Adını doğruldan sənətkar
İFTİXAR-60
“İnsan həyata öz taleyi iləqədəm qoyur. Yaradıcılıq taleyini isə Yaradan insana hələ ana bətnində olarkən bəxş edir, ona öz nurundan pay verir. İnsan bu nurla ömrünün sonuna qədər yaşayır və yaratdıqlarını xalqına, millətinə və ümumən dünyaya bəxş edir. Hər bir insana Yaradan nə qədər güc bəxş edirsə, insan özünü o qədər də, həmin güclə ifadə edir” – deyən, müasir teatr və mədəniyyət tariximizdə böyük iz qoymuş şəxsiyyətlər sırasında özünə yer tutan İftixar öz adı və əməli ilə mötəbər zirvədə qərarlaşır. Milli teatr prosesimizdə öz sənət yolu, fərqli yaradıcılıq üslubu, demokratik düşüncə və məfkurə konsepti, mənəvi və intellektual dünyası ilə seçilən İftixar Fərhad oğlu Piriyev uzun illərdir ki, "Teatr mənim həyatımdır"konsepsiyasl ilə Azərbaycan mədəniyyətinə, teatr sənətinə xidmət edir.
Qaraçöpdən başlanan sənət yolu. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Fərhad oğlu Piriyev 1960-cı ildə Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində riyaziyyatçılar ailəsində dünyaya göz açmışdır.Ona İftixar adını əmisi İsa müəllim verib. İpə-sapa yatmazlığı ilə Düzəyrəm kənd orta məktəbinin auditoriyasına sığmayan və birdən, gözlənilməz şəkildə bədii yaradıcılığı ilə ortaya çıxan İftixar, divar qəzetində, məktəb yarandığı tarixdən ilk dəfə olaraq "Əsl pioner" adlı hekayəsi ilə müəllimlərinin diqqətini cəlb edir, heyrətə salır. Uzun illər məktəbin divarlarından düşməyən natürmortları ilə təsviri sənət nümunələri yaradır. Uşaqlıqdan rəssamlığa olan meyli, illər sonra teatrda bədii tərtibat işlərinin hazırlıq prosesində ona çox böyük köməklik göstərir. İftixarın, intellektual bacarıqları, məntiqi və abstrak təfəkkürü, xarakterdə israrla məqsədə çatmaq, aktivlik, uğura inanmaq kimi keyfiyyətləri, dözüm və düşüncəni formalaşdıran şahmata meyli və rayon çempionu olması onun qətiyyətli, cəsarətli şəxsiyyət və sənətkar kimi formalaşmasında əhəmiyyətli rol oynayıb.
Məktəbdə gürcü-azərbaycan dostluğuna həsr olunmuş konsert proqramında sinif yoldaşları ilə rəqs edən İftixar, "Qaravəlli" tamaşasında oynayan sagirdin tədbirə gəlmədiyi üçün ekspromt olaraq oynamalı olur. Ekspromt tamaşa oynamaq qisməti onun taleyində, Akademik Milli Dram Teatrında çalışdığı illərdə də İftixarı təqib edir. Sonralar kəndin balaca klubunda Üzeyir Hacıbəylinin "Məşədi İbad" komediyasında Məşədi İbad, Süleyman Ələsgərovun "Ulduz" operettasında Məhəmməd rollarını oynayır. Bu hadisə onu teatr sənətinə bağlayır və o, məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə qəbul olunur. Ali məktəbdə İftixar görkəmli teatr xadimləri Rza Təhmasib, İsmayıl Dağıstanlı, Əlabbas Qədirov kimi ustadlardan sənət dərsləri alır.
Tələbəlik dövründə "Sovet Gürcüstanı" qəzetində miniatürləri çap olunan İftixar sonralar həmin qəzetin Azərbaycan üzrə ştatdankənar müxbiri kimi də fəaliyyət göstərir.
Diplom işində oynadığı rolu Akademik Milli Dram Teatrının direktoru Əli İsmayılovun diqqətini cəlb edir və həmin rol İftixarın taleyini Akademik Milli Dram Teatrına bağlayır.
Tələbəlik illərinin İftixarını, tələbə yoldaşı Əməkdar artist Azad Şükürov belə xatırlayır: "İftixar ipə-sapa yatmayan tələbə yoldaşımız idi. Bir də xəbər tutduq ki, o, şeir yazır. Onun şeirləri ilə maraqlandıq. Gördük ki, yox, bizim bu nadinc tələbə yoldaşımız, kifayət qədər təcrübəli, ağıllı qələm sahibidir".
1981-ci ildən təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlayan İftixar bu teatrda müxtəlif səpkili obrazlar yaratdı. Uzun zaman Azərbaycan Dövlət Televiziyasının Qızıl fondunda qorunan "Ozan" folklor toplusunun aparıcısı, Az.TV-nin çəkdiyi ədəbi-bədii proqramların iştirakçısı, bədii qiraətçisi, bir sıra radiotamaşalarda maraqlı rollar ifaçısı oldu. Çoxistiqamətli, əsrarəngiz yaradıcılıq palitrasına malik dəyərli sənətkarımız teatr səhnəsində əldə etdiyi uğurlarla yanaşı televiziyada da maraqlı rolları ilə sevilmişdir.
Oynadığı ilk əsərin (N.Xəzri “Mirzə Şəfi Vazeh” – Əkbər) quruluşçu rejissoru, Xalq artisti Ağakişi Kazımovun söylədikləri: "Etiraf edirəm ki, əvvəllər İftixar teatra gələndə ipə-sapa yatan oğlan deyildi, onun öz aləmi vardı, öz sözləri vardı, öz hərəkətləri vardı, danışanda da özü istədiyi kimi danışırdı, istədiyi kimi hərəkət edirdi və açığı bu, mənim heç xoşuma gəlmirdi. Sən demə İftixarda Allah tərəfindən xüsusi bir şəxsiyyət əsası qoyulubmuş".
İftixarın şeirlərində tale, zaman, ömür-gün haqda poetik düşüncələri toplanmışdır. O, özünə şair deməsə də, “Şeir içimdən gələn səsdir" – deyir. Görkəmli Xalq şairi Nəriman Həsənzadə: "Poeziyasında qəribə bir əlçatmaz uşaqlıq axtaran istedadlı şair İftixarın sərt, ağıllı, dərdli, əzablı olduğu qədər də yaşamağa çağıran yazılarında, nəğmələrində çoxlarının görə bilmədiyi rənglərin toxuduğu qeyri-adi bir işıq var. Bu işıq göz qamaşdıran çilçıraqlı bir toy mağarını işıqlandırdığı gur işıq yox, yaylıq hənirli xəfif pıçıltı qədər sirli-sehirli olan Ay işığıdı" – deyə, xarakterizə edir İftixarın yaradıcılığını. Xalq şairi Zəlimxan Yaqub isə onu həmişə "Elimizin iftixarı – İftixar!" – deyə, çağırırdı.
İftixarın bir çox şeirlərinə müxtəlif bəstəkarlar tərəfindən mahnılar bəstələnmişdir. İftixar özü də, özünün "Naxçıvan" şerinə mahnı bəstələyib, bu mahnını Xalq artisti Samir Cəfərov ifa edir. Şeirləri əsasında yazılmış ssenariyə uyğun olaraq Azərbaycan Dövlət Televiziyası "Mənim ömür nəğmələrim" adlı film-tamaşa çəkmişdir.
İftixar teatr səhnəsində, televiziya tamaşalarında, bədii filmlərdə bir-birindən maraqlı və fərqli obrazlar silsiləsi yaratsa da, sonrakı illərdə şair, publisist, dramaturq, rejissor, teatr təşkilatçısı kimi ömrünün hər anı ilə milli teatr tariximizdə, eyni zamanda çağdaş dramaturgiyada sənətkar imzasını qoymağı bacardı. Teatr sahəsində əldə etdiyi zəngin təcrübələrin nəticəsi kimi 1991-1993-cü illərdə özünün yaratdığı Azərbaycan Milli "Dastan" Teatrının təsisçisi və rəhbəri oldu.
1999-2000-ci illərdə Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin Tiflis Azərbaycan Teatrının bərpasına kömək məqsədi ilə verdiyi xüsusi tapşırığa əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən, hal-hazırda Heydər Əliyevin adını daşıyan və uğurla fəaliyyət göstərən Tiflis Azərbaycan Dövlət Peşəkar Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək üçün iki il müddətinə Tiflis şəhərinə ezam olunaraq teatrın bərpasında müstəsna xidmət göstərmişdir. Təkcə, Gürcüstan Mədəniyyət Nazirliyinin qarşıya çıxardığı kadr yoxluğu məsələsi ilə Tiflis Teatrının bərpa prosesinin mümkünsüzlüyünə işarə edilən mövqelərinə qarşı İftixarın Azərbaycan Mədəniyyət Nazirliyinə verdiyi təklifi və Gürcüstanın müxtəlif bölgələrindən özünün seçib təhsil almaları üçün Bakıya gətirdiyi on nəfərlik qrupun bərpa prosesində yer tutan əhəmiyyətini qeyd etmək yetərlidir.
Tiflis Teatrının bərpasında peşəkarlıqla apardığı iş prosesinin uğurlu nəticəsinə görə 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunur, hal-hazırda həmin teatrın aktyoru və rəhbəridir. Həmin vaxtdan bu günə qədər İrəvan Teatrında yaranan dönüş, dinamik irəliləyiş, əldə olunan uğurlar teatrın yeni inkişaf mərhələsinə yüksəlməsi və nüfuz dairəsinin genişlənməsi İftixarın həyatında əhəmiyyətli bir faktora çevrildi. İrəvan Teatrının İrəvanda fəaliyyət göstərdiyi illərdə direktoru işləmiş görkəmli ziyalı və ictimai xadim Hidayət Orucovun söylədiyi kimi, "İrəvan Teatrının Bakı dövrü üçün sonsuz əmək sərf edən, İrəvan Teatrını çox böyük miqyasda inkişaf etdirən" İftixar, öhdəsinə düşən missiyanı şərəflə yerinə yetirir; rəhbərliyə başladığı andan İrəvan Teatrının bütün ənənələrini, bu günə qədər keçdiyi uzun, kəşməkeşli yolda nail olduğu intibahı qoruyub saxlamaqla, zəngin ənənələr üzərində sabaha doğru aparmağı perspektiv strategiya kimi qarşıya məqsəd qoymuşdur.Teatrın yaradıcı və texniki heyətinin gənc qüvvələrlə zənginləşməsinə verilən rəvac, göstərilən etimad kollektivdəki iş prinsipinin prioritetinə çevrildi.
İftixarın gənclərlə iş prinsipi barədə onun 40 illik sənət dostu, Xalq artisti Bəsti Cəfərovanın fikirləri maraqlıdır: "İnsanda ən çox qiymətləndirdiyim məsuliyyət, sahiblənmək, dosta vəfa və qarşısındakı insanın əməyini dəyərləndirməkdir ki, bunlar mənim dostum İftixarda var. İftixarda sahiblənmək hissi çox güclüdür, o, gənclərə arxa-dayaq olur, onların sənətdə inkişafı üçün əlindən gələni əsirgəmir. İFTİXAR TEATR SAHƏSİNİN İNSANIDIR, teatrı çox sevdiyi üçün onun gələcəyini də düşünür".
Filologiya elmləri doktoru Vaqif Yusifli: "Mən İftixarı doxsanıncı illərdən bir aktyor kimi tanımışam. Sonralar onun, bir təşkilatçı-qurucu kimi İrəvan Azərbaycan Teatrının bərpa olunmasında böyük rol oynadığını, bu teatrın ənənələrinə, çoxillik təcrübəsinə arxalanıb demək olar ki, müasir bir teatr ərsəyə gətirdiyini gördüm. İftixar həm də sənətşünasdır, dövri mətbuatda müasir Azərbaycan dramaturgiyası ilə bağlı məqalələri də sübut edir ki, o, əsl teatr adamıdır".
İftixarın qayğısı nəticəsində teatrın kollektivi səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə olan hər bir səfərində, geniş yaradıcılıq imkanlarının masştabını göstərməklə yanaşı, həm də İrəvan və Qarabağ həqiqətlərinin carçısı olduğunu dönə-dönə və qəhrəmancasına sübut edir.
İftixar Piriyev 16 oktyabr 2007-ci il tarixində (vəsiqə ¹ 00199) İrəvan Teatrının 125 illik yubileyi zamanı həmin teatrın dirçəldilməsində və inkişafında müstəsna xidmətlərinə görə ölkə prezidenti cənab İlham Əliyevin imzası ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Fəxri adına layiq görülmüşdür.
Görkəmli teatrşünas alim, professor İlham Rəhimli uzun ilərdən bəri tanıdığı, sənətini və şəxsiyyətini yüksək dəyərləndirdiyi İftixarı xarakterizə edərkən yazır: “İftixarnan söhbət edəndə onun səmimiyyət işığına düşməmək mümkün deyil. Sərbəst olursan, istənilən mövzuda danışa bilirsən. Həm dinləməyi, həm də həmsöhbət, həmdərd, həmfikir olmağı bacarır. ...onun sənət eşqinin alovuna kölgə salmaq mümkün deyil. ...İftixarın ötkəmliyi adama ona görə xoş gəlir ki, bu qətiyyətdə emosional coşqunluq və həmsöhbətinə səmimi ehtiram var. ...Elə ki, söhbət teatrdan, onun problemlərindən, aktyor yaradıcılığından, rejissor işindən düşür, bax onda bu səmimiyyətin o biri qütbündə prinsipiallıq, ötkəmlik, bir qədər də sərtlik durur. ...bu sərtlik İftixarın sənətdə güzəştə getməmək prinsipiallığını formalaşdırıb. ...İftixar səhnəni həssaslıqla duyur. Aktyorluq üçün kifayət qədər bacarıq və istedadı var. Dramaturgiyanın estetik prinsiplərini zövqlə mənimsəyib. Teatr kimi mürəkkəb sənət ocağının idarəetmə mürəkkəbliklərini reallaşdırmaqda səriştəlidir. ...Səmimiyyət İftixarın poemalarına, şeirlərinə, geniş mənada poeziya yaradıcılığına qəribə məhrəmlik ovqatı aşılayır....İftixar Piriyev bütün hallarda öz ifasına peşəkarlıqla, səhnəyə ehtiram və məhəbbətlə yanaşıb. ...İrəvan teatrında "Xilaskar" (Aqşin Babayev), "Burdan min atlı keçdi" (Hidayət), "Qurtuluş dastanı" (İftixar) tamaşalarında ulu öndərin obrazını məharətlə canlandırıb".
"117 yaşlı bu teatrı yaşatmaq lazımdır!" – bu unudulmaz və tarixi kəlamın müəllifi, İrəvan Teatrının ən böyük təəssübkeşi və hamisi ulu öndər Heydər Əliyev bu teatrın, bu gün yaşama səbəbkarıdır. Bu hikməti yüksək dəyərləndirən İftixarın amalı ilə müstəqil dövlətimizin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin bədii obrazı ilk dəfə bütün çalarları və ağır sanbalı ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində dramaturq Aqşin Babayevin "Xilaskar", İftixarın "Qurtuluş dastanı", Hidayətin "Burdan min atlı keçdi" əsərlərinin tamaşalarında canlandırıldı. Heç bir teatrın, heç bir sənətkarın cəsarət etmədiyi bir zamanda İftixar Ulu Öndərin həqiqətən də əsl sənət nümunəsinə çevrilən, çox maraqlı bədii obrazının səhnədə təcəssümünü böyük aktyor cəsarətilə öz üzərinə götürdü və bununla məhdudlaşmadı, bu prosesi davam etdirdi; həm bədii yaradıcılığında, həm də aktyor yaradıcılığında Ulu Öndərin bədii obrazının yaranmasına geniş meydan verdi. "Heydər Əliyev obrazı İftixarın qəlbində yaşayıb, içində böyüyüb. Bu səbəbdən də dərhal anlayırsan ki, Heydər Əliyev obrazı İftixarda Heydər Əliyevə böyük məhəbbətdən yaranıb" (Ramiz Göyüşov).
Həqiqətən də İftixar çox gənc yaşlarından Heydər Əliyev şəxsiyyətinin vurğunu olub. Heç vaxt heç bir siyasi partiyanın üzvü olmayan İftixar Piriyev Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvlüyünə daxil olarkən bu addımını Ulu Öndərin şəxsiyyətinə vurgunluğu, sonsuz sevgisi, Azərbaycançılıq ideologiyasına və milli əqidə şüuruna sadiqliyi səbəbi ilə atıb. "Uzun illər Heydər Əliyevi diqqətlə müşayiət edən bir müasiri kimi, tamaşaya baxıb təəccüb və heyrətimi gizlədə bilmədim. Tanınmış aktyor, əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyev obrazını məhz həyatda olduğu kimi, inandırıcı şəkildə yaradır. Hər aktyor Heydər Əliyev obrazını onun kimi möhtəşəm canlandıra bilməz.." (Xeyrəddin Qoca).
Müxtəlif səhnələrdə anşlaqla keçən "Xilaskar" tamaşası həm Azərbaycanda, həm də Gürcüstan, Dağıstan respublikalarında, Türkiyə Cümhuriyyətində böyük tamaşaçı sevgisi ilə qarşılandı. Gürcüstan qastrolu zamanı əsəri izləyən sabiq prezident, dünya miqyaslı siyasətci Eduard Şevardnadze "Xilaskar" tamaşasını böyük rəğbətlə qarşıladı.
Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən Ulu Öndərin 90 illik yubuleyi münasibətilə onun əziz xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmış İftixarın müəllifi olduğu "Qurtuluş dastanı" tamaşası öz bədii estetik təcəssümü və yüksək emosional gücü ilə tamaşaçı yaddaşına həkk olundu və İftixarın ifasında Heydər Əliyev obrazına böyük məsuliyyətlə yanaşıldı."İftixar müəllim mənəviyyatı çox zəngin, qələmi iti, düşüncəsi parlaq olan yaradıcı insandır" (Vüsar İsmayılov). "Qurtuluş dastanı" epik-tarixi dramı 2015-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyuldu. "Tarix ədəbi əsərlərdə daha yaxşı yaşayır. Sənədlər arxivlərdə, bədii əsərlər isə oxucuların və tamaşaçıların gözü önündə olur. Bu əsər və tamaşa bədii cəhətdən çox mükəmməldir..." (Vasif Talıbov).
Hidayətin "Burdan min atlı keçdi" dramında isə dəyərli aktyorumuza Ulu Öndərimizin bədii obrazının yaradıcısı kimi onun hisslərinin, duyğularının, yüksək insani keyfiyyətlərinin, həm övladlıq, həm valideyinlik missiyasının, həm sərkərdəlik qüdrətinin yaşantılarını ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə apardığı fəaliyyətində gərgin situasiyalara qarşı mübarizəsini məhz səhnədən təcəssüm etdirmək şərəfi nəsib oldu.
Gəncliyindən ədəbiyyatla məşğul olan yaradıcı insan və ömrünü teatr sahəsinə həsr edən sənət fədaisi İftixarın ilk səhnə əsəri, "Dan yeri söküləndə" pyesi layihə olaraq hazırlandı və Bakı teatr şəbəkəsinin aktyorlarının ifasında səhnələşdirildi. Bu o dövr üçün yenilik idi və İftixar bu yeniliyi ilə teatr prodüsserliyinin təməlini qoydu. Ard-arda bir neçə beynəlxalq layihənin müəllifi, rejissoru oldu və Bakı teatrlarının aktyorları ilə yanaşı Gürcüstan və Dağıstan teatrlarından dəvət olunmuş aktyorları da bu işlərə cəlb etdi. Daha sonra "Məngənə və ya Kor Aşığın işığı", "Eşqin tikan dairəsi", "Qarışqalar yuvasını dəyişmir", "Arı yuvası", "Nurlu ömrün anları", "Azərbaycan bayrağı", "Qalx ayağa, Azərbaycan!", "Soyqırımı tarixinin dastanı" mənzum, xronikal, tarixi dramını, Şuşanın işğalına həsr etdiyi "Qanlı qızıl toy", "Naxçıvannamə", "Qurtuluşa gedən yol", "Kalbalı xan Kəngərli", "Haqq mənəm" pyeslərini yazdı.
2006-cı ildə teatr aləmində geniş rezonansa səbəb olmuş "Dan yeri söküləndə..." pyesi və tamaşası sübut etdi ki, "Azərbaycan dramaturgiyasına öz mövzusu, öz dili olan istedadlı müəllif gəlib; gənc rejissor Gümrah Ömər "böyük səhnəyə" ilk addımı atdı; Gənc Tamaşaçılar Teatrosuyla İrəvan Teatrosunun ortaq işi olan bu tamaşada Bakı teatrolarının aklyorları yaradıcı vəhdət içində mükəmməl bir ansambl təşkil etmiş oldular" (Vaqif İbrahimoğlu)."Dan yeri söküləndə..." tamaşası mürgüləyən ləyaqətli, kirəcləşməyə başlamış vicdanları təmizliyə səsləyən və bu barədə dərindən düşünməyə vadar edən səhnə əsəridir" (İlham Rəhimli). "Əsərdə adı məxfi saxlanan, ancaq məişəti, əxlaqı ilə bizə çox doğma olan o dağ kəndi simvoldur, o, Azərbaycanın simvoludur. Məhz bu dərdi çox yaxşı başa düşürəm və o tək mənim dərdim deyil, hamımızın, bütün Azərbaycan xalqının dərdidir" (Əlibala Hacızadə).
Bu dərdə hörmətli Məryəm Əlizadə tamaşa haqda yazdığı resenziyada xüsusi diqqətlə yanaşır: "...niyə pyesdəki və tamaşadakı Ñəlil Əfəndi sınaq meydanında tək qalıb? Bəs niyə bizim birləşmək həvəs və təcrübəmiz get-gedə səngiyir? Nə üçün, hansı səbəblərdən bizim insanlarımızda – qadın və kişilərimizdə, oğlan və qızlarımızda min illərcə formalaşan və ən ağır sınaqlardan başlıca çıxmağa əsas verən el gücü-sel gücü inamı şərti, boğazdan yuxarı, içi boş deyimə çevrilib. Aydın məsələdir ki, bu suallar yalnız pyesdə və tamaşada təsvir olunan "gürcüstanlı azərbaycanlılar" icmasına aid deyil. İfiixarın qaldırdığı sözün əsl mənasında taleyüklü məsələ hamımızdan ötrü aktualdır, hər halda AKTUAL OLMALIDIR!!!".
Gürcü-Azərbaycan mədəni əlaqələrinin inkişafı istiqamətində müxtəlif ilklərə imza atan İftixar Suxumi Dövlət Dram Teatrı ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı arasında yaradıcılıq əlaqələrini daima inkişaf etdirir. Belə ki, "Qafqazda sülh tərəfdarıyıq!" layihəsi çərçivəsində özünün müəllifi olduğu "Körpü" əsərində gürcü ağsaqqalı rolunu oynamaq üçün vaxti ilə Suxumi Teatrının rəhbəri olmuş Gürcüstanın Xalq artisti, Ukraynanın "Sərəf" ordeni və Gürcüstanın "Şota Rustaveli" mükafatçısı mərhum Dimitri Caianini Bakıya dəvət etmiş, aktyorun Azərbaycan səhnəsində Azərbaycan əsərində gürcü dilində bu obrazı yaratmasına meydan açmışdır.
İftixarın təşəbbüsü ilə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə ikinci layihəsi olan Nodar Dumbadzenin "Didro" əsəri 2015-ci ildə H.Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrınının sənətkarları ilə birgə İrəvan Teatrının səhnəsində hazırlandı. Əsər həm Bakıda İrəvan Teatrının səhnəsində, həm də Tbilisidə N.Dumbadze adına Gənclər Teatrının səhnəsində "Qafqazda sülh tərəfdarıyıq!"devizi altında (layihə rəhbəri - İvtixar Piriyev) Tbilisidə sovet qoşunlarının Gürcüstanın müstəqilliyi uğrunda dinc aksiya zamanı törətdikləri 9 aprel 1989-cu il faciəsi və Azərbaycan xalqının milli azadlıq mübarizəsinə qarşı törədilən 20 Yanvar 1990-cı il faciəsi ilə əlaqədar oynanıldı.
2016-cı il "Multikulturalizm ili"ndə üç müxtəlif mədəniyyətləri birləşdirən "O da aşiq ola...", X.Hüseyninin "Min möhtəşəm günəş", Elçinin "Akvariuma xüsusi sifariş" tamaşalarının layihə rəhbərliyini həyata keçirdi. "O da aşiq ola..." və "Akvariuma xüsusi sifariş" tamaşalarının isə həm də bədii rəhbəridir. "Akvariuma xüsusi sifariş" absurd tamaşasının premyerasının müzakirəsi zamanı əsərin müəllifi görkəmli ziyalı, Xalq yazıçısıElçin İftixara: "Sən əgər rejissor olaraq bu dəst-xəttini belə davam etdirsən, Azərbaycan səhnəsinə avanqard teatrı sən gətirmiş olacaqsan"-, fikrini söylədi.
İftixarın "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş" şerlər, "Sevgilim" poeması, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Böyük Turanın Himni", dünyanın bir çox dillərinə tərcümə olunmuş "Müstəqil Vətənin Memarı" poemaları, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi münasibəti ilə yazdığı və tamaşaya hazırladığı "İşıqlı, nurlu sabah" və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və təşviqat kampaniyası” çərçivəsində yazdığı və tamaşaya hazırladığı "Soyqırımı tarixinin dastanı" mənzum pyesləri və ayrıca olaraq türk dilində "Bağımsız Vatanın Mimarı" poeması və "Qurtuluş dastanı" tarixi pyesi kitab şəklində həm Bakıda, həm də Naxçıvanda çap olunub; 3 cilddə "Pyeslər" kitabı nəşr edilib; "İrəvan Dövlət Azərbaycan Dram Teatrı" elmi-tarixi-publisitik monoqrafiyası çapa təqdim olunub.
"Müstəqil Vətənin Memarı" poemasının nəşr variantında kitaba "Ön söz" yazan Akademik Nizami Cəfərov "İftixarın qələminin (daha düzgün olar ki, deyək: ürəyinin!) məhsulu olan "Müstəqil Vətənin Memarı" poemasının qəhrəmanı Heydər Əliyev fenomenini xarakterizə edərək yazır: "...bu ad bizim yalnız siyasi-ideoloji təfəkkürümüzə deyil, ədəbi-bədii düşüncəmizə də möhtəşəm, genişmiqyaslı bir obraz gətirdi. Milli xilaskar, böyük fikirlər və əməllər sahibi Heydər Əliyevin obrazı Azərbaycan ədəbiyyatını, xüsusilə poeziyasını mən əminəm ki, sadəcə zənginləşdirməklə qalmayacaq, onun qarşısında yeni üfüqlər, yeni ideya-estetik fəaliyyət meydanı açacaq, Azərbaycan şairinə bu vaxta qədər görünməmiş bir ruh, mənəvi enerji (ilham) verəcəkdir". "İftixar bu poema-dastanı yaratmaqla özünün həm cəsarətini, həm də poetik istedadını ortaya qoymuş və siyasi mövzuda mükəmməl bir əsər yaratmışdır" (Ramiz Göyüşov).
"Müstəqil Vətənin Memarı" poeması əsasında ötən il Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş "Müstəqil Vətənin Memarı" sənədli filminin təqdimatı keçirildi. Film Heydər Əliyevin uşaqlıq illərindən ömrünün sonlarına qədər olan dövrdən bəhs edir. Filmdə Heydər Əliyev bir insan, xalqına böyük məhəbbəti olan ümummilli lider kimi təcəssüm olunur. İftixar bədii sözün qüdrəti ilə çox qısa və lakonik şəkildə yalnız dahi, siyasi bir xadimin surətini yaratmayıb, həm də mehriban bir ailə başçısının insanpərvər simasını verə bilibdir. İftixar 2018-ci ildə növbədənkənar keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qazandığı qələbənin iki illiyi münasibətilə "Sən özün memar oldun" bədii-sənədli-poetik filmini hazırlayıb ictimaiyyətə təqdim etdi.
İftixarın rəhbərliyi altında İrəvan Teatrı dəfələrlə Azərbaycandan kənarda təmsil olunmaq fürsəti əldə etmişdir. "İşıqlı, nurlu sabah", "Nurlu ömrün anları", "Çanaqqalaya can verənlər", "Azərbaycan bayrağı", "Cümhuriyyətin ilk sədası", "Soyqırımı tarixinin dastanı" və digər əsərlərin tamaşaları ilə həm respublikada, həm də xarici ölkələrdə böyük rəğbətlə qarşılanan qastrol səfərləri həyata keçirmişdir. İstər Türkiyə Cümhuriyyətinin onlarla şəhərlərində, istər Rusiya Federasiyasının Dağıstan Respublikasında, istər Gürcüstan Respublikasındakı genişmiqyaslı səfərlərində İftixar teatr rəhbəri olaraq təkcə sənət mümayiş etdirmir, eyni zamanda diplomatik missiya da həyata keçirir, Türkiyə-Azərbaycan, Rusiya-Azərbaycan, Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına xidmət edə biləcək bir miqyasa qədər səfərlərin mahiyyətini əməli işində ifadə etmişdir. Bu səfərlər, keçirilən görüşlər dövlətçiliyimizin təbliği, İrəvan və İrəvançılıq məfkurəsinin, milli mədəniyyətimizin, teatr sənətimizin təbliği istiqamətlərində çox mühüm əhəmiyyət kəsb edən dövlət səviyyəli tədbirlər olaraq tarixə yazılır.
Böyük zəhmət, məsuliyyət, cəsarət, işgüzarlıq, peşəkarlıq, yüksək təşkilatşılıq qabiliyyəti tələb edən belə mötəbər işlər sırasında 2007-ci ildə İrəvan Teatrının ilk dəfə olaraq Türkiyənin İzmir, Manisa və Niğdə şəhərlərində həyata keçirdiyi səfəri xüsusi qeyd olunmalıdır. Niğdə şəhərində "Qızıl Alma" parkının adı Niğdə valisinin təşəbbüsü ilə Heydər Əliyevin adı ilə əvəz edilməsi mərasimi keçirildi. İrəvan Teatrının kollektivi də həmin mərasimdə iştirak etdi. Şəhərin rəsmiləri abidə üçün yerin seçilməsini teatrın rəhbəri İftixar Piriyevə həvalə edirlər. İftixar parkın ən gözəl guşəsini-qarşısında fəvvarələr, arxasında sıralanmış türk dövlətlərinin bayraqlarının dalğalandığı, çiçəklərlə bəzədilmiş ən uca məkanı seçir. Bu fikri bəyənən şəhər rəsmiləri özləri seçdikləri ərazini dəyişdirdilər. İftixarın türk bayraqları ilə bağlı fikrini öyrənəndən sonra isə Türkiyə tərəfi də belə bir fikir irəli sürdü ki, Atatürkün abidəsi də Ulu öndər Heydər Əliyevin abidəsi ilə yanaşı qoyulsun və iki qardaş dövlətin, bir millətin iki böyük oğlunun abidəsi bərabər ucalsın.
Artıq bir neçə ildir ki, İftixar Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar ocağının rəhbəri nüfuzlu səxsiyyət Pr.dr. İbrahim Öztəklə İrəvan Teatrı arasında iş birliyi quraraq,Türkiyə Cümhuriyyəti Aydınlar ocaqları ilə barəbər "Azərbaycan-Türkiyə sənətdə Nəhəng qardaşlıq və candaşlıq layihəsi" çərçivəsində Türkiyə-Azərbaycan arasında mədəniyyət, idman və strateji münasibətlərin möhkəmləndirilməsinə xidmət edən qastrol səfərlərinin, müştərək konfransların, tədbirlərin, görüşlərin keçirilməsində əvəzsiz fəaliyyət göstərir. Teatrın maraqlı səfərlərindən biri 2016-cı ildə Azərbaycan ordusunun apardığı Aprel döyüşləri ərəfəsində Türkiyə Cümhuriyyətinə növbəti səfərimiz oldu. Səfərin ilk günü, kollektivimiz Tiflis şəhərində Ulu Öndərimizin abidəsini ehtiramla ziyarət etdikdən sonra, Türkiyə sərhəddinə tərəf istiqamət aldı. Yolumuz ermənilərin sıx yaşadığı Axalkalaki kəndindən keçirdi. Bunun çox təhlükəli olduğunu eşidərkən İftixar inam və cəsarətlə: "Aprel döyüşlərindəki qəhrəmanlarımızın hər biri kimi, İrəvan Teatrının da ruhunu qırmaq mümkün deyil!" – deyərək, məhz onların içindən keçəcəyimizi bildirdi; teatr rəhbəri olaraq bu cəsarəti özündə tapdı, kollektivlə birgə yolu Türkiyə sərhəddinə qədər qət etdi.
Çoxşaxəli yaradıcılıq daşıyıcısı olan İftixar elmi fəaliyyət sahəsində də əhəmiyyətli nailiyyətlər qazanır. 2012-ci ildə "Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı dissertasiyasını müdafiə etməklə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, tədqiq etdiyi mövzu elmi monoqrafiya şəklində çap olunaraq müasir teatrşünaslığımızda özünə layiqli yer tuta bilmişdir. Və artıq bir neçə ildir ki, teatr sənətinin praktikası ilə nəzəriyyəsini birləşdirərək, doktorluq dissertasiyası üzərində tədqiqatlar aparır. Əsası dahi alim Lütfü Zadə tərəfindən qoyulmuş qeyri-səlis məntiq nəzəriyyəsi kapsamında, "Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası (Elçin dramaturgiyası əhatəsində)" məzmunlu elmi işlə məşğul olur və bu işin elmi yenilik xüsusiyyətinin tam şəkildə, həm dolğun, həm də aydın mülahizələr, müqayisələr, paralellərlər, kəsişmələr və çarpaz konturlarla elmi müstəvidə öz yerini tapmasını təmin etməyə çalışır. "Qeyri-səlis məntiq nəzəriyyəsi"nin banisi Lütfi Zadənin söylədiyi fikir sanki İftixarın həyat kredosuna tam uyğundur: "Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Uğur formulu budur: qabiliyyət, zəhmət, israr. Uğurun elementləri bunlardır". Bütün bu cəhətləri və Azərbaycan teatrlarının müasir və yeni fəaliyyət forması ilə çalışması üçün özündə novatorluğu ehtiva edən, yeni perspektivlər açan, təklif etdiyi "Teatr və reforma" adlı unukal layihəsi İftixarı teatr reformatoru kimi tanıdır.
Bu xüsusda Məyrəm Əlizadənin söylədikləri: "İftixar artıq çoxdan bizim mədəniyyətimizin görkəmli xadimlərindən biridir. Onun qələmindən çıxan əsərlər oxucularımızın sevimli əsərləridir. İftixar eyni zamanda pyeslər yazır, məqalələr yazir, şeirlər yazır, elmi-tədqiqat işləri aparır. Onun xalq yazıçısı Elçin müəllimin dramaturgiyasına həsr etdiyi monoqrafiyanı, sonra məqalələr silsiləsini mən oxuyuram, çox bəyənirəm və çox alqışlayıram. Yəni İftixar müəllimin imzası Azərbaycan oxucularına, qələm sahiblərinə yaxşı bələddir".
İftixar Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim Hidayətin dramaturgiya və teatr sahəsindəki fəaliyyətinə həsr edilmiş "Hidayət və teatr" monoqrafiyasını oxuculara təqdim etmişdir. "İftixarın bu mövzuya müraciət etməsinin səbəbini mən istedad və şəxsiyyət uyarlığında görürəm. Hidayət 17 il İrəvan Teatrında direktorluq edib. İftixar 19 il. Hidayət İrəvanda çökmüş bir teatrın simurq quşu kimi dimdiyində qaldırdı. İftixar da Bakıda çökmüş, yeri-yurdu olmayan bir teatrı yenidən qaldırdı və bu səviyyəyə gətirib çıxardı"(Qurban Bayramov); "Mənim İftixar müəllimə xüsusi məhəbbətim var “Naxçıvannamə” əsəri üçün. Həqiqətən də, çox gözəl əsərdir. Ümid edirik ki, onun həyatının davamını da görəcə mükəmməl bilir. O, İrəvan Teatrının tarixini yaxşı bilir. Əlbəttə, İrəvan Teatrı özü bir mədəni anklavdır (Rüstəm Kamal)".
İftixar Piriyev Azərbaycan Teatr Xadimləri İttifaqının və Yazıçılar Birliyinin üzvüdür. Beş uşaq atasıdır. İftixar necə atadır? - sualıma övladlarından aldığım cavabları bir sözdə birləşdirmək olar: Qəhrəman!
Sayğıdəyər oxucu! Bəli, bütün bunlar İftixarın yaşadığı ömür tarixidir. Tarix boyu sağlığında həqiqi sənətkarlara layiq olduqları dəyərin, qiymətin, diqqətin verilməməsinin nə qədər ağrılı olduğu fakt qarşılığında, sadə və iddiasız ömür sürməyi doğru hesab edən, vətəninə, dövlətinə, xalqına, millətinə xidməti özünün həyat mövqeyi, vətəndaşlıq borcu, amalı kimi qəbul edən, vətən təəssübünün milli və beynəlmiləl səviyyələrdə yüksək ifadəsinə çalışan, Allahına xəyanət etməyən, Allahını vicdanında yaşadan, cənabi-haqqı hər zaman uca tutan, böyük strateji əhəmiyyət daşıyan, əbədi və əzəli torpaqlarından deportasiya edilsə belə, öz İrəvanı, İrəvançılığı üçün və ümumən milli mənafe naminə mübarizə aparan, bu sənət ocağının ənənələrini qoruyub yeni inkişaf strateqiyası ilə irəlilədən və onu Qafqazın nümunəvi teatrları səviyyəsinə ucaldan, qarşılaşdığı çətinliklərə qalib gələn fəhmi, cəsarəti, fədakarlığı, məsuliyyətli yanaşmaları, yüksək peşəkarlığı ilə Sənətkar və Şəxsiyyət adını mədəniyyət tariximizə yazan İftixar Piriyevə 60 illik ömrün astanasında "dopdolu bir ömür" arzulayıram.
Sabaha yol açan zamanlarınız nurlu,
uğurlu olsun, BÖYÜK SƏNƏT FƏDAİSİ,
İFTİXAR!
Nərminə
Ağayeva
"İrəvan
Mədəni İrsinin Təbliği" İctimai Birliyinin sədri,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
İki sahil.- 2020.- 23 may.- S.30.