Gülüstan Əliyeva: Pandemiya dövründə

həyat düzənimi qaydaya salmağa çalışdım

 

İkisahil.TV-nin bugünkü qonağı Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Gülüstan Əliyevadır

 

- Gülüstan xanım, ölkəmizdə muğama böyük diqqət və qayğı göstərilir. Bu məqsədlə də möhtəşəm Muğam mərkəzləri tikilib istifadəyə verilib. Bu gün ölkədə Muğam mərkəzlərinin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

- Muğam sənəti Azərbaycan xalqının qədim mədəniyyətinin böyük bir hissəsini təşkil edir. Yaşı xalqımızın ömrü qədər uzun olan muğamlarımıza Azərbaycan dövləti böyük qayğı ilə yanaşır, bu sənətin qorunması üçün təqdirəlayiq işlər görür. Sözsüz ki, bu sahədə Heydər Əliyev Fondunun əməyi danılmazdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama bəslədiyi böyük sevgi və qayğı, diqqət bu sənətin inkişafına güclü təkan verir, onu yeni inkişaf yollarına çıxarır.

Muğam sənətinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mehriban xanımın əməyi sayəsində mümkün olub. Bu gün muğam sənətinin inkişafında xidmətləri olan sənətkarlar qiymətləndirilir, onlara fəxri adlar, təqaüdlər, mükafatlar, ordenmedallar verilir. Mübaliğəsiz deyə bilərik ki, bu gün bütün muğam məktəblərinə yüksək diqqət, qayğı bəslənir. Əlbəttə, dövlətin həyata keçirdiyi qayğı siyasəti muğam sənətkarları ilə yanaşı, tamaşaçıların da ürəyincədir. Azərbaycan dövlətinin muğam ifaçılarının sənətinə, fəaliyyətinə, xalqın sərvətini könlündə daşıyanlara verdiyi önəm misilsizdir.

- Ancaq bütün bunlara rəğmən yenə də bayağı musiqilər zövqləri korlamaqda davam edir...

Azərbaycan musiqisinin, musiqi mədəniyyətinin “qara yarası”na çevrilən bu nümunələr zövqdən, yüksək keyfiyyətdən uzaqdır. Nəzərə alsaq ki, musiqinin əsas işi, vəzifəsi, funksiyası zövqü oxşamaq, əhvalı dəyişmək, insana ruh verməkdir, barəsində danışdığımız nəsnələr bundan tamamilə uzaqdır. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə kütləvi şəkildə sirayət etdikcə gənclərin ona marağı artır. Bəllidir ki, ucuz musiqinin ardınca gedənlər tamam başqa kəsimin təmsilçiləridir, ancaq bununla belə, buepidemiya” digər qrup gənclərə də sirayət etməyə bilmir. Bilirik ki, burada informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır. Bu insanlar sosial şəbəkələr vasitəsilə bərbad musiqiləri insanların beyninə qeyri-iradi yeridirlər. Bununla da bir çox insanların zövqünü korlamış olurlar. Ancaq bayağı musiqilər hər zaman, bütün dövrlərdə olub. İllərlə yaşayan, bugünümüzə gəlib çatanlar isə yaxşılar olub.

- Sənətdə uğur qazanmaq üçün yalnız səs və istedad kifayətdirmi?

- Kifayət deyil. Birinci növbədə zəhmət lazımdır. Hər bir peşəkar sənətçi zəhməti hesabına nəyəsə nail olur. Sənətdə uğur qazanmaq üçün təkcə səs və istedad kifayət deyil. Gərək səhnə mədəniyyəti, nitq qabiliyyəti də yetərincə olsun. Tamaşaçı təkcə sənin oxumağından ləzzət almır. Adi danışığın da yerində olmalıdır. Əgər sənətə gəlmək istəyirsənsə, bunların hamısının komplekt olmasına diqqət yetirməlisən.

- Yaşanan illərə dönüb geri baxanda nəyi dəyişmək istərdiniz? Yəqin ki, bu pandemiya dövründə saf-çürük etməyə vaxtınız oldu...

-Əlbəttə. Pandemiya dövründə həyat düzənimi qaydaya salmağa əməllicə nail oldum. Sağıma-soluma nəzər saldım. Nə qədər dost bildiyim insanları həyatımdan sildim. Gördüm ki, bunlar, əslində dost deyilmişlər. Sadəcə məndən yararlanan insanlar toplusu imiş. Hesab edirəm ki, hər kəs həyatında bir neçə ildən bir təmizləmə işləri aparmalıdır. Bu gün artıq geriyə baxanda, yalnız yaxşı hadisələri xatırlayıram. Həmişə deyirəm ki, nə edirsən et, sonda özündən qaça bilməzsən. Ona görə də insan özü qarşısında pak olmalıdır.

- Həyatda özünüzü bəxti gətirmiş insan hesab edirsiniz, yoxsa..?

- Heç kəs deyə bilməz ki, tam xoşbəxtdir. Hamının içində hansısa reallaşmamış arzuları qalıb. Eləcə də mənim. Şükürlər olsun, arzularımın yetmiş faizinə çatmışam. Ancaq mən özümü xoşbəxt insan hesab edirəm. Həyata keçməyən arzularım bundan sonrakı həyatımla bağlıdır. Yəni elələri qalıb ki, onlar üçün çalışmaq lazım deyil. Ömür yaşandıqca Allah qismət eləsə, onlar da real olacaq. Bütün bunlar qismətə bağlıdır.

- Gözəl xanımsınız. Təbii ki, sizi sevən, ailə qurmaq istəyənlər olub. Buna necə reaksiya vermisiniz?

- Təbii ki, olub. Heç düşünmədiyiniz qədər. Ancaq mən oğluma heç vaxt yad atanı yaraşdırmamışam. Oğlumu tək böyütməyimə qərar vermişəm. Həyatımızda elə adamlar var ki, onların yeri dolmur, boş qalır. Yoldaşımdan bir neçə il sonra qardaşım da şəhid oldu. Anam tək qaldı, evin böyük uşağı olduğuma görə, ailənin bütün ağırlığı mənim üzərimə düşdü. Bütün bunlar öz həyatımı qurmağa imkan vermədi. Övladım var, Allaha şükür, o mənim həyatımın işığıdır. Sənətimdən də qabaq övladım gəlir.

- Konservatoriyanı bitirməyinizə baxmayaraq peşəkar şəkildə sənətlə həyat yoldaşınızın vəfatından sonra məşğul oldunuz...

- Həyat həmişə öz qurbanını özü seçir. Mən zatən işimi ailəmə qurban vermişdim. Sənətdən uzaqlaşmışdım. Hər bir qadının ilk növbədə ailəsi olmalıdır. Amma həyat bu yolu özü seçdi.

- Başqa çıxış yolunuz yox idi?

- Həm başqa çıxış yolum yox idi, həm rayonda mənə bir tapılmırdı. Yevlaxa gələndə heç kimi tanımırdım. Orta məktəbi, konservatoriyanı Bakıda oxumuşdum. Ağlım kəsən vaxtdan Bakı mühitində böyümüşdüm. Tanıdığım insanların da hamısı Bakıda idi. Ona görə paytaxta gəlməli oldum. Açığı, əvvəl sənətə gəlmək istəmirdim. Çox çətinlik çəkdim. Məktəbdə musiqi müəllimi işlədim. Bir azZabitlər evi”ndə ansamblda çalışdım. Hətta tələbə qəbulu zamanı sənədlərimi verdim. Həyat yoldaşımın işini davam etdirmək, hüquq sahəsində çalışmaq istədim. Cəmi iki balım çatmadı. Bugünkü kimi yadımdadır. Tələbə Qəbulu Komissiyasında Əziz müəllim vardı. Yanına getdim. Dedi ki, məni tarix, ədəbiyyat fakültəsinə sala bilərlər, amma hüquqa yox. Bəlkə o iki balı əlavə etsəydilər, indi başqa sənətin sahibi olardım.

- Görünür qismətiniz müğənni olmaq imiş...

- Bəlkə belə yaxşı imiş. Bakıya qayıtdıqdan sonra mütəmadi konservatoriyaya gedib tələbə yoldaşlarımla, müəllimlərimlə görüşürdüm. Hər dəfə Arif müəllim məni görəndə deyirdi: “Gəl operaya, sənin yerin oradır, təyinatını da ora vermişik”. Nəsə çox tərəddüd edirdim. Nəhayət, 1996-cı ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrına qəbul olundum. O vaxtdan da teatrda çalışıram.

- İşləmək məcburiyyətdində qalan bir qadının tək-tənha övlad böyüdüb boya-başa çatdırması çox çətin olub, şübhəsiz ki...

- Çox çətindir. Ancaq valideynlərimdən, ana-bacımdan çox razıyam. Onlar mənə dayaq olublar. Uşağım onların köməkliyi ilə böyüyüb. Onlar olmasaydı, bəlkə mən bu gün sənətdə olmazdım. Onların köməyi ilə uşağımı da böyütdüm, sənətə gəldim. Vaxtımı düzgün bölüşdürürəm. Mənim aləmimdə vaxt insanın ən dəyərli sərvətidir. Bu sərvətdən səmərəli, düzgün istifadə edəndə hər şeyə vaxt çatır. Yaradıcılıqla, pedaqoji işlərimlə, oğlumun qayğıları ilə məşğul oluram. Dincəlməyə vaxtım qalır. Elə müğənnilər var ki, axşam toya gedir, səhərə yaxın evə gəlir, günortaya qədər yatır axşam yenə toya gedir. Çünki onların toydan başqa gedəcəkləri yer, məşğul olacaqları yoxdur.

- Toydan söhbət düşmüşkən, el şənliklərinə gedirsiniz?

- Əlbəttə, gedirəm. Necə deyərlər, aşıq eldən dolanar. Həm toy sənətçi üçün sınaq meydanıdır. Toyda oxumaq hər müğənninin işi deyil. Elə tanınmış sənətçi var ki, el şənliyində iki mahınını bir-birinin ardınca oxuya bilmir. Aylarla məşq edib səsyazma studiyasında mahnı oxumağa var ki. Amma toyda saatlarla canlı oxumaq hünər istəyir.

- Operada hər bir xanım sənətçinin ən böyük arzusu səhnədə Leyli rolunu ifa etməkdir. Gənc yaşlarınızdan Leylini oynadınız. Qısqanclıqlardan qorxmadınız ki?

- Mən 100 dəfədən çox Leylini oynamışam. Hər dəfə fərqli. Heç vaxt təkrar olmayıb. Düzdür, mizanlar, sözlər eyni qalıb. Amma hisslər, yaşantılar dəyişib. İllər keçdikcə insanın eyni şeyə baxışı dəyişir, dərk etməsi kamilləşir. Leylinin sevgisinə başqa cür münasibət bəsləyirsən... Ola bilər ki, 23 yaşım olanda həyat yoldaşımı yaraşıqlı, dəyərli bir oğlan kimi, sevgili kimi sevmişəm. İllər keçdikcə, ona olan sevgim dəyişib - onu bir vətənpərvər kimi, əsl kişi kimi, cəmiyyətdə dəyərli bir insan kimi sevmişəm. İnsan yaşa dolduqca dolğunlaşır, kamilləşir. Aydın məsələdir ki, zövqləri dəyişir, ifası da.

- Bir vaxtlar Türkiyədə bahalı kliplər çəkdirirdiniz. Tamaşaçılar sizi yeni bir imicdə görürdü. Bu işin davamı niyə gəlmədi?

- Deyirlər ki, hər işin öz vaxtı var. Bu fikirlə razıyam. Siz dediyiniz həmin kliplər o zaman bir yenilik idi. Çünki xarici ölkədə yüksək səviyyədə çəkilən kliplərimiz demək olar ki, yox idi. Bu üzdən çox maraqla qarşılandı. Klipin baxımlı yaddaqalan olması üçün gərək mahnı da gözəl olsun. Ən əsası isə ifaçı gərək mahnını yüksək səviyyədə oxusun. Hesab edirəm ki, sənətçi istedadına, imkanına arxayındırsa, özünü müxtəlif janrlarda sınamaqdan çəkinməməlidir. Kliplərimin davamlı olmasına gəlincə, daxilən bu işə hazır olan kimi çəkilişlərə başlayıram.

- Tələbələrinizin musiqi istedadı sizi qane edirmi?

- Çox istedadlı tələbələrim var. Pandemiya dövründə mütəmadi surətdə onlarla məşğul olmuşam. Ümid edirəm ki, bu gənclər gələcəkdə öz istedadları ilə tamaşaçıların rəğbətini qazana biləcəklər. Bayaq dediyim kimi, gənclərin muğama, klassik musiqimizə marağı bizi sevindirməyə bilməz.

 

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva

 

İki sahil.- 2020.- 21 may.- S.13.