərdə
mövcuddur. Korrupsiya dövlətin
inkişafını əngəlləyən, onu içindən
yeyən, məhvə aparan bir bəladır. Korrupsiya ədalətsizliyin, qeyri-bərabərliyin,
saxtakarlığın mayasıdır. Korrupsiya
və rüşvətxorluq vətəndaşlarla hakimiyyət
arasında üçurum yaradan, insanlarda hökumətə
inamsızlığa səbəb olan bir xəstəlikdir.
Azərbaycanda korrupsiya və rüşvətxorluqla geniş
mübarizəyə hələ sovet dönəmində
Ümummilli Lider Heydər Əliyev başlamışdı. Təəssüf
hissi ilə etiraf etmək lazımdır ki, bu gün də cəmiyyətimizdə
bəzi hallarda korrupsiya və rüşvətxorluq
hallarına rast gəlinir. Ümidverici hal
isə ondan ibarətdir ki, bu problemə qarşı ölkə
rəhbərinin iradəsi qətidir. Cənab Prezidentin
sözləri ilə desək
“kasıbın malına, ərzaq payına göz dikən”, “gözləri doymayan”, “xainlər”
xalqın Prezidentinə olan sevgisinə kölgə salmağa
çalışıblar. Bu əmələri
ilə onlar həm xalqına, həm də siyasi rəhbərlərinə
xəyanət ediblər. Bəli, XƏYANƏT. Bu əməllərin başqa adı yoxdur. Yayımlanan video kadrlardan sonra utanmadan, xəcalət
çəkmədən son sözlərində “Hər şey
yaxşı olacaq” demələri sadə vətəndaşlar
arasında ciddi ikrah yaradır. Ondan yəqin ki, istintaq
prosesində soruşacaq: “bu vəhşiliklərdən, zəif
müdafiə olunan insanların qanını sorduqdan sonra sizin
üçün nə yaxşı ola bilər axı?. Amma
onu da nəzərə almalıyıq ki, ləyaqətli,
vicdanlı, şərəfli insan üçün yad hərəkətləri
törətmiş bu şəxslərdən hər şey
gözləmək olar. Təəssüf
ki, uzun illər ərzində müəyyən
havadarlarının, şəriklərinin köməkliyi ilə
bu iyrənc əməllərini davam etdiriblər. Nikbinliklə qeyd etmək istəyirəm ki, cənab
Prezident İlham Əliyevin açıq və qəti şəkildə
ifadə olunan “Dürüstlük, şəffaflıq, ədalət
hər bir dövlət məmurunun iş prinsipi
olmalıdır. İş prinsipi bu olmalıdır,
rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq
yox, vicdansızlıq yox! Dürüstlük,
şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər!”
mövqeyi, “Biz belə ünsürlərə qarşı
bundan sonra da amansız mübarizə aparacağıq”
münasibəti və bunun əməli təsdiqi olaraq həyata
keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan
bu cəbhədə də Ali Baş Komandanın rəhbətliyi
ilə parlaq qələbə çalacaqdır.
Üç
cəbhədə mübarizə aparan cənab Ali Baş
Komandan, Prezidentimiz İlham Əliyevə xitabən demək
istəyirəm ki, cənab Prezident, Azərbaycan xalqı Sizin bütün qərarlarınızı dəstəkləyir.
Xalq həmişə Sizinlədir!
Daşqın QƏNBƏROV
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin şura
üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent
İki sahil.-
2020.- 19 may.- S.7.