Azərbaycan gəncliyi və könüllülük hərəkatı

 

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Dövrün tələblərini dərindən bilən və ölkəmizin işıqlı gələcəyini təmin etmək üçün çalışan Azərbaycan Prezidenti cənab İlham Əliyev də gənclərə həmişə xüsusi diqqət ayırır, onların mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına qayğı göstərir. Dövlətimizin başçısı gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir.

Bu gün ölkənin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərində və digər sahələrdə nümunə göstərən Azərbaycan gənclərinin fəaliyyətində könüllülük xüsusi yer tutmaqdadır. Artıq könüllülük bir çox sahələrdə özünü qabarıq büruzə verərək, ümummilli hərəkata çevrilib və cəmiyyətimizin bütün təbəqələrini əhatə edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il “Könüllülər ilielan olunub. Ölkə başçısı gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə bu addımı atıb.

Lakin çox təəssüf ki, Azərbaycanda “Könüllülər ili” hazırda ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrə təsadüf edir. Bütün dünyanı bürüyən bu infeksiya bəlası ilə təkbaşına mübarizə aparmağın çətin olduğu, buna görə də xalq-iqtidar birliyinin, milli həmrəyliyin zərurətə çevrildiyi indiki dönəmdə – tətbiq olu­nan xüsusi karantin rejimi günlərində könüllülük hərəkatı özünü daha qabarıq şəkildə göstərir. Belə ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, COVID-19-un yarada biləcəyi təhlükə ilə mübarizə tədbirlərinin həyata keçirilməsində dövlət qurumları ilə bərabər, gənc könüllülər də fəal iştirak edirlər. Onlar dövlət tərəfindən atılan zəruri addım­lara və həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə könüllü hərəkat və təşkilatların təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzində (AKƏM) birləşərək, Heydər Əliyev Fondu tərəfindən imkansız şəxslərə verilən ərzaq bağlamalarını ünvanlara çatdı­rır, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində fəal iştirak edir, vətəndaşlara tibbi maskaspirtin paylanılmasına kömək göstərir, infeksi­yanın yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işi aparır­lar. Bununla da könüllülər pandemiya dövründə də dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirirlər.

Yeri gəlmişkən, AKƏM-in işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir. “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf”, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı, “Aqrar İnkişaf Könüllüləri” ictimai birlikləri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı və digər təşkilat və hərəkatların birləşdiyi AKƏM respub­likamızda koronavirus infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı və preventiv xarakterli təcrid tədbirlərini yüksək qiymətləndirərək, bu təhlükəli xəstəliklə mübarizədə xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğunu vurğulayır, könüllü təşkilatların da bu məsələdə fəal iştirakının vacibliyini diqqətə çatdırır.

Yeni yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin də əsas vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə verməklə, könüllü təşkilatları və hərəkatları tərəfindən reallaşdırılan tədbirlərin səmərəliliyinin yüksəldilməsidir. Bu məqsədlə, ilk növbədə, təşkilatlararası bölgüsünün müəyyənləşdirilməsi, könüllülərin iştirakı ilə yerlərdə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanılması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Eyni zamanda, mərkəz pande­miya ilə mübarizə dövründə Nazirlər Kabi­neti yanında operativ qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri əsasında müxtəlif kommunikasiya vasitələri və məhsulların (sosial çarxlar) köməyilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi niyyətində olan ictimai təşkilat, təşəbbüs qrupları və vətəndaşları səfərbər etməyi qərarlaşdırıb.

Mərkəzin fəaliyyətə başladığı vaxtdan – 2020-ci il martın 27-dən ötən dövrdə müxtəlif tədbirlər və aksiyalar, o cümlədən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu” və “Könüllü donor” aksiyaları həyata keçirilib. AKƏM-in təşəbbüsü ilə gerçəkləşdirilən aksiya­larda 57 şəhər və rayondan 201 könüllü əlaqələndirici və 1545 nəfər daimi fəaliyyətdə olan könüllü 11 mindən çox ahıl yaşlı vətəndaşlara və aztəminatlı ailələrə sosial xidmət göstərib. Belə ki, könüllülər tərəfindən “Böyüklərimizi qoruyaq!” devizi altında respublikanın müxtəlif bölgələrində minlərlə tənha ahılların, aztəminatlı və şəhid ailələrinin, fiziki məhdudiyyətli şəxslərin evlərinə baş çəkərək, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasına kömək edilib.

Qeyd edək ki, Pirallahıda da xüsusi karantin rejimi dövrü ərzində yaşı 65-dən yuxarı olan və tənha yaşayan sakinlərin sağlamlıqlarının qorunması, evlərindən çıxmalarının qarşısının alınması məqsədilə 6 mobil qrup yaradılıb. Qrup üzvləri tərəfindən həmin vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlanılıb, onların ehtiyacları öyrənilərək, bu işə cəlb edilən könüllülər vasitəsilə ərzaq, dərman və digər ehtiyaclarının ödənilməsində kömək göstərilib.

AKƏM tərəfindən həyata keçirilən digər tədbir – HematologiyaTransfu­ziologiya Mərkəzi (Qan Bankı) ilə birlikdə reallaşdırılan “Könüllü donor” aksiyası da diqqət çəkib. Aksiyada könüllülər qan qıtlığı səbəbindən talassemiyahemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata, eyni zamanda, bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında iştirak edərək, Qan Bankının paytaxtda, eləcə də regionlarda yerləşən bölmələrində qanvermə aksiya­sında fəal iştirak ediblər. Yaxın günlərdə də Pirallahı rayonunun könüllüləri “Könüllü donor” aksiyasına qoşulacaqbu təbirə öz layiqli töhfələrini verəcəklər.

Könüllü qonşu” aksiyası çərçivəsində isə 44 şəhər və rayon­da könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Həmin nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommu­nal ödənişlərinin həyata keçirilməsinə kömək göstərirlər.

Qeyd edək ki, Pirallahıda indiyədək YAP rayon təşkilatının gənclərdən ibarət könüllülər qrupunun üzvləri tərəfindən 20 aztəminatlı ailəyə ərzaq yardı­mı göstərilib, 9 may – Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi veteranlarına yardım bağlamaları pay­lanılıb. Mayın 19-da isə rayonumuzda Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində genişmiqyaslı aksiya təşkil edilib. Bu aksiyaya qoşulan könüllülər küçədə maarifləndirmə işləri aparıb, maska­sız gəzən şəxslərə tibbi maska, əlcək və lazımi tibbi ləvazimatlar paylayıb, həmçinin vətəndaşlara gigiyena qaydala­rına riayət olunmasının əhəmiyyətini izah edərək, özlərinin, eləcə də yaxınlarının müəyyənləşdirilən qayda və tövsiyələrə əməl etmələrinin, sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar. Aksi­yanın may ayının sonuna qədər davam etdiriləcəyi nəzərdə tutulub.

Azərbaycan könüllüləri bu gün ölkə başçısı cənab İlham Əliyevin korona­virus infeksiyasının ölkəmizdə törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara daim adekvat cavab verərək, onlara göstərilən etimadı doğrultmağa çalışır, eyni zamanda, bunu özləri üçün insanlıq borcu hesab edirlər.

Verdikləri töhfəyə və ehtiyacı olan ən həssas əhali qrupları ilə işlədiklərinə görə könüllülərə böyük təşəkkür düşür.

Son olaraq bir daha vurğulamaq istərdik ki, könüllülük –xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulan bir fəaliyyətdir və ölkəmizin üzləşdiyi bu ciddi sınaqda onların nümayiş etdirdikləri birlik və əzm hər birimizdə böyük ruh yüksəkliyi yaradır, gələcəyə olan inamımızı artırır.

 

İsmayıl ƏLİYEV,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini

 

İki sahil.- 2020.- 21 may.- S.11.